Baş səhifə


16.06.2016

  İclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın nəqliyyat naziri cənab Ziya Məmmədovun və Latviyanın nəqliyyat naziri cənab Uldis  Augulisin başçılıq etdiyi nümayəndə heyətləri iştirak ediblər. 
  15 iyun 2016-cı il tarixində Latviya Respublikasının paytaxtı Riqa şəhərində iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Azərbaycan-Latviya hökumətlərarası komissiyasının VI iclası keçirilib. 
  İclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın nəqliyyat naziri cənab Ziya Məmmədovun və Latviyanın nəqliyyat naziri cənab Uldis  Augulisin başçılıq etdiyi nümayəndə heyətləri iştirak ediblər. Komissiyanın gündəliyinə iki ölkə arasında nəqliyyat, iqtisadiyyat, informasiya texnologiyaları və kommunikasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və regional inkişaf, təhsil, elm, turizm, səhiyyə, bank sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Görüşdə Latviyanın nəqliyyat naziri Uldis Augulis bildirib ki, Azərbaycan Latviyanın mühüm iqtisadi tərəfdaşıdır və prioritet sahələr ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələri, beynəlxalq nəqliyyat dəhlizlərindən səmərəli istifadə, təhsil, kənd təsərrüfatı, tikinti, turizm, səhiyyə sahəsində əməkdaşlığı əhatə edir. Nazir bildirib ki, Latviya Azərbaycana ekoloji cəhətdən təmiz texnologiyalar, qida sənayesi, əczaçılıq, sağlamlıq turizmi sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirməyi təklif edir. Cənab U.Augulis vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda tranzit və logistika sahəsində Latviyanın mühüm tərəfdaşıdır. Latviya mühüm nəqliyyat qovşağı, habelə yeni İpək Yolu və Şimal-Cənub nəqliyyat dəhlizinin ayrılmaz hissəsidir. 
  Azərbaycanın nəqliyyat naziri cənab Ziya Məmmədov çıxış edərək bildirib  vurğulayıb ki, ölkələrimiz arasında əlaqələr daha da genişlənir. Avropa İttifaqının üzvü olan Latviya ilə əməkdaşlıq respublikamız üçün çox əhəmiyyətlidir. Nazir son illərdə ölkələrimiz arasında əlaqələrin daha da genişləndiyini məmnunluqla ifadə edib.  Cənab Z.Məmmədov bildirib ki, Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradır, o cümlədən Latviyanın dövlət və özəl təşkilatları ilə əməkdaşlıq üçün geniş imkanlar açır. Nazir Azərbaycanın nəqliyyat infrastrukturunda həyata keçirilən yeniliklərlə bağlı, eləcə də tikilməkdə olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında Latviya tərəfinə məlumat verib. Tərəflər ticarət imkanlarını asanlaşdırmaq məqsədilə beynəlxalq yük və sərnişin daşımaları üzrə peşəkar sürücülər üçün giriş-çıxış vizalarının sadələşdirilməsi imkanlarının araşdırılması barədə razılığa gəliblər. 
  Gündəlikdəki məsələlərin müzakirəsindən sonra görüşün sonunda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Latviyanın nəqliyyat naziri Uldis Auqulis tərəfindən  yekun protokol imzalanıb. 


 bütün xəbərlər