Baş səhifə » Nazirliyin fəaliyyəti » Dövlət proqramları » "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010 - 2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
 
Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmir yolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə qərara alıram:
1. "Azərbaycan Respublikası dəmir yolu nəqliyyat sisteminin 2010 - 2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. bu Sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirsin və onun icrasının gedişi barədə hər ilin yekununa görə Azərbaycan Respublikası Prezidentinə məlumat versin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
 
 İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 6 iyul 2010-cu il
               № 1002
 
 
 
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 6 iyul tarixli, 1002 nömrəli Sərəncamı ilə 
TƏSDİQ EDİLMİŞDİR
  
 
Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010 - 2014-cü illərdə inkişafına dair
DÖVLƏT PROQRAMI
 
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının perspektivləri Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış milli inkişaf strategiyasına əsaslanaraq iqtisadiyyatın və ictimai həyatın bütün sahələrini, o cümlədən nəqliyyat sektorunu da geniş surətdə əhatə edir.
Son illər ölkənin nəqliyyat sektorunda bir sıra iri layihələr həyata keçirilmiş, tranzit potensialının gücləndirilməsi, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün məqsədyönlü addımlar atılmışdır.
Qeyd etmək lazımdır ki, müasir tələblərə uyğun ölkənin nəqliyyat sektorunun modernləşdirilməsində böyük uğurla gerçəkləşdirilən milli neft strategiyası əhəmiyyətli rol oynayır. Fəaliyyət göstərən Bakı - Tbilisi - Ceyhan əsas ixrac neft boru kəməri və Bakı - Tbilisi - Ərzurum qaz kəməri layihələri ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini möhkəmləndirmiş, gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaratmışdır.
Ölkəmizin əlverişli coğrafi mövqeyi onun həm qərb-şərq, həm də şimal-cənub istiqamətlərində səmərəli fəaliyyət göstərən nəqliyyat sistemi formalaşdırılması üçün geniş imkanlar açır. Hazırda ölkəmiz "Bakı - Tbilisi - Qars yeni dəmir yolu" layihəsinin həyata keçirilməsində Gürcüstan və Türkiyə Respublikası ilə birlikdə fəal iştirak edir. Azərbaycan Respublikası üçün böyük siyasi və iqtisadi əhəmiyyət kəsb edən bu layihənin həyata keçirilməsi Asiya və Avropa ölkələri arasında birbaşa dəmir yolu nəqliyyatı əlaqələrinin qurulmasına, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avrasiya məkanına çıxışını təmin edəcək və ölkənin tranzit potensialını daha da artıracaqdır.
Son iki il ərzində Azərbaycan Respublikasının Nazirlər kabineti, Nəqliyyat Nazirliyi və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ("ADY" QSC) beynəlxalq məsləhətçilərin iştirakı ilə dəmir yolunun müasirləşdirilməsinin müxtəlif variantlarını nəzərdən keçirmişdir. Azərbaycan dəmir yollarında etibarlılıq, qiymət və keyfiyyət baxımından daşımalarda müasir tələbata cavab verən yüksək səviyyəli xidmətlərin göstərilməsi üçün kompleks tədbirlər müəyyənləşdirilmişdir.
Bugünkü tələblər baxımından Azərbaycan dəmir yolunun inkişafı institusional, hüquqi və tənzimləmə çərçivəsinin formalaşdırılmasına, infrastrukturun inkişafına, vaqon və lokomotiv parkının yeniləşdirilməsinə, həmçinin ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsiz və etibarlı şəkildə fəaliyyət göstərməsinin təmin edilməsi üçün bu dəhlizlər boyu dəmir yolunda vacib infrastruktur obyektlərinin modernləşdirilməsinə iri həcmli yeni sərmayələrin qoyulmasını tələb edir.
Son 25 il ərzində Azərbaycan dəmir yollarının aktivlərini lazımi vəziyyətdə saxlamaq üçün kifayət qədər sərmayə qoymaq imkanına malik olmadığından dəmir yolları boyu çoxlu sayda texniki problemlər yaranmışdır ki, bu da dəmir yolu ilə daşıma imkanlarını məhdudlaşdırır, yolun üst örtüyünün, lokomotiv parkının, eləcə də mövcud elektrik təchizatı sisteminin böyük hissəsinin istismar müddətinin çoxdan başa çatması səbəbindən daşımaların təhlükəsizliyinin təmin edilməsində çətinliklər yaranır.
Qeyd olunan problemlərin həll edilməsi məqsədilə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010 - 2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində dəmir yolu infrastrukturunun və hərəkət heyəti parkının yeniləşdirilməsi üzrə tədbirlər və başlanılmış islahatların davam etdirilməsinin, dəmir yolunda normativ-hüquqi bazanın təkmilləşdirilməsinin və dəmir yolu kadrlarının hazırlığının əsas istiqamətləri müəyyənləşdirilmişdir.
 
I. Dövlət Proqramının əsas məqsədi və vəzifələri
 
Dövlət Proqramının əsas məqsədi əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını təmin etməkdir.
2010 - 2014-cü illərdə Dövlət Proqramı dəmir yolu sahəsində aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:
dəmir yolunun fəaliyyətində onun kommersiya qurumu kimi fəaliyyət göstərməsinə geniş imkan yaradılması üçün islahatların davam etdirilməsi və normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
dəmir yolu nəqliyyatının infrastrukturunun və hərəkət heyəti parkının müasir tələblərə uyğun yeniləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi;
Bakı - Tbilisi - Qars yeni dəmir yolu xəttinin istismara buraxılması nəticəsində Asiya ölkələrini Avropa ilə birləşdirən birbaşa dəmir yolu dəhlizində artacaq beynəlxalq tranzit yük axınlarının ahəngdar və fasiləsiz nəql edilməsinin təmin edilməsi;
sərnişin və yük daşımalarının keyfiyyətinin artırılması və təhlükəsizliyinin təmin edilməsi;
elmi-texniki nailiyyətlərin və yeni texnologiyaların dəmir yolu nəqliyyatı infrastrukturunda tətbiq edilməsi;
dəmir yolu nəqliyyatında sərnişin daşımalarının keyfiyyətinin və gəlirliyinin artırılmasını təmin edəcək strategiyanın müəyyən edilməsi və həyata keçirilməsi;
dəmir yolunun sabit cərəyanla işləyən Şimal hissəsinin bərpası;
qərb istiqamətində sabit cərəyanlı mövcud elektrik təchizatı sisteminin daha səmərəli dəyişən cərəyanlı sistemlə əvəz edilməsi və dəyişən cərəyanla işləyən lokomotivlərin alınması;
dizel lokomotivlərinin alınması;
Bakı və Biləcəri dəmir yolu xəstəxanaları istisna olmaqla, yardımçı xidmətlərin dəmir yolundan ayrılması;
dəmir yolu kadrlarının hazırlanması və onların sosial müdafiəsi.
 
II. Maliyyə mənbələri
 
"Azərbaycan Respublikası dəmir yolu nəqliyyat sisteminin 2010 - 2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın maliyyələşdirilməsinin aşağıda göstərilən mənbələr hesabına təmin edilməsi nəzərdə tutulur:
"Azərbaycan Dəmir Yolları" QSC-nin öz vəsaitləri;
daxili və xarici investisiyalar, texniki yardımlar və qrantlar;
qanunvericiliyə zidd olmayan digər mənbələrin vəsaitləri.
 
III. Gözlənilən nəticələr
 
Dövlət proqramının həyata keçirilməsi nəticəsində ölkədə dəmir yolu nəqliyyat xidmətlərinə olan tələbatın tam ödənilməsi və ölkənin dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası üçün daha müasir nəqliyyat infrastrukturunun yaradılması, daşımalarda yük vahidinə nəqliyyat xərclərinin azalması, çevik tarif siyasətinin müəyyən edilməsi, Azərbaycanın tranzit potensialının artırılması, institusional islahatların aparılması, dəmir yolu nəqliyyatının fəaliyyətinə dair təkmil qanunvericilik bazasının formalaşdırılması, dəmir yolu sahəsi üçün yüksək ixtisaslı kadrların hazırlanması və onların sosial müdafiəsi təmin olunacaqdır.
 
IV. Dövlət Proqramının həyata keçirilməsi üçün
TƏDBİRLƏR PLANI
 

Sıra 
№-si

Tədbirlərin adları

Tədbirin məqsədi

İcra müddəti, illər üzrə

İcraçılar

1

2

3

4

5

4.1. İslahatların aparılması və normativ hüquqi bazanın təkmilləşdirilməsi

4.1.1.

Azərbaycan dəmir yolunda institusional islahatların aparılması

dəmir yolunda bazar iqtisadiyyatı prinsiplərinin tətbiq edilməsi, sağlam rəqabət mühitinin yaradılması

2010 - 2011

Nəqliyyat Nazirliyi, "ADY" QSC

4.1.2.

Azərbaycan dəmir yolunda yük və sərnişin daşımaları, dəmir yolu nəqliyyatı vasitələrindən istifadə, dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyi qaydalarının işlənib hazırlanması və təsdiq edilməsi

normativ hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılması

2010 - 2011

Nazirlər Kabineti, Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi, "ADY" QSC

4.1.3.

Dəmir yolu nəqliyyatı haqqında qanun layihəsinin işlənib hazırlanması

normativ hüquqi bazanın təkmilləşdirilməsi

2010 - 2011

Nazirlər Kabineti, Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi

4.2. Daşıma təsərrüfatı üzrə

4.2.1.

Yalama və Böyük-Kəsik sərhəd-keçid stansiyalarında yolların, enerji təchizatı və rabitə qurğularının və xidməti binaların yenidən qurulması

qatarların təhlükəsiz və maneəsiz hərəkətinin təmin edilməsi, yolların texniki vəziyyətinin, elektrik mərkəzləşdirmə qurğularının, rabitə və telekommunikasiya sisteminin və iş şəraitinin yaxşılaşdırılması

2010 - 2012

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.2.2.

Biləcəri və Səngəçal qovşaq stansiyalarında yolların, kontakt şəbəkələrinin, rabitə və telekommunikasiya sisteminin, elektrik mərkəzləşdirmə qurğularının və xidməti binaların yenidən qurulması

qatarların təhlükəsiz və maneəsiz hərəkətinin təmin edilməsi, yolların texniki vəziyyətinin, elektrik mərkəzləşdirmə qurğularının, rabitə və telekommunikasiya sisteminin və iş şəraitinin yaxşılaşdırılması

2010 - 2012

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.3. Yol təsərrüfatı üzrə

4.3.1.

Sürətin artırılması və təhlükəsiz hərəkətin təmin olunması məqsədi ilə 317 km uzunluğunda baş yolların əsaslı təmiri

hərəkət sürətinin artırılması və təhlükəsiz hərəkətin təmin olunması

2010 - 2014

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.3.2.

Yolların saxlanılması, əsaslı təmiri və yenidən qurulması üçün maşın və mexanizmlərin və 240 dəst yoldəyişən qurğuların və çeviricilərin alınması

yollarda təmir işlərinin sürətləndirilməsi və işin keyfiyyətinin artırılması

2010 - 2014

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.3.3.

Saatlı-Becar mənzilinin 98 km-də Araz çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası

qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi

2010

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.3.4.

Qasımlı-Liman mənzilinin 131 km-də yerləşən metal körpünün rekonstruksiyası

qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi

2011 - 2012

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.3.5.

Çarxı-Sərvan mənzilinin 2508 km-də yerləşən dəmir-beton körpünün rekonstruksiyası

qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi

2011 - 2012

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.3.6.

Yevlax-Malay mənzilinin253 km tək yolunda Kür çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası

qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi

2011 - 2014

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.3.7.

Saloğlu-Poylu mənzilinin 73 km-də Kür çayı üzərində ikinci dəmir yolu körpüsünün tikintisi

qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi

2010 - 2014

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.3.8.

Pirallahı qəsəbəsini sahilə birləşdirən dambada və dəmir yolunun Lənkəran-Astara sahəsində sahilbərkitmə işlərinin aparılması

qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi

2010 - 2011

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, "ADY" QSC

4.3.9.

Biləcəri stansiyası ərazisində suötürücü qurğuların rekonstruksiyası

qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi

2011 - 2012

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.4. Lokomotiv təsərrüfatı üzrə

4.4.1.

50 ədəd yeni dəyişən cərəyanlı elektrovozun alınması

lokomotiv parkının yeniləşdirilməsi və artan yük həcminin daşınmasının təmin edilməsi

2011 - 2013

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.4.2.

13 ədəd TE10 tipli teplovozun əsaslı təmir edilməklə modernləşdirilməsi

teplovozların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi

2010 - 2013

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.4.3.

13 ədəd ÇME və 15 ədəd TEM2 tipli manevr teplovozunun əsaslı təmir edilməklə modernləşdirilməsi

teplovozların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi

2010 - 2013

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.4.4.

2 ədəd ÇME tipli manevr teplovozunun modernləşdirilməsi

teplovozların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi

2010 - 2011

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.4.5.

10 ədəd VL11 seriyalı elektrovozun əsaslı təmir edilməsi

elektrovozların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi

2010 - 2013

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.4.6.

Lokomotivlər üçün ehtiyat hissələrinin alınması

lokomotivlərin istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi

2010 - 2013

Nəqliyyat Nazirliyi, "ADY" QSC

4.4.7.

Biləcəri lokomotiv deposunun əsasında lokomotivlərin əsaslı təmiri bazasının yaradılması

lokomotiv təsərrüfatının maddi-texniki bazasının yaxşılaşdırılması

2011 - 2013

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.5. Vaqon təsərrüfatı üzrə

4.5.1.

Neft və neft məhsullarının daşınması üçün 300 ədəd yeni çən vaqonlarının alınması

neft və neft məhsullarının daşınmasına artan tələbatın ödənilməsi

2011 - 2014

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.5.2.

Quru yüklərin daşınması üçün vaqonların alınması

quru yüklərin daşınmasına artan tələbatın ödənilməsi

2011 - 2014

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.5.3.

Yük vaqonlarının əsaslı təmiri üçün tələb olunan avadanlıq və ehtiyat hissələrinin alınması

vaqonların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi

2010 - 2013

Nəqliyyat Nazirliyi, "ADY" QSC

4.5.4.

Ələt vaqon deposunun və vaqonların yuyulması məntəqəsinin yenidən qurulması

vaqonların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi

2010 - 2011

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.6. Sərnişin daşıma təsərrüfatı üzrə

4.6.1.

25 ədəd yeni sərnişin vaqonunun alınması

sərnişin daşımasına artan tələbatın ödənilməsi və xidmət səviyyəsinin yüksəldilməsi

2011–2013

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.6.2.

20 ədəd sərnişin vaqonunun əsaslı təmir edilməsi

vaqonların təhlükəsiz istismarının təmin olunması, xidmət səviyyəsinin yüksəldilməsi və istismar müddətinin artırılması

2010 - 2012

Nəqliyyat Nazirliyi, "ADY" QSC

4.6.3.

Bakı vaqon deposunda sərnişin vaqonlarının əsaslı təmir bazasının yaradılması

sərnişin vaqonlarının əsaslı təmirinin təşkil edilməsi, təmir xərclərinin azaldılması və onların istismar müddətinin artırılması

2011 - 2012

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.6.4.

Sərnişin vaqonlarının depo və əsaslı təmiri üçün ehtiyat hissələrinin alınması

sərnişin vaqonlarının əsaslı təmirinin təşkil edilməsi və onların istismar müddətinin artırılması

2010 - 2012

Nəqliyyat Nazirliyi, "ADY" QSC

4.7. İşarəvermə və rabitə təsərrüfatı üzrə

4.7.1.

Azərbaycan dəmir yolunun Yalama - Biləcəri hissəsində optik-lifli rabitə xəttinin yaradılması

idarəetmə, rabitə və telekommunikasiya sistemlərinin müasir tələblər səviyyəsində yenidən qurulması

2010 - 2013

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.7.2.

Vaqonların və lokomotivlərin təkərlərində qızmaları aşkar edən 30 ədəd yeni KTS-M qurğusunun və 120 dəst "lokomotiv-stansiya" tipli stasionar radiostansiyaların alınması

vaqonların və lokomotivlərin təhlükəsizliyinin təmin edilməsi

2010 - 2012

Nəqliyyat Nazirliyi, "ADY" QSC

4.7.3.

Kürdəmir, Bərdə, Qovlar, Dəllər, Şəmkir, Şirvan və Alabaşlı stansiyalarında elektrik mərkəzləşdirmə qovşaqlarının və avadanlıqlarının müasirləşdirilməsi

idarəetmə və rabitə qurğularının elektrik təchizatının yaxşılaşdırılması

2010 - 2012

Nəqliyyat Nazirliyi, "ADY" QSC

4.7.4.

Dəmir yolunun Bakı-Böyük Kəsik hissəsində 27,5 kvt-lıq dəyişən cərəyanlı dartı sisteminə keçidlə əlaqədar işarəvermə qurğularının müasirləşdirilməsi

işarəvermənin dəyişən cərəyanlı dartı sisteminə uyğunlaşdırılması

2010 - 2012

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.7.5.

Horadiz-İmişli-Bakı sahəsində optik lifli rabitə xəttinin yaradılması

rabitə əlaqələrinin səviyyəsinin yüksəldilməsi

2011 - 2013

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.7.6.

Osmanlı-Astara sahəsində optik lifli rabitə xəttinin yaradılması

rabitə əlaqələrinin səviyyəsinin yüksəldilməsi

2011 - 2013

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.7.7.

Osmanlı-Astara sahəsində biryollu ikitərəfli avto-bloklamanın yenidən qurulması

qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi

2011 - 2013

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.7.8.

Azərbaycan dəmir yolunda yük və sərnişin daşımalarının avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması

daşımaların həyata keçirilməsinin sürətləndirilməsi və təhlükəsizliyin təmin edilməsi

2010 - 2012

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.7.9.

Azərbaycan dəmir yolunun işarəetmə və bloklama sisteminin dispetçer mərkəzləşdirilməsi idarəetməsinin yaradılması

daşımaların həyata keçirilməsinin sürətləndirilməsi və təhlükəsizliyin təmin edilməsi

2010 - 2012

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.8. Enerji təchizatı təsərrüfatı üzrə

4.8.1.

Dəmir yolunun Biləcəri–Yalama sahəsində elektrik qurğularının əsaslı təmiri və yenidən qurulması

elektrik enerjisinin təchizatında təhlükəsizliyin təmin edilməsi

2010 - 2013

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.8.2.

Dəmir yolunun Bakı - Böyük-Kəsik sahəsində 27,5 kvt-lıq dəyişən cərəyanlı dartı sisteminə keçməsinin təmin edilməsi

enerji təchizatı xərclərinin azaldılması

2010 - 2012

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.8.3.

10 ədəd ADM tipli texniki istismar və təmir maşınlarının (drezinlərin) alınması

dəmir yollarının elektrik xətlərində təmir-bərpa işlərinin sürətləndirilməsi

2010 - 2012

Nəqliyyat Nazirliyi, "ADY" QSC

4.8.4.

Enerji təsərrüfatının saxlanması, əsaslı təmiri və yenidən qurulması üçün maşın və mexanizmlərin alınması

təmir işlərinə sərf olunan vaxtın azaldılması və təmirin keyfiyyətinin yüksəldilməsi

2010 - 2012

Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "ADY" QSC

4.9. Hərəkətin təhlükəsizliyi üzrə

4.9.1.

"Qəza-bərpa qatarı"nın maddi-texniki bazasının yaradılması və zəruri maşın və mexanizmlərlə təchiz edilməsi

dəmir yolunda fövqəladə və qəza hallarının vaxtında aradan qaldırılmasının təmin edilməsi

2010 - 2012

Nəqliyyat Nazirliyi, "ADY" QSC

4.10. Kadrların hazırlanması üzrə

4.10.1.

Dəmir yolu nəqliyyat sisteminin ixtisaslı fəhlə, ali və orta ixtisas təhsilli kadrlarla təmin edilməsi

dəmir yolu müəssisələri üçün fəhlələrin, orta və ali ixtisas təhsilli mütəxəssislərin hazırlanmasının təmin edilməsi

2010 - 2014

Təhsil Nazirliyi, Nəqliyyat Nazirliyi, "ADY" QSC