Baş səhifə » Nazirliyin fəaliyyəti » “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda beynəlxalq Konfrans » Beynəlxalq Konfrans


"Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda Beynəlxalq Konfrans
  

Son illər ərzində beynəlxalq ticarətin həcminin və miqyasının genişlənməsi fonunda Avropa ilə Asiya arasında yük və sərnişin axınlarının çəkisinin artması, bu istiqamətdə daha effektiv yeni nəqliyyat bağlantılarının yaradılmasını və mövcud marşrutların səmərəliliyinin artırılmasını zərurətə çevirmişdir. Qaldırılan məsələnin aktuallığını nəzərə alaraq, hər iki regionu birləşdirən əsas nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Respublikası tərəfindən beynəlxalq ticarətin və daşımaların təşviqi, effektivliyinin artırılması məqsədilə mühüm işlər aparılmaqdadır.
 
Bu baxımdan, əsas bağlantısı Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti olan və Azərbaycan Respublikasının ərazisindən keçməklə Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin xüsusi əhəmiyyəti vardır.
 
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi və Bosfor boğazında “Marmaray” dəmiryol tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmiryol şəbəkələrinin birləşdirilməsinə, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək region ölkələrinin tranzit potensialının artmasına xidmət edəcəkdir. Layihənin reallaşması, eyni zamanda Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasının həmin xətt vasitəsilə həyata keçirilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcminin artmasına da imkan yaradacaqdır.
 
Yeni dəmiryol xətti Azərbaycan, Gürcüstan və Türkiyə üçün və eyni zamanda Asiya respublikaları üçün mühüm əhəmiyyət kəsb edəcəkdir. Beləliklə Azərbaycan, Gürcüstan və Türkiyənin Mərkəzi Asiya, Çin və Avropa ilə birləşməsi üçün geniş imkanlar yaradılacaqdır. Belə ki, artıq bir sıra dövlətlər bu nəqliyyat dəhlizinin istifadəsinə maraq göstərdiklərini bildirmişdirlər.
 
Məsələnin aktuallığını və 2015-ci ildə Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin və Yeni Bakı beynəlxalq dəniz ticarət limanının birinci mərhələsinin istismara veriləcəyini nəzərə alaraq, Azərbaycan Respublikası Hökuməti tərəfindən 15-17 oktyabr 2014-cü il tarixlərində Bakı şəhərində region, eləcə də bir sıra Avropa və Asiya ölkələrinin iştirakı ilə Beynəlxalq Konfransın keçirilməsi nəzərdə tutulur. “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda təşkil olunacaq Konfransa bir çox beynəlxalq təşkilatlar və maliyyə institutları da dəvət olunmuşdur.
 
Konfransın gündəliyinə nəqliyyatla bağlı ümumi məsələlər, bu sahədə mövcud problemlər və onların həlli yolları, dəhliz boyu ölkələr tərəfindən həyata keçirilən və perspektiv layihələr, yeni təşəbbüslər, nəqliyyat əlaqələrinin və tranzitin inkişafında beynəlxalq təşkilatların və maliyyə institutlarının rolu və potensial imkanları, təhlükəsizlik, ekoloji aspektlər, eləcə də lokal və qlobal miqyaslarda effektiv logistik konsepsiyaların tətbiqi və digər məsələlər daxil edilmişdir.
 
Konfrans zamanı aparılmış fikir mübadiləsinin nəticələrini əks etdirən Yekun Sənədin qəbul edilməsi nəzərdə tutulmuşdur.