Baş səhifə » Qanunvericilik » Nazirlər Kabinetinin Qərarları və Sərəncamları » «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları»nın təsdiq edilməsi haqqında 17 sentyabr 2009-cu il, № 142

«Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları»nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
«Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli, 792 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
 
Bakı şəhəri, 17 sentyabr 2009-cu il
     № 142
 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
Avtomobil nəqliyyatı ilə yüklərin daşınması
 
QAYDALARI
 
I. ÜMUMİ MÜDDƏALAR
 
1. Tətbiq dairəsi
 
1.1. «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» (bundan sonra — Qaydalar) «Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikasının Qanununa, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır.
Bu Qaydalar avtomobil daşıyıcıları (bundan sonra — daşıyıcılar) tərəfindən avtonəqliyyat vasitələri ilə yüklərin beynəlxalq və ölkədaxili daşınmasının təşkilini və yerinə yetirilməsini, ayrı-ayrı yük növlərinin daşınmasına dair tələbləri müəyyən edir, habelə yükgöndərənlə (yükalanla) daşıyıcı arasında yaranan qarşılıqlı münasibətləri tənzimləyir, onların hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirir.
1.2. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşınması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və hökumətlərarası sazişlərə, həmçinin bu Qaydalara, gömrük qanunvericiliyinə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.3. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları yerinə yetirilərkən yüklərlə bağlı əməliyyatlar müvafiq gömrük qaydalarına riayət etməklə aparılır.
1.4. Təhlükəli yüklərin daşınması qaydaları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.
1.5. Tezkorlanan yüklərin daşınması və saxlanılmasının sanitariya-gigiyena rejimi, o cümlədən satılma müddətləri bu Qaydalarla və Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə tənzimlənir.
1.6. Daşınması zamanı avtonəqliyyat vasitələrinin kütlə və qabaritlərinə dair mövcud məhdudiyyətlərin pozulmasına səbəb olan iriqabaritli və ağırçəkili yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydaları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.
1.7. Bu Qaydalar aşağıda göstərilən avtomobil daşımalarına şamil edilmir:
1.7.1. kommunal və təcili tibbi yardım xidmətlərə məxsus, həmçinin Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən təxirəsalınmaz təcili xidmətlərə aid edilmiş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara;
1.7.2. müdafiə, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan avtomobil daşımalarına;
1.7.3. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Milli Bankının, büdcədənkənar dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi və xidməti istifadəsi üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara;
1.7.4. hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına;
1.7.5. fiziki şəxslərin mülkiyyətində, yaxud istifadəsində olan avtonəqliyyat vasitələri ilə şəxsi ehtiyaclar üçün yerinə yetirdikləri daşımalara.
 
2. Əsas anlayışlar
 
2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. avtomobil nəqliyyatı ilə kommersiya məqsədli yük daşınması — yük daşınması müqaviləsi, yaxud digər qanuni əsaslarla və daşınma haqqı ödənilməklə yerinə yetirilən yük daşımaları;
2.1.2. beynəlxalq yük daşımaları — avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən yük daşımaları;
2.1.3. daşıyıcı — daşınma müqaviləsi və ya digər qanuni əsaslarla yük daşımalarını yerinə yetirən hüquqi şəxs və ya fərdi sahibkar;
2.1.4. icazə — Azərbaycan Respublikasının avtonəqliyyat vasitəsinə (yüklə və ya yüksüz) xarici dövlətlərin ərazisindən keçmək və özündə qeyd olunan yükdaşıma növünü yerinə yetirmək hüququnu verən, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada verilən sənəd;
2.1.5. ölkədaxili yük daşımaları — Azərbaycan Respublikasının hüdudları daxilində yerinə yetirilən yük daşımaları;
2.1.6. qoşqu — mexaniki nəqliyyat vasitəsilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsi;
2.1.7. sifarişçi — yük daşımaları barədə daşıyıcı ilə müqavilə bağlayan hüquqi və ya fiziki şəxs (yükgöndərən, yükalan və ya ekspeditor);
2.1.8. sürücü — avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda daşıyıcını təmsil edən şəxs;
2.1.9. tezkorlanan yüklər — daşınması zamanı salamatlığı (bütövlüyü) üçün xüsusi temperatur və sanitariya-gigiyena rejiminə əməl edilməsini tələb edən yüklər;
2.1.10. terminal — yüklərin yığılması (toplanması), çeşidlənməsi, nəzarətdə saxlanılması və sonradan göndərilməsi (yola salınması) üçün nəzərdə tutulan binalar, tikililər və texniki vasitələr kompleksi;
2.1.11. universal konteyner — yüklərin tarasız, ilkin qablaşdırmada və ya yüngülləşdirilmiş (sadələşdirilmiş) tarada daşınması üçün nəzərdə tutulan və həcmi 1 kub metrdən az olmayan, təkrar istifadə olunan tara;
2.1.12. ümumi təyinatlı yük avtonəqliyyat vasitəsi — özüyükləyən-özüboşaldan vasitələrlə və ya digər xüsusi qurğularla təchiz olunmamış bortlu platforması olan yük daşımalarında istifadə olunan yük avtonəqliyyat vasitəsi;
2.1.13. xüsusi konstruksiyalı yük avtonəqliyyat vasitəsi — müəyyən növ yüklərin daşınması üçün xüsusi bana malik olan yük avtonəqliyyat vasitəsi;
2.1.14. yarımqoşqu — yük avtomobilinə birləşdirilmək üçün nəzərdə tutulmuş, bir hissəsi həmin avtomobilə söykənərək özünün və yükün kütləsinin müəyyən hissəsini ona ötürən hər hansı qoşqu;
2.1.15. yük — avtomobil daşıyıcısı tərəfindən təyinat məntəqəsinə çatdırılmaq üçün qəbul edilmiş əmtəə və ya qeyri-əmtəə təyinatlı mal;
2.1.16. yük avtonəqliyyat vasitəsi — konstruksiyasına və təchiz edilmiş avadanlığına görə yük daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi;
2.1.17. yükgöndərən — adından yük göndərilməsi rəsmiləşdirilən hüquqi və ya fiziki şəxs;
2.1.18. yükalan — avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə və ya digər müvafiq sənədlərə əsasən yükü almaq səlahiyyəti olan hüquqi və ya fiziki şəxs.
 
II. ÖLKƏDAXİLİ YÜK DAŞIMALARININ TƏNZİMLƏNMƏSİ
 
3. Yüklərin daşınmaya qəbul edilməsi qaydası
 
3.1. Daşıyıcı avtomobil nəqliyyatı ilə kommersiya daşımalarının yerinə yetirilməsi üçün yükləri sifarişçi ilə bağlanmış müqavilə əsasında qəbul etməlidir.
3.2. Şərtlərindən asılı olaraq daşıyıcı ilə sifarişçi arasında aşağıdakı müqavilələr bağlanıla bilər:
3.2.1. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi;
3.2.2. avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə;
3.2.3. yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi.
3.3. Müəyyən müddət ərzində, habelə bir və ya bir neçə reyslə kommersiya məqsədli yük daşınmasının yerinə yetirilməsi bu Qaydaların 1 nömrəli əlavəsində* nəzərdə tutulmuş nümunəvi formaya uyğun olaraq bağlanılmış avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi ilə rəsmiləşdirilir. Bu müqavilə yük daşınması üçün yararlı olan bir və ya bir neçə avtonəqliyyat vasitəsinin tutumunun bütövlükdə və ya qismən bir və ya bir neçə reys üçün digər tərəfə haqqı ödənilməklə təqdim edilməsi şərtilə bağlanıla bilər.
3.4. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə daşıyıcı ona tapşırılmış yükü təyinat məntəqəsinə çatdırmalı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməli, yükgöndərən isə əgər müqavilədə digər hal nəzərdə tutulmayıbsa, yükün daşınması üçün müəyyən edilmiş daşınma haqqını ödəməlidir.
Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinin bağlanması bu Qaydaların 2 nömrəli əlavəsindəki nümunəvi formaya uyğun olaraq üç nüsxədə tərtib edilmiş əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş yüklər daşınma üçün qəbul edilə bilməz. Əmtəə-nəqliyyat qaiməsinin düzgün tərtib olunmaması və ya itirilməsi bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
3.5. Yüklərin avtomobil nəqliyyatı ilə mütəmadi daşınması zərurəti yarandıqda, daşımaların sifarişçisi bu Qaydaların 3 nömrəli əlavəsindəki nümunəvi formaya uyğun olaraq daşıyıcı ilə yüklərin həcmi, müddəti, təhvil verilməsinin şərtləri, hesablaşma qaydası, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş yük daşımalarının təşkilinin digər şərtlərini də müəyyən edən avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə bağlaya bilər. Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə, həmçinin yükgöndərən (yükalan) və ekspeditor arasında bağlanıla bilər.
3.6. Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə olduqda, sifarişçi daşımanın başlanmasına 48 saat qalmış daşıyıcıya bu Qaydaların 4 nömrəli əlavəsindəki formaya uyğun olaraq, tərtib edilmiş tələbnamə təqdim edir. Tərəflərin razılaşmasına əsasən tələbnamə birgünlük, həftəlik, ongünlük, aylıq və ya müqavilədə nəzərdə tutulmuş digər müddət üçün ola bilər.
3.7. Daşıyıcının bu Qaydaların 5 nömrəli əlavəsindəki formaya uyğun olaraq tərtib edilmiş birdəfəlik sifarişi qəbul etməklə, əmtəə-nəqliyyat qaiməsi tərtib etməsi avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilənin bağlanmasına bərabər tutulur.
3.8. Razılaşdırılmış birdəfəlik sifarişdə göstərilən şərtlərə hər hansı bir dəyişiklik və ya əlavələr edildikdə, sifarişçi (daşıyıcı, ekspeditor) bu barədə müqavilənin digər tərəfini daşımalı olduğu günün əvvəlki günü səhər saat 11.00-a qədər xəbərdar etməlidir.
3.9. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, daşıyıcı müqavilənin icrası üçün zəruri olan yük avtonəqliyyat vasitələrinin növünü və miqdarını müstəqil müəyyən edə bilər.
3.10. Daşıyıcı daşıma müqaviləsində müəyyən edilmiş müddətdə müvafiq yük növünün daşınması üçün yararlı olan avtonəqliyyat vasitəsini təqdim etməlidir.
3.11. Avtonəqliyyat vasitəsinin bu və ya digər yükün daşınması üçün yararlı olub-olmadığını daşıyıcı müəyyən edir. Daşıyıcı tərəfindən təqdim olunmuş avtonəqliyyat vasitəsi yükgöndərəni qane etmədikdə, o, bu Qaydaların 6 nömrəli əlavəsində göstərilən formaya uyğun olaraq akt tərtib etməli və onu daşıyıcıya verməlidir.
3.12. Daşıyıcı yükü avtomobil nəqliyyatının hərəkəti üçün açıq olan ən qısa marşrut üzrə daşımalıdır. Lakin yol şəraitinə görə daşımaların digər marşrut üzrə yerinə yetirilməsinin daha səmərəli olduğu hallar istisna edilmir. Bu halda daşıyıcı marşrutun ən qısa olmaması barədə sifarişçini xəbərdar etməlidir.
3.13. Daşıyıcı yüklərin ölkədaxili daşınmasını müqavilə ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirməlidir. Tövsiyə olunan müddətlər bu Qaydaların 7 nömrəli əlavəsində göstərilmişdir. Yükün çatdırılma müddəti onun daşınmaya qəbul edilməsi anından hesablanır.
3.14. Yüklü avtonəqliyyat vasitəsi yolda nəzarətedici orqanlar tərəfindən saxlanıldığı halda, yubadılma müddəti çatdırılma vaxtına əlavə edilir. Nəzarətedici orqanın nümayəndəsi tərəfindən avtonəqliyyat vasitəsinin yubadılması barədə yubadılmanın səbəbləri və müddəti göstərilməklə, yol vərəqəsində qeydlər aparılır. Yükgöndərən (yükalan) yükün çatdırılmasının gecikdirilməsi haqqında daşıyıcı tərəfindən xəbərdar olunur.
3.15. Yüklərin daşınması üçün tətbiq olunan taranın (qablaşdırmanın) növləri və parametrləri dövlət standartlarına və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş texniki şərtlərə uyğun olmalıdır.
3.16. Yükgöndərən tərəfindən bu Qaydaların tələblərinə uyğun olmayan vəziyyətdə təqdim edilən və vaxtlı-vaxtında daşınmasının təmin olunması üçün müəyyən edilmiş müddət ərzində lazımi vəziyyətə gətirilməyən yük təqdim olunmamış hesab edilir.
3.17. Daşıyıcı daşıma zamanı yükün salamatlığını təmin edə bilmədikdə, aşağıdakı səbəblərə görə yükü daşınmaya qəbul etməkdən imtina edə bilər:
3.17.1. yük lazımi tara və ya qablaşdırmada təqdim edilmədikdə və ya icraya qəbul edilmiş sifarişə uyğun olmadıqda;
3.17.2. təqdim edilmiş yük partiyasının çəkisi avtonəqliyyat vasitəsinin yükgötürmə qabiliyyətindən artıq olduqda;
3.17.3. daşıma marşrutu boyu avtomobil yollarında hərəkətin müvəqqəti dayandırılması və ya məhdudlaşdırılması üzündən yükün çatdırılması mümkün olmadıqda.
3.18. Sifarişçi bu Qaydaların 3.17-ci bəndində göstərilən hallarda daşıyıcının avtonəqliyyat vasitəsinin dayanacaq yerindən yüklənmə yerinə qədər və geriyə etdiyi hərəkətə görə çəkdiyi xərcləri ödəməlidir.
3.19. Yükgöndərən (ekspeditor) yükü daşımaya aşağıda göstərilən hallarda təqdim etməməli, daşıyıcı isə onu qəbul etməməlidir:
3.19.1. belə daşıma Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunduqda;
3.19.2. əmtəə təyinatlı yüklərə dair əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədikdə və ya tələb edilən hallarda bu növdən olan yükə dair normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər sənədlər olmadıqda;
3.19.3. öz xüsusiyyətlərinə görə daşımaya təqdim edilmiş yüklərin birlikdə bir avtonəqliyyat vasitəsilə daşınmasına yol verilmədikdə;
3.19.4. yük yol hərəkəti təhlükəsizliyinə təhlükə yaratdıqda, sürücünün ətrafı görməsini məhdudlaşdırdıqda, avtonəqliyyat vasitəsinin idarə olunmasını çətinləşdirdikdə və ya onun davamlılığını pozduqda, xarici işıq cihazlarının, işıqqaytarıcılarının, qeydiyyat və tanınma nişanlarının üstünü tutduqda, səs saldıqda, toz qaldırdıqda, yolları və ətraf mühiti çirkləndirdikdə.
3.20. Müqavilənin şərtlərinə uyğun olaraq müşayiəti daşıyıcı və ya sifarişçi tərəfindən təşkil edilməli yüklər istisna olmaqla, aşağıda göstərilən yüklərin müşayiət olunması sifarişçi tərəfindən təşkil edilməlidir:
3.20.1. öz xüsusiyyətlərinə görə xüsusi daşıma şəraiti tələb edən yüklər (partlayıcı, radioaktiv, sıxılmış və özüalışan maddələr, sıxılmış və mayeləşdirilmiş qazlar, tezalışan mayelər (maye yanacaqlardan başqa), güclü zəhərləyici təsiri olan maddələr, aşındırıcı maddələr);
3.20.2. xüsusi mühafizə tələb edən yüklər (qiymətli daşlar və metallar, zərgərlik, incəsənət məmulatları və əntiq əşyalar, rəsm əsərləri, heykəllər və digər incəsənət əsərləri);
3.20.3. daşıma prosesində qulluq tələb edən yüklər (heyvanlar, quşlar, diri balıq və arılar).
3.21. Yük sifarişçinin nümayəndəsinin müşayiəti ilə daşındıqda, əmtəə-nəqliyyat qaiməsində yükü müşayiət edən şəxsin soyadı, adı və atasının adı göstərilir.
3.22. Sifarişçi tərəfindən yükün elan olunmuş dəyərinin miqdarı daşıyıcıda şübhə doğurmadıqda, həmin yük daşınmaya qəbul edilə bilər. Yükün elan olunmuş dəyəri daşıyıcıda şübhə yaratdığı təqdirdə o, ekspertləri cəlb edərək, yükün real qiyməti barədə akt tərtib edə bilər.
3.23. Yükgöndərən yükün dəyərini onu daşımaya təhvil verərkən elan etməlidir.
3.24. Tezkorlanan və təhlükəli yüklərin, habelə yükgöndərənlərin plombları ilə daşınan qalaq, füruş və ya tökmə şəklində olan yüklərin dəyərinin sifarişçi tərəfindən elan olunması tələb edilmir.
3.25. Eyni əmtəə-nəqliyyat qaiməsi ilə daşınan yükün bir hissəsinin dəyərinin sifarişçi tərəfindən elan olunmasına yol verilmir.
3.26. Qalaqlanmış, füruşlanmış, tökülmüş halda və konteynerlərdə daşınan yüklərin təhvil-təslimi zamanı onların çəkisi müəyyən edilməli və əmtəə-nəqliyyat qaiməsində göstərilməlidir.
3.27. Taralı və ədədi yüklər, onların çəkisi və yük yerlərinin sayı əmtəə-nəqliyyat qaiməsində göstərildiyi halda, daşınmaya qəbul edilə bilər.
3.28. Taralı və ədədi yüklərin çəkisi yükgöndərən tərəfindən daşınmaya təhvil verilməzdən əvvəl müəyyən olunur və yük yerlərinin markalanmasında əks etdirilir. Bu yüklərin daşınması zamanı bir avtonəqliyyat vasitəsilə daşınan yükün bütün partiyasının ümumi çəkisi tərəzi ilə çəkilməklə və ya yük yerlərinin çəkisi hesablanmaqla müəyyən olunur. Ayrı-ayrı yük növlərinin çəkisi hesablanma yolu ilə, ölçülməklə və ya həcm çəkisinə görə müəyyən edilə bilər.
3.29. Yükün çəkisi birbaşa tərəzidə çəkilməklə müəyyən edilmədikdə, yükgöndərən tərəfindən əmtəə-nəqliyyat qaiməsində onun çəkisi və çəkisinin müəyyən edilməsi üsulu da göstərilməlidir.
3.30. Yüklərin örtülü avtonəqliyyat vasitəsində və ya onun ayrı-ayrı seksiyalarında, yükgöndərən tərəfindən plomblanmış konteyner və ya sisternlərdə daşınması zamanı yükün çəkisi yükgöndərən tərəfindən müəyyən edilir.
3.31. Netto və ya brutto markalanma çəkisinə malik olan yüklər tərəzidə çəkilməməlidir. Tara və ya qablaşdırma zədələnmədikdə, daşıyıcı yükgöndərəndən yükü markalanmada göstərilən çəkiyə uyğun qəbul edir.
3.32. Dövlət standartları ilə markalanma zamanı netto və ya brutto çəkisinin göstərilməsi nəzərdə tutulan hallar istisna olmaqla, yükgöndərən bir ünvana eyni standart ölçüdə yük yerlərini daşımaya təhvil verdikdə, yük yerlərinin markalanmasında hər bir yük yerinin çəkisini göstərməyə bilər. Bu halda əmtəə-nəqliyyat qaiməsində «çəkinin müəyyən edilməsi üsulu» qrafasında «standarta uyğun» sözləri yazılır.
3.33. Qeyri-əmtəə təyinatlı yükün çəkisi yükgöndərən tərəfindən tərəzidə çəkilməklə və ya geodezik ölçülmə əsasında müəyyən edilməli və əmtəə-nəqliyyat qaiməsində göstərilməlidir.
3.34. Kütləvi torpaq daşımaları zamanı yükgöndərən torpağın çəkisini geodezik ölçülmə əsasında müəyyən edə bilər.
3.35. Qeyri-əmtəə təyinatlı yükün çəkisi tərəzidə çəkilmə yolu müəyyən edilərkən, yükgöndərən bir neçə avtomobilin tərəzidə kontrol çəkilməsini aparmalı, bundan sonra müvafiq markalı avtomobilin hər birində olan yükün orta çəkisini müəyyənləşdirməlidir.
3.36. Yükün çəkisi daşıyıcıda şübhə doğurduqda, o, sifarişçidən daşınan yükün çəkisinin əlavə yoxlanılmasını tələb edə bilər.
3.37. Daşıma zamanı yükün itirilməsi, əskik çıxması, korlanması və ya zədələnməsinin qarşısının alınması üçün tarada daşınmasına ehtiyac olan yüklər yükgöndərən tərəfindən dövlət standartlarına və v texniki şərtlərə uyğun saz tarada təqdim edilməlidir (taranın uyğunluq sertifikatının nömrəsi əmtəə-nəqliyyat qaiməsində göstərilməlidir).
Yalnız müvafiq şüşə növlərinə uyğun standart yeşiklərdə daşınmaya təqdim edilməli olan butulka, banka və digər şüşə qablar (tara) istisna olmaqla, yükgöndərən daşıyıcı ilə razılaşma əsasında yükləri onların salamatlığını təmin edə bilən digər saz tarada da təqdim edə bilər.
3.38. Daşınmaya təqdim olunan tara və ya qablaşdırmaya xarici baxış zamanı daşıyıcı tərəfindən yükün itirilməsinə, korlanmasına və ya zədələnməsinə səbəb olan qüsurlar aşkar edildikdə, yükgöndərən qüsurları aradan qaldırmalı və ya daşıma zamanı yükün salamatlığını təmin edən digər tədbirlər görməlidir.
3.39. Yükgöndərən tərəfindən daşınmaya təqdim edilən bir yük yeri üçün yükün çəkisi avtonəqliyyat vasitəsinin yükgötürmə qabiliyyətindən artıq olmamalıdır.
3.40. Yükün mexanikləşdirilmiş yüklənmə və boşaldılmasını təmin edən tara yükləyici maşının və ya xüsusi yük yerdəyişdirici qurğuların yük tutucularının onun altına gətirilməsini təmin edən alt plankaya, kirşəyə və ya digər avadanlığa malik olmalıdır.
3.41. Ev heyvanları, ət və ət məhsulları, bitkilər, meyvələr, tərəvəzlər, toxumlar və karantin nəzarəti altında olan digər materiallar müəyyən olunmuş qaydada verilən müvafiq baytarlıq şəhadətnamələri, icazələri və ya karantin sertifikatları olduqda daşınmaya qəbul edilməlidir.
3.42. Bu bölmədə nəzərdə tutulmayan yüklərin daşınmaya qəbulu bu Qaydaların III fəslinə uyğun olaraq həyata keçirilir.
 
4. Yüklərin markalanması qaydası
 
4.1. Yüklər tarada, qablaşdırılmış şəkildə və ya kiçik partiyalarla bir neçə yükalanın ünvanına daşınması üçün hazırlandıqda, yükgöndərən hər bir yük yerini markalamalıdır.
4.2. Markalanmada yükalanın tam və ya ixtisar olunmuş adı, sifarişin nömrəsi, təyinat məntəqəsi, yük yerinin çəkisi, zəruri hallarda isə qablaşdırılmış yükün tərkibi göstərilməlidir.
Yükü müşayiət edən sənədlərdəki məlumatlar markalanmaya tam uyğun olmalıdır.
4.3. Yükün yüklənməsi (boşaldılması), daşınması və saxlanılmasının xüsusi şərtlərinə əməl olunması zərurəti yarandıqda, yükgöndərən dövlətlərarası standartlara uyğun olaraq, yükləri xüsusi qaydada markalamalıdır (manipulyasiya nişanları vurmalıdır). Yüklə rəftar edilməsi üsulunu manipulyasiya nişanları vasitəsilə ifadə etmək mümkün olmadıqda, xəbərdaredici yazılardan istifadə oluna bilər.
4.4. Markalanma bilavasitə yük yerinin üzərinə və ya yük yerinə bərkidilmiş yarlığın üzərinə, həmçinin qablaşdırılmış yükün üzərinə vurula bilər.
4.5. Yükün markalanması şablon şəkildə boya ilə, ştamplama, damğalama və ya xüsusi markalayan maşınlar vasitəsilə yerinə yetirilə bilər. Qeyd olunan hallarda yüklərin markalanması mümkün olmadıqda yüklər əl ilə yazılmaqla markalana bilər.
Boya ilə markalanma aparılarkən o, səthdə yaxşı əks olunmalı, rütubətə, günəş şüalarına və digər təbii təsirlərə qarşı dayanıqlı olmalıdır.
4.6. Markalanma yarlıqları kağızdan, kartondan, parçadan, metaldan və ya plastik kütlədən hazırlana bilər.
Yarlıqların səthi və onların üzərindəki yazılar rütubətin və günəş şüalarının təsirinə qarşı dayanıqlı olmalıdır.
4.7. Kağız və karton yarlıqlar taraya yapışqan vasitəsilə və ya onların etibarlı bərkidilməsini təmin edən digər üsulla bərkidilməlidir. Parça yarlıqlar tikilmə yolu ilə, faner, metal və plastik yarlıqlar isə bolt, şurup və ya mıxla bərkidilməlidir.
Yarlıqların faner, karton və kağız yeşiklərin üzərinə mıxlanmasına yol verilmir.
Yarlığın başqa üsulla bərkidilməsi mümkün olmadıqda, onun yükün üzərinə məftillə bağlanmasına icazə verilir.
4.8. Bir neçə yükalanın ünvanına göndərilən iri metal boru və millərin daşınması zamanı markalanma həmin əşyaların uclarına yağlı boya ilə vurulur.
4.9. Markalanma aşağıda göstərilən yerlərdə vurulmalıdır:
4.9.1. yeşiklərdə — yan tərəflərin birində;
4.9.2. kisələrdə — yuxarı hissədə tikişin yanında;
4.9.3. taylarda — yan səthlərin birində;
4.9.4. bağlamalarda — baş səthdə (yan səthə markalanmanın vurulmasına yol verilir);
4.9.5. çəlləklərdə və barabanlarda — alt hissənin üzərində (markalanmanın gövdənin üzərinə vurulmasına yol verilir);
4.9.6. başqa növ taralarda və taralanmamış yüklərdə — daha rahat və yaxşı görünən yerlərdə.
4.10. Kiçikölçülü yeşiklərin (hündürlüyü 200 mm və daha az) yan və ya baş tərəflərində markalanma yarlığını tam bərkitmək mümkün olmadıqda, onun yanaşı divarlara və ya qapağın üzərinə vurulmasına yol verilir.
4.11. Xüsusi yerlərdə vurulması zəruri olan «qaldırma yeri», «avtoyükləyici ilə qaldırmaq olmaz» və «ağırlıq mərkəzi» kimi işarələrdən başqa, manipulyasiya nişanları (xəbərdarlıq qeydləri) hər bir yükün tarasının sol yuxarı küncünün iki yanaşı divarları üzərinə vurulur.
4.12. Eyni növə mənsub, bir avtonəqliyyat vasitəsində bir yükalanın ünvanına daşınan yüklərin markalanması zamanı yük yerlərinin hamısı deyil, hər dörd yük yerindən birinin markalanmasına yol verilir. Bu halda markalanmış yük yerləri aşağıdakı qaydada yerləşdirilir:
4.12.1. furqonlarda — markalanması bayıra doğru qapı ağzında;
4.12.2. açıq banlı avtonəqliyyat vasitələrində — markalanması bayıra doğru banın hər bir yan bortunun uzunluğu boyu yükləmənin ən yuxarı yarusunda iki yerdə.
4.13. Qalaq, füruş və ya tökmə şəklində daşınan yüklər markalanmır.
4.14. Qabaq və arxa tərəfdən avtonəqliyyat vasitəsinin qabaritindən — qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxan yüklər Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkətinə dair normativ hüquqi aktlarına uyğun nişanlanmalıdır.
 
5. Yüklərin plomblanması qaydası
 
5.1. Yükgöndərən bir yükalana ünvanlanmış furqon tipli banı olan avtonəqliyyat vasitəsini, konteyner və çənləri plomblamalı, yeşiklərdə, qutularda və digər tarada olan kiçik ədədi malları isə plomblamalı və ya banderollamalıdır. Yükün plomblanması faktı əmtəə-nəqliyyat qaiməsində qeyd edilir.
5.2. Bir neçə ünvana daşınan yükün salamatlığının təmin edilməsi üçün daşıyıcı banın ayrı-ayrılıqda plomblanan seksiyalara bölünməsinə imkan verən arakəsmələr quraşdıra bilər.
5.3. Daşıyıcı yükgöndərən tərəfindən plomblanmış yükü onun çəkisini, vəziyyətini, habelə yük yerlərinin sayını yoxlamadan yükalana təhvil verir.
5.4. Yükgöndərənin plombunda onun qısa adı və müəyyən etdiyi nəzarət nişanları göstərilməlidir.
5.5. Avtonəqliyyat vasitəsinin banı elə plomblanmalıdır ki, plombun bütövlüyü pozulmadan yükə müdaxilə etmək, eləcə də avtonəqliyyat vasitəsinin banından, konteynerdən, seksiyadan və ya digər yük yerindən plombu çıxartmaq mümkün olmasın.
5.6. Plomb aşağıda göstərilən yerlərdə vurulur:
5.6.1. furqonlarda, konteynerlərdə — qapılara;
5.6.2. çənlərdə — lyukun və boşaltma yerinin qapağına (bəzi tökmə yüklərin daşınması qaydaları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla);
5.6.3. yük yerində — bağlamaların qaytanlama xətlərinin birləşmələrinə və ya digər nöqtələrinə.
5.7. Konteynerlərin plomblanmasından əvvəl, qabaq hər iki qapı ilgəyi (bəndi) diametri 2 mm-dən az olmayan, 250-260 mm uzunluğunda burulub, bağlanmış məftillə bərkidilməlidir.
Məftilin burulması bir-birindən 35 mm məsafədə yerləşən 6-10 mm diametrli dəliyi olan xüsusi metal lövhənin vasitəsilə yerinə yetirilməlidir.
Qapı ilgəklərinin və ya bəndlərinin məftillə burularaq, bərkidilməsi yükgöndərən tərəfindən yerinə yetirilməlidir.
5.8. Plomblama üçün kameralı və ya iki paralel dəlikli plomblar, həmçinin diametri 0,6 mm-dən az olmayan məftil tətbiq oluna bilər.
5.9. Qurğuşun plomblar əvvəlcədən ikiqat burulmuş məftilin üstünə vurulmalıdır. Məftil elə burulmalıdır ki, onun uzunluğunun hər santimetrinə dörd buruq düşsün. Plastmas plombların vurulması zamanı məftil burulmaya da bilər.
İki paralel dəliyi olan plombların vurulması zamanı bu Qaydaların 8 nömrəli əlavəsinə uyğun olaraq, dəliklərdən hər birinə məftilin kəsiyinin bir ucu keçirilməlidir. Məftilin boş tərəfi furqonun (konteynerin) qapısının qapı bəndinin qulaqcıqlarından iki dəfə keçirilməli, daha sonra isə plombun bir və ikinci dəliyindən keçirilməlidir. Bundan sonra plomb məngənə ilə sıxılmalıdır.
5.10. Kameralı qurğuşun plomblar vurulduqda, bu Qaydaların 8 nömrəli əlavəsinə uyğun olaraq məftillərin ucları plombun giriş dəliklərindən keçirilməli, 2-3 burum burulmalı və dartılıb plombun kamerasına salınaraq, məngənə ilə sıxılmalıdır.
Kameralı plastmas plomblar vurulan zaman məftilin ucları bu Qaydaların 8 nömrəli əlavəsinə uyğun ardıcıllıqla plombun giriş dəliklərindən keçirilməlidir.
5.11. Plomblama zamanı qapı bəndinin qulaqcığı (çənin qapağının örtüyü) ilə plomb arasında əmələ gələn məftilin ilgəyi 25 mm-dən uzun olmamalıdır.
5.12. Plomb məngənə ilə elə sıxılmalıdır ki, hər iki tərəfdən möhür yerləri oxunsun, məftili isə plombdan çıxarmaq mümkün olmasın. Məngənə ilə sıxdıqdan sonra hər bir plomba diqqətlə baxış keçirilməli və qüsuru aşkar edilmiş plomb başqası ilə əvəz olunmalıdır.
5.13. Yüklərin banderollanması üçün istifadə olunan kağız lentin, tesmanın və digər materialların düyünləri olmamalı və hər bir bərkidilmə yeri yükgöndərənin ştampı və ya möhürü ilə markalanmalıdır.
Banderollama qablaşdırmanın bütövlüyü pozulmadan yükə müdaxilə edilməsini istisna etməlidir.
 
6. Yükün yüklənməsi və boşaldılması qaydası
 
6.1. Avtonəqliyyat vasitəsinə yükün yüklənməsi, həmçinin onun bərkidilməsi, örtülməsi, sarınması, boşaldılması, o cümlədən bağlamaların, örtüklərin çıxarılması, bortların (çənlərin lyuklarının) bağlanması və ya açılması, şlanqların salınması və çıxarılması, şlanqların vintlə bağlanması və ya açılması, müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yükgöndərən (yükalan) tərəfindən yerinə yetirilməlidir.
6.2. Daşıyıcı avtonəqliyyat vasitəsinin banına yükgöndərən tərəfindən yüklənən yükün yüklənməsi və bərkidilməsi, bortların (lyukların) bağlanması prosesinə nəzarət etməlidir.
Daşıyıcı, sifarişçi ilə razılaşma əsasında yükləmə-boşaltma işlərinin yerinə yetirilməsini öz üzərinə götürdükdə, yükləmə və boşaltma zamanı yükün onun günahı üzündən korlanmasına və ya zədələnməsinə görə məsuliyyət daşıyır.
6.3. Yükləmə-boşaltma meydançalarının sahibləri avtonəqliyyat vasitələrinin maneəsiz keçməsi və manevr etməsi üçün və onlara çıxan (aparan) yolları saz vəziyyətdə saxlamalı, həmçinin günün qaranlıq vaxtında iş yerlərinin lazımi qaydada işıqlandırılmasını təmin etməlidirlər.
6.4. Yükgöndərən (yükalan) daşınması üçün xüsusi icazə tələb olunan iriqabaritli və ağırçəkili yüklər istisna olmaqla, avtonəqliyyat vasitəsini onun tam həcmindən, yükgötürmə qabiliyyətindən və ya yol hərəkəti qaydaları ilə müəyyən edilmiş qabaritlərindən artıq yükləməməlidir.
6.5. Yüklənməsinə çox vaxt sərf edilən metal çubuqlar (millər), borular və digər tarasız daşınan, ədədi yüklər yüklənmədən əvvəl sarınmalıdır (altlıqların üzərinə yığılmalı və ya yükgöndərən tərəfindən digər üsullarla yük vahidi halına gətirilməlidir).
Yüklərin altlıqların üzərinə yerləşdirilməsi zamanı düzüm (yığma, yerləşdirmə) elə yerinə yetirilməlidir ki, altlıq üzərində yükün əlavə yerdəyişməsini həyata keçirmədən yerlərin sayının yoxlanılması mümkün olsun (sifarişçinin plombu ilə daşınan bağlı altlıqlar istisna olmaqla).
6.6. Avtonəqliyyat vasitələrinə yalnız mexaniki üsulla yüklənməsi mümkün olan ağırçəkili yüklər bana möhkəm və etibarlı şəkildə bağlanmalı və yükləmə-boşaltma işlərinin mexanikləşdirilməsi üçün ilgəklərlə (qulaqcıqlarla) və ya digər xüsusi qurğularla təchiz edilməlidir.
6.7. Yüklər avtonəqliyyat vasitəsinin banında elə yerləşdirilməli və bərkidilməlidir ki, daşınma zamanı yükün, onun qablaşmasının və avtonəqliyyat vasitəsinin özünün salamatlığı təmin olunsun.
Yüklərin avtonəqliyyat vasitəsinin banına mıxla, dəmir bəndlə və ya banı zədələyən digər üsullarla bərkidilməsinə yol verilmir.
6.8. Yükgöndərən (yükalan), müqavilə ilə başqa hal nəzərdə tutulmadıqda, yükləmə və daşıma üçün lazım olan dayaqları, kəmərləri, məftilləri, digər qurğuları və yardımçı materialları təqdim etməli, quraşdırmalı və çıxarmalıdır.
Daşıyıcı, müqavilə ilə nəzərdə tutulduqda, əlavə ödəniş əsasında yüklərin örtülməsi və bağlanması üçün brezent iplər və digər materiallar təqdim edə bilər.
6.9. Xüsusi yüklərin daşınması zərurəti ilə əlaqədar avtonəqliyyat vasitəsinin yenidən təchiz edilməsi daşıyıcı tərəfindən sifarişçinin hesabına və ya yenidən təchiz edilməyə daşıyıcının yazılı razılığı olduğu halda, sifarişçi tərəfindən onun öz vəsaiti hesabına yerinə yetirilə bilər.
İstehsalçı zavodun normativ-texniki sənədlərində nəzərdə tutulmayan qaydada tipi, markası, modeli, təyinatı və ya parametrləri dəyişdirilməklə, yenidən təchiz edilmiş avtonəqliyyat vasitəsi Azərbaycan Respublikasında qüvvədə olan dövlət standartları, qaydaları və normativlərinin tələblərinə uyğun olmalıdır.
6.10. Yükgöndərənə məxsus olan bütün qurğular daşıyıcı tərəfindən boşaltma məntəqəsində yüklə birlikdə yükalana təhvil verilir və ya müqaviləyə uyğun olaraq yükləmə məntəqəsinə və ya digər yerə qaytarılır.
6.11. Daşıyıcı yükün avtonəqliyyat vasitəsində yerləşdirilməsinin və ya bərkidilməsinin yol hərəkəti təhlükəsizliyi və ya yükün (avtonəqliyyat vasitəsinin) salamatlığının təmin olunması tələblərinə uyğun olmadığını aşkar etdikdə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu barədə sifarişçiyə məlumat verməli və aşkar olunmuş çatışmazlıqlar sifarişçi tərəfindən aradan qaldırılana qədər daşımanı dayandırmalıdır.
6.12. Daşıyıcının avtonəqliyyat vasitəsinin yüklənmə üçün gəlib çatma vaxtı yükləmə məntəqəsində yol vərəqəsinin yükgöndərənə təqdim edilməsi anından, daşıyıcının avtonəqliyyat vasitəsinin boşaldılma üçün gəlib çatma vaxtı isə boşaltma məntəqəsində əmtəə-nəqliyyat qaiməsinin yükalana təqdim edilməsi anından hesablanır.
6.13. Yükün avtonəqliyyat vasitəsinə yüklənməsi onun avtonəqliyyat vasitəsinin banına yüklənməsindən və ona dair lazımi qaydada əmtəə-nəqliyyat qaiməsi tərtib edildikdən sonra başa çatmış hesab olunur.
6.14. Daşıyıcının avtonəqliyyat vasitəsini yüklənmə üçün razılaşdırılmış vaxtdan əvvəl təqdim etməsi daşıyıcı tərəfindən müqavilənin razılaşdırılmış müddətdə yerinə yetirilməsi hesab olunur. Bu halda yükgöndərən yüklənmə üçün avtonəqliyyat vasitəsini onun faktiki gəlib çatdığı andan qəbul edə bilər.
6.15. Yükgöndərən (yükalan) avtonəqliyyat vasitəsinin yüklənmə (boşaldılma) üçün gəlib çatma vaxtını və yüklənmə başa çatdıqdan sonra yola düşmə vaxtını əmtəə-nəqliyyat qaiməsində qeyd etməlidir.
6.16. Yükün avtonəqliyyat vasitəsindən boşaldılması onun avtonəqliyyat vasitəsinin banından tamamilə götürülməsindən, əmtəə-nəqliyyat qaimələrinin, yol vərəqəsinin və zəruri hallarda yükə dair digər əlavə müşayiətedici sənədlərin tərtib olunmasından, həmçinin banın təmizlənməsi, o cümlədən dezinfeksiya və dezaktivasiya tədbirlərinin görülməsindən sonra başa çatmış hesab olunur.
 
7. Əmtəə-nəqliyyat qaiməsinin tərtib edilməsi qaydası
 
7.1. Avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması müvafiq qaydada əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir.
7.2. Əmtəə-nəqliyyat qaiməsi aşağıdakıları təsdiq edir:
7.2.1. yükgöndərən ilə daşıyıcı arasında müqaviləni;
7.2.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşınmaya qəbul olunmasını;
7.2.3. yükalan tərəfindən yükün qəbul edilməsini;
7.2.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyaları və ya qeyd-şərtləri;
7.2.5. yükgöndərənin və ya yükalanın yükə dair sərəncam vermək hüququnu;
7.2.6. daşıyıcının yükə girov hüququnu.
7.3. Əmtəə-nəqliyyat qaiməsində aşağıdakılar göstərilir:
7.3.1. yükalanın ünvanı;
7.3.2. yükün çatdırılma yeri;
7.3.3. yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi;
7.3.4. yükün göndərilmə vaxtı və avtonəqliyyat vasitəsinin növü;
7.3.5. yük qiymətli obyekt olduqda — onun dəyəri;
7.3.6. xüsusi təhlükəli və potensial təhlükəli yük olduqda — təhlükənin konkret növü və belə hallarda yerinə yetirilməli ehtiyat tədbirləri;
7.3.7. qaimənin tərtib edildiyi yer və tarix;
7.3.8. yükgöndərənin adı və ünvanı;
7.3.9. daşıyıcının adı və ünvanı;
7.3.10. yükləmənin yeri və tarixi;
7.3.11. yük yerlərinin adı və nömrələri;
7.3.12. daşımanın qiyməti (yük daşınması üçün haqq, əlavə xərclər);
7.3.13. zərurət olduqda, daşımanın şərtləri barəsində yük-göndərənin xüsusi göstərişləri.
7.4. Zəruri hallarda əmtəə-nəqliyyat qaiməsində aşağıdakı məlumatlar göstərilə bilər:
7.4.1. yükün boşaldılıb başqa nəqliyyat vasitələrinə yüklənməsinin qadağan edilməsi;
7.4.2. tərəflərin öz üzərinə götürdükləri və ya bir-birinə verdiyi avansın məbləği;
7.4.3. yükalanın daşıyıcıya ödədiyi məbləğ;
7.4.4. yükün dəyəri;
7.4.5. yükün sığortalanmasına dair yükgöndərənin göstərişi;
7.4.6. yükün daşınması üçün şərtləşdirilmiş müddətlər;
7.4.7. daşıyıcıya yüklə birlikdə verilmiş sənədlərin siyahısı.
7.5. Yük daşınması müqaviləsinin tərəfləri zəruri hesab etdikləri digər məlumatları əmtəə-nəqliyyat qaiməsinə daxil edə bilərlər.
7.6. Yükgöndərən əmtəə-nəqliyyat qaiməsinin düzgün doldurulmasını təmin etməlidir.
7.7. Daşıyıcı əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş yükləri daşınma üçün qəbul etməməlidir.
7.8. Avtomobil nəqliyyatı ilə yüklərin daşınmasına dair əmtəə-nəqliyyat qaiməsi hər bir yükalanın adına üç nüsxədə tərtib olunmalıdır. Əmtəə-nəqliyyat qaiməsinin birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verilir.
7.9. Yükgöndərən və daşıyıcı əmtəə-nəqliyyat qaiməsinin hər bir nüsxəsini imzalamalıdır.
7.10. Yükgöndərən (yükalan) əmtəə-nəqliyyat qaiməsini doldurmaqdan imtina etdikdə və ya səhv doldurduqda, sürücü yükün qəbul olunması (təhvil verilməsi) faktını öz imzası ilə təsdiq edərək, əmtəə-nəqliyyat qaiməsinin hər bir nüsxəsinin arxa tərəfinin aşağı hissəsindəki boş yerdə bu barədə müvafiq qeydlər etməlidir.
7.11. Əmtəə-nəqliyyat qaiməsinin tərtib edilmədiyi, səhv və ya natamam tərtib edildiyi, yaxud itirildiyi halda yük daşınması müqaviləsi qüvvədə qalır.
 
8. Yükün qəbul edilməsi, təhvil verilməsi və ya satılması qaydası
 
8.1. Daşıyıcı yükü təyinat məntəqəsində yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə yük yerlərinin sayına və (və ya) yükün ümumi çəkisinə uyğun olaraq təhvil verilir.
Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, daşıyıcı tərəfindən qeyri-əmtəə təyinatlı yüklərin təhvil verilməsi yükalanın iştirakı olmadan yerinə yetirilə bilər.
8.2. Daşıyıcı yükün çatdırılma yerinə gəlməsi barədə yükalana dərhal bildiriş verməlidir.
8.3. Yükün çəkisinə və yük yerlərinin sayına görə yükalana təhvil verilməsi, yükgöndərəndən yükün qəbul edildiyi qaydada (tərəzidə çəkilməklə, ölçülməklə, yük yerləri sayılmaqla və s.) yerinə yetirilir.
8.4. Banları zədələnməmiş avtonəqliyyat vasitələrində və yükgöndərənin zədələnməmiş plombları ilə çatdırılmış yüklər çəkisi, vəziyyəti və yük yerlərinin sayı yoxlanılmadan yükalana təhvil verilir.
8.5. Daşıyıcı yükü yükalana təhvil verərkən yükün çəkisini, yük yerlərinin sayını və ya yükün vəziyyətini əmtəə-nəqliyyat qaiməsi üzrə aşağıdakı hallarda yoxlamalıdır:
8.5.1. yük zədələnmiş tarada, avtonəqliyyat vasitəsinin zədələnmiş banında və ya yükgöndərənin zədələnmiş plombları ilə yükalana çatdırıldıqda;
8.5.2. tezkorlanan yük çatdırılma müddəti və ya müəyyən olunmuş temperatur rejimi pozulmaqla yükalana çatdırıldıqda.
8.6. Yükün çəkisi tərəzidə çəkilməklə müəyyən edilərkən, əmtəə-nəqliyyat qaiməsində göstərilən çəki ilə yükün faktiki çəkisi arasındakı fərq, təbii itki normalarını, tərəzinin göstəricilərinin dəqiqliyi və ya tərəzidə çəkilmənin dəqiqliyi normalarını üstələmədikdə daşıyıcı məsuliyyət daşımır.
8.7. Yük əskik çıxdıqda, yükalan bu barədə əmtəə-nəqliyyat qaiməsində müvafiq qeyd aparmalı və həmin qeydi daşıyıcının imzası ilə təsdiq etməlidir.
8.8. Daşıyıcı öz təşəbbüsü və ya yükalanın tələbi ilə yükün əskik çıxması, korlanması və ya zədələnməsinin dərəcəsini və ya səbəblərini, həmçinin yükün dəyərinin azaldığı məbləğin miqdarını müəyyən etmək üçün müvafiq ekspertləri dəvət edə bilər.
8.9. Ekspertiza daşıyıcının və yükalanın nümayəndələrinin iştirakı ilə keçirilməlidir. Ekspertizanın keçirilməsi barədə əvvəlcədən xəbərdar edilmiş tərəflərdən biri gəlmədikdə, ekspertiza aktı onun iştirakı olmadan tərtib edilir və etibarlı sayılır.
8.10. Daşıyıcıdan asılı olmayan səbəblərdən yükalan yükü qəbul etməkdən imtina etdikdə, əgər müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, daşıyıcı yükü yükgöndərənə geri qaytara və ya yükgöndərənin yazılı göstərişi əsasında digər yükalana təhvil verə bilər. Yükalan əmtəə-nəqliyyat qaiməsində yükü qəbul etməkdən imtina etməsi barədə imzası və möhürü ilə təsdiq olunmuş qeyd etməlidir. Daşıma haqqı, habelə ünvanın dəyişdirilməsi ilə bağlı əlavə xərclər yükgöndərən tərəfindən ödənilməlidir.
8.11. Yükalan korlanma və ya zədələnmə nəticəsində tam və qismən birbaşa təyinatı üzrə istifadə edilməsi mümkün olmayan dərəcədə keyfiyyətini dəyişmiş yükü qəbul etməkdən imtina edə bilər.
8.12. Yükalan ölkədaxili daşınan tezkorlanan yükü qəbul etməkdən imtina etdikdə, yükgöndərən isə yeni yükalan haqqında yazılı göstəriş vermədikdə, daşıyıcı müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada yükü satışa çıxara bilər. Yükgöndərən yükün satılması ilə bağlı daşıyıcının əlavə xərclərini ödəməlidir.
8.13. Daşıma müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, yükün boşaldılması başa çatdıqdan sonra avtonəqliyyat vasitəsinin banı və ya konteyner yükalan tərəfindən təmizlənməli (heyvanlar, quşlar, tezkorlanan və banı çirkləndirən digər yüklərin daşınmasından sonra yuyulmalı), zərurət yarandıqda isə buxara verilməli, dezinfeksiya və ya dezaktivasiya edilməlidir.
8.14. Ölkədaxili daşınan tezkorlanan yüklər aşağıdakı hallarda satıla bilər:
8.14.1. yük tələb edilmədikdə;
8.14.2. yüklərin korlanma dərəcəsi onların sonrakı daşınmasını mümkünsüz və ya səmərəsiz etdikdə.
8.15. Daşıyıcı yükgöndərəni tezkorlanan yükün satışa verilməsi zəruriliyi haqqında xəbərdar etməlidir. Xəbərdarlıq göndəriləndən beş təqvim günü ərzində yükgöndərəndən cavab alınmadıqda, daşıyıcı tezkorlanan yükü yükgöndərənin icazəsi olmadan, saxlanma şəraiti və müddətinə əməl etməklə, sata bilər. Yükün satışa verilməsi aktla rəsmiləşdirilməlidir.
Yükün xarakterinə görə onun anbara yerləşdirilməsi mümkün olmadıqda, habelə yükün satışının ləngidilməsi onun korlanmasına gətirib çıxara bildikdə, daşıyıcı yükü daha qısa müddətə satışa verə bilər. Bu halda daşıyıcı yükün satışa verilməsi haqqında akt tərtib etməli və bu barədə yükgöndərəni xəbərdar etməlidir.
8.16. Satışa çıxarılan yük daşıyıcının və ticarət təşkilatının nümayəndələrindən ibarət komissiya tərəfindən qiymətləndirilir və bundan sonra müvafiq akt tərtib edilir. Zərurət yarandıqda, yükün qiymətləndirilməsinə ekspertlər də cəlb edilə bilər.
8.17. Yükün satışından əldə olunan vəsait, daşıyıcıya çatmalı olan məbləğ çıxılmaqla, daşımanın sifarişçisinin nəfinə köçürülür.
 
9. Yükün daşınmasına görə ödəmələr
 
9.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmadıqda, avtomobil nəqliyyatı ilə yük daşınmasına görə haqqın ödənilməsi qaydası müqavilə ilə müəyyən edilir.
9.2. Yükün daşınmasına və göstərilmiş digər xidmətlərə görə daşıyıcıya sifarişçi tərəfindən ödənilməli olan daşıma haqqı avans şəklində müvafiq ödəniş sənədləri (ödəniş tapşırıqları və ya tələbləri, çeklər, veksellər, akkreditivlər) vasitəsilə və ya nağd pul şəklində ödənilməlidir.
Sifarişçi ilə daşıyıcı arasında əldə olunmuş razılıq əsasında yüklər daşınmaya daşıma haqqı ödənilənədək qəbul edilə bilər. Bu halda daşıma haqqının məbləğindən gecikdirmənin hər gününə görə sifarişçidən dəbbə pulu tutulur. Dəbbə pulunun miqdarı müqavilə ilə müəyyən edilir.
9.3. Daşıyıcı 3 gün ərzində sifarişin icrasına başlamadıqda, sifarişçinin avans olaraq ödədiyi daşıma haqqı növbəti 3 bank günü ərzində sifarişçiyə qaytarılmalıdır.
9.4. Baş tutmayan yük daşınmasına görə əvvəlcədən ödənilmiş daşıma haqqı vaxtında qaytarılmadıqda, daşıyıcı qaytarılmalı olan ödəniş məbləğindən gecikdirmənin hər günü üçün sifarişçiyə dəbbə pulu ödəyir. Dəbbə pulunun miqdarı müqavilə ilə müəyyən edilir.
9.5. Yüklərin daşınması üçün yekun hesablaşma daşıyıcının təqdim etdiyi hesab əsasında sifarişçi tərəfindən yerinə yetirilir. Yerinə yetirilmiş daşımaya görə hesab əmtəə-nəqliyyat qaiməsi əsasında, xidmətin saathesabı ilə göstərildiyi hallarda isə yükgöndərən (yükalan) tərəfindən təsdiq olunmuş yol vərəqələrində olan məlumatlar əsasında tərtib edilir.
9.6. Müqavilə ilə digər hesablaşma qaydası nəzərdə tutulmadıqda, daşıyıcı yekun hesablaşma üçün 10 gün müddətində sifarişçiyə hesab təqdim etməli və həmin hesaba müvafiq sənədləri əlavə etməlidir.
9.7. Yerinə yetirilmiş daşımaya görə sifarişçinin daşıyıcıya vaxtı keçmiş debitor borcu olduqda, daşıyıcı daşınan yükləri özündə saxlaya bilər.
 
10. Aktların tərtib edilməsi, pretenziya və iddiaların irəli sürülməsi və baxılması qaydası
 
10.1. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması zamanı yükün salamatlığı ilə əlaqədar daşıyıcı və sifarişçi arasında fikir ayrılığı yarandıqda, bu Qaydaların 9 nömrəli əlavəsindəki formaya, digər hallarda isə bu Qaydaların 6 nömrəli əlavəsindəki formaya uyğun olaraq akt tərtib edilir. Aktda tərəflərin məsuliyyəti üçün əsas olan və əmtəə-nəqliyyat qaiməsində əksini tapmayan hallar göstərilməlidir.
10.2. Daşıyıcının və sifarişçinin nümayəndələri aktı imzalamalı, onun məzmunu ilə razı olmadıqda isə aktda öz rəylərini yazılı surətdə bildirməlidirlər.
10.3. Daşıyıcının nümayəndəsi aktı imzalamaqdan imtina etdikdə, sifarişçi bu haqda 1 gün ərzində daşıyıcını məlumatlandırmalıdır. Daşıyıcı 5 gün müddətindən gec olmayaraq, yaranmış vəziyyəti araşdırmalı və qəbul edilmiş qərarı sifarişçiyə bildirməlidir.
10.4. Akt iki nüsxədə tərtib edilir, onun bir nüsxəsi əmtəə-nəqliyyat qaiməsi və yol vərəqəsi ilə birlikdə daşıyıcıya, ikinci nüsxəsi isə sifarişçiyə verilir.
10.5. Aktın tərtib edilməsi faktı əmtəə-nəqliyyat qaiməsində öz əksini tapmalıdır.
10.6. Sifarişçi daşıyıcıya qarşı iddia qaldırmazdan əvvəl pretenziya irəli sürməlidir.
10.7. Əmtəə-nəqliyyat qaiməsində və yol vərəqəsində avtonəqliyyat vasitəsinin gəlməsi və yola düşməsi vaxtları haqqında aparılmış qeydlər avtonəqliyyat vasitəsinin yüklənmə (boşaltma) zamanı müəyyən olunmuş vaxt normalarından artıq boş dayanmasına görə daşıyıcının yükgöndərənə (yükalana və ya ekspeditora) qarşı pretenziya irəli sürməsinə əsasdır.
10.8. Sifarişçinin avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsini icra etməkdən yazılı surətdə imtina etməsi daşıyıcının avtonəqliyyat vasitəsinin dayanacaq yerində boş dayanmasına görə sifarişçiyə qarşı pretenziya irəli sürməsinə əsasdır.
10.9. Sifarişçi tərəfindən ekspeditora, yükgöndərən tərəfindən yükalana və ya əksinə pretenziya və ya iddia irəli sürmək hüququnun verilməsi halları istisna olmaqla, sifarişçi, yükgöndərən və ya yükalan pretenziya və ya iddia irəli sürmək hüququnu digər hüquqi və ya fiziki şəxslərə verə bilməzlər. Bu halda əmtəə-nəqliyyat qaiməsində yükgöndərən (yükalan) və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış müvafiq qeyd edilir.
10.10. Yükün itirilməsi, korlanması, əskik çıxması və ya zədələnməsinə görə zərərin əvəzinin ödənilməsi haqqında pretenziyalar hər bir göndərmə üzrə ayrılıqda irəli sürülməlidir.
10.11. Baxılması üçün əmtəə-nəqliyyat qaiməsinin təqdim edilməsi tələb olunan pretenziyada nəzərdə tutulmuş tələblərlə yanaşı digər tələblər irəli sürülə bilməz.
10.12. Pretenziyada onun qısa təsviri, vurulmuş zərərin miqdarı, ərizəçinin poçt ünvanı, onun bank rekvizitləri və pretenziyanın tərtib edilmə tarixi göstərilməlidir.
Pretenziya ərizəçi tərəfindən imzalanmalıdır.
10.13. Pretenziyaya əmtəə-nəqliyyat qaiməsi, akt, dəymiş zərərin miqdarının hesablanmasına dair, habelə onun baxılması üçün zəruri olan digər sənədlər əlavə edilməlidir.
10.14. Daşıyıcıya qarşı pretenziyalar sifarişçi tərəfindən iddia müddəti ərzində irəli sürülə bilər.
10.15. Pretenziyanın verilməsi üçün müəyyən edilmiş müddətin axımı aşağıda göstərilən vaxtdan başlayır:
10.15.1 yükün itirilməsinə görə zərərin əvəzinin ödənilməsi haqqında pretenziyalar üzrə yükün qəbulundan 10 gün sonra;
10.15.2. bütün digər hallarda isə pretenziyanın irəli sürülməsinə əsas olan hadisənin baş verdiyi gündən.
10.16. Zəruri sənədlər əlavə olunmadan daşıyıcıya təqdim edilmiş pretenziya alındığı gündən 10 gün müddətində verilmiş sənədlərlə birlikdə, səbəbləri göstərilməklə ərizəçiyə geri qaytarılır. Bu halda pretenziyaların irəli sürülməsi üçün müəyyən edilmiş müddətin axımı kəsilmir.
10.17. Ərizənin poçta və ya imza etdirməklə bilavasitə daşıyıcıya verildiyi gün sifarişçi tərəfindən pretenziyanın irəli sürüldüyü gün hesab edilir.
10.18. Daşıyıcı pretenziyaya baxılmasının nəticəsi barədə sifarişçiyə 30 gün müddətində məlumat verməlidir. Pretenziya daşıyıcı tərəfindən rədd edildikdə, o pretenziyanın rədd edilməsi səbəblərini göstərməlidir.
10.19. Pretenziya qismən təmin olunduqda və ya rədd edildikdə, daşıyıcı pretenziyanı əlavə edilən sənədlərlə birlikdə sifarişçiyə qaytarır.
10.20. Pretenziya tam təmin olunduqda, sifarişçinin təqdim etdiyi sənədlər qaytarılmır.
10.21. Daşıyıcı pretenziyanı tam və ya qismən təmin etməkdən imtina etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, sifarişçi daşıyıcıya qarşı iddia irəli sürə bilər.
10.22. Yük daşınmasından irəli gələn tələblərə dair iddia müddəti 1 il müəyyən edilir. Lakin bu müddət ərzində pretenziyanın irəli sürülməsi həmin iddia müddətinə dair qaydanı istisna edir. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir.
 
III. AVTOMOBİL NƏQLİYYATI İLƏ AYRI-AYRI YÜKLƏRİN DAŞINMASININ ŞƏRTLƏRİ
 
11. Taxılın daşınması
 
11.1. Taxıl qəbul məntəqələrinə ümumi təyinatlı və ya yükünü özüboşaldan banı olan avtonəqliyyat vasitələri ilə tarasız daşına bilər.
11.2. Taxılın tarasız daşınması üçün nəzərdə tutulan avtonəqliyyat vasitəsinin banında dəliklər olmamalı, mövcud dəliklər isə taxıl dəninin ölçüsündən böyük olmamalıdır.
11.3. Daşıyıcı avtonəqliyyat vasitəsinin yükgötürmə qabiliyyətindən tam istifadə edilməsi üçün banın bortlarının hündürlüyünü texniki normativlərə əməl etməklə artıra bilər. Taxılın atmosfer yağıntılarından qorunması, habelə daşıma zamanı baş verə biləcək itkilərin qarşısının alınması məqsədi ilə daşıyıcı avtonəqliyyat vasitəsinin banını örtüklə təchiz etməlidir.
Taxılın daşınması zamanı daşıyıcının avtonəqliyyat vasitəsinin texniki təchizatına hər hansı dəyişikliyin edilməsi üçün çəkdiyi xərclər sifarişçi tərəfindən ödənilir.
11.4. Daşıyıcı taxılı çəkisinə görə qəbul edir və təhvil verir. Yüklü və yüksüz gediş zamanı avtonəqliyyat vasitəsi eyni tipli tərəzidə çəkilməlidir.
 
12. Pambığın daşınması
 
12.1. Pambıq tezalışan, nəmgötürən və tozyığan material olduğuna görə, onun yüklənməsi, yığılması və daşınması zamanı xüsusi şəraitə və şərtlərə əməl olunmalıdır.
12.2. Taralaşdırılmamış pambıq yalnız pambıq daşımaq üçün nəzərdə tutulmuş xüsusi konstruksiyalı və ya xüsusi təchiz edilmiş avtonəqliyyat vasitələrində daşınmalıdır.
12.3. Taralaşdırılmış pambıq yalnız bortlu avtonəqliyyat vasitələrində daşınmalıdır.
12.4. Pambığın daşınması üçün üçtərəfli (yükgöndərən, daşıyıcı və yükalan arasında) müqavilələr bağlana bilər.
12.5. Avtonəqliyyat vasitələrilə daşınan pambıq atmosfer təsirindən qorunmaq üçün xüsusi brezent örtüklə örtülməlidir.
 
13. Tərəvəzin daşınması
 
13.1. Tərəvəz ümumi təyinatlı, həmçinin furqon, izotermik furqon və ya refrijerator banı olan yük avtonəqliyyat vasitələri ilə daşına bilər. Şəkər çuğunduru özüboşaldan banı olan avtonəqliyyat vasitəsində daşına bilər. Tərəvəz daşınmasında istifadə olunan avtonəqliyyat vasitəsi hava şəraiti və daşınma məsafəsindən asılı olaraq, daşıyıcı ilə razılaşma yolu ilə yükgöndərən tərəfindən seçilir.
13.2. Daşıyıcı avtonəqliyyat vasitəsinin yükgötürmə qabiliyyətindən tam istifadə etmək məqsədi ilə onun banının bortlarını calayıb artıra (banın döşəməsindən tərəvəzlərin daşınması zamanı 1,0 m hündürlüyə qədər, kələmin daşınması zamanı isə 1,5 m hündürlüyə qədər), həmçinin müqavilə ilə nəzərdə tutulduqda daşıma zamanı yükün atmosfer yağıntılarından, aşağı temperaturun təsirindən qorunması, habelə itkilərin qarşısının alınması üçün avtonəqliyyat vasitəsini xüsusi brezent və iplərlə təchiz edə bilər.
Tərəvəzin daşınması zamanı daşıyıcının avtonəqliyyat vasitəsinin texniki təchizatına hər hansı dəyişikliyin edilməsi üçün çəkdiyi xərclər sifarişçi tərəfindən ödənilir.
13.3. Tərəvəz daşınmaya təqdim edildikdə, bu Qaydaların 10 nömrəli əlavəsinə uyğun olaraq, tara saz və quru vəziyyətdə, qoxusuz olmalı, həmçinin dövlət standartlarının, texniki və gigiyenik şərtlərin tələblərinə cavab verməlidir.
Tərəvəz onun salamatlığını təmin edən qeyri-adi tarada daşıyıcı tərəfindən daşınmaya qəbul edilə bilər.
13.4. Taralanmış tərəvəz avtonəqliyyat vasitəsinin banına sıx və arasında boş məsafə olmayan sıralarla yüklənməlidir.
13.5. Tərəvəzin daşınması yükün faktiki kütləsi nəzərə alınmaqla, əmtəə-nəqliyyat qaiməsi əsasında yerinə yetirilməlidir.
Yükgöndərən və yükalan yükü eyni tipli tərəzidə çəkməlidirlər.
 
14. Silos kütləsinin, samanın, otun və kətanın daşınması
 
14.1. Silos kütləsi, saman, ot və kətan bortlu və ya yükünü özüboşaldan avtonəqliyyat vasitələri ilə taralaşdırılmamış halda daşınır.
14.2. Müqavilə ilə nəzərdə tutulduqda, daşıyıcı avtonəqliyyat vasitəsinin yükgötürmə qabiliyyətindən tam istifadə etmək məqsədi ilə onun banının bortlarını həmin banın döşəməsindən 1,5 m hündürlüyə qədər calayıb artıra bilər.
14.3. Yükgöndərən silos kütləsinin, samanın, otun və kətanın daşınması üçün istifadə olunan ümumi təyinatlı yük avtonəqliyyat vasitəsini boşaldıcı qurğularla (torlarla, lövhələrlə və s.) təchiz etməlidir.
14.4. Silos kütləsinin, samanın, otun və kətanın qəbulu və təhvil verilməsi daşıyıcı tərəfindən yükün faktiki kütləsi nəzərə alınmaqla yerinə yetirilməlidir.
Silos kütləsinin, samanın, otun və kətanın çəkisi avtonəqliyyat vasitəsinin eyni tipli tərəzidə yüklü və yüksüz halda kontrol çəkilməsi ilə (növbə ərzində bir dəfədən az olmayaraq) müəyyən edilir.
14.5. Silos kütləsi, saman, ot və kətan yükgöndərən tərəfindən avtonəqliyyat vasitəsinin banında elə yerləşdirilməli və bərkidilməlidir ki, sürücünün görünüş sahəsi məhdudlaşmasın, idarəetmə çətinləşməsin, avtonəqliyyat vasitəsinin dayanıqlığı pozulmasın, xarici işıq qurğuları və işıqqaytarıcıları, habelə qeydiyyat və tanınma nişanları örtülməsin, yollar isə çirkləndirilməsin.
 
15. Maye halında olan üzvi gübrələrin daşınması
 
15.1. Maye halında olan üzvi gübrələrin daşınması yalnız xüsusi konstruksiyalı yük avtonəqliyyat vasitələrində (avtoçənlərdə) yerinə yetirilməlidir.
15.2. Maye halında olan üzvi gübrələr avtoçənlərə onların üzərində quraşdırılmış xüsusi nasoslar vasitəsilə doldurulmalıdır. Maye halında olan üzvi gübrələr doldurularkən, onların daşmasına və yerə tökülməsinə yol verilməməlidir.
15.3. Maye halında olan üzvi gübrələrin daşınmasının və yolda hərəkət zamanı yerə tökülməsinin qarşısının alınması məqsədi ilə avtoçənlər doldurmanın səviyyəsini nəzarətdə saxlayan vasitələrlə təchiz edilməlidir.
15.4. Daşıyıcı avtoçənin bütün yivli birləşmələrinin, lyukların və kilidləyici qurğuların germetikliyini, həmçinin şlanqların etibarlı bərkidilməsini təmin etməlidir.
15.5. Daşıyıcı çəninin korpusu və ya dibi zədəli olan, kilidləyici qurğuları və lyuklarının qapağı olmayan və ya nasaz vəziyyətdə olan avtoçənləri maye halında olan üzvi gübrələrin daşınması üçün təqdim etməməlidir.
16. Heyvanların və quşların daşınması
 
16.1. Heyvanların və ya quşların daşınması yalnız xüsusi konstruksiyalı yük avtonəqliyyat vasitələrində, o olmadıqda isə heyvanların və ya quşların daşınması üçün təchiz edilmiş ümumi təyinatlı yük avtonəqliyyat vasitələrində yerinə yetirilməlidir.
Heyvanların və ya quşların özüboşaldan banı olan avtonəqliyyat vasitələrində daşınması qadağandır.
16.2. Heyvanları daşıyan avtonəqliyyat vasitəsi daşıyıcısı tərəfindən (yükgöndərənin vəsaiti hesabına) platformanın döşəməsindən hündürlüyü 1,5 m-dən az olmayan (atlar üçün 2 m-dən az olmayan) taxta lövhələrlə və ya metal məhəccərlə və heyvanların bağlanması üçün qurğularla təchiz edilməlidir.
Daşınan heyvan və quşların yağışdan mühafizəsi üçün avtonəqliyyat vasitəsinin banının çardağı, küləkdən mühafizə üçün isə qabaq bortunun lövhəsi olmalıdır.
Heyvanların və ya quşların daşınması üçün istifadə olunan avtonəqliyyat vasitəsinin banının döşəməsi hamar olmalı, banın səthində isə iti çıxıntılı əşyalar olmamalıdır. Avtonəqliyyat vasitəsinin banının içindəki arakəsmələrin hündürlüyü 1 m-dən az olmamalıdır.
Heyvanların və ya quşların daşınması üçün nəzərdə tutulan avtonəqliyyat vasitələri müəyyən edilmiş sanitariya tələblərinə uyğun olmalıdır.
16.3. Heyvanların və ya quşların daşınması zamanı yükgöndərən daşıyıcını döşəmə üçün küləşlə (taxta kəpəyi, torf və ya digər materiallarla) təmin etməlidir.
16.4. Yükgöndərənin (yükalanın) heyvanların yüklənməsi (boşaldılması) üçün estakadalarla, rampalarla və ya traplarla təchiz edilmiş yükləmə-boşaltma meydançaları olmalıdır.
Heyvanların avtonəqliyyat vasitəsinin açıq arxa bortu ilə banının döşəməsinin arasına düşməsinin qarşısının alınması üçün ən azı 2 m uzunluğu olan lövhələrdən taxta döşəmə düzəldilməlidir. Həmin döşəmə elə düzülməlidir ki, onun 1/3 hissəsi banın döşəməsinin, 2/3 hissəsi isə meydançanın üzərinə düşsün.
16.5. Yükgöndərən baytarlıq şəhadətnaməsini, zəruri hallarda isə karantin xidməti tərəfindən verilən icazəni daşıyıcıya təqdim etməlidir. Avtonəqliyyat vasitəsinin sürücüsünün yol vərəqəsində yükgöndərənin möhürü ilə təsdiq edilmiş baytarlıq şəhadətnaməsinin nömrəsi və tarixi göstərilməlidir.
16.6. Sifarişçinin yükü müşayiət edən nümayəndəsi heyvanları və ya quşları qəbul etməli və təhvil verməli, bütün daşıma müddəti ərzində onların mühafizəsini və onlara qulluq göstərilməsini təmin etməlidir.
16.7. Müqavilədə nəzərdə tutulan hallarda, daşıyıcı yolboyu heyvanların və ya quşların müşayiət edilməsi vəzifəsini öz üzərinə götürə bilər.
16.8. Sifarişçinin yükü müşayiət edən nümayəndəsi heyvanların və ya quşların əskik çıxmasına, xəsarət almasına və məhv olmasına görə, həmçinin sanitariya qaydalarına əməl olunmamasına, heyvanlara (quşlara) qulluq göstərilməsi üçün nəzərdə tutulmuş əmlakın çatışmazlığına və korlanmasına görə məsuliyyət daşıyır.
16.9. Heyvanların və ya quşların daşınması zamanı onlarda xəstəlik əlamətləri aşkar olunduqda, sifarişçinin və ya daşıyıcının yükü müşayiət edən nümayəndəsi daşınan heyvanları və ya quşları müayinə üçün ən yaxın baytarlıq müəssisəsinə aparmalıdır.
16.10. Yükgöndərən bir nəqliyyat vasitəsinə eyni növlü, eyni cinsli və ya eyni yaşlı heyvanları (quşları) yükləməlidir.
Növünə, cinsinə və yaşına görə müxtəlif olan heyvanların avtonəqliyyat vasitəsinin bir banında daşınması zərurəti yarandıqda, yükgöndərən banı heyvanları bir-birindən ayıran əlavə arakəsmələrlə təchiz etməlidir.
16.11. İribuynuzlu heyvanlar adi banlı avtonəqliyyat vasitələrində daşınarkən bağlanmalı, heyvanların başları nəqliyyat vasitəsinin hərəkəti istiqamətində yerləşdirilməlidir.
Xüsusi təchiz edilmiş avtonəqliyyat vasitəsində iribuynuzlu heyvanlar daşındıqda, üç-dörd baş böyük mal bir-birinə paralel olaraq, qabaq borta bağlanmalıdır.
Heyvanlarla avtonəqliyyat vasitəsinin arxa bortu arasında boş yer qalarsa, həmin yerə başqa heyvan yerləşdirmək olmaz.
İxtisaslaşdırılmış avtonəqliyyat vasitələrində (heyvan daşıyan yarımqoşqu) heyvanlar, hər bölmədə dörd baş böyük mal-qara yerləşdirilməklə, xüsusi konstruksiyalı yük avtonəqliyyat vasitəsinin banını bölmələrə ayıran tirlərdəki üzüklərə bağlanılır.
16.12. Bütün növ heyvanların bağlanmamış şəkildə daşınması qadağandır. Müstəsna hallarda, iribuynuzlu heyvanları, həmçinin qoyun, keçi, donuz və digər heyvanları avtonəqliyyat vasitələrinin banına bağlamadan daşımaq olar, bir şərtlə ki, avtonəqliyyat vasitələrinin banı enişdə, yoxuşda və tormozlama zamanı heyvanların bir yerə yığışmasının qarşısını alan arakəsmələrlə təchiz edilmiş olsun.
Atların daşınmasına onların nallarının çıxarılması və başlarının avtonəqliyyat vasitəsinin hərəkəti istiqamətində olması şərtilə yol verilir (qısa məsafələrə daşınma zamanı yalnız arxa ayaqların nalları çıxarılır).
16.13. Heyvanların və ya quşların avtonəqliyyat vasitəsinə yüklənməsi üsulu yükgöndərən tərəfindən müəyyən edilir.
Yükgötürmə qabiliyyəti 2,5 tondan artıq olmayan avtonəqliyyat vasitəsinin banında 1 at və ya 2 iribuynuzlu heyvan, 5 tondan artıq olmayan avtonəqliyyat vasitəsinin banında 2 at və ya 5 iribuynuzlu heyvan, irihəcmli banı olan avtonəqliyyat vasitələrində isə 3 at və ya iki sırada 6 iribuynuzlu heyvan daşına bilər. Avtonəqliyyat vasitəsinin banının bir bölməsində və ya 1 kv.m sahəsində 30 quş daşına bilər.
16.14. Yükgöndərən daşınmaq üçün quşları xüsusi tarada (konteyner şəklində), dovşanları isə qəfəslərdə təqdim etməlidir. Konteynerlər və ya qəfəslər yükləndikdən sonra yükgöndərən onları avtonəqliyyat vasitəsinin banında etibarlı şəkildə bağlamalıdır.
16.15. Heyvanlar və ya quşlar boşaldıldıqdan sonra yükgöndərən avtonəqliyyat vasitəsinin banının, həmçinin əlavə avadanlıq və qurğuların təmizlənməsini, yuyulmasını və dezinfeksiya edilməsini yerinə yetirməlidir.
16.16. Heyvanların və quşların daşınmasından sonra avtonəqliyyat vasitəsinin banı kimyəvi vasitələrdən biri ilə — 2 faizli formaldehid məhlulu ilə, xlor əhəngi (tərkibində 2-3 faiz aktiv xlor olan) məhlulu ilə, 4 faizli xloramin məhlulu ilə, natrium hidroksidin 2 faizli məhlulu ilə (60-70°C temperaturadək qızdırılmış), 20 faizli təzə söndürülmüş əhəng məhlulu ilə dezinfeksiya edilir. Göstərilən hər bir kimyəvi vasitənin sərfi norması avtonəqliyyat vasitəsinin banının 1 kv. m sahəsinə 0,5 litr olmalıdır.
Heyvanların daşınması üçün xüsusi konstruksiyalı yük avtonəqliyyat vasitələri ərzaq yükləri, daşınması üçün banın plomblanması tələb olunan yüklər və yüklənməsi yalnız kran vasitəsilə yerinə yetirilən yüklər istisna olmaqla, kağızın, makulaturanın, taranın, rezin məmulatların, metalın, yuyucu vasitələrin və digər yüklərin daşınması üçün istifadə edilə bilər.
 
17. Tezkorlanan yüklərin daşınması
 
17.1. Daşıyıcı tezkorlanan yükləri izotermik banlı xüsusi konstruksiyalı yük avtonəqliyyat vasitələrində (izotermik furqonlarda, refrijeratorlarda və ya çənlərdə) bu Qaydaların 11 nömrəli əlavəsində göstərilən temperatur rejiminə əməl olunmaqla daşımalıdır.
17.2. Daşıyıcı müstəsna hallarda tezkorlanan yüklərin daşınmasını bortlu banı olan (onun üstünə brezent və ya örtük salmaqla) və ya havası təmizlənən furqon tipli avtonəqliyyat vasitəsində yerinə yetirə bilər.
17.3. İxtisaslaşdırılmış avtonəqliyyat vasitəsinin seçilməsi daşıyıcı tərəfindən sifarişçi ilə razılaşdırılmaqla həyata keçirilir.
17.4. Daşıyıcı tezkorlanan yüklərin daşınması üçün müəyyən edilmiş sanitariya tələblərinə uyğun olan avtonəqliyyat vasitəsini təqdim etməlidir.
17.5. Yükgöndərən tezkorlanan yükləri yükləməzdən əvvəl avtonəqliyyat vasitəsinin sanitar vəziyyətini və həmin yüklərin daşınması üçün yararlı olub-olmamasını yoxlamalıdır.
17.6. Yükgöndərən yükləmədən əvvəl tezkorlanan yükün temperaturunu və yüklənməyə verilmiş avtonəqliyyat vasitəsinin banındakı temperaturu, yükalan isə öz növbəsində onun ünvanına gələn avtonəqliyyat vasitəsinin banındakı temperaturu və tezkorlanan yükün temperaturunu həmin yükün boşaldılmasından əvvəl bu Qaydaların 12 nömrəli əlavəsində göstərilən formaya uyğun olaraq yoxlama vərəqəsində qeyd etməlidir.
17.7. Yükgöndərən daşıyıcıya tezkorlanan yükləri dövlət standartları ilə və ya texniki şərtlərlə müəyyən edilmiş müvafiq keyfiyyətə uyğun və qablaşdırmaya olan tələblərə cavab verən vəziyyətdə təqdim etməlidir. Tezkorlanan yüklərin tarası yüklərin daşınması zamanı onların qorunması üçün zəruri olan sanitariya-gigiyena tələblərinə uyğun olmalıdır.
17.8. Yükgöndərənin daşınmaya təqdim etdiyi tezkorlanan yüklər sanitariya-gigiyena normalarına, həmçinin aşağıdakı tələblərə cavab verməlidir:
17.8.1. meyvə və tərəvəz təzə dərilmiş, hər partiyada yetişmə dərəcəsinə görə eyni növlü olmalı və standart taraya qablaşdırılmalıdır;
17.8.2. iribuynuzlu və digər iri heyvanların cəmdəkləri uzununa yarımcəmdəklərə və ya dörddə-bir cəmdəklərə bölünməlidir;
17.8.3. qoyun və xırda heyvanların cəmdəkləri başı kəsilmiş halda bütöv cəmdəkli olmalıdır;
17.8.4. cəmdəklər səliqəli təmizlənmiş halda olmalı və onların heç bir əziyi, qançırı və digər hər hansı bir çirki olmamalıdır;
17.8.5. dondurulmuş ətin temperaturu — əzələ dərinliyində -8°C-dən artıq olmamalıdır;
17.8.6. dondurulmuş ət blokları perqamentə (sellofana) və ya xassələrinə görə analoji materiala bükülməli, konteynerlərə və ya büzmələnmiş kartondan qutulara və ya digər xüsusi taraya qablaşdırılmalıdır;
17.8.7. soyudulmuş halda ət (otaq temperaturunda ən azı 6 saat soyudulmuş) quru səthə və əzələ dərinliyində +4 °C-dən +12 °C-yə qədər temperatura malik olmalıdır;
17.8.8. soyuducu qurğularda soyudulmuş ət üzərində kif, seliklənmə və ya nəmlik izləri olmamalı və əzələ dərinliyində 0°C-dən +4 °C-yə qədər temperatura malik olmalıdır;
17.8.9. hisdə qurudulmuş ət məhsulları (hisdə qurudulmuş bud, döş əti, donuz və ya dana döş əti və s.) quru, təmiz, hisdə bərabər qurudulmuş, üzərində ət saçaqları, kif və tük qalıqları olmayan səthə, həmçinin +4 °C-yə qədər temperatura malik olmalıdır və havanın sərbəst dövr etməsini təmin edən xüsusi yeşiklərə qablaşdırılmalıdır;
17.8.10. kolbasa məhsulları (hisdə yarım qurudulmuş, suda bişirilmiş və s.) təmiz, quru, zədələnməmiş qabığa malik olmalı və havanın sərbəst dövr etməsini təmin edən xüsusi yeşiklərə qablaşdırılmalıdır;
17.8.11. əridilmiş, yeməli və heyvan piyləri ağac çəlləklərə, dəmir qablara, şüşə bankalara və ya digər xüsusi taralara qablaşdırılmalıdır;
17.8.12. endokrin-ferment xam məmulatlar (heyvanların mədəaltı, qalxanabənzər, cüt qalxanabənzər və bu kimi vəziləri) iç tərəfdən perqamentə (və ya xassələrinə görə analoji materiala) bükülmüş vəziyyətdə möhkəm düzəldilmiş yeşiklərə qablaşdırılmalı və dondurulmuş şəkildə -12°C-dən artıq olmayan temperaturda avtonəqliyyat vasitələrində daşınmalıdır;
17.8.13. endokrin xammal olan yeşiklərin hər tərəfdən ətrafına ayrı-ayrı yük yerlərinin arasında boşluq qalmadan soyuq ballast rolunu oynayan dondurulmuş ət düzülməlidir;
17.8.14. dondurulmuş vəziyyətdə quş ətinin daşınması zamanı cəmdəyin daxilində temperatur -6°C-dən -8°C-yə qədər olmalı və yeşiklərə qablaşdırılmalıdır;
17.8.15. soyudulmuş halda quş əti (cəmdəyinin daxilində temperaturu 0-dan +4 °C-yə qədər) kif və seliklənmə əlamətləri olmayan quru səthə malik olmalı, havanın sərbəst dövr etməsini təmin edən yeşiklərə qablaşdırılmalıdır;
17.8.16. dondurulmuş vəziyyətdə balıq iç tərəfdən kağızla (həsirlə və ya digər izoləedici materialla) döşənmiş yeşiklərə (çəlləklərə və ya digər xüsusi taraya) qablaşdırılmalıdır;
17.8.17. dondurulmuş vəziyyətdə balığın daşınma zamanı temperaturu -8 °C-yə qədər olmalıdır;
17.8.18. soyudulmuş vəziyyətdə balığın onurğa sütunu yaxınlığında ət dərinliyinin temperaturu +3 °C-yə qədər olmalıdır;
17.8.19. soyudulmuş vəziyyətdə balıq yeşiklərə və ya çəlləklərə qablaşdırılmalı, taranın dibinə və hər balıq sırasına doğranmış təmiz buz qatı səpilməlidir;
17.8.20. balıq təmiz səthə, təbii rəngə (buz duzla və yaş dondurulma zamanı — solğun rəngə) malik olmalı, qəlsəmələri — açıq qırmızı və ya tünd qırmızı rəngdə olmalı, balıqdan çürüntü iyi gəlməməlidir;
17.8.21. balıq məhsulu (duzlanmış, soyuq hisdə qurudulmuş, qaxac edilmiş və s.) xüsusi taraya qablaşdırılmalıdır;
17.8.22. diri balıq və ya onun körpələri hərəkətli, zədəsiz və (və ya) kifsiz, salamat qəlsəmələrlə və dəri örtüyü ilə olmalıdır;
17.8.23. süd, qaymaq, kəsmik, xama, kəsmik kütləsi, qatıq, kefir, ayran, duzsuz şor və başqa süd məhsulları təzə olmalı, onlardan kənar iy gəlməməli və temperaturu yay mövsümündə +8 °C-yə qədər, ilin digər mövsümlərində isə ən azı +2 °C olmalıdır. Süd məhsulları müvafiq dövlət standartlarına və sanitariya-gigiyena tələblərinə uyğun olan xüsusi tarada qablaşdırılmalıdır;
17.8.24. kərə yağı xüsusi taraya qablaşdırılmalı və şəhərin hüdudlarında olan daşımalar zamanı temperaturu +10 °C-yə, şəhərlər arasında daşınma zamanı -6 °C-yə qədər olmalıdır;
17.8.25. marqarin, əridilmiş kərə yağı və heyvan piyləri xüsusi taraya qablaşdırılmalı və temperaturu şəhərin hüdudlarında olan daşınma zamanı +10 °C-yə, ayrı-ayrı şəhərlər arasında daşınma zamanı 0 C-yə qədər olmalıdır;
17.8.26. pendir xüsusi taraya qablaşdırılmalı və temperaturu şəhərin hüdudlarında olan daşınma zamanı +12 °C-yə qədər, şəhərlər arasında daşınma zamanı +8 °C-yə qədər olmalıdır. Yay mövsümündə əriyən pendirlərin temperaturu daşınma zamanı -2 °C-dən +5 °C-yə qədər olmalıdır;
17.8.27. quşların yumurtaları basılmış və qafrelənmiş araqatı olan xüsusi karton yeşiklərə qablaşdırılmalıdır;
17.8.28. maya parçaları kağıza bükülməli və yeşiklərə qablaşdırılmalıdır. Hər yeşiyə eyni tarixdə, eyni istehsal kütləsində və eyni ölçüdə olan maya parçaları yığılmalıdır. Maya parçalarının temperaturu şəhərin hüdudlarında daşınma zamanı +8 °C-yə qədər, şəhərlər arasında daşınma zamanı isə 0 °C -dən +8 °C-yə qədər olmalıdır.
17.9. Südün tarasız vəziyyətdə daşınması zamanı yükgöndərən plombları açmalı, çənlərin lyuklarını açıb bağlamalı, yükləmə şlanqlarını çənə birləşdirməli və onları çəndən ayırmalı, çənlərin doldurulmasını yerinə yetirməli, çənlərin lyuklarını və boru kəmərlərini plomblamalıdır.
Tarasız vəziyyətdə daşınan süd məhsulunu qəbul edən yükalan çənlərin lyuklarının və boru kəmərlərinin plomblarının mövcudluğunu və sazlığını yoxlamalı, plombları çıxarmalı, süd boşaldıldıqdan sonra çənin daxili və xarici səthlərinin yuyulmasını və dezinfeksiya edilməsini yerinə yetirməli, çənin lyuklarını plomblamalı, qış mövsümündə kran və boruların qızdırılmasını həyata keçirməlidir.
17.10. Daşıyıcı ət və ət məhsullarını ayrı-ayrı şəhərlər arasında daşınmaya yalnız dövlət baytarlıq nəzarəti orqanları tərəfindən verilmiş keyfiyyət vəsiqəsi (sertifikatı), baytar şəhadətnaməsi və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər (sertifikat, vəsiqə, şəhadətnamə və s.) olduqda qəbul etməlidir.
17.11. Daşıyıcı karantin elan olunmuş ərazilərdən olan canlı bitkiləri, gülləri, kök yumrularını, meyvələri, toxumları və digər karantin nəzarətində olan materialları ayrı-ayrı şəhərlər arasında daşınmaya, yalnız yükgöndərən hər partiya üçün karantin müfəttişliyi tərəfindən verilən icazələri və karantin sertifikatlarını təqdim etdikdə qəbul etməlidir.
17.12. Daşıyıcı germetik qablaşdırmada olan yüklərdən başqa daşınmaya təqdim olunan bütün tezkorlanan yüklərin keyfiyyətini nümunə üçün yoxlaya bilər.
Yükün açılması və onun yoxlamadan sonrakı qablaşdırılması yükgöndərən tərəfindən yerinə yetirilir.
17.13. Yükgöndərən əmtəə-nəqliyyat qaiməsi ilə birlikdə daşıyıcıya tezkorlanan yüklər üçün qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri (sertifikat, vəsiqə, şəhadətnamə və s.) təqdim etməlidir.
17.14. Yükgöndərən tezkorlanan yüklərə dair əmtəə-nəqliyyat qaiməsində yüklənmədən əvvəl yükün faktiki temperaturunu və yükün daşınmasının son müddətini göstərməlidir. Qaimədə göstərilmiş çatdırılma müddəti son daşınma müddətindən çox olduqda, daşıyıcı tezkorlanan yükləri daşınmaya qəbul etməməlidir.
17.15. Daşıyıcı tezkorlanan yükləri orta sutkalıq məsafə 350 km olmaqla, təyinat məntəqəsinə çatdırmalıdır. Tezkorlanan yüklər 350 km-dən böyük məsafəyə daşınırsa və avtonəqliyyat vasitəsində iki sürücü xidmət edirsə, onda orta sutkalıq məsafə 600 km ola bilər. Yüklərin çatdırılma müddəti yüklənmənin bitdiyi və sənədlərin rəsmiləşdirildiyi andan avtonəqliyyat vasitəsinin yükün təyinat məntəqəsinə çatdığı ana qədər hesablanır.
17.16. Yükgöndərən ət və balıq məhsullarının, mayanın, həmçinin bəzi süd məhsullarının daşınması üçün vaxt məhdudiyyəti və müəyyən temperaturda saxlama rejimi (+8 °C-dən artıq olmamaq şərtilə) müəyyən edə bilər. Ət və balıq məhsullarının, mayaların və digər saxlanma müddəti onların hazırlanması anından bilavasitə satılma anına qədər hesablanır.
17.17. Məhsulların faktiki istehsal tarixi yükü müşayiət edən sənədlərdə (keyfiyyət sertifikatı, əmtəə-nəqliyyat qaiməsi) göstərilməlidir.
17.18. Bu Qaydaların 13 nömrəli əlavəsinə uyğun olaraq, bir avtonəqliyyat vasitəsində eyni qrupa aid olan müxtəlif növ tezkorlanan yüklərin birgə daşınmasına yol verilir.
17.19. Yükgöndərən aşağıdakı yükləri bir avtonəqliyyat vasitəsində daşınmaya təqdim etməməlidir:
17.19.1. dondurulmuş və soyudulmuş balıq, siyənək, balıq kürüsü, quru, duzlu, hisə verilmiş balıq, quru balıq konsentratı;
17.19.2. soyudulmuş ət, hisə verilmiş ət məmulatları;
17.19.3. hisə verilmiş kolbasalar;
17.19.4. hər növ pendir;
17.19.5. güclü ətiri olan meyvələr (portağal, limon, naringi, yemiş);
17.19.6. sərt iyli tərəvəz (soğan, sarımsaq);
17.19.7. çörəkbişirmə mayaları və marqarin.
17.20. Yükgöndərən bir avtonəqliyyat vasitəsilə dondurulmuş yükləri soyudulmuş və ya soyumuş yüklərlə birgə, həmçinin soyumuş əti soyudulmuş ətlə birgə daşınmaya təqdim etməməlidir.
17.21. Yükgöndərən dondurulmuş yükləri avtonəqliyyat vasitəsinin banında, banın həcmindən daha çox istifadə etməklə, nizamlı sıralarla, taraya qablaşdırılmış təzə və soyudulmuş ərzaqlar isə havanın dövr edə bilməsini nəzərə almaqla (tavanla yükün yuxarı sırası arasında məsafə 30-35 sm-dən az olmamalıdır, bu halda yükün son sırası ilə banın arxa divarı arasında boşluq olmamalıdır) yığmalıdır.
17.22. Yükgöndərən soyudulmuş və ya soyumuş cəmdəkləri, yarım cəmdəyi və ya cəmdəyin dörddə bir hissəsini avtonəqliyyat vasitəsinin banında yalnız qarmaqlardan asmaq metodu ilə elə yükləməlidir ki, onlar bir-birinə, banın döşəməsinə və ya divarlarına toxunmasınlar.
17.23. Yükgöndərən plomblanmalı olan yüklənmiş avtonəqliyyat vasitəsini, həmçinin ayrı-ayrı yük yerlərini (mehtərələri, yeşikləri) plomblamalıdır.
17.24. Yükalan müqavilədə başqa hal nəzərdə tutulmadıqda, tezkorlanan yüklər daşındıqdan sonra avtonəqliyyat vasitəsinin banını təmizləməli, yumalı və dezinfeksiya etməlidir.
Yükalan (yükgöndərən) əmtəə-nəqliyyat qaiməsində avtonəqliyyat vasitəsinin banında sanitar təmizləmə aparılması haqqında qeyd etməlidir.
Daşıyıcı avtonəqliyyat vasitəsinin banının sanitar təmizlənməsi prosesinə nəzarət etməlidir.
17.25. Daşıyıcı tezkorlanan yükləri müəyyən istiqamətdə daşıyarkən və ya qət etdiyi məsafəni geri qayıdarkən banı çirkləndirməyən və dayanıqlı iyi olmayan yükləri, həmçinin şüşə əşyaları onların salamatlığını təmin edən taraya qablaşdırmaqla, tezkorlanan yüklərin daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinə yükləyə bilər.
Daşıyıcı balıq və balıq məmulatları daşındıqdan sonra germetik taraya qablaşdırılmamış tezkorlanan və digər ərzaq və ya sənaye yüklərinin (oyuncaqların, kitabların, xalçaların, xəzlərin, parçaların, baş örtüklərinin, pambığın, ipliyin, dəftərxana ləvazimatlarının) daşınmasını yerinə yetirməməlidir.
Daşıyıcı ət daşındıqdan sonra yalnız avtonəqliyyat vasitəsinin banının sanitar təmizlənməsi aparıldıqdan sonra tezkorlanan və digər ərzaq və ya sənaye yüklərinin (pambığın, zərgərlik məmulatlarının, kitabların, xalçaların, xəzlərin, geyimlərin, ipliyin, tükün, lələyin, taranın, çiyidli pambığın) daşınmasını yerinə yetirə bilər.
Daşıyıcı rezin, həsir, çini və saxsı məmulatların, kofe, dəfnə yarpağı, un, istiot, lələk, iplik, duz, surğuc, çay, həsir məmulatlarının və digər yüklərin daşınmasından sonra yalnız avtonəqliyyat vasitəsinin banının sanitar təmizlənməsi aparıldığı halda, tezkorlanan yüklərin daşınmasını yerinə yetirə bilər.
 
18. Alkoqollu və alkoqolsuz içkilərin daşınması
 
18.1. Alkoqollu və alkoqolsuz içkilər tarasız üsulla xüsusi konstruksiyalı yük avtonəqliyyat vasitələrində (çənlərdə) və ya taralaşdırılmış üsulla ümumi təyinatlı yük avtonəqliyyat vasitələrində, furqonlarda, izotermik və ya refrijerator furqonlarda (atmosfer havasının temperaturundan asılı olaraq) daşına bilər.
Avtonəqliyyat vasitəsinin tipi, onun alkoqollu və alkoqolsuz içkilərin daşınması üçün yararlılığı, həmçinin temperatur rejimi yükgöndərən tərəfindən müəyyən edilir.
18.2. Alkoqollu və alkoqolsuz içkiləri taralaşdırılmış üsulla göndərərkən, yükgöndərən içkiləri daşınmaya daşınan yükün qorunub saxlanmasını təmin edən nəqliyyat tarasında təqdim etməlidir.
18.3. Yükgöndərən yeşikləri avtonəqliyyat vasitəsinin banında bir-birinə sıx şəkildə, aralıq məsafə olmadan yerləşdirməlidir. Tam dolmamış banda yeşiklər sürüşüb yerini dəyişməməsi üçün müvafiq qaydada bərkidilməlidir.
18.4. Yükgöndərən yükün bortdan yuxarı qalxdığı hallarda yeşikləri bağlamalıdır.
 
19. Çörək və çörək-bulka məmulatlarının daşınması
 
19.1. Yükgöndərən çörək və çörək-bulka məmulatlarını (baton, bulka və s.) bişdikdən sonra keyfiyyətini qorumaq üçün aşağıdakı müddət ərzində daşınmaya təqdim etməlidir:
19.1.1. arpa və çovdar unundan, arpa-buğda və kəpəksiz undan bişirilmiş çörəyi — 1 saatdan az, 14 saatdan çox olmayan müddətdə;
19.1.2. ələnmiş və sortlaşdırılmış buğda unundan bişirilmiş çörəyi — 1 saatdan az, 10 saatdan çox olmayan müddətdə;
19.1.3. ələnmiş və sortlaşdırılmış buğda unundan bişirilmiş çörək-bulka məmulatını — 6 saatdan çox olmayan müddətdə.
19.2. Çörək və çörək-bulka məmulatını göndərən aşağıdakılara əməl etməlidir:
19.2.1. qəlibə salınmış müəyyən formalı çörəyi bir cərgədə alt qırağı və ya yan tini üzərində yığmalıdır;
19.2.2. kürə çörəyini və çörək-bulka məmulatını bir cərgədə alt qırağı və ya yan tini üzərində çörək qutusunun arxa və ya yan divarına söykənmiş şəkildə yığmalıdır;
19.2.3. çəkisi 200 qramdan çox olmayan çörək-bulka məmulatını alt qırağı üzərində bir və ya iki cərgədə yığmalıdır.
19.3. Daşıyıcı çörək və çörək-bulka məmulatının daşınması üçün ayrı-ayrı seksiyalara bölünmüş, hərəkət edən lotoklarla təchiz edilmiş, furqon tipli banı olan və ya çörək və çörək-bulka məmulatlarını konteynerlərlə daşımaq üçün uyğunlaşdırılmış və müvafiq sanitariya-gigiyena tələblərinə uyğun olan avtonəqliyyat vasitəsi təqdim etməlidir.
19.4. Daşıyıcı tərəfindən çörək və çörək-bulka məmulatının yükgöndərəndən daşınmaya qəbul edilməsi və yükalana təhvil verilməsi hər lotokda olan məmulatın sayını hesablamadan standart şəkildə yığılmış lotokların (konteynerlərin) sayı və adı əsasında yerinə yetirilir.
19.5. Çörək və çörək-bulka məmulatının yüklənməsi və boş lotokların (konteynerlərin) boşaldılması yükgöndərən tərəfindən, çörək və çörək-bulka məmulatının boşaldılması və boş lotokların (konteynerlərin) yüklənilməsi isə yükalan tərəfindən yerinə yetirilir.
19.6. Çörək və çörək-bulka məmulatı boşaldıldıqdan sonra yükalan lotokları (konteynerləri) çörək ovuntularından, həmçinin çörək-bulka məmulatının ayrı-ayrı növünün qablaşdırılması zamanı istifadə edilən kağızlardan təmizləməlidir.
19.7. Müqavilə ilə digər hallar nəzərdə tutulmadıqda, lotokların (konteynerlərin), həmçinin çörək və çörək-bulka məmulatının daşınması üçün istifadə olunmuş avtonəqliyyat vasitəsinin banının sanitar təmizlənməsi yükgöndərən (yükalan) tərəfindən yerinə yetirilməlidir.
 
20. Unlu-kremli qənnadı məmulatlarının daşınması
 
20.1. Yükgöndərən tortları avtonəqliyyat vasitəsinin banında şaquli vəziyyətdə bir neçə cərgədə düzməyə imkan verən qutularda yüklənməyə təqdim etməlidir.
20.2. Şirniyyatlar və digər unlu-kremli qənnadı məmulatları qapaqlı lotoklara bir cərgədə yığılmalıdır.
20.3. Yükgöndərən unlu-kremli qənnadı məmulatlarını 0C-dən +6°C-dək soyudulmuş şəkildə yüklənməyə təqdim etməlidir.
20.4. Unlu-kremli qənnadı məmulatlarının qeyri-qida məhsulları ilə, həmçinin kəskin iyi olan ərzaqlarla və ya təzə bişirilmiş çörəklə birlikdə daşınmasına yol verilmir.
20.5. Unlu-kremli qənnadı məmulatlarının daşınması izotermik banlı və furqon tipli müvafiq sanitariya-gigiyena tələblərinə uyğun olan avtonəqliyyat vasitələrində yerinə yetirilməlidir.
20.6. Unlu-kremli qənnadı məmulatlarının yükgöndərəndən daşınmaya qəbul edilməsi və onların yükalana təhvil verilməsi daşıyıcı tərəfindən onun adına və yük yerlərinin sayına görə aparılır. Yük yerlərinin qismən dolması zamanı unlu-kremli qənnadı məmulatlarının qəbul edilməsi və təhvil verilməsi say əsasında yerinə yetirilir.
20.7. Müqavilə ilə digər hallar nəzərdə tutulmadıqda, lotokların (konteynerlərin), həmçinin unlu-kremli qənnadı məmulatlarının daşınması üçün istifadə olunmuş avtonəqliyyat vasitəsinin banının sanitar təmizlənməsi yükgöndərən (yükalan) tərəfindən yerinə yetirilməlidir.
 
21. Un və yarmaların daşınması
 
21.1. Un və yarmaların daşınması zamanı daşıyıcı yükü atmosfer yağıntılarından qorumalıdır. Un və yarmaların dayanıqlı iyi olan və qablaşdırmanın səthini çirkləndirən yüklərlə bir yerdə daşınması qadağandır.
21.2. Un taralaşdırılmış və tarasız, yarmalar isə yalnız taralaşdırılmış şəkildə daşınmalıdır.
21.3. Müqavilə ilə başqa hal nəzərdə tutulmadıqda, unun tarasız daşınması zamanı yükgöndərən yükün kütləsini müəyyən etməli, çənin qapaqlarını açıb-bağlamalı, unu çənə doldurmalı, yükləmə şlanqlarını açıb-bağlamalı, yükləmə qapaqlarını və boşaltma boru kəmərlərini plomblamalıdır.
21.4. Unun tarasız daşınması zamanı müqavilə ilə başqa hal nəzərdə tutulmadıqda, yükalan unu stasionar kompressorun köməyi ilə boşaltmalı, yükün kütləsini müəyyən etməli, yükləmə qapaqlarında və boşaltma boru kəmərlərində plombun olub-olmamasını yoxlamalı, plombları açmalı, boşaltma şlanqlarını açıb-bağlamalı və boşaltmadan sonra boru kəmərlərini plomblamalıdır.
21.5. Unun tara ilə daşınması zamanı daşıyıcı yükü adına, yük yerlərinin sayına və yenidən çəkilmədən standart kütləyə uyğun qəbul etməli və təhvil verməlidir.
21.6. Yükgöndərən un kisələrinin və ya yarmalar yığılmış yük altlıqlarının avtonəqliyyat vasitəsinin banının bortundan hündürə qalxdığı hallarda ortadan kəndirlə bağlamalıdır.
 
22. Duzun və qəndin daşınması
 
22.1. Yükgöndərən duzun və qəndin daşınması zamanı onları xüsusi taralara qablaşdırmalıdır.
22.2. Duzun və qəndin daşınması zamanı daşıyıcı yükü atmosfer yağıntılarından qorumalıdır.
Texniki duzun ümumi təyinatlı və ya özüboşaldan banı olan yük avtonəqliyyat vasitələrində daşınmasına yol verilir.
22.3. Qəndin və duzun xüsusi taralarda daşınması zamanı daşıyıcı yükü adına, yük yerlərinin sayına və standart kütləyə əsasən qəbul etməli və təhvil verməlidir.
22.4. Yükgöndərən qənd kisələrinin və ya duz yığılmış yük altlıqlarının avtonəqliyyat vasitəsinin banının bortundan hündürə qalxdığı hallarda onları kəndirlə bağlamalıdır.
 
23. Sənaye mallarının daşınması
 
23.1. Sənaye mallarının (parça, üst paltar, tikiş və trikotaj malları, ayaqqabı, məişət və maşın avadanlıqları, mebel və digər sənaye malları) daşınması zamanı daşıyıcı onların atmosfer yağıntılarından qorunmasını təmin etməlidir.
23.2. Yükgöndərən parça və parça məmulatlarını yumşaq, yarıyumşaq və xüsusi bərk taralara qablaşdıraraq yüklənməyə təqdim etməlidir.
23.3. Parça və parça məmulatları olan xüsusi bərk taralar (taxta və faner yeşiklər) bəndlərə bərkidilmiş metal lentlər vasitəsilə bağlanmalıdır.
23.4. Parça və parça məmulatları olan yarıyumşaq taraların (taxta parçası və planka ilə preslənmiş taraların) tərəfləri birqat oberton kağızı ilə örtülməli və o parça məmulatını çirklənməkdən, xarab olmaqdan və xarici görkəmini itirməkdən qorumalıdır.
Toplarda olan parça məmulatına yuxarıdan aşağıya kimi taxta parçası və iki köndələn planka qoyulmalı, sonra isə metal lent və ya məftillə sarınmalıdır. Metal lentin və ya məftilin qurtaracağına, yaxud da köndələn plankalara bənd birləşdirilməlidir. İpək parça məmulatlarının qablaşdırıldığı toplar birqat oberton kağızı və ikiqat qablaşdırılan məmulatla sarınmalıdır. İpək parça məmulatları olan topların məftillə sarınması qadağandır.
23.5. Parça və parça məmulatları olan yumşaq taralar (taxta və plakon olmadan preslənmiş toplar, taylar, sandıq, toxunma kisələr, həsir, rulon və s.) ikiqat oberton kağızı ilə örtülməli, oberton kağızının bir qatı parça məmulatına metal lentin üstündən sarınmalı və lentin altında karton kipin bütün tərəflərinin qalınlığı 3-4 mm olmalı, eni isə 60 mm-dən az olmamalıdır.
Metal lentin qurtaracaqları həmin qurtaracaqlarda yerləşən iki xamıtdan ibarət halqada sıxılmaqla birləşdirilməlidir.
23.6. Bağlama şəklində qablaşdırılmış parçalar kağıza və ya parçaya bükülməli və kəndirlə bağlanmalıdır.
23.7. Yükgöndərən xalça və xalça məmulatlarını qablaşdırmadan rulon şəklində, habelə onların buraxıldığı formada daşınmaya təqdim edə bilər.
23.8. Yükgöndərən üst paltarlarını asılqanlarda (çexolda və ya çexolsuz), yeşiklərdə, toplarda, bağlamalarda, qutularda, trikotaj məmulatlarını isə yumşaq taralarda (qablaşdırılmış parça, kağız), qutularda, taylarda, toplarda daşınmaya təqdim edir.
Digər tikiş məmulatları isə lentlə yapışdırılaraq, qalın kağızlara qablaşdırılmış bağlamalarda daşınmaya təqdim edilməlidir.
23.9. İçərisində paltar olan yeşiklər yüklənməyə təqdim edilərkən markalanmalıdır.
23.10. Yük furqon tipli banı olan avtonəqliyyat vasitələrində bir yükalanın ünvanına daşınarsa, yükgöndərən həmin yükü plomblanmış formada göndərməlidir.
23.11. Bir avtonəqliyyat vasitəsində asılqanlarda paltarların bir neçə yükalana daşınması zamanı, yükgöndərən hər yük partiyasını kağızlar vasitəsilə bir-birindən ayırmalıdır. Paltarın toplarda və yeşiklərdə daşınması zamanı onların üzərində yükün çatdırılmalı olduğu mağazanın nömrələri (və ya yükalanın digər rekvizitləri) qeyd edilməlidir.
23.12. Daşıyıcı qablaşdırılmış paltarı yük yerlərinin (yeşiklərin, topların və qutuların) sayına, asılqanlarda paltarı isə yükün adına və yük yerlərinin sayına görə yükgöndərəndən qəbul etməli və yükalana təhvil verməlidir.
23.13. Yükgöndərən müxtəlif növ ayaqqabıları xüsusi taralara qablaşdırılmış (karton qutulara, taxta, faner və ya digər yeşiklərə) şəkildə daşınmaq üçün təqdim edə bilər.
23.14. Yükgöndərən ayaqqabı yığılmış karton qutuları yeşiklərə sıx sıralarla və qutunun qapağı yuxarıya doğru olmaqla, üst-üstə yığmalıdır.
23.15. Ayaqqabı və ya dəri ayaqqabı üçün biçilmiş dəri komplektləri yığılmış yeşiklərə yarlık vurulmalı və metal lentlər və ya məftillə çarpaz bağlanaraq plomblanmalıdır.
23.16. Yükgöndərən məişət və maşın avadanlıqlarını istehsalçı zavod tərəfindən qablaşdırılmış şəkildə yükün növündən asılı olaraq, avtonəqliyyat vasitəsilə daşınmaq üçün yüklənməyə təqdim edə bilər. Qablaşdırılmış yükün üzərində müvafiq işarələr qeyd edilməlidir («Ehtiyatlı ol! Şüşədir», «Üst tərəf», «Nəmdən qorumalı» və s.).
23.17. Yükgöndərən mebeli daşınmaya taralaşdırılmış və tarasız şəkildə təqdim edə bilər.
23.18. Taralaşdırılmamış mebeli daşıyıcı xüsusi təchiz edilmiş avtonəqliyyat vasitəsilə daşımalıdır.
23.19. Yükgöndərən mebeli tarada və ya qablaşdırılmış şəkildə, hər yük yerini markaladıqdan sonra daşınmaq üçün təqdim etməlidir.
23.20. Daşıyıcı mebeli, onun adına və yük yerlərinin sayına görə yükgöndərəndən qəbul etməli və yükalana təhvil verməlidir.
 
24. Tikinti materiallarının daşınması
 
24.1. Daşıyıcı sementin daşınması zamanı onu atmosfer yağıntılarından qorumalıdır.
24.2. Sement taralaşdırılmış və tarasız şəkildə daşına bilər.
24.3. Tarasız şəkildə sementin daşınması zamanı müqavilə ilə başqa hal nəzərdə tutulmadıqda, yükgöndərən yükü temperaturu +100°C-dən yuxarı olmayan vəziyyətdə daşınmaya təqdim etməli, yükün çəkisini müəyyən etməli, çənin qapaqlarını açıb-bağlamalı, yükləmə şlanqlarını birləşdirməli və ayırmalı, yükləmə qapağını və boşaltma boru kəmərini plomblamalıdır.
24.4. Tarasız şəkildə sementin daşınması zamanı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, yükalan yükün çəkisini müəyyən etməli, yükləmə qapaqlarında və boşaltma boru kəmərlərində plombun olub-olmamasını yoxlamalı, boşaltma şlanqını birləşdirməli və ayırmalıdır.
24.5. Tarasız şəkildə daşınan sement boşaldılan zaman daşıyıcının nümayəndəsi kompressoru yandırmalı və boşaltma kranını açmalı, yükün boşaldılması başa çatdıqdan sonra isə kompressoru söndürməli və boşaltma kranını bağlamalıdır.
24.6. Daşıyıcı taralaşdırılmış sementi onun adına, yük yerlərinin sayına görə və yenidən çəkmədən standart kütləyə uyğun qəbul etməlidir.
24.7. Yükgöndərən şiferi (dalğalı, düz və ya başqa formalı) konteynerlərdə, altlıqlarda və lentlə və ya məftillə bərkidilmiş bandaj şəkilli bağlamalarda daşınmaq üçün təqdim etməlidir.
24.8. Yükgöndərən üzərinə şifer yığılmış 1750x1130 mm ölçülü altlıqların avtonəqliyyat vasitəsinə yüklənməsini və yerləşdirilməsini bu Qaydaların 14 nömrəli əlavəsinə uyğun olaraq yerinə yetirməlidir.
24.9. Daşıyıcı konteynerlərdə və altlıqlarda olan şiferi daşınmaq üçün yük yerlərinin sayına görə yükgöndərəndən qəbul edir və onu yükalana təhvil verir.
24.10. Yükgöndərən kərpici bağlamalarda və altlıqların üstündə daşınmaq üçün təqdim etməlidir. Kərpicin yığılma hündürlüyü avtonəqliyyat vasitəsinin banının hündürlüyündən yüksək olduqda, altlıqların üzərində çəpərləmə qurğusu olmalıdır.
24.11. Daşıyıcı alt sırasından, kərpic düşən, künc və ya yan tərəfləri etibarlı olmayan, həmçinin kərpicin yığılma hündürlüyü avtonəqliyyat vasitəsinin banının hündürlüyündən yüksək olduqda, altlıqlar üzərində çəpərləmə qurğusu olmayan bağlamanı daşınmaya qəbul etməyə bilər.
24.12. Daşıyıcı tərəfindən kərpicin yükgöndərəndən qəbul edilməsi və onun yükalana təhvil verilməsi yük yerlərinin sayına görə yerinə yetirilir.
24.13. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, kərpic olan bağlamaların yüklənməsi və onların avtonəqliyyat vasitəsinin banına bərkidilməsi yükgöndərən tərəfindən, bağlamanın açılaraq boşaldılması isə yükalan tərəfindən yerinə yetirilir.
Yükalan kərpic boşaldılandan sonra avtonəqliyyat vasitəsinin banını kərpic qırıntılarından təmizləməlidir.
24.14. Çiy kərpic altlığın üstündə köndələninə düzülmüş qaydada, bağlamalar isə yükgötürmə qabiliyyəti 7 tona kimi olan avtonəqliyyat vasitələrində yükgöndərən tərəfindən bu Qaydaların 15 nömrəli əlavəsinə uyğun olaraq banın oxları uzununa, avtonəqliyyat vasitəsinin yükgötürmə qabiliyyəti 7 tondan artıq olduqda, banın oxlarına perpendikulyar və yan bortlardan birinə kip olmaqla, şahmat qaydasında yığılaraq yüklənməlidir.
24.15. Bağlamaları avtonəqliyyat vasitəsinin banında çəpinə yerləşdirərkən, yükgöndərən bu Qaydaların 16 nömrəli əlavəsinə uyğun olaraq banın yan bortuna bitişik olmayan sonuncu bağlamaların atlıqlarının altına, 50x50 mm ölçüsündə və uzunluğu 1 m olan dayaq (tir) qoymalıdır.
24.16. Santexnika avadanlıqları (farfor, fayans, metal və s.) daşıyıcı tərəfindən daşınmaya istehsalçı zavod tərəfindən qablaşdırılmış şəkildə qəbul edilməlidir.
24.17. Daşıyıcı, daşımaq üçün santexnika məmulatlarını yük yerlərinin sayına və ya yük yerlərinin üzərində göstərilən kütləyə görə yükgöndərəndən qəbul edir və yükalana təhvil verir.
 
25. Qalaq yüklərin daşınması
 
25.1. Müqavilədə digər qayda nəzərdə tutulmadıqda, qalaq yüklərin (qum, çınqıl, qırma daş, mel, şlak, keramzit, gil, torf, torpaq, balıqqulağı, beton, tikinti məhlulu və s.) daşınması zamanı yükgöndərən qış fəslində yükün donub bana yapışmasının qarşısını alan, daşınan yükün xüsusiyyətlərindən asılı olaraq, avtonəqliyyat vasitəsinin banının daxili səthinə xüsusi material (lak, taxta qırıntıları, xırda qum, xörək duzu və s.) səpməlidir.
Qalaq (tökülən) yüklərin daşınması zamanı, müqavilə ilə başqa hal nəzərdə tutulmadıqda, yükgöndərən avtonəqliyyat vasitəsində olan yükün yola tökülməsinin qarşısını almaq, avtomobil yollarını və yol örtüyünü mühafizə etmək məqsədi ilə avtonəqliyyat vasitəsinin banını xüsusi örtüklə təchiz etməlidir.
25.2. Yükgöndərən filiz olmayan tikinti materiallarını çalovunun tutumu avtonəqliyyat vasitəsinin yükgötürmə tutumunun 1/3-dən çox olmayan yükləyici mexanizmlərin köməyi ilə yükləməlidir.
 
26. Kağızın daşınması
 
26.1. Kağız (rulon və ya top) yüklənməyə yükgöndərən tərəfindən qablaşdırılmış şəkildə təqdim edilməlidir.
26.2. Daşıyıcı, kağızın daşınması zamanı yükün atmosfer yağıntılarından və ya avtonəqliyyat vasitəsinin banındakı iti çıxıntılardan zədələnməsindən mühafizə etmək üçün müvafiq tədbirlər görməlidir.
 
27. Taxta-şalban materiallarının daşınması
 
27.1. Meşə (təmizlənmiş, uzun sortlanmış, qısa sortlanmış ağac) və taxta-şalban materiallarını daşımaq üçün nəzərdə tutulmamış ümumi təyinatlı yük avtonəqliyyat vasitələrinə yükləyərkən, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, yükgöndərən həmin nəqliyyat vasitəsini yükün sürüşməsinin qarşısını alan xüsusi avadanlıqlarla (siyirmə, daraq, metal çıxıntı və s.) təchiz etməli, sürücünün kabinəsinin arxasında xüsusi qoruyucu lövhə yerləşdirməlidir.
27.2. Yükgöndərən meşə və taxta-şalban materiallarını avtonəqliyyat vasitəsinin üzərinə bərabər paylanmış şəkildə yığmalıdır. Avtonəqliyyat vasitəsinin yükünün hündürlüyü qoşqunun üzərindəki yükdən, sortamentlərin taxta-şalban materiallarının daşınması zamanı 100 mm-dən və ağac çubuqlarının daşınması zamanı isə 300 mm-dən hündür olmamalıdır.
27.3. Yükgöndərən taxta-şalban materiallarının çeşidli şəkildə 1300 x 1250 mm (850 x 800, 1000 x 1300 mm və s.) uzununa və eninə bağlanmış halda daşınmasını təmin etməlidir.
27.4. Taxta-şalbandan hazırlanmış (qapı, pəncərə və s.) materialların daşınması zamanı yükgöndərən onları avtonəqliyyat vasitəsinin banına yığcam şəkildə cərgə ilə düzməlidir.
 
28. Şüşə materiallarının daşınması
 
28.1. Şüşə materialları həmin materialların daşınması üçün nəzərdə tutulmuş xüsusi təchiz edilmiş avtonəqliyyat vasitələrində və ya xüsusi konteynerlərdə daşına bilər.
28.2. Daşıyıcı tərəfindən şüşə materiallarını daşımaq üçün təqdim edilən nəqliyyat vasitəsi müvafiq tələblərə cavab verməlidir.
28.3. Şüşə materialları yığılmış yeşiklər avtonəqliyyat vasitəsinin banında bərabər səviyyədə bölünərək, tərpənməz şəkildə yığılmalıdır.
28.4. Şüşə materialları şaquli və ya maili yığılmış şəkildə daşınmalıdır.
28.5. Vitrin şüşələri yalnız onları daşımaq üçün nəzərdə tutulan xüsusi təchiz edilmiş avtonəqliyyat vasitələrində daşınmalıdır.
28.6. Daşıyıcı şüşə materialını daşımaya qəbul edərkən konteynerlərin, yeşiklərin və şüşənin vəziyyətinə diqqət yetirməlidir.
28.7. Sifarişçi yararlı şüşə materiallarını yüklənməyə təqdim etməlidir.
28.8. Bir avtonəqliyyat vasitəsində bir neçə ünvana göndərilən şüşə materiallarını daşımaq olar.
28.9. Hər yük yeri əmtəə-nəqliyyat qaiməsində qeyd edilməlidir.
28.10. Ayrı-ayrı sifarişçilər üçün nəzərdə tutulmuş yük yerləri ayrılıqda əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməlidir.
 
29. Metal və metal məmulatlarının daşınması
 
29.1. Metal və metal məmulatlarını daşımaq üçün onları aşağıdakı qruplara bölmək lazımdır:
29.1.1. kiçikölçülü məmulatlar;
29.1.2. orta uzunluğa malik müxtəlif profilli məmulatlar (6 m-dən uzun olmayan);
29.1.3. uzunölçülü metal prokat məmulatlar (uzunluğu 6-14 m, diametri 10-18 mm, qalınlığı 2 mm və daha çox yayma və ya boru metal).
29.2. Uzun metal prokatın daşınması zamanı yükgöndərən əvvəlcədən onları məftillə dəst şəklində bağlamalı və nişanlamalıdır.
Hər bir dəst ən azı iki yerdən möhkəm bağlanmalıdır.
29.3. Yükgöndərən kiçikölçülü məmulatları paslanmadan qorumalıdır.
29.4. Yükgöndərən metal və metal məmulatlarını aşağıdakı qaydada yüklənməyə təqdim etməlidir:
29.4.1. uzunölçülü metal prokat (polad prokat, künclük prokat və şveller) — qalaqlanmış dəst şəklində;
29.4.2. polad kanatlar — barabana dolanmış və ya dairəvi bükülmüş şəkildə;
29.4.3. rulon metal torlar — yumşaq məftillə bağlanmış şəkildə;
29.4.4. yastı metal torlar — dəst bağlanmış şəkildə;
29.4.5. kiçikölçülü metal məmulatları (bolt, qayka, şayba, vint, mıx və s.) — taralaşdırılmış şəkildə;
29.4.6. elektrodlar — kağıza bükülərək yeşiyə qablaşdırılmış şəkildə;
29.4.7. əlvan metallar və onların xəlitələri — dəst bağlanmış və taraya qablaşdırılmış şəkildə.
29.5. Yükgöndərən diametri 159 mm-dən çox olan boruları ayrı-ayrı yüklənməyə təqdim etməlidir. Diametri 114 mm-dən 159 mm-ə qədər olan boruların bir avtonəqliyyat vasitəsində 50 ədəddən artıq olmamaq şərtilə daşınmasına icazə verilir.
 
30. Dəmir-beton məmulatlarının daşınması
 
30.1. Dəmir-beton məmulatları xüsusi konstruksiyalı yük avtonəqliyyat vasitəsində və ya digər uyğun avtonəqliyyat vasitələrində üfüqi, şaquli və maili vəziyyətdə daşına bilər.
30.2. Yükgöndərən texniki tələblərə uyğun, yalnız müəyyən nöqtələrdə dayaq tələb edən dəmir-beton məmulatlarının üzərində həmin nöqtələri nişanlamalıdır.
 
31. Universal konteynerlərin daşınması
 
31.1. Universal konteynerlərin üzərində aşağıdakı yazı və nişanlar qeyd olunmalıdır:
31.1.1. konteyner sahibinin adı;
31.1.2. konteynerin nömrəsi;
31.1.3. konteynerin netto və brutto çəkisi, həcmi — kub.m-lə;
31.1.4. konteynerin istehsal tarixi və istehsalçı müəssisənin adı;
31.1.5. konteynerin son əsaslı təmir yeri və tarixi.
31.2. Müqavilə ilə başqa hal nəzərdə tutulmadıqda, boş və dolu universal konteynerlərin avtonəqliyyat vasitəsinin üstündən götürülməsi, yüklərin universal konteynerlərə yüklənməsi və boşaldılması, dolu və boş konteynerlərin avtonəqliyyat vasitəsinin üstünə qoyulması yükgöndərən və yükalan tərəfindən yerinə yetirilməlidir.
31.3. Konteyneri yükgötürmə qabiliyyətindən və həcmindən artıq yükləmək qadağandır.
31.4. Yükgöndərən konteynerə yükü elə yığmalıdır ki, hərəkət zamanı yükün konteynerin daxilində yerini dəyişməsi mümkün olmasın və döşəməyə düşən ağırlıq bərabər şəkildə bölünsün.
Yükgöndərən yükü yerləşdirərkən, yüklə konteynerin qapısı arasında 30-50 mm boş yer saxlamalıdır. Yükün mıxla, dayaqla, məftillə və digər üsullarla konteynerin divarına, döşəməsinə və tavanına dəmir pərçimlərlə vurulması qadağandır.
31.5. Konteynerdə tarasız, ilkin qablaşdırmada və ya sadə tarada daşınan yükü zədələnmədən qorumaq üçün yükgöndərən tərəfindən konteynerin divarlarına qoruyucu məmulatlar (kağız, planka, rezin aralıq, yumşaq ayırıcı materiallar və s.) yerləşdirilməli və yükü zədələnmədən qoruyan digər tədbirlər görülməlidir.
31.6. Yüklənmiş konteyneri yükgöndərəndən qəbul edərkən, daşıyıcı konteynerə xaricdən baxış keçirməli, plombların salamat və tam olmasını, plombun məftilinin bütöv olmasını, plombun möhüründə qeyd edilmiş konteynerin nömrəsinin və nəzarət nişanının əmtəə-nəqliyyat qaiməsində göstərilmiş nömrəyə və nəzarət nişanına uyğun olub-olmamasını yoxlamalıdır.
31.7. Yükgöndərən avtonəqliyyat vasitəsinin gəlməsinə qədər konteyneri yükləməli, onu plomblamalı, əmtəə-nəqliyyat qaiməsini və zərurət olduqda uyğunluq sertifikatını, əmtəələrin mənşə sertifikatını və digər yükmüşayiətedici sənədləri hazırlamalıdır.
31.8. Yük yerlərinin sayı göstərilməklə, imza və möhürlə təsdiq olunmuş bu Qaydaların 17 nömrəli əlavəsində göstərilən formaya uyğun tərtib edilmiş yükün siyahısı yükgöndərən tərəfindən yüklənmiş konteynerə qoyulmalıdır.
31.9. Yükalan yüklü konteyneri qəbul edərkən konteynerə xaricdən baxış keçirməli, plombun tamlığını və salamatlığını, habelə konteynerin nömrəsinin və nəzarət nişanının plombun möhüründə və əmtəə-nəqliyyat qaiməsində göstərilmiş nömrəyə və nəzarət nişanına uyğun olub-olmamasını yoxlamalı, yükü qəbul etmə barədə əmtəə-nəqliyyat qaiməsini imzalamalı və imzanı möhür və ya ştampla təsdiq etməlidir.
31.10. Yükalan yükgöndərənin zədələnməmiş plombu ilə saz konteynerdə gəlmiş yükün çəkisini, vəziyyətini və yük yerlərinin sayını yoxlamadan yükü qəbul etməlidir.
31.11. Yük nasaz konteynerdə, eləcə də plombsuz, yaxud plombu zədələnmiş konteynerdə gələrsə, yükalan daşıyıcının nümayəndəsi ilə birgə konteyneri açmalı, çəkisini, yük yerlərinin sayını və yükün vəziyyətini yoxlamalıdır. Yükün itirilməsi, xarab olması, yaxud zədələnməsi aşkar olunarsa, əmtəə-nəqliyyat qaiməsində müəyyən qeydlər edilməli və ya bu Qaydaların 10-cu bəndinə uyğun akt tərtib olunmalıdır.
 
IV. ƏHALİYƏ YÜK DAŞIMALARI XİDMƏTİNİN TƏŞKİLİ VƏ YERİNƏ YETİRİLMƏSİ QAYDASI
 
32. Sifarişlərin qəbulu və rəsmiləşdirilməsi
 
32.1. Əhalinin yüklərinin daşınması daşıyıcı tərəfindən qablaşdırma, yükləmə, yükün müşayiəti (bu Qaydaların III bölməsində nəzərdə tutulduğu qaydada), boşaldılması, mərtəbələrə qaldırılması (endirilməsi), əşyaların sifarişçi tərəfindən göstərilən yerlərdə quraşdırılması (qoyulması) xidmətləri və eləcə də digər xidmətlər daxil olmaqla, kompleks şəkildə və yaxud sifarişçinin arzusu ilə yerinə yetirilə bilər.
32.2. Əhalinin yüklərinin daşınması daşıma müqaviləsi əsasında yerinə yetirilir. Əhalinin yüklərinin daşınması müqaviləsi daşıyıcının ştampı və ya möhürü ilə təsdiq edilmiş bu Qaydaların 18 nömrəli əlavəsində göstərilən formaya uyğun sifariş-tapşırıq sənədinin tərtib edildiyi və sifarişçiyə verildiyi andan bağlanmış sayılır.
32.3. Əhalinin yüklərinin daşınması üzrə sifarişlərin qəbulu əvvəlcədən, həmçinin sifarişin yerinə yetirilməsi günü həyata keçirilə bilər. Qəbul edilmiş bütün sifarişlər bu Qaydaların 19 nömrəli əlavəsində göstərilən formaya uyğun tərtib olunmuş sifarişlərin qeydiyyatı kitabında qeydiyyata alınmalıdır.
32.4. Sifarişin yerinə yetirilməsi müddəti sifarişçi ilə razılaşdırılmaqla müəyyən edilməlidir.
32.5. Sifarişlərin növbədənkənar rəsmiləşdirilməsi və yerinə yetirilməsi qanunvericiliyə əsasən belə hüquqa malik şəxslər üçün həyata keçirilir.
32.6. Sifariş-tapşırıq sənədi üç nüsxədən az olmayaraq, əvvəlcədən sifarişin qiyməti hesablandıqdan və sifarişçi ilə onun yerinə yetirilməsi müddəti razılaşdırıldıqdan sonra rəsmiləşdirilməlidir.
Malların ticarət şəbəkəsindən daşınması zamanı sifariş-tapşırıq sənədinin rəsmiləşdirilməsi, yalnız sifarişçi tərəfindən alınan malların dəyəri ödənildikdən və əmtəə qəbzinin bir nüsxəsi daşıyıcıya verildikdən sonra yerinə yetirilməlidir.
32.7. Sifariş-tapşırıq sənədinin birinci nüsxəsi yükü müşayiət edən sənəd, sifarişçinin imzası olduqda isə sifarişin daşıyıcı tərəfindən yerinə yetirilməsini təsdiq edən sənəd hesab edilir.
Sifariş-tapşırıq sənədinin birinci nüsxəsi daşıyıcının nümayəndəsinə (sürücüyə, yükləyənə) yalnız onun tərəfindən sifariş-tapşırıq sənədinin üçüncü nüsxəsində imza edildikdə və sifarişlərin qeydiyyatı kitabında bu haqda qeyd aparıldıqda verilə bilər.
Sifariş-tapşırıq sənədinin ikinci nüsxəsi sifarişçiyə sifarişin dəyəri ödənildikdən sonra verilir.
Sifarişin icraya qəbulu haqqında sürücünün (yükləyənin) imzası olan sifariş-tapşırıq sənədinin üçüncü nüsxəsi daşıyıcıda qalır və hesabata əlavə edilir.
32.8. Yük daşımaları üzrə sifarişlərin qəbulu və yerinə yetirilməsi yalnız avtonəqliyyat vasitələrinin müvafiq obyektlərə maneəsiz gedişini təmin edən dalan yollar olduqda həyata keçirilir.
32.9. Yük daşımaları üzrə sifarişin rəsmiləşdirilməsi zamanı sifarişçi yükü bu Qaydaların 20 nömrəli əlavəsində göstərilən formaya uyğun siyahıya alaraq, onun dəyərini elan edə bilər.
Daşıyıcı siyahının tərtib edilməsinin düzgünlüyünü yoxlamalı və onu sifariş-tapşırıq sənədinin hər bir nüsxəsinə əlavə etməlidir.
32.10. Mebelin və digər malların (nümunə üzrə alınmış mallar istisna olmaqla) çatdırılmasına dair sifarişi rəsmiləşdirərkən, daşıyıcı sifarişçi ilə birlikdə onları yoxlamalı və aşkar edilmiş qüsurları və digər çatışmazlıqları sifarişçinin imzası ilə təsdiq edilən müvafiq qeydin aparıldığı sifariş-tapşırıq sənədində göstərməlidir.
32.11. Mebel və nümunə üzrə alınmış digər mallara baxış sifarişçinin iştirakı olmadan daşıyıcının nümayəndəsi tərəfindən yerinə yetirilməlidir. Bu halda qüsurlar və digər çatışmazlıqlar (bu Qaydaların 32.10-cu bəndində müəyyən olunmuş qaydada qeyd edilmiş qüsurlar və çatışmazlıqlar istisna olmaqla) aşkar edildikdə və əşyaları digərləri ilə əvəz etməyə mağazanın müdiriyyəti razılaşmadıqda, daşıyıcı göstərilmiş malların qəbul edilməsindən imtina etməli və sifarişçini baxışın keçirilməsində iştirak etmək üçün dəvət etməlidir.
Dəyəri ödənilmiş malların daşıyıcının nümayəndəsi tərəfindən aşkar edilmiş qüsurlarla və digər çatışmazlıqlarla qəbul edilməsinə sifarişçinin razılığı olduqda, bu barədə sifariş-tapşırıq sənədində müvafiq qeyd edilir və sifarişçinin imzası ilə təsdiq olunur.
32.12. Ticarət müəssisələrindən alınan və daşıyıcı tərəfindən sifarişçiyə çatdırılan mebel və digər mallarda bu Qaydaların 32.10-cu bəndində və 32.11-ci bəndinin ikinci abzasında qeyd edilmiş qüsurların və nöqsanların olması bu malların daşıyıcının nümayəndəsindən qəbul edilməsindən imtina üçün əsas ola bilməz.
32.13. Ev əşyalarının konteynerdə, xırda göndərişlərlə və ya müxtəlif növ avtonəqliyyat vasitələri ilə yük yerində daşınmasına dair sifariş rəsmiləşdirilərkən, sifarişçi daşıyıcıya olan tapşırığı bu Qaydaların 21 nömrəli əlavəsində göstərilən formaya uyğun daşıyıcı ilə birlikdə rəsmiləşdirməlidir.
32.14. Heyvanların, quşların, arıların, habelə heyvan mənşəli ərzağın, otun və samanın daşınması üzrə sifariş rəsmiləşdirilərkən sifarişçi daşıyıcıya dövlət baytarlıq nəzarəti orqanlarının icazəsini təqdim etməlidir.
32.15. Təhlükəli yüklərin daşınması üçün sifarişlər qəbul edilmir.
 
33. Yük daşımaları xidmətinin göstərilməsinə görə hesablaşmalar
 
33.1. Əhalinin yük daşımalarının yerinə yetirilməsinə və göstərilən xidmətlərə görə ödəmələr sifarişin qəbulu və rəsmiləşdirilməsi zamanı əvvəlcədən daşıyıcı tərəfindən təsdiq edilmiş tariflərə uyğun olaraq həyata keçirilə bilər.
33.2. Əhaliyə yük daşımaları xidmətinin göstərilməsinə görə qiymətləri sifarişin qəbulu və rəsmiləşdirilməsi zamanı dəqiq müəyyən etmək mümkün olmadıqda (daşımanın dəqiq məsafəsini, daşınan yüklərin siyahısını, habelə digər səbəblər üzündən müəyyən etmək imkanı olmadıqda), daşıyıcı sifarişçini xəbərdar etməklə, ödəməni sifarişin yerinə yetirilməsindən sonra yenidən hesablaşma aparmaq şərtilə, əvvəlcədən həyata keçirə bilər. Bu halda daşıyıcı sifariş-tapşırıq sənədində «yenidən hesablaşma aparılmalıdır» qeydini etməlidir. Ödəmə digər sifariş-tapşırıq sənədində «Sifariş-tapşırığa əlavə ödəmə» qeydi edilməklə rəsmiləşdirilməlidir.
33.3. Daşıyıcı sifarişin yerinə yetirilməsindən sonra və ya yerinə yetirilməmiş sifarişə görə hesablaşmanı yenidən aparmaqla, sifarişçiyə pulun geri qaytarılmasını bilavasitə sifarişin rəsmiləşdirilməsi məntəqəsində və ya köçürmə yolu ilə həyata keçirə bilər.
Sifarişçinin ərizəsi daşıyıcı tərəfindən müvafiq qeyd aparılmış sifariş-tapşırıq sənədinin ikinci nüsxəsi əlavə olunmaqla, pulun geri qaytarılması üçün əsasdır.
 
34. Qəbul edilmiş sifarişlərin yerinə yetirilməsi
 
34.1. Daşıyıcı sifarişi onun rəsmiləşdirilməsi zamanı sifariş-tapşırıq sənədində göstərilmiş müddətdə yerinə yetirməlidir.
34.2. Daşıyıcı yükün daşınmaya qəbulunu, nümunə üçün alınmış malların daşınması halları istisna olmaqla, sifarişçinin iştirakı ilə yerinə yetirməlidir.
Qüsurlar və natamamlıq aşkar edildikdə, daşıyıcı sifariş-tapşırıq sənədində müvafiq qeydlər aparmalı, sifarişçi isə bu qeydləri öz imzası ilə təsdiq etməlidir.
Daşıyıcı sifariş-tapşırıq sənədində qeyd olunmamış əşyaları daşımaya qəbul etməməlidir.
34.3. Daşıyıcı əhalinin yüklərinin daşınmasına dair sifarişin yerinə yetirilməsinin təşkilini sifarişçinin iştirakı ilə və onun iştirakı olmadan həyata keçirə bilər.
34.4. Sifarişçi yükü (ticarət müəssisələrindən alınmış və qablaşdırılmış yüklər istisna olmaqla) yüklənməyə təqdim edərkən onları itmədən, korlanmadan və zədələnmədən qorumaq üçün müvafiq qaydada taralara qablaşdırmalıdır.
34.5. Daşıyıcı ev əşyalarını sifarişçidən aşağıdakı qaydada qəbul etməlidir:
34.5.1. şkaf, servant və digər ev əşyaları, içi boşaldılmış, qapıları qıfılla bağlı vəziyyətdə;
34.5.2. şüşə və güzgülər çıxarılmış şəkildə, onların salamatlığını (bütövlüyünü) təmin edən ayrıca taralara qablaşdırılmış vəziyyətdə;
34.5.3. içinə yük yığılmış yeşiklərin çəkisi 80 kq-dan çox olmamalıdır;
34.5.4. paltar, yataq dəstləri, ayaqqabı, qab-qacaq, oyuncaqlar, kitab və başqa ev əşyaları çamadanlara, yeşiklərə və başqa bağlamalara yığılmalı, möhkəm bağlanmalıdır (bir yük yerinin çəkisi 50 kq-dan çox olmamalıdır);
34.5.5. qablaşdırılmamış bağlama şəklində kitabların çəkisi 20 kq-dan çox olmamalıdır;
34.5.6. tezsınan, kövrək və ovulan əşyalar (şüşə, farfor, fayans, güzgü, büllur və s.) qablaşdırılmış (yeşikdə və ya digər bağlamada kip, tərpənməz) şəkildə və hər bir predmet yumşaq materialla sarınaraq, yüklənməyə təqdim edilməlidir.
34.6. Daşıyıcı kənd təsərrüfatı yüklərini bu Qaydaların 11-14-cü bəndlərində müəyyən edilmiş qaydada daşımaq üçün qəbul etməlidir.
34.7. Daşıyıcı vətəndaşlara ünvanlanmış baqajın, xırda göndərişlərin, eləcə də konteynerlərdəki yüklərin qəbulunu öz üzərinə götürə bilər. Bu halda sifarişçi-yükalan daşıyıcıya yükün qəbulu barədə etibarnamə (vəkalətnamə) təqdim etməlidir.
34.8. Dəmiryol stansiyalarından, limanlardan (körpülərdən), hava limanlarından, avtonəqliyyat vasitələri üçün nəzərdə tutulmuş terminallardan yeşiklərdə, çamadanda və ya səbətdə qablaşdırılmış ev əşyalarının qəbulu müvafiq nəqliyyat növlərində qüvvədə olan qaydalara uyğun olaraq yerinə yetirilir.
34.9. Qablaşdırmanın zədələnməsi və ya çəkisinin az olması aşkar edildikdə, daşıyıcı ev əşyalarının qəbulu üçün sifarişçi-yükalanı dəvət etməlidir. Bu halda sifarişçi-yükalan göndərilən dəmiryol stansiyasının, limanın (körpünün), hava limanının, avtonəqliyyat vasitələri üçün nəzərdə tutulmuş terminalın tarixli möhürü ilə təsdiq edilmiş ev əşyalarının siyahısını təqdim edərək yükü almalı və onu daşımaq üçün müəyyən olunmuş qaydada daşıyıcıya verməlidir .
34.10. Saz vəziyyətdə olan konteynerdə zədələnməmiş plombla gələn yük daşıyıcı tərəfindən yükalana konteynerə və plomba xaricdən baxış keçirməklə yük yerlərinin sayı, vəziyyəti və kütləsi yoxlanılmadan təhvil verilir. Sifarişçi-yükalanın tələbi ilə əşyalar dəmiryol stansiyası, liman və avtonəqliyyat vasitələri üçün nəzərdə tutulmuş terminallarda daşıyıcının iştirakı olmadan yoxlanılaraq təhvil verilir.
34.11. Daşıyıcı dəmiryol stansiyalarında yükgöndərənin və yükalanın vəzifələrini öz üzərinə götürə bilər. Bu hallarda dəmiryol qaiməsinin «yükgöndərən» və «onun poçt ünvanı» qrafalarında daşıyıcı-yükgöndərənin (yükalanın) adı və ünvanı, «yükalan» və «onun poçt ünvanı» qrafalarında isə daşıyıcının adı və ünvanı qeyd edilir. «Xüsusi qeydlər və bildirişlər» qrafasında isə sifarişçi-yükalanın adı, ünvanı və telefonu göstərilir.
34.12. Yükün konteynerə yüklənməsi sifarişçinin iştirakı ilə onun tapşırığına və təqdim etdiyi ev əşyalarının siyahısına əsasən yerinə yetirilir. Konteyner sifarişçinin iştirakı ilə dəmiryolunun və ya daşıyıcının plombu ilə plomblanır.
34.13. Daşımaq üçün yüklənmiş konteynerin qəbuluna dair sifarişçiyə müvafiq nəqliyyat növü barədə qəbz, tapşırığın və siyahının bir nüsxəsi verilir.
34.14. Yük boşaldıldıqdan və sifarişçinin göstərdiyi yerə daşındıqdan sonra daşıyıcının yükü müşayiət edən nümayəndəsi tərəfindən sifarişçiyə təhvil verilir.
Yükün boşaldılması sifarişçinin özü tərəfindən yerinə yetirildikdə, yük avtonəqliyyat vasitəsində təhvil verilir.
34.15. Təyinat məntəqəsinə çatdırılmış əmtəə sifariş-tapşırıq sənədinin ikinci nüsxəsi təqdim edildikdə, sifarişçiyə təhvil verilir. Sifarişçi sifarişin yerinə yetirilməsini sifariş-tapşırıq sənədinin birinci nüsxəsinin «Çatdırılmış yükü aldı» qrafasını imzalamaqla təsdiq etməli və avtomobilin boşdayanma müddətini, sifarişin yerinə yetirilmə tarixini və müddətini göstərməlidir. Bundan əlavə sifarişçi sifariş-tapşırıq sənədində yerinə yetirilmiş iş haqqında rəyini və iradlarını qeyd edə bilər.
34.16. Sifariş-tapşırıq sənədi itirildikdə yük sifarişçiyə, onun yazılı ərizəsi əsasında və şəxsiyyətini təsdiq edən sənədi təqdim etdikdə təhvil verilir. Bu zaman sifariş-tapşırıq sənədinin ikinci nüsxəsinin arxa hissəsində təqdim edilmiş sənəd barədə qeydiyyat aparılır.
34.17. Sifarişdə nəzərdə tutulan daşıma şərtlərində dəyişikliklər edildikdə, daşımadan tam və ya qismən imtina edildikdə, sifarişçi bu barədə daşıyıcını ilkin sifariş üzrə ən azı 11 saat əvvəl (sifarişin yerinə yetirilmə günündən əvvəl) xəbərdar etməlidir. Tərəflərin razılığı ilə bu müddətdə sifariş ləğv edilə bilər.
34.18. Sifarişdən imtina olunduğu və ya sifariş ləğv edildiyi hallarda, sifarişçi tərəfindən qabaqcadan ödənilmiş məbləğ komisyon ödəmələr (əgər bu tariflərlə nəzərdə tutulmuşdursa), avtonəqliyyat vasitəsinin verilməsinə və geriyə qaytarılmasına, yükü yükləyən şəxslərin yolda olmasına, sifarişçini gözlədiyi müddətdə avtonəqliyyat vasitəsinin faktiki boş dayanmasına görə ödənişlər çıxılmaq şərtilə daşıyıcı tərəfindən sifarişçiyə qaytarılmalıdır.
Sifarişçi tərəfindən bu Qaydaların 34.17-ci bəndində müəyyən edilmiş müddətdə sifarişin yerinə yetirilməsindən imtina edilərsə, komisyon ödəmələr çıxılmaqla (əgər bu tariflərdə nəzərdə tutulmuşdursa), ödənilmiş məbləğ sifarişçiyə qaytarılır.
 
V. AVTOMOBİL NƏQLİYYATI İLƏ BEYNƏLXALQ YÜK DAŞIMALARININ YERİNƏ YETİRİLMƏSİNİN ÜMUMİ ŞƏRTLƏRİ
 
35. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların təşkili
 
35.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən, tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir.
35.2. Barəsində icazə sistemi tətbiq edilən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq yük daşımaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada «İcazə» blankları əsasında yerinə yetirilir.
35.3. Azərbaycan Respublikasının ərazisində xarici avtomobil daşıyıcılar tərəfindən ölkədaxili yük daşımalarının yerinə yetirilməsinə yol verilmir.
35.4. Beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücüləri beynəlxalq yük daşımalarına dair beynəlxalq konvensiyalar, sazişlər və digər sənədlər, habelə bu daşımaların xüsusiyyətləri barədə zəruri biliklərə malik olmaq üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən təsdiq olunmuş proqram üzrə xüsusi hazırlıq keçməlidirlər.
36. Yüklərin qablaşdırılması və markalanması
 
36.1. Yükgöndərən tərəfindən yük daşınmaya dövlət standartlarına və texniki şərtlərə uyğun olaraq nöqsansız tara və ya qablaşdırılmada təqdim edilməlidir. Tara və qablaşdırılmaya dair dövlət standartları müəyyən edilmədikdə, yüklər avtomobil nəqliyyatı ilə daşınarkən, habelə yüklənmə və ya boşaldılma zamanı onların tam salamatlığını təmin edən nöqsansız tarada və ya qablaşdırılmada daşınmaya təqdim edilməlidir.
36.2. İxrac edilən yüklərin markalanması yüklərin ümumi markalanma tələblərinə uyğun olmalıdır.
36.3. Yüklər markalanarkən yükgöndərən tərəfindən aşağıdakı məlumatlar göstərilməlidir:
36.3.1. müqavilənin nömrəsi;
36.3.2. yük yerlərinin nömrəsi (kəsirlə göstərilir: surətdə-partiyada yerin sıra nömrəsi, məxrəcdə-partiyada yerlərin sayı);
36.3.3. yükalanın adı;
36.3.4. ölkənin və təyinat məntəqəsinin adı;
36.3.5. yükgöndərənin əmtəə nişanları və markaları;
36.3.6. yük yerlərinin qabarit ölçüləri (sm);
36.3.7. netto və brutto çəkisi (kq);
36.3.8. yük yerlərinin həcmi (kub.m);
36.4. Yük yerinin uzunluğu, eni və ya diametri 1 metrə qədər olduqda, onun qabarit ölçülərinin və həcminin göstərilməməsinə yol verilir.
36.5. Yüklərin xırda partiyalarla daşınması zamanı markalanma bilavasitə qablaşdırmanın (taranın) və ya daşınma və saxlanma zamanı yazının pozulmamasını təmin edən materialdan hazırlanmış yarlığın üzərinə möhkəm bərkidilməlidir. Yükü qablaşdırmaq mümkün olmadıqda, markalanma metala və ya fanerə vurulmaqla yükə bərkidilir.
36.6. Konteynerlərdə (xırda göndərişlər istisna olmaqla) yüklərin daşınması zamanı əsas və əlavə yazıların vurulmasına yol verilir.
36.7. Markalanma hər bir yük yerinə Azərbaycan və xarici (beynəlxalq) dillərdə vurulur. Taranın uzunluğu və eni 1 metrə qədər olduqda, markalanma onun bir tərəfinə sifariş-tapşırıq sənədində göstərilən dildə, digər tərəfinə isə Azərbaycan dilində vurulur.
36.8. Paralelepiped formasında olan yeşik və ya digər taraya markalanma baş və ya yan divara, silindr formasında olan yeşik və ya digər taraya isə onun alt hissəsinə vurulur.
36.9. Markalanma taranın baş və yan divarın üzərinə vurula bilər. Taranın ölçüsü və quruluşu markalanmanı baş və ya yan divarı üzərində yerləşdirməyə imkan vermədikdə, markalanma həmçinin taranın qapağında yerləşdirilə bilər.
36.10. İxrac edilən yüklərə taranı xarakterizə edən markalanma vurulmur.
36.11. Daşınan iriqabaritli və ağırçəkili yüklərin üzərində parlaq və silinməz boya ilə yükün kütləsi, ağırlıq mərkəzi, bağlamaq, bərkitmək və təmas üçün yol verilən hissələr göstərilməlidir.
 
37. Yükləmə-boşaltma işlərinə dair tələblər
 
Yüklərin yüklənməsi və boşaldılması yükgöndərənin və ya yükalanın işçi qüvvəsi və vasitələri ilə yerinə yetirilir. Tərəflərin razılaşması əsasında yükləmə-boşaltma işlərinin yerinə yetirilməsini daşıyıcı öz üzərinə götürə bilər.
 
38. Beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin rəsmiləşdirilməsinə dair tələblər
38.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — CMR) bu Qaydaların 22 nömrəli əlavəsində nəzərdə tutulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır.
38.2. Yükgöndərənin, daşıyıcının və yükalanın CMR-ə hər hansı bir məlumatı daxil etmək hüquqları vardır.
38.3. Daşıyıcı yükü qəbul edərkən CMR-də olan yük yerlərinin sayı, onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır.
38.4. Yüklərin daşınması ardıcıl olaraq bir neçə daşıyıcı tərəfindən yerinə yetirildikdə, ikinci və hər bir sonrakı daşıyıcı daşıma müqaviləsinin iştirakçılarıdır.
38.5. Daşıyıcı digər daşıyıcıdan yükü qəbz əsasında qəbul etməlidir. Bu zaman CMR-in ikinci nüsxəsində yükü qəbul edən daşıyıcının adı və ünvanı, zərurət olduqda yükə aid olan əsaslandırılmış qeyd-şərt daxil edilir.
38.6. Daşıma bir neçə daşıyıcı tərəfindən yerinə yetirilərkən, CMR daşıma müqaviləsinin bağlanmasını təsdiq edən, mübahisə edilməyən sübutdur.
38.7. Yükgöndərən CMR-ə bütün zəruri sənədləri əlavə etməlidir.
38.8. Yükgöndərən CMR-in ikinci nüsxəsi yükalana təqdim edilənə kimi yükə dair sərəncam verə bilər.
38.9. Yükgöndərən CMR tərtib edilən andan yükə dair sərəncam vermək hüququnu yükalana verə bilər. Bu zaman yükgöndərən CMR-də müvafiq qeydlər aparmalıdır.
38.10. Yükgöndərən (yükalan) tərəfindən yükün başqa ünvana göndərilməsi zərurəti yarandıqda, yeni göstərişlər daxil edilmiş CMR-in birinci nüsxəsi daşıyıcıya təqdim edilir. Bu halda yükgöndərən bu göstərişin yerinə yetirilməsi üçün çəkilən xərclərin və vurulan zərərin əvəzini daşıyıcıya ödəyir. Bu göstərişin yerinə yetirilməsi daşıyıcının avtomobil nəqliyyatı ilə daşıma müqavilələri ilə əlaqədar planlarını pozmamalıdır. Daşıyıcının alınan göstərişi yerinə yetirmək imkanı olmadıqda, o bu barədə sifarişçini məlumatlandırmalıdır.
38.11. Yükün təhvil verilmə yerinə gəlib çatmasınadək hər hansı bir səbəbdən daşıma müqaviləsini CMR-də göstərilən şərtlərlə yerinə yetirmək mümkün olmadıqda, daşıyıcı bu barədə yükgöndərəni və ya yükalanı məlumatlandırmalıdır. Daşıyıcı CMR-də nəzərdə tutulan şərtlərlə daşımanın yerinə yetirilməsinə şərait imkan vermədikdə və sifarişçidən ağlabatan müddətdə göstərişlər ala bilmədikdə, qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət etməklə sifarişçinin maraqlarına uyğun daha çox əlverişli olan tədbirləri görməlidir.
38.12. Yükün çatdırılma yerinə gəldikdən sonra onun təhvil verilməsinə maneə yaradan hallar baş verərsə, daşıyıcı bu barədə yükgöndərəni məlumatlandırmalıdır.
38.13. Yükalan yükün digər yükalana təhvil verilməsi haqqında göstəriş verdikdə birinci yükalan yükgöndərən, yük təhvil verilən şəxs isə yükalan hesab olunur.
38.14. CMR-də müəyyən edilən şərtlərlə yükün təhvil verilmə yerinə gəlib çatması mümkün olmadıqda, daşıyıcı qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət etməklə, yükü xüsusi və ya kirayə edilmiş anbarda saxlaya bilər.
38.15. Yük daşıyıcı tərəfindən satıldıqda, əldə olunan məbləğdən daşımaya görə ödənilməli ödənişlər və xərclər çıxıldıqdan sonra qalan məbləğ sifarişçiyə qaytarılmalıdır.
38.16. Daşıyıcı tərəfindən yükün satılması qaydası yükün satıldığı ölkənin qanunvericiliyinə uyğun olaraq yerinə yetirilməlidir.
 
39. Daşımalara görə hesablaşmalar
 
39.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına görə ödənişin məbləği və hesablaşma qaydası sifarişçi və daşıyıcı arasında bağlanmış müqavilə ilə müəyyən edilir.
39.2. Yük daşımalarının yerinə yetirilməsinə görə sifarişçi və daşıyıcı arasında hesablaşmalar müqavilə ilə hesablaşmanın başqa qaydası müəyyən edilmədikdə, yükgöndərən və yükalan tərəfindən müvafiq qeydin edildiyi CMR-in əlavə olunduğu daşıyıcının hesabatı əsasında həyata keçirilir.
 
40. Pretenziya və iddiaların təqdim edilməsi qaydası
 
40.1. Daşıyıcıdan yükü qəbul edərkən yükalanın yükün açıq-aşkar korlanması, zədələnməsi və ya əskik çıxması barədə pretenziyası yaranarsa, o, bu barədə CMR-də müvafiq qeyd aparmalı, onu öz imzası və möhürü ilə təsdiq etməlidir.
40.2. Yükün əskik çıxması, korlanması və ya zədələnməsi zahirən görünmədikdə və bu hallar yükalan tərəfindən yükü daşıyıcıdan qəbul etdikdən sonra mümkün və yolverilən müddət ərzində aşkar edildikdə, yükalan yükü qəbul etdiyi gündən 10 iş günü müddətində daşıyıcıya pretenziya verə bilər.
Əks halda yük yükalan tərəfindən CMR-də qeyd olunmuş vəziyyətdə qəbul edilmiş hesab olunur.
40.3. Müddətlər bitdikdə, yükün təhvil verildiyi gün və ya yoxlama aparıldığı gün, yaxud yükün yükalanın sərəncamına verildiyi gün pretenziya verilməsi üçün müəyyən olunmuş müddətə daxil edilmir.
40.4. Beynəlxalq yük daşınmasından irəli gələn mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyində və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada baxılır.
 
VI. DAŞIYICILARIN, YÜKGÖNDƏRƏNLƏRİN VƏ YÜKALANLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
 
41. Daşıyıcının hüquqları
 
41.1. Daşıyıcı aşağıdakı hüquqlara malikdir:
41.1.1. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi, avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə və ya yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxt edilməsi) müqaviləsini bağlamaq;
41.1.2. sifarişçi daşıyıcının çəkdiyi xərclərin ödənilməsinə təminat vermədikdə və ya həmin xərclərin ödənilməsindən imtina etdikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə daşıma qadağan edildikdə, avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsindən, avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilədən və ya yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxt edilməsi) müqaviləsindən imtina etmək;
41.1.3. bir avtonəqliyyat vasitəsi ilə daşınmaq üçün təqdim edilən yükün kütləsi onun yükgötürmə qabiliyyətindən artıq olduqda və avtomobil yolları ilə daşımaların müvəqqəti məhdudlaşdırılması və ya dayandırılması səbəblərindən yük çatdırılmadıqda, avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi və ya yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsindən imtina etmək;
41.1.4. əmtəə təyinatlı yük əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədikdə, sifarişçi daşıma şərtlərini nizamlayan sanitar və ya digər qaydalara uyğun olaraq, daşıma üçün zəruri olan sənədləri təqdim etmədikdə və ya təhvil vermədikdə, yük keyfiyyətinə görə dövlət standartlarına uyğun olmadıqda, yük daşıma zamanı onun salamatlığını təmin etməyən lazımsız vəziyyətdə qablaşdırmada və ya tarada təqdim edildikdə, yük icraya qəbul edilmiş müqavilədə nəzərdə tutulmadıqda, ölkədaxili daşımalarda isə digər təyinat məntəqəsi üçün nəzərdə tutulduqda və xırda partiyalarla daşımaya təqdim edilmiş müxtəlif növ yüklərin öz xüsusiyyətlərinə görə eyni nəqliyyat vasitəsində birgə daşınmasına yol verilmədikdə, avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsindən imtina etmək;
41.1.5. yük düzgün plomblanmadıqda və ya onun üzərində aydın olmayan iz olduqda, daşımanın yerinə yetirilməsinə başlamamaq;
41.1.6. yükləmə üçün gözləmədən 1 saat keçəndən sonra avtonəqliyyat vasitəsini dayanacaq yerinə qaytarmaq və ya ondan digər daşımalarda istifadə etmək;
41.1.7. yükləri daşınmaya qiyməti elan olunmaqla qəbul etmək;
41.1.8. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi və ya avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilənin yerinə yetirilməsi üçün zəruri olan avtonəqliyyat vasitələrinin növünü və sayını müəyyən etmək;
41.1.9. yükün xarici görünüşünün vəziyyətinə və ya onun qablaşdırılmasına aid olan məlumatları əmtəə-nəqliyyat qaiməsinə daxil etmək;
41.1.10. yükün avtonəqliyyat vasitəsinin banına düzgün yüklənməsini və yerləşdirilməsini yoxlamaq və yükgöndərəndən nəzərə çarpan qüsurların aradan qaldırılmasını tələb etmək;
41.1.11. daşıyıcıya daşınmaq üçün təhvil verilmiş yükü daşıma haqqı və digər ödənişlər hesabına qanunvericiliklə digər hal nəzərdə tutulmadıqda və ya müqavilə ilə öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmədikdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada saxlamaq;
41.1.12. yük daşıyıcıdan asılı olmayan səbəblərdən yükalana təhvil verilə və ya yükgöndərənə qaytarıla bilmədikdə qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət etməklə yükü satmaq;
41.1.13. yükün əskik çıxması, korlanması və ya zədələnməsi səbəblərini və ya miqdarını, o cümlədən onun dəyərinin azaldığı məbləği müəyyən etmək üçün ekspertiza təyin etmək;
41.1.14. sifarişçinin təqsiri üzündən yaranmış ziyanın (itkinin) əvəzinin ödənilməsini tələb etmək.
 
42. Daşıyıcının vəzifələri
 
42.1. Daşıyıcının vəzifələri aşağıdakılardır:
42.1.1. avtomobil nəqliyyatı ilə yük daşımalarının yerinə yetirilməsi zamanı lisenziyalaşdırılmalı olan fəaliyyət növlərinə verilən lisenziyaya malik olmaq;
42.1.2. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinin, avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilənin və ya yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxt edilməsi) müqaviləsinin şərtlərini, bu Qaydaların və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarını yerinə yetirmək;
42.1.3. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi, avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə və ya yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxt edilməsi) müqaviləsi ilə müəyyən edilmiş şərtləri vaxtında və tam həcmdə yerinə yetirə bilmədiyi halda, yükün daşınmalı olduğu günün əvvəlki günü saat 14.00-a qədər sifarişçiyə bildiriş vermək;
42.1.4. avtonəqliyyat vasitələrini yüklənməyə həmin növ yükün daşınması üçün yararlı və sanitariya tələblərinə uyğun olan vəziyyətdə vaxtında təqdim etmək;
42.1.5. yükləmə-boşaltma işlərinin öz qüvvəsi ilə yerinə yetirildiyi halda, texniki təhlükəsizlik qaydalarına riayət etmək;
42.1.6. yolların şəraitinə görə daşımanın artırılmış gedişlə yerinə yetirilməsi daha səmərəli olduğu hallar istisna olmaqla, yükləri ən qısa marşrut üzrə daşımaq və yükgöndərəni daşıma məsafəsinin artması barədə xəbərdar etmək;
42.1.7. tökülə bilən yükləri avtomobil yollarını və yolkənarı zolaqları (təhkim zolaqlarını) çirkləndirmədən daşımaq;
42.1.8. müqavilə ilə müəyyən edilmiş müddətdə yükü təyinat məntəqəsinə çatdırmaq;
42.1.9. beynəlxalq avtomobil daşımaları zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş gömrük rəsmiləşdirilməsindən sonra yükgöndərəndən yükü qəbul etmək və yükalana təhvil vermək;
42.1.10. yükgöndərənlərə və ya yükalanlara daşıyıcı tərəfindən vurulmuş real zərərin əvəzini ödəmək;
42.1.11. daşınan yükün keyfiyyətinin aşağı düşməsi əlamətləri aşkar edildiyi halda yükgöndərəni xəbərdar etmək;
42.1.12. baytarlıq nəzarəti xidmətinin və yaxud dövlət yol polisinin əməkdaşlarına baytarlıq şəhadətnaməsini yoxlamaq üçün təqdim etmək;
42.1.13. beynəlxalq yük daşımalarının yerinə yetirilməsi zamanı bilavasitə avtonəqliyyat vasitələrinin istismarı ilə əlaqədar yaranan ziyana görə mülki məsuliyyətin sığortasını (üçüncü şəxslər qarşısında məsuliyyət) rəsmiləşdirmək.
 
43. Yükgöndərənin hüquqları
 
43.1. Yükgöndərənin aşağıdakı hüquqları vardır:
43.1.1. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi, avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə və ya yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxt edilməsi) müqaviləsini bağlamaq;
43.1.2. avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə olduqda, daşıyıcıya birgünlük (həftəlik, ongünlük və ya aylıq) tələbnamə təqdim etmək;
43.1.3. yükün dəyərini elan etmək;
43.1.4. daşıyıcı tərəfindən yükalana əmtəə-nəqliyyat qaiməsinin ikinci nüsxəsi verilənədək qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət etməklə yükə dair sərəncam vermək;
43.1.5. əmtəə-nəqliyyat qaiməsinin tərtib edildiyi tarixdən yükə dair sərəncam vermək hüququnu yükalana vermək;
43.1.6. yüklərin daşınmasını dayandırmaq və ya çatdırılma məntəqəsini dəyişdirmək;
43.1.7. yüklərin daşınması şərtləri haqqında məlumat almaq;
43.1.8. müvafiq yükün daşınması üçün avtonəqliyyat vasitəsinin yararlığını müəyyən etmək;
43.1.9. müvafiq yükün daşınması üçün yararlı olmadıqda, avtonəqliyyat vasitəsindən imtina etmək;
43.1.10. daşıyıcının və ya yükalanın təqsiri üzündən yaranmış zərərin əvəzinin ödənilməsini tələb etmək;
43.1.11. yükün yeni təyinat məntəqəsi barədə (beynəlxalq daşımalar zamanı daşıyıcıdan asılı olmayan səbəblərdən yükü yükalana təhvil vermək mümkün olmadıqda) daşıyıcıya göstərişlər vermək.
 
44. Yükgöndərənin vəzifələri
 
44.1. Yükgöndərənin vəzifələri aşağıdakılardır:
44.1.1. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinin, avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilənin və ya yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsinin şərtlərini, yük daşınması qaydalarının və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarını yerinə yetirmək;
44.1.2. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi, avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə və ya yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi ilə müəyyən edilmiş daşıma qaydasına hər hansı dəyişikliklər etdikdə, yükün daşınmalı olduğu günün əvvəlki günü saat 11.00-a qədər daşıyıcıya bildiriş vermək;
44.1.3. yükü daşınma üçün hazırlamaq (yükləri taralamaq, yükalanlar üzrə qruplaşdırmaq, hər bir yük yerini markalamaq);
44.1.4. daşıyıcı üçün yükün yüklənməsi yerinə gediş hüququna dair buraxılış vərəqəsi hazırlamaq;
44.1.5. doldurulma təlimatına uyğun olaraq, yükə dair əmtəə-nəqliyyat qaimələrini və digər əlavə sənədləri rəsmiləşdirmək;
44.1.6. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsində, avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilədə və ya yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsində digər hal nəzərdə tutulmadıqda, avtonəqliyyat vasitələrini yük qalıqlarından təmizləmək və zərurət yarandıqda banları sanitariya baxımından təmizləmək;
44.1.7. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsində, avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilədə nəzərdə tutulmuş müddətlərdə yükün avtonəqliyyat vasitələrinə yüklənməsini yerinə yetirmək;
44.1.8. yol verilə bilən yük normalarına riayət etməklə, müəyyən edilmiş oxa düşən yükün avtonəqliyyat vasitəsinə yüklənməsini yerinə yetirmək;
44.1.9. yükləmə işləri yerinə yetirilərkən texniki təhlükəsizlik qaydalarına riayət etmək;
44.1.10. yüklənmiş üstüörtülü avtonəqliyyat vasitələrini, avtomobillərin ayrı-ayrı seksiyalarını, konteynerləri və sisternləri bir yükalana ünvanlayaraq plomblamaq, qutularda, yeşiklərdə və digər tarada yerləşən xırda ədədi malları isə plomblamaq və ya banderollamaq;
44.1.11. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsində və ya avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilədə digər ödəyicilər nəzərdə tutulmadıqda, daşıma haqqını tam həcmdə ödəmək;
44.1.12. yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsində digər ödəyicilər nəzərdə tutulmadıqda, avtonəqliyyat vasitəsindən istifadə haqqını tam həcmdə ödəmək;
44.1.13. Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq avtomobil yollarının (yolkənarı zolaqların, təhkim zolaqlarının) çirkləndirilməsinə görə ziyanın əvəzini ödəmək.
 
45. Yükalanın hüquqları
 
45.1. Yükalan aşağıdakı hüquqlara malikdir:
45.1.1. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi, avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə və ya yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsini bağlamaq;
45.1.2. yükün keyfiyyəti onun bilavasitə təyinatına uyğun tam və ya qismən istifadəsi imkanını istisna edən dərəcədə dəyişərsə, yükü qəbul etməmək;
45.1.3. yükə dair sərəncam vermək hüququ əmtəə-nəqliyyat qaiməsində müvafiq qeyd etməklə yükgöndərən tərəfindən təsdiq edildiyi halda, əmtəə-nəqliyyat qaiməsi tərtib edildiyi andan yükə dair sərəncam vermək;
45.1.4. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsində və ya avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilədə nəzərdə tutulduğu halda daşıma prosesi zamanı qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət etməklə yükü yeni ünvana göndərmək.
 
46. Yükalanın vəzifələri
 
46.1. Yükalanın vəzifələri aşağıdakılardır:
46.1.1. yükün yüklənməsi yerinə gediş hüququna dair daşıyıcı üçün buraxılış vərəqəsi hazırlamaq;
46.1.2. ilin istənilən vaxtında və günündə avtonəqliyyat vasitələrinin yüklənmə və manevretmə yerinə maneəsiz gedişini təmin etmək;
46.1.3. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsində və ya avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilədə nəzərdə tutulmuş müddətlərdə yükün avtonəqliyyat vasitəsindən boşaldılmasını yerinə yetirmək;
46.1.4. boşaltma işlərini yerinə yetirərkən, texniki təhlükəsizlik qaydalarına riayət etmək;
46.1.5. doldurulma təlimatına uyğun olaraq, yükə dair əmtəə-nəqliyyat qaimələrini və digər əlavə sənədləri rəsmiləşdirmək;
46.1.6. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsində, avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilədə və ya yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsində digər hal nəzərdə tutulmadıqda, avtonəqliyyat vasitələrini yük qalıqlarından təmizləmək və zərurət yarandıqda, banları sanitariya baxımından təmizləmək;
46.1.7. avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsində və ya avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilədə nəzərdə tutulduqda, daşıma haqqını tam həcmdə ödəmək;
46.1.8. yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsində nəzərdə tutulduqda, avtonəqliyyat vasitəsindən istifadə haqqını tam həcmdə ödəmək.
 
VII. DAŞIYICININ VƏ SİFARİŞÇİNİN MƏSULİYYƏTİ VƏ BU QAYDALARIN YERİNƏ YETİRİLMƏSİNƏ NƏZARƏT
 
47. Avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımalarından irəli gələn daşıyıcının və sifarişçinin məsuliyyəti
 
47.1. Daşımaya dair razılaşdırılmış tələbnamədə və ya icraya qəbul edilmiş birdəfəlik sifarişdə nəzərdə tutulmuş miqdarda yükün daşınmamasına görə daşıyıcı, müqavilədə digər hal nəzərdə tutulmamışdırsa, daşınmamış yükün daşıma dəyərinin 20 faizi miqdarında sifarişçiyə haqq ödəyir.
47.2. Daşımaya dair razılaşdırılmış tələbnamədə və ya icraya qəbul edilmiş birdəfəlik sifarişdə nəzərdə tutulmuş miqdarda daşınmaq üçün yükün təqdim edilməməsinə görə sifarişçi, müqavilədə digər hal nəzərdə tutulmamışdırsa, təqdim edilməmiş yükün daşıma dəyərinin 20 faizi miqdarında daşıyıcıya haqq ödəyir.
47.3. Təqdim edilməmiş və ya daşınmamış yükün daşıma haqqı daşıma vaxtı müəyyən edilmiş qiymətə və orta daşıma məsafəsinə uyğun olaraq müəyyən edilir.
47.4. Avtonəqliyyat vasitəsinin yükləmə məntəqəsinə vaxtında verilməməsinə görə (razılaşdırılmış vaxtdan 30 dəqiqədən — 2 saatadək gecikdirildikdə) daşıyıcı müqavilə şərtlərinə uyğun olaraq sifarişçiyə cərimə ödəyir. Avtonəqliyyat vasitəsinin gecikməsi 2 saatdan çox olarsa, sifariş daşıyıcının təqsiri üzündən yerinə yetirilməmiş sayılır və sonuncu bu Qaydaların 47.1-ci bəndinə uyğun olaraq məsuliyyət daşıyır.
47.5. Daşıyıcı, işi vaxthesabı tariflə ödənilən avtomobil nəqliyyatı ilə yük daşınmasına dair tələbnamədə və ya icraya qəbul edilmiş birdəfəlik sifarişdə nəzərdə tutulmuş sayda avtonəqliyyat vasitəsini təqdim etmədikdə və ya bu avtonəqliyyat vasitələrinin verilməsini gecikdirdikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, vaxthesabı tarifə uyğun olaraq sifarişçiyə cərimə ödəyir.
47.6. Sifarişçi, işi vaxthesabı tariflə ödənilən avtomobil nəqliyyatı ilə yüklərin daşınmasına dair tələbnamədə və ya icraya qəbul edilmiş birdəfəlik sifarişdə göstərilən sayda avtonəqliyyat vasitəsindən tam və ya qismən imtina etdikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, avtonəqliyyat vasitəsinin boş dayanmasına görə vaxthesabı tarifə uyğun olaraq daşıyıcıya cərimə ödəyir.
47.7. Daşıyıcı və sifarişçi müqavilənin yerinə yetirilməməsinə görə cərimənin ödənilməsindən aşağıdakı hallarda azad edilirlər:
47.7.1. təbii xarakterli hadisələr (qalaqlar, sellər, yanğınlar və s.);
47.7.2. aradan qaldırılması ən azı 3 gün çəkən qəzalar;
47.7.3. ümumi istifadədə olan avtomobil yolları ilə avtonəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti dayandırılması və ya məhdudlaşdırılması halları baş verdikdə.
47.8. Daşıyıcı yükün itirilməsi, əskik çıxması, korlanması və ya zədələnməsinə görə məsuliyyətdən aşağıdakı hallarda azad edilir:
47.8.1. yük yükgöndərənin pozulmamış plombları ilə saz avtonəqliyyat vasitəsilə, ədədi yüklər isə tam qablaşdırılmış şəkildə və plomblanmış halda və ya salamat tarada gəldikdə;
47.8.2. yükün əskik çıxması, korlanması və ya zədələnməsi üstüaçıq banlı avtonəqliyyat vasitəsilə yük daşınması nəticəsində təbii səbəblərdən baş verdikdə;
47.8.3. yük sifarişçi tərəfindən müşayiət edildikdə;
47.8.4. yükün əskik çıxması onun təbii azalma normasını aşmadıqda, o cümlədən yükün itməsinin, əskik çıxmasının, korlanmasının və ya zədələnməsinin ondan asılı olmayan səbəblərdən baş verdiyini sübut etdikdə.
47.9. Daşıyıcı daşınan şüşə taraların keyfiyyətinə (butulkanın və ya bankanın rənginə, o cümlədən onların üzərindəki nahamarlığa, qopuqlara, kəsiklərə və s.) görə məsuliyyət daşımır.
47.10. Daşıyıcı, ona pretenziya təqdim edildiyi hallarda itirilmiş, əskik çıxmış, korlanmış və ya zədələnmiş yükün dəyərinin əvəzini sifarişçinin hesabına, yükə dair hesablaşmaların bank vasitəsi ilə aparılmadığı hallarda isə hesabı əvəz edən sənədlər əsasında sifarişçiyə ödəyir.
47.11. Yükün itirilməsinə və ya əskik çıxmasına görə daşıyıcı müvafiq dəbbə pulu ödəmişdirsə, sonradan yük tapıldıqda, yükalan (yükgöndərən) yükün itirilməsi və ya əskik çıxmasına görə aldığı dəbbə pulunu geri qaytararaq, bu yükün ona verilməsini tələb etməyə haqlıdır.
47.12. Avtonəqliyyat vasitəsinin yüklənmə və ya boşaldılmasında müqavilə ilə müəyyən edilmiş vaxt normasından artıq vaxt sərf edildiyinə, o cümlədən yükgöndərənin (yükalanın) təqsiri üzündən yaranan hallarda avtonəqliyyat vasitəsinin dayanacaq yerində və ya hərəkət yolunda boş dayanmasına görə, müqavilədə digər hal nəzərdə tutulmamışdırsa, yükgöndərən (yükalan) saathesabı tarifə uyğun daşıyıcıya dəbbə pulu ödəməlidir.
47.13. Yükgöndərən tərəfindən yük icraya qəbul edilmiş birdəfəlik sifarişdə nəzərdə tutulmayan digər təyinat məntəqəsində yüklənmək üçün daşımaya təqdim edildikdə, daşıyıcı avtonəqliyyat vasitələrindən istifadə dəyərini alaraq, daşımadan imtina edə bilər.
47.14. Əmtəə-nəqliyyat qaiməsinin, o cümlədən yol vərəqəsinin rəsmiləşdirilməsindən imtina edilməsinə və ya düzgün rəsmiləşdirilməməsinə görə yükgöndərən (yükalan) daşıyıcıya müqavilə ilə nəzərdə tutulmuş miqdarda dəbbə pulu ödəyir.
47.15. Gömrük, sanitariya və digər qaydaların icrası üçün zəruri olan sənədlərin əmtəə-nəqliyyat qaiməsinə əlavə edilməməsi nəticəsində avtonəqliyyat vasitələrinin, konteynerlərin ləngidilməsinə görə sifarişçi daşıyıcıya müqavilə ilə nəzərdə tutulmuş məbləğdə dəbbə pulu ödəyir.
47.16. Sifarişçi yükləmə və ya boşaltma zamanı onun təqsiri üzündən vurulmuş zərərin əvəzini ödəməlidir.
47.17. Əhaliyə məxsus yüklərin avtomobil nəqliyyatı ilə daşınması zamanı daşıyıcının məsuliyyəti və həmin daşımalarla əlaqədar tələblərin irəli sürülməsi qaydası «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
47.18. Daşıyıcılar və sifarişçilər müqavilə ilə nəzərdə tutulmuş digər məsuliyyət daşıya bilərlər.
 
48. Daşıyıcının və sifarişçinin avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarından irəli gələn məsuliyyəti
 
48.1. Yükgöndərən aşağıdakılara görə məsuliyyət daşıyır:
48.1.1. müqavilə ilə müəyyən edilmiş həcmdə, nomenklaturada və ya müddətdə yüklərin daşınma üçün təqdim edilməməsinə;
48.1.2. daşıyıcının təqsiri üzündən baş verən hallar istisna olmaqla, yük yükgöndərənə təhvil verilənədək rəsmiləşdirilməli olan əmtəə-nəqliyyat qaiməsinin düzgün doldurulmaması, o cümlədən gömrük və digər sənədlərin rəsmiləşdirilməsi üçün zəruri olan məlumatların və sənədlərin olmaması və ya düzgün doldurulmaması nəticəsində daşıyıcıya dəymiş zərərə;
48.1.3. yükün gəlməsi zamanı qüsur daşıyıcıya məlum və ya bəlli olmasına baxmayaraq, əmtəə-nəqliyyat qaiməsində onun tərəfindən bu barədə lazımi qeydlər edilmədiyi hallar istisna olmaqla, yükün qüsurlu qablaşdırılmasına görə daşıyıcıya dəymiş zərərə.
48.2. Daşıyıcı aşağıdakılara görə məsuliyyət daşıyır:
48.2.1. əmtəə-nəqliyyat qaiməsinin və ya ona əlavə edilmiş sənədlərin itirilməsinə;
48.2.2. yükün tam və ya qismən itirilməsinə, o cümlədən zədələnməsinə və ya çatdırılmanın gecikdirilməsinə;
48.2.3. gömrük qaydalarına riayət olunmasına məsuliyyət daşıyır.
48.3. Avtonəqliyyat vasitəsinin xarici dövlətin ərazisində hərəkəti üçün icazə almış daşıyıcılar, həmin icazədən düzgün istifadəyə, onun lazımi vəziyyətdə saxlanılmasına və vaxtında təhvil verilməsinə görə məsuliyyət daşıyırlar.
48.4. Daşıyıcı yükün itirilməsi və ya çatdırılmanın gecikdirilməsinə görə aşağıdakı hallarda məsuliyyət daşımır:
48.4.1. itirilmə və ya çatdırılmanın gecikdirilməsi yükgöndərənin (yükalanın və ya ekspeditorun) təqsiri üzündən, yükə xas olan qüsur və ya qarşısıalınmaz qüvvə səbəbindən baş verdikdə;
48.4.2. yükgöndərənlə razılaşdırılmaqla və əmtəə-nəqliyyat qaiməsində göstərilməklə (əskiklik yol verilən normadan artıq olduğu və ya yük yeri itirilmiş hallar istisna olmaqla), tenti örtüsü olmayan avtonəqliyyat vasitəsindən istifadə edildikdə;
48.4.3. yükün qablaşdırılmaması və ya qablaşdırılmasının zədələnməsi yükün zədələnməsinə və ya korlanmasına səbəb olduqda;
48.4.4. itirilmə və ya korlanma yükün təbii xüsusiyyətləri — korroziyası, çürüməsi, quruyub azalması və sıxılması və ya parazitlərin və gəmiricilərin təsiri (əgər daşıma yükün istinin, soyuğun və ətraf havanın rütubətli təsirindən qorunması üçün xüsusi təchiz edilmiş avtonəqliyyat vasitəsilə yerinə yetirilirsə, daşıyıcı bu maddəyə istinad edə bilməz) nəticəsində baş verdikdə;
48.4.5. yük yerlərinin qeyri-qənaətbəxş nömrələnməsi və ya markalanması nəticəsində yük əskik çıxdıqda;
48.4.6. itirilmə və ya çatdırılmanın gecikdirilməsi canlı heyvanların daşınması (daşıyıcı öz xeyrinə bu bəndə yalnız o halda istinad edə bilər ki, o, şərait nəzərə alınmaqla, görməli olduğu bütün tədbirləri gördüyünü və təlimata uyğun olaraq hərəkət etdiyini sübuta yetirə bilsin) nəticəsində baş verdikdə.
48.5. İtirilmənin, zədələnmənin və ya çatdırmanın gecikdirilməsinin yükgöndərənin (yükalanın, ekspeditorun) təqsiri üzündən baş verdiyini sübut etmək vəzifəsi daşıyıcının üzərinə düşür.
48.6. Yük razılaşdırılmış müddət keçdikdən sonra təyinat yerinə çatdırılmazsa və ya bu müddət daşıyıcı tərəfindən yük qəbul edildiyi gündən 3 ay ərzində onunla razılaşdırılmazsa, itirilmiş sayılır.
48.7. Yükgöndərən (yükalan) itirilmiş yükə görə ona dəyən zərərin əvəzini aldığı zaman zərərin əvəzinin ödənildiyi vaxtdan növbəti 1 il ərzində yük tapıldıqda, onun yükalana qaytarılması barədə təcili bildiriş göndərilməsini yazılı formada xahiş edə bilər. Bildiriş alındıqdan sonra 30 gün müddətində yükgöndərən (yükalan) əmtəə-nəqliyyat qaiməsində göstərilmiş borcun ödənilməsi yerinə yükün ona verilməsini, o cümlədən əvəzini aldığı ödənişin qaytarılmasının yerinə əvəzi ödənilən məbləğə daxil olan xərclərin tutulmasını tələb edə bilər.
Yükgöndərənin (yükalanın) dəyişdirilməsi barədə xahiş olmadıqda, yükün tapıldığı və ya 30 gün müddətinə verilmiş yükün hüquqi vəziyyətinə dair qaydaların olmadığı aşkar edildiyi hallarda, yük əvəzin ödənilməsindən yalnız 1 il keçdikdən sonra tapılarsa, daşıyıcı yükün olduğu yerin ölkəsinin qanunvericiliyinə uyğun olaraq, tapılmış yükə dair sərəncam vermək hüququna malikdir.
48.8. Yük daşınması müqaviləsinin şərtlərinə əsasən daşıyıcı tərəfindən yükalandan tutulmalı ödəniş alınmadan yükalana təhvil verildikdə, daşıyıcı belə ödənişin məbləğindən artıq olmayan məbləğin əvəzini yükgöndərənə ödəməlidir.
48.9. Daşıyıcı bu Qaydalara uyğun olaraq, yükün tam və ya qismən itirilməsinə səbəb olmuş ziyanın əvəzini ödədikdə, həmin məbləğin ölçüsü yükün daşınmaq üçün qəbul edildiyi vaxtda və yerdə olan dəyəri əsasında müəyyən edilir.
Yükün dəyəri birja qiyməti əsasında, bu olmadıqda cari bazar qiyməti əsasında və ya bunlar olmadıqda isə eyni növdən və keyfiyyətdən olan malın adi dəyəri əsasında müəyyən edilir. Ödəmənin ölçüsü əskik çıxan brutto çəkisi hər kiloqramına görə 8,33 hesablaşma vahidini aşmamalıdır.
Hesablaşma vahidi — 0,900 qızıl əyarlı 10/31 qram çəkidə qızıl frank.
48.10. Yükün qismən itirildiyi hallarda daşınmaya görə ödənişlər və daşıma ilə əlaqədar digər xərclər ziyanın müvafiq miqdarına mütənasib, gömrük ödənişlərinin məbləği isə mövcüd gömrük qanunvericiliyinə uyğun olmalıdır.
48.11. Çatdırılmanın gecikdirildiyi hallarda, ərizəçi gecikdirilmə nəticəsində ona zərər dəydiyini sübut etdikdə, daşıyıcı bu zərərin əvəzini ödəməlidir. Ödəmənin məbləği daşıma haqqından artıq ola bilməz.
48.12. Yükün zədələndiyi hallarda, daşıyıcı bu Qaydaların 48.9-cu bəndində müəyyən edilmiş qaydada yükün dəyərini nəzərə almaqla, onun qiymətinin aşağı salındığı müvafiq məbləği ödəyir.
48.13. Ödəmənin miqdarı aşağıdakı həddən artıq olmamalıdır:
48.13.1. bütün daşınan yükün zədələndiyi halda — əvəzi ödənilməli məbləğ, yükün itirilməsinə görə çatmalı məbləğ miqdarında;
48.13.2. daşınan yükün bir hissəsinin zədələndiyi halda — yükün bu hissəsinin itirilməsinə görə çatmalı olan məbləğ miqdarında.
48.14. Pretenziya və ya iddianı tərtib edən yükgöndərənin (yükalanın və ya ekspeditorun) tələbi üzrə daşıyıcı ödənilməli məbləğdən pretenziyanın yazılı formada ona göndərildiyi gündən, pretenziya təqdim edilmədikdə isə iddianın təqdim edildiyi gündən illik 5 faiz hesablanmaqla faiz ödəməlidir.
48.15. Yük daşınması bir neçə daşıyıcı tərəfindən yerinə yetirildikdə, hər bir daşıyıcı daşımaya görə məsuliyyət daşıyır.
Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcı vasitəsilə yerinə yetirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.
Təqsiri üzündən ziyan vurulmasına görə daşıyıcı zərərin əvəzinin onun və ya digər daşıyıcı tərəfindən ödənilməsindən asılı olmayaraq, şəxsən məsuliyyət daşıyır.
İki və ya daha çox daşıyıcının təqsiri üzündən ziyan vurulduğu halda, onlardan hər biri üzərinə düşən məsuliyyət payına mütənasib olaraq zərərin əvəzini ödəməlidir. Bu payı müəyyən etmək mümkün olmadıqda, hər bir daşıyıcı daşınmaya görə onlara çatmalı olan daşıma haqqına mütənasib olaraq məsuliyyət daşıyır.
Daşıyıcılardan kimin zərərə görə məsuliyyət daşımalı olduğunu müəyyən etmək mümkün olmadıqda, ödənilməli məbləğ daşınmaya görə haqqın məbləğində olan paya mütənasib olaraq daşıyıcılar arasında bölüşdürülür.
Daşıyıcılardan birinin öz üzərinə düşən məbləği ödəmək qabiliyyəti olmadığı halda, onun tərəfindən zərərin ödənilməmiş hissəsi daşınmaya görə haqqın məbləğinə olan paya mütənasib olaraq bütün digər daşıyıcılar arasında bölüşdürülür.
 
49. Avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə daşıyıcının məsuliyyəti
 
Daşıyıcı avtomobil yollarına və yol tikililərinə vurulmuş ziyana görə, o cümlədən avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.
 
50. Bu Qaydaların yerinə yetirilməsinə nəzarət
 
Bu Qaydaların yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq öz səlahiyyətləri daxilində digər dövlət orqanları tərəfindən həyata keçirilir.


________________________________________