Baş səhifə » Qanunvericilik » Sərəncamlar » Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması haqqında 26 oktyabr 2007-ci il, № 2469

Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
 
"Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 1 fevral tarixli 1255 nömrəli Sərəncamına müvafiq olaraq Bakı şəhərində mövcud olan nəqliyyat problemlərinin həll edilməsi, o cümlədən yolların buraxılış qabiliyyətinin artırılması, yol hərəkətindəki gərginliyin, xüsusilə pik saatlarında şəhərin gündəlik həyat ahənginə mənfi təsir göstərən tıxacların aradan qaldırılması, ümumilikdə paytaxtın nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, yeni müasir yolların və yol qurğularının, körpülərin, yeraltı və yerüstü keçidlərin tikintisi müəyyən olunmuş müddətlərdə yerinə yetirilərək istismara verilmiş və hazırda bu işlər davam etdirilir.
Bu sahədə əldə olunmuş müsbət nəticələrin effektivliyinin artırılması, nəqliyyatın hərəkətinin tənzimlənməsi, sərnişin daşıma marşrutlarının optimallaşdırılması və idarə olunmasının müasir tələblərə uyğun qurulması, ümumilikdə ən müasir texnologiyalar tətbiq etməklə şəhər nəqliyyat sisteminin təkmilləşdirilməsini təmin edəcək nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması məqsədilə qərara alıram:
1. Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemi yaradılsın.
2. Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması üzrə layihənin həyata keçirilməsinin sifarişçisi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi təyin edilsin.
3.Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
 
3.1. Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə intellektual idarəetmə mərkəzinin tikintisi üçün Bakı şəhərində müvafiq ərazinin ayrılmasını təmin etsin;[1]
3.2. Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması üzrə işlərin yerinə yetirilməsi üçün maliyyə vəsaitinin ayrılmasını təmin etsin;
3.3. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət qurumları ilə birlikdə bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş sistemin yaradılması üzrə tədbirlərin müəyyən edilməsini və həyata keçirilməsini təmin etsin;
3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
 
4. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması ilə bağlı yerinə yetirilmiş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
 
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 
 
 
Bakı şəhəri, 26 oktyabr 2007-ci il
№ 2469
 
 
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1. 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)
 
 
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 


________________________________________
[1] 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə 3.1-ci bəndində "Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.