Baş səhifə » Qanunvericilik » Sərəncamlar » Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında 22 fevral 2007-ci il, № 1992

Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
 
Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına güclü təkan vermişdir. Qəbul olunmuş proqramlar çərçivəsində Bakıda, habelə ölkənin digər şəhər və rayonlarında yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi geniş vüsət almışdır.
Göstərilən məsələlərin həlli istiqamətində görülən işlərin səmərəliliyinin artırılması, habelə ölkənin nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilati-hüquqi forması dəyişdirilərək Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti yaradılsın.
2. Müəyyən edilsin ki, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti ölkənin avtomobil yolu təsərrüfatı sahəsində xidmətlər göstərən, ümumi istifadədə olan avtomobil yollarının, körpülərin, tunellərin və digər təyinatlı yol qurğularının istismarı, bərpası, yenidən qurulması və tikilməsi, müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işləri yerinə yetirən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsini hazırlayıb razılaşdırmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Bakı şəhərində , habelə ölkənin digər şəhərlərində və rayon mərkəzlərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin idarə olunması, təmiri və vəziyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə onların Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin balansına verilməsini təmin etsin; [1]
3.3. Bakı şəhəri istisna olmaqla ölkənin digər şəhərlərində və rayon mərkəzlərində, habelə kənd və qəsəbələrinin ərazisində yerləşən yolların və küçələrin müvafiq yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin balansına verilməsini təmin etsin; [2]
3.4. Bakı şəhərində , habelə ölkənin digər şəhərlərində və rayon mərkəzlərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin saxlanılması və təmiri ilə əlaqədar istehsalat bazalarının, obyektlərin, həmçinin idarə, müəssisə və təşkilatların, Bakı Şəhər İcra Hakimiyyətinin və müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının balansında olan əmlakının siyahısını müəyyən edərək "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsini təmin etsin; [3]
3.5. bu Sərəncamın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin balansına verilən avtomobil yollarının, prospektlərin və küçələrin idarə olunması, təmiri və vəziyyətinə nəzarətin həyata keçirilməsi ilə bağlı illik büdcə vəsaitlərinin Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ayrılmasını təmin etsin;
3.6. qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.7. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın:
4.1. Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayıb aidiyyəti dövlət orqanları ilə razılaşdıraraq bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin istehsalat bazasının gücləndirilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. bu Sərəncamdan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.
5. Müəyyən edilsin ki, Naxçıvan Muxtar Respublikasında avtomobil yollarının
və yol qurğularının istismarı, bərpası, yenidən qurulması və tikilməsi, bu sahədə müvafiq xidmətlərin göstərilməsi "Naxavtoyol" Dövlət Şirkəti tərəfindən həyata keçirilir.
6. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
 
 
 
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2007-ci il
                № 1992
SƏRƏNCAMA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 
1.       11 iyun 2008-ci il tarixli 771 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 489)
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI


________________________________________
[1] 11 iyun 2008-ci il tarixli 771 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 489) ilə 3.2-ci bənddə ", habelə ölkənin digər şəhərlərində və rayon mərkəzlərində"sözləri çıxarılmışdır.
 
 
[2] 11 iyun 2008-ci il tarixli 771 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 489) ilə 3.3-cü bənddə ", ölkənin digər kənd və qəsəbələrinin" sözləri "ölkənin digər şəhərlərində və rayon mərkəzlərində, habelə kənd və qəsəbələrinin" sözləri ilə əvəz edilmişdir.
 
[3] 11 iyun 2008-ci il tarixli 771 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 489) ilə 3.4-cü bənddən ", habelə ölkənin digər şəhərlərində və rayon mərkəzlərində" sözləri və "və müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının" sözləri çıxarılmışdır.