Baş səhifə » Nazirliyin fəaliyyəti » Regional infrastruktur layihələri » Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

 Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli, 2443 nömrəli Sərəncamının icrası olaraq, Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2010-cu il 03 noyabr tarixində yeni liman kompleksinin təməlqoyma mərasimi keçirilmişdir.

Yeni liman kompleksinin layihəsi Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanmışdır.

Ələt qəsəbəsində ərazisi 400 ha olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi layihəsi çərçivəsində liman kompleksinin ərazisinin tikintiyə hazırlanması və Bakı-Ələt-Gürcüstan sərhədi magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi “Evrascon” ASC şirkəti tərəfindən yerinə yetirilmişdir. Eyni zamanda, yeni liman kompleksinin quru hissəsində tikinti, malların təchizatı və quraşdırılması üzrə işləri və xidmətlər də “Evrascon” ASC tərəfindən aparılmaqdadır.

Liman kompleksi akvatoriyasında (giriş kanalı və dönmə akvatoriyası) dibdərinləşdirmə işləri Hollandiyanın “Van Oord Dredging And Marine Contractors B.V.” şirkəti tərəfindən yerinə yetirilmişdir.

Limanın kompleksinin tikintisinin 3 mərhələdə aparılması nəzərdə tutulmuşdur. Daxil olan yük həcmi 1-ci mərhələnin yükaşırma imkanlarına yaxınlaşdıqda, növbəti (2-ci və 3-cü) mərhələlərin inşasına başlanılacaqdır.

Birinci faza üzrə cari ildə bərə terminalının, 2015-ci ilin sonunda isə qalan işlərin tamamlanaraq, istismara verilməsi planlaşdırılır.
Liman kompleksinin yükaşırma imkanı:

 I mərhələdə

- 10 milyon tona qədər yük

- 50 min TEU-ya qədər konteyner

 II mərhələdə

- 17 milyon tona qədər yük

- 150 min TEU-ya qədər konteyner

 III mərhələdə

- 25 milyon tona qədər yük

- 1 milyon TEU-ya qədər konteyne

 

             I mərhələdə inşası nəzərdə tutulan obyekt və qurğular:

       Ø Giriş kanalı:

-         uzunluğu – 7 km

-         eni – 160 m`

-         dərinliyi – 7,5 m

-         dönmə dairəsi – 450 m

 

Ø Körpülərin sayı – 8

o cümlədən:

-         bərə körpüsü – 2

-         Ro-Ro (avtonəqliyyat) körpüsü – 1

-         quru yüklər və konteynerlər körpüsü – 4

-         xidməti gəmilər körpüsü – 1

 

Ø Xidməti gəmilər üçün təmir bazası

Ø Limanın inzibati binası

Ø Sərnişinlər üçün platforma

Ø Müasir avadanlıqlarla təchiz olunmuş sərhəd və gömrük xidməti məntəqələri

Ø Yük sahələri və anbarlar

Ø Müasir naviqasiya-rabitə sistemləri

Ø Müasir kran, maşın və mexanizmlər

 

Əlavə məlumat:

Liman kompleksi üçün ayrılmış 400 ha ərazinin 100 ha sahəsində (I mərhələdə 50ha olmaqla) beynəlxalq nəqliyyat logistikası mərkəzinin tikintisi nəzərdə tutulmuşdur. TRASEKA çərçivəsində “Beynəlxalq nəqliyyat logistika mərkəzlərinin yaradılması” layihəsini həyata keçirən Avropa Komissarlığının nəqliyyat üzrə ekspertləri tərəfindən liman kompleksi ərazisinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi beynəlxalq nəqliyyat logistika mərkəzi üçün əlverişli hesab edilmişdir.

İlkin mərhələdə 50 hektar ərazidə yerləşəcək logistika mərkəzində 80 min kvadrat metr xüsusi anbar və sahələr yaradılaraq burada 100 min ədəd konteynerin saxlanılması, yük sahiblərinə və mallara xidmət göstərilməsi, kiçik və orta biznesin müasir durumda inkişafına münbit şəraiti təmin ediləcəkdir. Bu Mərkəzin ölkə və region iqtisadiyyatında xüsusi mövqeyə malik olması və nəqliyyat qovşağında önəmli yer tutması Azərbaycanın geostrateji əhəmiyyətini bir daha təsdiqləyir.