Baş səhifə » Nazirliyin fəaliyyəti » Beynəlxalq nəqliyyat dəhlizləri » Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında məlumat

““Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında Saziş” Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanmış və 2002-ci il mayın 21-də qüvvəyə minmişdir. Sonralar Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Tacikistan Respublikası, Suriya, Türkiyə Respublikası, Ukrayna “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulmuşdur. Azərbaycan Respublikası isə bu Sazişə 2005-ci il sentyabrın 20-də qüvvəyə minmiş 948-IIQ nömrəli qanunu ilə qoşulmuşdur. 
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında Sazişin depozitaris İran İslam Respubliksıdır və dəhlizin katibliyi Tehran şəhərində yerləşir.
Dəhlizin yaradılmasında əsas məqsəd yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv-ölkələrin dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətlərinin beynəlxalq bazarına çıxışına şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, üzv-dövlətlərin ərazisi ilə tranzit yük və sərnişin daşımalarında vaxtın qısaldılması və tranzit daşımaların dəyərinin minimuma endirilməsini təmin etmək üçün razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsi və dəhliz boyunca hərəkət edən nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin olunmasıdır.
Dəhlizin marşrutları 
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Hindistan, Oman, İran, Xəzər hövzəsi ölkələri, Rusiya Federasiyası, Baltikyanı dövlətlər, daha sonra Şimali və Qərbi Avropa və əksinə istiqamətdə magistral nəqliyyat kommunikasiyalarının (istər mövcud olan, istərsə də yeni yaradılacaq) bütov bağlılığını əks etdirir. Dəhliz üzrə əsas daşımalar Şimali və Qərbi Avropadan başlayaraq Rusiya ərazisində Buslovskaya-Sankt-Peterburq-Moskva-Ryazan-Koçetovka-Rtişevo-Saratov-Volqoqrad-Həştərxan istiqamətində dəmir yolu ilə buradan isə İran istiqamətində 3 əsas marşrut üzrə həyata keçirilməsi nəzərdə tutulur:
1. Transxəzər marşrutu: Rusiya tərəfindən marşrut Həştərxan, Olya və Mahaçqala, İran tərəfindən isə Ənzəli, Əmirbada və Nouşəhr limanlarından İran ərazisinə;
2. Şərq marşrutu: Qazaxstan və Türkmənistandan keçməklə birbaşa dəmir yolu ilə İran ərazisinə;  
3. Qərb marşrutu: Rusiya ərazisində Həştərxan  və Mahaçqaladan keçməklə Azərbaycan ərazisindən dəmir yolu ilə Samurdan Astarya, daha sonra isə Azərbaycan dəmir yolları ilə İran dəmir yollarının birləşdirilməsini nəzərdə tutan yeni tikiləcək Astara(Azərbaycan)-Astara(İran)-Rəşt-Qəzvin dəmir yolu xətti ilə İran ərazisinə.                                                                                                
        Qeyd etmək lazımdır ki, Qəzvin-Rəşt-Astara(İran) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsində tikinti işləri artıq başa çatmışdır. Astara(Azərbaycan) stansiyasından İran sərhədinə qədər olan hissədə isə yeni dəmir yolu xəttinin və Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisinə yaxın gələcəkdə başlanması nəzərdə tutulmuşdur.
        Hər üç marşrut İran ərazisi ilə davam edərək Fars körfəzinə və Hindistana qədər uzanacaqdır ki, bu da Cənubi və Cənub-Şərqi Asiya ölkələri ilə Avropa ölkələri arasında daşımaların, yüklərin dəniz yolu ilə daşımalarına nisbətən daha qısa zaman kəsiyində və sərfəli qiymətlərlə həyata keçirilməsinə imkan yaradacaqdır.
        “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissələri olan bu marşrutlarda daşımaların həcmi son nəticədə ən sərfəli texniki, istismar, tarif və digər şərtlərdən asılı olacaqdır. İstəniləm halda, bu dəhlizin Azərbaycan ərazisindən keçən marşrutu daha cəlbedici görünür. Burada məsafənin qısalılığı, daşımalara daha az vaxt sərf olunması, mövcud nəqliyyat infrastrukturu və bir tranzit ölkənin olması faktoru əsas rol oynayır.
         Azərbaycanda görülmüş işlər.
Azərbaycanın bu layihədə iştirakının ölkəmiz üçün mühüm əhəmiyyət kəb etdiyini, respublikamızın coğrafi və potensial tranzit ölkə kimi imkanlarını nəzərə alınaraq bu istiqamətdə mövcud nəqliyyat infrastrukturunun bərpası, inkişaf etdirilməsi və yeni nəqliyyat infrastrukturu layihələrinin həyata keçirilməsi tədbirlərinə başlanılmış və hal-hazırda da davam etdirilir.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi vasitəsi ilə Azərbaycan üzərindən yüklərin böyük əksəriyyətinin daşınmasında dəmir yolunun və avtomobil nəqliyyatının iştirakı nəzərdə tutulur ki, burada əsas amil kimi yüklərin bir nəqliyyat növü ilə böyük həcmdə, tez bir zamanda və uzaq məsafəyə daşınması götürülür. Bununla əlaqədar olaraq, Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Belə ki, Astara stansiyasından İran sərhədinə qədər 8.3 km yeni dəmir yol xəttinin, buradan hər biri 1050 m olan 4 əlavə stansiya yollarının, Astara(Azərbaycan)-Astara(İran) sahəsində yeni dəmir yolu, avtomobil və piyada körpülərinin tikintisi nəzərdə tutulur. 2011-ci il 12-13 may tarixlərində Azərbaycan-İran sərhədində keçirilmiş görüşdə 142 nömrəli sərhəd nişanından 50 metr məsafədə dəmir yolu körpüsünün və ondan  50 metr aralıda avtomobil və piyada körpülərinin yeri təyin edilmişdir. Müəyyən edilmiş ərazinin və orada ayrılmış torpaq sahəsində hazırda tikilməsi nəzərdə tutulan obyektlərin ölçü cizgiləri hazırlanmışdır.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin təsisçi ölkələri (Rusiya, İran, Hindistan) arasında ticarət əlaqələrinin geniş potensiala malik olması, bu dəhlizin iştirakçısı qismində Azərbaycan Respublikasının əlverişli tranzit imkanlarından geniş istifadəni, habelə, Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsini zəruri etmişdir. Dəhlizin Azərbaycan üçün əhəmiyyətini nəzərə alınaraq, bu istiqamətdə görülən işlərin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 07 dekabr 2015-ci il tarixində  “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikası ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Sərəncam imzalanmışdır. Sərəncamda qaldırılan məsələlərin həlli istiqamətində qısa müddət ərzində mühüm işlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Çərçivə Sazişi” və “Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə” imzalanmışdır.   
Dəhlizin Azərbaycan ərazisindən keçən dəmir yolu xəttinin uzunluğu 511 km-dir. Bunun:
1. Yalama-Bakı hissəsi 207 km, ikixətli yoldur və elektrikləşdirilmişdir. Buraxılış qabiliyyəti isə 60 cüt qatardır.
2. Bakı-Astara hissəsi 323 km+sərhədə qədər 8.3 km, bunun da Bakı-Osmanlı hissəsi (140 km) ikixətli yoldur, elektrikləşdirilmişdir və buraxılış qabiliyyəti 50 cüt qatardır. Osmanlı-Astara (183 km) hissəsi isə birxətli yoldur, elektrikləşməmişdir və buraxılış qabiliyyəti 20 cüt qatardır. 
       Dəlizin Azərbaycan ərazisindən keçən avtomobil yolunun uzunluğu isə 520 km-dir. Bunun:
1. Bakı-Quba-Rusiya sərhədi istiqamətində yolun uzunluğu 208 km-dir. Bunun    134 km hissəsi 4-6 zolaqlıdır və yenidən qurulmuşdur. 74 km hissəsi isə 2-zolaqlıdır və təmir olunmuşdur. Bakı-Quba  yolu 134-cü km-dən yeni marşrut üzrə 60 km uzunluğunda 4 zolaqlı yol tikilməkdədir.
2. Bakı-Ələt-Astara  yolunun uzunluğu 243 km-dir. Yolun 1-ci texniki dərəcəyə uyğun 31 km hissəsi istismara verilmişdir. Qalan hissəsinin isə 2016-cı ilin sonuna qədər 1-ci texniki dərəcəyə uyğunlaşdırılması üçün yenidənqurma işləri davam etdirilir. 
3. Biləsuvar-İran sərhədi avtomobil yolu 19.5 km təşkil edir və tikintisi tamamlanmışdır.  
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşımalarının həcmi:
             birinci mərhələdə - 3 milyon ton;
             ikinci mərhələdə - 5-8 milyon ton;
             üçüncü mərhələdə - 15 milyon tondur.