Baş səhifə » Nazirliyin fəaliyyəti » Beynəlxalq nəqliyyat dəhlizləri

Tarixi Böyük İpək Yolu Avropadan Asiyaya ən qısa marşrut olaraq, cənubi Qafqaz ölkələrinin ərazisindən keçmişdir. TRASEKA (TRACECA – TRANSPORT CORRİDOR EUROPE CAUCASUS ASİA) Müstəqil Dövlətlər Birliyinə (MDB) göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) iştirakı ilə qəbul edilmişdir. Konfransın yekunlarına əsasən, TRASEKA regionlararsı proqramın fəaliyyətinin əsaslarını qoymuş Brüssel Bəyannaməsi qəbul edilmişdir.

Bu layihə Avropa İttifaqının TRASEKA üzv-dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə;

- Avropada, Qara dənizi regionunda, Qafqazda, Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrində iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinə,

- Avtomobil, dəmir yolu və dəniz nəqliyyatı sahələrinin dünya bazarına çıxışını təmin edilməsinə,

- Dəhliz boyu yollarda nəqliyyat vasitələrinin hərəkətinin və yüklərin saxlanmasının  təhlükəsizliyinin təmin edilməsinə, ətraf mühitin mühafizəsinə,

- Üzv dövlətlərin nəqliyyat siyasətlərinin və bu sahədə normativ-hüquqi bazanın uyğunlaşdırılmasına, 

- Nəqliyyat sahəsində faliyyət göstərən subyektlərə bərabər rəqabət mühitinin yaradılmasına xidmət edir.

        Avropa-Qafqaz-Asiya “TRASEKA” beynəlxalq nəqliyyat dəhlizi Şərqlə Qərb arasında digər iki marşruta, Transokean daşımaları və Transsibir magistralına alternativ olan bir layihədir. “TRASEKA” dəhlizi vasitəsilə yalnız Mərkəzi Asiyadan deyil, Çindən də yüklərin daşınacağını, sonradan buraya Cənub-Şərqi Asiyanın digər ölkələrinin də (xüsusilə konteynerlərin) qoşulacağı gözlənilir. Bu dəhlizin strateji bəndi olan Transxəzər beynəlxalq nəqliyyat marşrutu ildə 15 milyon tondan artıq yük daşımaları potensialina malikdir. O, Çin, Qazaxstan, Türkmənistan, İran, Fars körfəzi ölkələri, Cənubi Qafqaz, Türkiyə və Avropa ölkələrinin yük göndərənləri ilə qəbul edənlərini əlaqələndirmək iqtidarındadır. 

       Dəhlizin digər alternativ dəhlizlərə nisbətən cəlbediciliyinin artırılmasında, Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikalarının birgə layihəsi olan və hal-hazırda inşası davam etdirilən Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi də mühüm rol oynayacaqdır. Mərkəzi Asiya ölkələrinin də bu marşruta marağı böyükdür. Belə ki, Bakı-Tiflis-Qars dəmir yolu və 2013-cü ildə istifadəyə verilmiş Bosfor boğazının altından keçən “Marmaray” sürətli dəmir yolu tuneli vasitəsilə Avroya birbaşa çıxış imkanı yaradacaqdır. Bu da Mərkəzi Asiya ölkələrinin məhsullarının Avropaya və əks istiqamətdə böyük həcmdə sənaye məhsullarının, istehlak mallarının daşınması baxımından son dərəcə cəlbedici olacaqdır.


Azərbaycanın TRASEKA layihəsində iştirakı. 

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumınya, Türkiyə, Özbəkistan, Ukrayna)  dövlət başçısı, 13 beynəlxalq təşkilat, və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş, Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir. Saziş 12 dövlətin – Azərbaycan, Gürcüstan, Ermənistan, Bolqarıstan, Rumınya, Moldova, Ukrayna, Özbəkistan, Qazaxstan, Qırğızıstan, Tacikistan və Türkiyənin dövlət və hökumət başçıları tərəfindən imzalanmışdır. İran 2009-cu ildə TRASEKA proqramına qoşulmuş, Əfqanıstanın qoşulması ilə bağlı isə danışıqlar davam etdirilir.

Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınmış və 2001-ci ilin fevralın 21-də rəsmi açılışı baş tutmuşdur.

Keçən dövr ərzində respublikamızda TRASEKA Proqramı çərçivəsində Əsas Çoxtərəfli Sazişin şərtlərinin həyata keçirilməsi məqsədi ilə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, dəhliz üzrə yeni avtomobil yollarının tikintisi, mövcud yolların təmiri və yüksək texniki dərəcəyə uyğunlaşdırılması məqsədilə iri layihələr həyata keçirilmişdir. Dəhlizin Azərbaycan ərazisində əsas magistral hesab edilən Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun uzunluğu 508 km-dir. Bunun 68.4 km Bakı-Ələt hissəsi 1-ci texniki dərəcəyə uyğun yenidən qurulmuş 6 zolaqlı, Ələt-Gəncə hissəsi də həmçinin 1-ci texniki dərəcəyə uyğun yenidən qurulmuş 4 zolaqlı və Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi olan hissəsi isə 2-ci texniki dərəcəyə uyğun təmir edilmiş və 2 zolaqlıdır. 

TRASEKA nəqliyyat dəhlizi üzərində yerləşən Bakı-Böyük-Kəsik(Gürcüstan sərhədi) dəmir yolu xəttinin uzunluğu 503 km-dir. TRASEKA proqramı çərçivəsində dəmir yolu sahəsində həyata keçirilən ən böyük layihə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisidir. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin ümumi uzunluğu 840 km-dir. Bunun 503 km hissəsi Azərbaycan ərazisində, 259 km hissəsi Gürcüstan, 78 km hissəsi isə Türkiyə ərazisində  yerləşir. Dəmir yolunun Azərbaycan ərazisində əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmış, Gürcüstan ərazisində Marabda-Axalkələk stansiyaları arasındakı 153.1 km hissəsində təmir və reablitasiya işləri həyata keçirilmiş, 29.3 km Axalkələk-Türkiyə sərhədi hissəsində isə yeni dəmir yolu xətti tikilmişdir. Hətta, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində Türkiyə sərhədinə qədər ilk sınaq qatarının hərəkəti təmin edilmişdir. Tükiyə ərazisində isə 76 km yeni dəmir yolu xəttinin inşası davam etdirilir və 2016-cı ilin sonuna qədər tikinti işlərinin başa çatdırılması nəzərdə tutulmuşdur.


“TRASEKA” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan hissəsinin xəritəsi.


 


TRASEKA beynəlxalq nəqliyyat dəhlizi üzrə yük axının artırılması məqsədi ilə Avropadan Çinə və əksinə yüklərin daha qısa zaman kəsiyində və təhlükəsiz  daşınması istiqamətində Azərbaycan ərazisində multimodal yükdaşımaların sərbəst həyata keçirilməsi üçün mühüm addımlar atılmışdır. Belə ki, dəniz nəqliyyatının inkişafı üçün böyük layihələr həyata keçirilmiş, yeni liman qurğularının tikintisinə başlanılmış və daha çox yükdaşımalarını həyata keçirmək, dəhlizin rəqabət qabiliyyətinin artırılması üçün su nəqliyyatı vasitələri donanmasının tərkibinin genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində işlərə başlanılmış və hal-hazırda da davam etdirilir. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2443 nömrəli Sərəncamının icrası olaraq Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisini göstərmək olar. Liman kompleksinin  təməlqoyma mərasimi 2010-cu il 3 noyabr taixində Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə keçirilmişdir. Liman kompleksinin tikintisi 400 ha ərazidə və üç mərhələdə həyat keçirilməsi nəzərdə tutulmuşdur. Birinci mərhələnin 2017-ci ildə tam başa çatdırılması gözlənilir. Lakin, birinci mərhələyə daxil olan liman qurğularından biri olan bərə terminalı 2014-cü il 22 sentyabr tarixindən etibarən istifadəyə verilmişdir. Artıq buradan yüklərin gəmi-bərələr vasitəsilə Qazaxstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına daşınması həyata keçirilir. Dəhliz üzərindən daşımaların həcminin günü-gündən artması, həm Qazaxıstanın Aktau Limanında, həm də Türkmənistanın Türkmənbaşı Limanında yenidənqurma işlərinin həyata keçirilməsini zəruri edir. Bu istiqamətdə istər Azərbaycanda istərsə də Qazaxstan və Türkmənistanda işlər davam etdirilir və müasir infrastrukturun yarıdılması məqsədilə genişmiqyaslı tədbirlər görülür. Eyni zamanda, Qazaxstanda əlavə olaraq yeni Kurik Dəniz Limanının tikintisi davam etdirilir. 

TRASEKA nəqliyyat dəhlizi üzərində yerləşən Gürcüstanın Poti Limanının genişləndirilməsi və dərin dibli Anaklia Dəniz Limanının tikintisi  multiomodal nəqliyyat şəbəkəsinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək və Avropadan Asiyaya və əksinə daşımların həyata keçirilməsi üçün alternativ nəqliyyat marşurutlarına nisbətən daha rəqabət qabiliyyətli bir dəhlizə çevrilməsinə zəmin yaradacaqdır.