Baş səhifə » Qanunvericilik » Nazirlər Kabinetinin Qərarları və Sərəncamları » Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və qorunma (mühafizə) zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və qorunma (mühafizə) zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun və digər normativ aktların tələblərinə baxmayaraq avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolağında, bəzi hallarda isə hətta yol çiyinlərində çoxsaylı obyektlər tikilmişdir. Belə vəziyyət avtomobil yollarında təhlükəsiz hərəkətin təşkilinə və avtomobil yollarının beynəlxalq standartlara uyğun yenidənqurulması üçün yol yatağının genişləndirilməsinə imkan vermir, eyni zamanda yol-qəza hadisələrinin artmasına gətirib çıxarır. Buna baxmayaraq bəzi rayon (şəhər) icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolağında müxtəlif obyektlərin tikintisi üçün qeyri-qanuni torpaq sahələrinin ayrılması halları hələ də davam edir.
Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Rayon (şəhər) icra hakimiyyəti və bələdiyyə orqanlarına tapşırılsın ki, Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan SSR ərazisində avtomobil yollarından və yol qurğularından istifadə olunması, onların qorunması qaydalarını təsdiq etmək haqqında" 1989-cu il 17 noyabr tarixli 461 nömrəli qərarına müvafiq olaraq respublika əhəmiyyətli avtomobil yollarında 60 metr, yerli əhəmiyyətli avtomobil yollarında isə 25 metr enində ərazidə tikintisi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla aparılan mühəndis qurğuları istisna olmaqla bütün tikinti işlərinin dərhal dayandırılmasını təmin etsinlər.
2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, rayon (şəhər) icra hakimiyyəti və bələdiyyə orqanlarına tapşırılsın ki, avtomobil yollarının beynəlxalq standartlara uyğun olaraq tikintisini və yenidənqurulmasını, avtomobil yollarında hərəkətin təhlükəsizliyini nəzərə alaraq respublika və yerli əhəmiyyətli avtomobil yolları ətrafında mühəndis qurğularının tikintisi üçün torpaq sahələrinin ayrılmasını yalnız Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla həyata keçirsinlər.
Rayon (şəhər) icra hakimiyyəti və bələdiyyə orqanları avtomobil yollarının ətrafında, qorunma (mühafizə) zolağından kənarda tikintisinə icazə verilən obyektlərin milli memarlıq üslubunda layihələndirilməsinə və tikilməsinə xüsusi diqqət yetirsinlər.[2]
3. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi respublika və yerli əhəmiyyətli avtomobil yolları ətrafında torpaq sahələrinin ayrılmasının razılaşdırılmasını avtomobil yollarının perspektiv inkişafını nəzərə almaqla həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Maliyyə Nazirliyinə, Dövlət Tikinti və Arxitektura Komitəsinə tapşırılsın ki, respublikanın avtomobil yollarının qısa müddətdə beynəlxalq standartlara uyğun yenidənqurulması və tikintisi perspektivini nəzərə alaraq respublika və yerli əhəmiyyətli avtomobil yollarının qorunma (mühafizə) zolağında (müvafiq olaraq 60 və 25 metr) yerləşən, avtomobil yollarının yenidənqurulmasına və tikintisinə mane olan bütün obyektlərin və mühəndis kommunikasiyalarının aidiyyəti rayon (şəhər) icra hakimiyyəti orqanları ilə birlikdə 3 ay müddətində inventarlaşdırılmasını aparıb, onların qanuniliyini və qiymətlərini müəyyən edərək nəticəsi haqqında məlumatı təklifləri ilə birlikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.[3]
5. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi rayon (şəhər) icra hakimiyyəti orqanları ilə birlikdə respublika və yerli əhəmiyyətli avtomobil yollarının kənarlarında aparıla biləcək qanunsuz tikinti və yenidənqurma işlərinin qarşısının alınmasına daima ciddi nəzarət etsinlər və belə hallara yol verilməməsi üçün müvafiq tədbirlər görsünlər.
6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Baş naziri   A. RASİZADƏ
 
Bakı şəhəri, 28 fevral 2004-cü il
   № 18
 
 
 
 
 
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1.       31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 59)
2.       30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)
3.       5 iyun 2014-cü il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 8 iyun 2014-cü il, № 120)
 
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI


________________________________________
[1] 5 iyun 2014-cü il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 8 iyun 2014-cü il, № 120) ilə adında, preambulanın birinci və üçüncü cümlələrində “mühafizə” sözü “qorunma (mühafizə)” sözləri ilə əvəz edilmişdir.
 
[2] 5 iyun 2014-cü il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 8 iyun 2014-cü il, № 120) ilə 2-ci hissənin ikinci abzasında və 4-cü hissədə “mühafizə” sözü “qorunma (mühafizə)” sözləri ilə əvəz edilmişdir.
 
[3] 31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 59) ilə qərarının 4-cü bəndində “İqtisadi İnkişaf Nazirliyinə” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə” sözləri ilə əvəz edilmişdir.
30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846) ilə 4-cü bəndində "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsinə" sözləri ilə əvəz edilmişdir.