Baş səhifə » Qanunvericilik » Nazirlər Kabinetinin Qərarları və Sərəncamları » “Sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və həmin yoxlamanın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

“Sərnişin və  yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və həmin yoxlamanın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Sərnişin və  yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və həmin yoxlamanın aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ
 
Bakı şəhəri, 20 may  2009-cu il
№ 82
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 20 may tarixli 82 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
Sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və həmin yoxlamanın aparılması
 
QAYDASI
 
1. Ümumi müddəalar
 
1.1. "Sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və həmin yoxlamanın aparılması Qaydası" (bundan sonra - Qayda) "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və həmin yoxlamanın aparılması qaydasını müəyyən edir.
1.2. Bu Qaydanın tələbləri Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq, ölkədaxili sərnişin və yük daşınması fəaliyyətini göstərmək məqsədi ilə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciət etmiş, habelə xüsusi razılıq (lisenziya) almış daşıyıcıların sərəncamında (mülkiyyətində, istifadəsində və icarəsində) olan avtonəqliyyat vasitələrinə şamil edilir.
 
2. Sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılmasının təşkili
 
2.1. Sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən onun zəruri texniki avadanlıqla təchiz edilmiş məntəqələrində və ya bilavasitə daşıyıcının sərəncamında olan texniki sahələrdə (stansiyalarda) aparılır.[1]
2.2. Yoxlamaya təqdim edilmiş avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğun olması yoxlamanı aparan qurumun tərtib etdiyi arayışla təsdiq edilir. Tərtib edilmiş arayış ilk dəfə lisenziya kartının rəsmiləşdirilməsi və ya əvvəllər rəsmiləşdirilmiş lisenziya kartında müvafiq qeydin edilməsi üçün əsas hesab  edilir. Arayış iki nüsxədə tərtib olunaraq, bir nüsxəsi avtonəqliyyat vasitəsinin məxsus olduğu daşıyıcıya təqdim edilir, digər nüsxəsi isə yoxlamanı aparan qurumda saxlanılır.
2.3. Yoxlamaya təqdim edilmiş avtonəqliyyat vasitəsi texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğun olmadıqda, yoxlamanı aparan qurum aşkar olunmuş texniki qüsurlarla bağlı akt tərtib edir. Tərtib edilmiş akt ilk dəfə lisenziya kartının verilməsindən imtina edilməsi və ya əvvəllər rəsmiləşdirilmiş lisenziya kartının qüvvəsinin dayandırılması üçün əsas hesab edilir. Akt iki nüsxədə tərtib olunaraq, bir nüsxəsi avtonəqliyyat vasitəsinin məxsus olduğu daşıyıcıya təqdim edilir, digər nüsxəsi isə yoxlamanı aparan qurumda saxlanılır. Aktda qeyd edilmiş qüsurlar aradan qaldırıldıqdan sonra avtonəqliyyat vasitəsi təkrar yoxlamaya təqdim edilə bilər.
2.4. Bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş arayışın və aktın formaları Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir.
2.5. Yoxlamanı aparan qurum avtonəqliyyat vasitəsinin yoxlamaya təqdim edildiyi və yoxlamanın başa çatdığı vaxtın, həmçinin yoxlamanın nəticəsinin qeydiyyatını aparır.
2.6. Sərnişin və ya yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitəsi rüblük texniki yoxlamadan keçmədikdə, lisenziya kartı daşıyıcıdan geri alınır.
2.7. Texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğun olmayan avtonəqliyyat vasitələrinin sərnişin və yük daşımalarında istifadə edilməsinə yol verilmir.
2.8. Lisenziya kartı və ya lisenziya kartında rüblük texniki yoxlamadan keçməsi barədə qeyd olmadan avtonəqliyyat vasitəsinin sərnişin və yük daşımalarında istifadə olunmasına və ya bu Qaydanın digər tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
 
3. Sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılmasının ümumi prinsipləri və üsulları
 
Avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu yoxlanılarkən aşağıdakı ümumi prinsiplərə riayət olunmalıdır:
- yoxlamada istifadə edilən vasitələr və avadanlıqlar saz vəziyyətdə və müəyyən edilmiş standartlara uyğun olmalıdır;
- yoxlama avtonəqliyyat vasitəsinin hər hansı bir hissəsini sökmədən və ya çıxartmadan, 30 dəqiqədən çox olmayan vaxt ərzində aparılır. Yoxlanılan avtonəqliyyat vasitəsinin kateqoriyasından, konstruktiv xüsusiyyətlərindən və vəziyyətindən asılı olaraq yoxlamanın vaxtı uzadıla bilər.
 
4. Sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu yoxlanılan əsas konstruktiv hissələri  və göstəriciləri
 
Avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə onun aşağıda göstərilən əsas konstruktiv hissələri və göstəriciləri yoxlanılır:
- iş və duracaq tormoz sistemləri;
- sükan idarə mexanizmi;
- qabaq və arxa şüşələr, arxanı göstərən güzgülər, şüşə silgəcləri və şüşəyuyanlar;
- faralar, işıq cihazları və işıqqaytarıcılar;
- oxlar, təkərlər, şinlər və körpülər;
- ban, şassi və kuzov;
- mühərrik;
- təhlükəsizlik kəmərləri, odsöndürən, dərman qutusu, səs siqnalı, spidometr,  taxoqraf və taksometr;
- səs səviyyəsi və işlənmiş qazlarda zərərli maddələrin miqdarı.
 
 
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1.       16 iyul 2014-cü il tarixli 255 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160)
 
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 


________________________________________
[1] 16 iyul 2014-cü il tarixli 255 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160) ilə 2.1-ci bənddən “və ya bilavasitə daşıyıcının sərəncamında olan texniki sahələrdə (stansiyalarda)” sözləri çıxarılmışdır.