Baş səhifə » Qanunvericilik » Nazirlər Kabinetinin Qərarları və Sərəncamları » «Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası»nın təsdiq edilməsi haqqında

«Avtomobil nəqliyyatı ilə sərnişin və  yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası»nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
 
«Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il  4 iyul tarixli 792 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.«Avtomobil nəqliyyatı ilə sərnişin və  yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).
2. «Reysqabağı və reysdən sonra ümumi istifadədə olan nəqliyyat vasitələri sürücülərinin cari qaydada tibbi müayinədən keçirilməsi Qaydaları»nın və «Reysqabağı ümumi istifadədə olan nəqliyyat vasitələrinin texniki müayinə olunmaları Qaydaları»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 21 avqust tarixli 194 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 732; 2008-ci il, № 2, maddə 116) qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
 
Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ
Bakı şəhəri, 24  aprel  2009-cu il
№ 71
 
 
Azərbaycan Respublikası Nazirlər  Kabinetinin
2009-cu il 24 aprel  tarixli 71 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi
 
QAYDASI
 
1. ÜMUMİ MÜDDƏALAR
 
1.1. Bu Qayda "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır, mülkiyyət növündən,  təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə beynəlxalq şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və taksi minik avtomobilləri ilə sərnişin daşımalarına, habelə beynəlxalq və ölkədaxili yük daşımalarına xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir.
 
2. AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN TEXNİKİ VƏZİYYƏTİNİN REYSQABAĞI YOXLANILMASININ TƏŞKİLİ, ÜMUMİ PRİNSİPLƏRİ VƏ ÜSULLARI
 
2.1. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının əsas məqsədi onların reysqabağı texniki vəziyyətinin qüvvədə olan  təhlükəsizlik və istismar qaydalarının, normativlərinin, standartlarının tələblərinə uyğun olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir.
2.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər.
2.3. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
2.4. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir.
2.5. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması zamanı onların tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları, təkərlər və şinlər, mühərrik və konstruksiyanın digər ünsürləri yoxlanılır.
2.6. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması zamanı aşağıdakı prinsiplərə riayət olunmalıdır:
2.6.1. yoxlamanın avtonəqliyyat vasitəsinin hər hansı bir hissəsini sökmədən və ya çıxarmadan, texniki ölçmə vasitələrindən istifadə etməklə, əsasən vizual şəkildə ixtisaslı mütəxəssis tərəfindən aparılmasına;
2.6.2. istifadə olunan texniki ölçmə vasitələrinin istifadəyə yararlı və müəyyən edilmiş standartlara uyğun olmasına.
2.7. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinin qeydiyyatı müvafiq qaydada xüsusi jurnalda aparılır.
2.8. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir.
2.9. Arayış yalnız texniki cəhətdən qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələri üçün verilir.
2.10. Texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır.  
 
3. SÜRÜCÜLƏRİN REYSQABAĞI TİBBİ MÜAYİNƏSİNİN KEÇİRİLMƏSİNİN TƏŞKİLİ, ÜMUMİ PRİNSİPLƏRİ VƏ ÜSULLARI
 
3.1. Reysqabağı tibbi müayinənin əsas məqsədi reysə çıxmazdan əvvəl sürücülərin sağlamlıq vəziyyətinin tibbi norma və tələblərə müvafiq olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir.
3.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların sərəncamında olan avtonəqliyyat vasitələrinin sürücülərinin (bundan sonra - sürücülər) reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər.
3.3. Sürücülərin reysqabağı tibbi müayinəsi müvafiq tibb müəssisələri tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
3.4. Müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır.
3.5. Reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir.
3.6. Reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması təyin edilməlidir.
3.7. Sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi zamanı aşağıdakı prinsiplərə riayət olunmalıdır:
3.7.1. müayinənin ixtisaslı tibb işçiləri tərəfindən müvafiq tibbi avadanlıqlardan istifadə edilməklə aparılmasına;
3.7.2. istifadə olunan tibbi avadanlıqların istifadəyə yararlı və müəyyən olunmuş standartlara uyğun olmasına.
3.8. Sürücülərin reysqabağı tibbi müayinəsinin nəticələrinin qeydiyyatı müvafiq qaydada xüsusi jurnalda aparılır.
3.9. Reysqabağı tibbi müayinənin nəticələrinə görə forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş qeydlər aparılır.
3.10. Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar.