Baş səhifə » Qanunvericilik » Nazirlər Kabinetinin Qərarları və Sərəncamları » “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli 330 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetiqərara alır:
1. “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslərin tam uçota alınması və fərqlənmə nişanları ilə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
 
 
 
Bakı şəhəri, 9 fevral 2006-cı il                                        Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
                  № 40
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
                                                                                                            2006-cı il 9 fevral tarixli 40 nömrəli qərarı ilə
                                                                                                         TƏSDİQ EDİLMİŞDİR
 
Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi
QAYDALARI
 
I. ÜMUMİ MÜDDƏALAR
 
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli 330 nömrəli Fərmanına əsasən hazırlanmışdır və avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətlərini, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar mülkiyyətində və ya istifadəsində olan avtomobil nəqliyyatı vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslərə şamil olunur.
1.3. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdırlar.[1]
 
2. VERGİNİN ÖDƏNİLMƏSİ XÜSUSİYYƏTLƏRİ
 
2.1. Sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicisinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün sadələşdirilmiş vergi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.5-ci maddəsində göstərilən sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidini həmin maddədə qeyd olunan sadələşdirilmiş verginin aylıq məbləğinə, habelə 220.6-cı maddəsində göstərilən əmsallara vurmaqla hesablanır və dövlət büdcəsinə ödənilir.
2.2. Avtomobil nəqliyyatı vasitələrindəki (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilmədikdə və həmin göstəriciləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən arayışlar əsasında müəyyən etmək mümkün olmadıqda, yerlərin faktiki sayı və ya yükgötürmə qabiliyyəti Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən müvafiq qaydada müəyyən edilir.
 
 
 
 
3. “FƏRQLƏNMƏ NİŞANI”NIN VƏ “XÜSUSİ FƏRQLƏNMƏ NİŞANI”NIN FORMALARININ TƏTBİQ EDİLMƏSİ QAYDALARI
 
3.1. Forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilən “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” avtonəqliyyat vasitəsinin qabaq şüşəsinin yuxarı sağ küncünə yapışdırılır.
3.2. “Fərqlənmə nişanı” vergi ödəyicisinin ərizəsinə əsasən 2 iş günündən gec olmayaraq verilir. “Fərqlənmə nişanı”nın verilməsindən imtina edildiyi halda ərizəçiyə imtinanın səbəbləri göstərilməklə 2 iş günü ərzində, “Xüsusi fərqlənmə nişanı”nın verilməsindən imtina edildiyi halda isə 5 iş günü ərzində yazılı məlumat verilir.
3.3. Mülkiyyətində və ya istifadəsində avtomobil nəqliyyatı vasitələri olan şəxslər digər şəxslərə sifarişlə sərnişin və yük daşıma xidmətlərini göstərdikdə, bu nəqliyyat vasitələri üçün növündən və fəaliyyətini həyata keçirdiyi ərazidən asılı olaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.5- ci və 220.6-cı maddələrində nəzərdə tutulmuş qaydada vergi hesablanaraq ödənilir və “Fərqlənmə nişanı” alınır.
3.4. Vergi ödəyicilərinin balansında olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş vergi növü üzrə vergitutma obyekti deyil. Bu nəqliyyat vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” alınır.
3.5. Vergi ödəyicisinin işçi heyətinin və özünəməxsus yüklərin daşınmasında istifadə edilən yeni avtomobil nəqliyyatı vasitələri müvafiq qaydada qeydiyyata alındıqdan sonra həmin avtomobil nəqliyyatı vasitələrinin sahibləri 5 gün ərzində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formada məlumat verirlər.
3.6. Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə, həmin nəqliyyat vasitəsinə sonrakı ay, rüb, yarım il və ya illər üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən “Fərqlənmə nişanı”nın yenidən rəsmiləşdirilməsi tələb olunmur.[2]
3.7. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi növbəti ayın 10-dək əvvəlki ay ərzində verilmiş nişanlar barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat verir.
3.8. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxsləri müəyyən etdikdə, həmin şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinə rəsmi məlumat verir.
3.9. “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.
 
 
 
 
 
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1.       30 yanvar 2008-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 46)
 
 
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 


________________________________________
[1] 30 yanvar 2008-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 46) ilə 1.3-cü bəndə ikinci cümlə əlavə edilmişdir.
 
[2] 30 yanvar 2008-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 46) ilə 3.6-cı bənddə «aylar» sözü «ay, rüb, yarım il və ya illər» sözləri ilə əvəz edilmişdir.