Baş səhifə » Qanunvericilik » Nazirlər Kabinetinin Qərarları və Sərəncamları » Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə təmtinatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə

Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə təmtinatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsaanmənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI


"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetiqərara alır:
1. "Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. "Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
3. "Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
4. Bu əsasnamələrin tələblərinin həyata keçirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi təmin etsinlər. [1]
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ 
Bakı şəhəri, 15 oktyabr 1999-cu il
№ 163
 
Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında
NÜMUNƏVİ ƏSASNAMƏ
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Əsasnamə “Yol hərəkəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə və nəqliyyat-yol kompleksi sahəsi haqqında digər normativ hüquqi aktların tələblərinə müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi qaydalarını müəyyən edir, nəzərdə tutulan xidmətlərin həyata keçirilməsi zamanı istehlakçılar və icraçılar arasında yaranan münasibətləri tənzimləyir. [2]
 1.2. İstehlakçı — nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsini sifariş verən fiziki və yaxud hüquqi şəxsdir.
 1.3. İcraçı — mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq nəqliyyat vasitələrinin texniki xidməti üzrə fəaliyyət göstərən hüquqi  şəxs, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.
 1.4. Təminatlı texniki xidmət — nəqliyyat vasitələrinin təmirindən və texniki qulluğundan ibarət olmaqla, nasazlıqların aşkar edilib aradan  qaldırılmasına, eləcə də etibarlı və təhlükəsiz istismarına, həmçinin ekoloji yararlığına yönəldilmiş kompleks tədbirlərdir.
 1.5. Təminatlı texniki xidmət — göstərilmiş texniki xidmətin təyin edilmiş müddət ərzində təhlükəsiz nəticələrinə və çatışmazlıqların ödənişsiz  aradan qaldırılmasına təminat verən icraçının maddi və hüquqi məsuliyyətini nəzərdə tutur.
II. TEXNİKİ XİDMƏTLƏR HAQQINDA MƏLUMAT, SİFARİŞLƏRİN QƏBULU VƏ MÜQAVİLƏLƏRİN TƏRTİB EDİLMƏSİ QAYDALARI
 2.1. İcraçı öz təşkilatının adını, yerləşdiyi yeri (hüquqi ünvanını) və iş rejimini istehlakçının nəzərinə çatdırmalıdır. Göstərilən məlumatlar  təşkilatın adını bildirən lövhədə yerləşdirilir.
 İcraçı onu qeydiyyata almış orqanın adı göstərilməklə, dövlət qeydiyyatı haqqında istehlakçıya onun tələbi ilə məlumat verməlidir.
 Sanitar, təmir və başqa tədbirləri həyata keçirmək üçün fəaliyyətini müvəqqəti dayandırmış icraçı, işin dayandırılması tarixi və fəaliyyət  göstərməyəcəyi müddət haqqında istehlakçılara məlumat verməlidir.
 2.2. İcraçı göstərilən texniki xidmətlər haqqında istehlakçıya müqavilə bağlananadək düzgün seçmə imkanı verən məlumat verməlidir.
 Bu məlumat sifariş qəbul edilən otaqda, yaxşı görünən yerdə olmaqla aşağıdakıları əks etdirməlidir:
 2.2.1. göstərilən texniki xidmətlərin siyahısı;
 2.2.2. göstərilən texniki xidmətlərin tələblərinə uyğun olan standartların adları;
 2.2.3. mütləq sertifikatlaşdırma tələb edən xidmətlərin sertifikatlaşdırılması haqqında məlumat (sertifikatın nömrəsi, qüvvədə olma  müddəti, sertifikatı verən orqanın adı);
 2.2.4. göstərilən texniki xidmətlərin, həmçinin istifadə edilən materialların və ehtiyat hissələrinin qiyməti, ödəniş qaydaları və üsulları;
 2.2.5. respublika qanunları və başqa normativ-hüquqi aktları, yaxud müqavilə ilə təyin edilmiş təminat müddətləri;
 2.2.6. sifarişlərin yerinə yetirilməsi müddətləri.
 2.3. İcraçı istehlakçıya onun tələbi ilə tanış olmaq üçün aşağıdakıları təqdim etməlidir:
 2.3.1. bu Əsasnaməni;
 2.3.2. müqavilənin, sifariş-tapşırıqların, təhvil-təslim aktlarının, qəbzlərin, talonların və icraçı tərəfindən sifarişin qəbul edilməsini təsdiq  edən başqa sənədlərin nümunəsini;
 2.3.3. qanunvericilikdə nəzərdə tutulan güzəşt almağa hüququ olan istehlakçıların kateqoriyalarının və güzəştli xidmətlərin siyahısını.
 İcraçı müqaviləyə və müvafiq xidmətə aid olan başqa məlumatları istehlakçının xahişi ilə ona bildirməyə borcludur.
 2.4. Məlumat istehlakçıya Azərbaycan dilində və əlavə olaraq icraçının mülahizəsi ilə xarici dillərdən birində çatdırılmalıdır.
 2.5. İcraçı respublika qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş qaydada iş rejiminə riayət etməlidir.
 2.6. İcraçıda müəyyən edilmiş qaydada tikilmiş, möhürlənmiş və istehlakçının tələbi ilə ona təqdim edilən rəy və təkliflər kitabı olmalıdır.
 2.7. İcraçı öz iş fəaliyyətinin xarakterinə uyğun olan xidmətlər göstərilməsinə sifariş qəbul edir.
 Texniki xidmət qabaqcadan verilmiş sifarişlə, yaxud sifarişsiz göstərilir.
 Texniki xidmət göstərilməsinə sifariş istehlakçı tərəfindən yazılı formada, yaxud şifahi (telefonla) verilə bilər. Sifariş əsasında xidmət  göstərilməsi üçün icraçı nəqliyyat vasitəsinin gətirilməsi tarixini və vaxtını təyin etməlidir. İcraçı sifarişlərin hesabatının aparılmasını təmin  etməlidir.
 İstehlakçı təyin edilmiş vaxtda işlərin görüləcəyi yerə gəlmədikdə, xidmətin göstərilməsi ümumi növbə əsasında aparılır.
 2.8. İcraçı texniki xidmət göstərilməsi üçün müqaviləni yalnız bu xidmətin göstərilməsinə imkan olduqda bağlamalıdır.
 İcraçı müqavilə bağlayarkən, qanunvericiliklə və başqa normativ hüquqi aktlarla nəzərdə tutulmuş hallardan başqa istehlakçılardan heç  birinə üstünlük verməkdə haqlı deyil.
 2.9. Texniki xidmət göstərilməsi üçün müqavilə nəqliyyat vasitəsinə mülkiyyət hüququ olan sənəd təqdim edildikdə bağlanılır. Nəqliyyat  vasitələrinin ayrı-ayrı nömrəsiz tərkib hissələri təmirə verilərkən göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur. Nəqliyyat vasitəsinin  mülkiyyətçisi olmayan istehlakçı nəqliyyat vasitəsini istismar etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir.
 Nəqliyyat vasitələrinin texniki qulluğuna və təmirinə müqavilə tərtib edilməsi və yerinə yetirilməsi üçün mülkiyyət hüququnu təsdiq edən  sənədlər saxlanmaq üçün alınmır.
 Güzəştli texniki xidmətə hüququ olan istehlakçılar bu hüquqlarının olması haqqında sənəd təqdim etməlidirlər. Nəqliyyat vasitəsindən  etibarnamə ilə istifadə edənlər güzəştli texniki xidmət hüququnu saxlayırlar.[3]
 2.10. Texniki xidmət göstərilməsi üçün müqavilə yazılı formada bağlanılır və özündə aşağıdakı məlumatları əks etdirməlidir:
 2.10.1. icraçı təşkilatın adı və yeri (hüquqi ünvanı), fərdi sahibkarın adı, soyadı, dövlət qeydiyyatı haqqında məlumat;
 2.10.2. istehlakçının adı, soyadı, telefonu və ünvanı;
 2.10.3. sifarişin qəbul edildiyi tarix, icra edilmə müddəti;
 2.10.4. göstərilən texniki xidmətin qiyməti və ödəniş qaydası;
 2.10.5. nəqliyyat vasitəsinin markası, modeli, dövlət qeydiyyat nişanı, əsas aqreqatların nömrələri;
 2.10.6. nəqliyyat vasitəsinin tərəflərin razılığı ilə müəyyən edilmiş qiyməti;
 2.10.7. xidmətlərin siyahısı, icraçının ehtiyat hissələrinin və materiallarının siyahısı, onların sayı və dəyəri;
 2.10.8. texniki xidmətlərin nəticələrinə respublika qanunları və başqa normativ-hüquqi aktları ilə, yaxud müqavilə ilə təyin edilmiş  təminat müddəti;
 2.10.9. sifarişi qəbul edən və müqavilə tərtib edən şəxsin adı, soyadı, imzası, həmçinin istehlakçının imzası;
 2.10.10. göstərilən texniki xidmətlərin xüsusiyyətləri ilə əlaqədar başqa zəruri məlumatlar.
 2.11. İstehlakçının iştirakı ilə göstərilən xırda texniki xidmətlər (şinlərin doldurulması, diaqnostika işləri, yuma, yağlama, texniki qulluğun və  təmirin bəzi növləri) üçün müqavilənin əvəzinə qəbz, jeton, talon, kassa çeki və s. verilə bilər.
 2.12. Nəqliyyat vasitəsi icraçı təşkilatda qalmaqla təmirə verildikdə icraçı tərəfindən müqavilə ilə yanaşı təhvil-təslim aktı tərtib edilir. Həmin  aktda nəqliyyat vasitəsinin qəbulu zamanı onun dəstliyi, görünən xarici zədələri və qüsurları göstərilir. Təhvil-təslim aktı icraçının və  istehlakçının məsul şəxsləri tərəfindən imzalanır və icraçının möhürü ilə təsdiq edilir.
 Müqavilənin və təhvil-təslim aktının surəti istehlakçıya verilir.
 2.13. Göstərilən texniki xidmətlər haqqında müqavilənin bağlanmasını təsdiq edən sənədlər itdikdə, istehlakçı bu haqda icraçıya xəbər  verməlidir. Bu halda nəqliyyat vasitəsi istehlakçıya onun ərizəsinə əsasən pasport və ya onun şəxsiyyətini təsdiq edən başqa sənəd təqdim  edildikdə verilir.
 2.14. Nəqliyyat vasitələrinin təmiri üçün istehlakçının verdiyi ehtiyat hissələri və materiallar qüvvədə olan normativ sənədlərin tələblərinə  cavab verməlidir. Əgər onların məcburi sertifikatlaşdırılması nəzərdə tutulmuşdursa, sertifikatlaşma haqqında sənəd olmalıdır.
 İstehlakçı tərəfindən ehtiyat hissələrinin və materialların verilməsi haqqında icraçı və istehlakçı arasında bağlanmış müqavilədə (sifariş-tapşırıq, qəbz və ya başqa sənəddə), həmçinin təhvil-təslim aktının bütün nüsxələrində dəqiq adları və qiymətləri göstərilməklə  qeydlər aparılır.
 2.15. İstehlakçı texniki xidmətin ayrı-ayrı növlərinin seçmə yolu ilə aparılmasını tələb etmək hüququna malikdir.
 İcraçı müqavilədə olmayan və istehlakçı tərəfindən yerinə yetirilməsi tələb edilməyən haqqı ödənilən əlavə xidmətlər göstərmək, həmçinin müəyyənləşdirilmiş texniki xidmətlərin əvəzinə başqa işləri yerinə yetirmək hüququna malik deyildir. Bu cür işlərin haqqı istehlakçı tərəfindən ödənilir. [4]
 2.16. Aşağıdakılar aşkar edildikdə, icraçı dərhal istehlakçını xəbərdar etməli və ondan göstəriş alanadək texniki xidmət göstərilməsini  dayandırmalıdır:
 2.16.1. istehlakçıdan alınan ehtiyat hissələri və materiallar yararsız və keyfiyyətsiz olduqda;
 2.16.2. göstərilən texniki xidmətlər haqqında istehlakçının göstərişlərinin yerinə yetirilməsinin əlverişsiz nəticələrə gətirib çıxaracağı  ehtimalı olduqda;
 2.16.3. icraçıdan asılı olmayan başqa səbəblər nəqliyyat vasitəsindən effektiv və təhlükəsiz istifadə edilməsinə maneçilik törədərsə və ya  göstərilən xidmətlərin vaxtında başa çatdırılmasına mane olduqda.
III. GÖSTƏRİLƏN TEXNİKİ XİDMƏTLƏRİN APARILMASI QAYDALARI
 3.1. Göstərilən texniki xidmətlərin keyfiyyəti müqavilə şərtlərinə müvafiq olmalıdır. Əgər müqavilədə keyfiyyət üçün tələblər nəzərdə  tutulmamışdırsa, işin keyfiyyəti bu növ xidmətlərə uyğun olaraq, irəli sürülən tələblərə müvafiq olmalıdır.
 Əgər göstərilən texniki xidmətlər üçün Azərbaycan Respublikasının müvafiq qanunları və başqa normativ-hüquqi aktları ilə zəruri tələblər  nəzərdə tutulmuşdursa, icraçı göstərilən texniki xidməti həmin tələblərə riayət etməklə yerinə yetirməlidir.
 3.2. İcraçı müqavilədə nəzərdə tutulan müddətdə xidməti başa çatdırmalıdır.
 Texniki xidmət istehlakçının təyin etdiyi yerdə göstərilərkən icraçı öz işçilərinin, materiallarının, texniki vasitələrin, alətlərin istehlakçı ilə  razılaşdırıldığı vaxtda texniki xidmət yerinə çatdırılmasını, istehlakçı isə texniki xidmət göstərilməsi üçün zəruri şərait yaradılmasını təmin  edir.
 3.3. İstehlakçının əlavə xidmətlər göstərilməsi haqqında ayrıca xahişi sazişlə tərtib edilir və bağlanmış müqaviləyə əlavə edilir. Bu zaman  göstərilən xidmətlər üçün yeni müddət təyin edilə bilər.
 3.4. Göstərilən texniki xidmətlərin aparılması zamanı hərəkət üçün təhlükə yaradan nasazlıqlar aşkar edildikdə, icraçı bu Əsasnamənin 2.16-cı bəndində nəzərdə tutulmuş qaydalara əsasən hərəkət etməlidir.
 Göstərilən texniki xidmətlərin aparılması zamanı hərəkət üçün təhlükə yaradan nasazlıqların aradan qaldırılması ilə əlaqədar işlərin  aparılmasına istehlakçı razı deyilsə və ya nəqliyyat vasitəsinin təmirinin gedişində göstərilmiş nasazlıqları aradan qaldırmaq mümkün  olmamışdırsa, icraçı təhvil-təslim aktının bütün nüsxələrində və ya sifarişin qəbulunu təsdiq edən başqa sənədlərdə bu nasazlıqların olması  haqqında qeydlər aparır. Həmin qeydlər icraçının və istehlakçının məsul şəxsləri tərəfindən təsdiq edilir.
 3.5. İstehlakçı istənilən vaxt icraçının fəaliyyətinə müdaxilə etmədən göstərilən texniki xidmətlərin gedişini və keyfiyyətini yoxlamaq  hüququna malikdir. İcraçı işin texnoloji rejimi, təhlükəsizlik texnikası, yanğına qarşı təhlükəsizlik və istehsalat sanitariyasına riayət edilməsi  şərti ilə istehlakçının istehsalat sahələrində olmasına şərait yaratmağa borcludur.
 3.6. İstehlakçı istənilən vaxt, iş ona təhvil verilənədək işin görülməsi haqqında müqaviləni yerinə yetirməkdən imtina etmək hüququna  malikdir. Bu zaman, o, müqaviləni yerinə yetirməkdən imtina etdiyini bildirənə qədər işin görülmüş hissəsinə müvafiq olaraq təyin edilmiş  qiyməti və müqavilənin ləğvi ilə icraçıya vurulan zərərin əvəzini ödəyir. [5]
 İstehlakçı faktiki görülmüş işin haqqını icraçıya ödəmək şərti ilə göstərilən texniki xidmətlər haqqında müqaviləni icra etməkdən imtina  etmək hüququna malikdir.
 3.7. Nəqliyyat vasitəsi istehlakçıya və ya onun nümayəndəsinə göstərilən texniki xidmətin haqqı tam ödənildikdən sonra təhvil-təslim aktının  və müqavilənin surəti (qəbz və s.), istehlakçının şəxsiyyətini təsdiq edən sənəd təqdim edildikdə, istehlakçının nümayəndəsinə isə müvafiq  qaydada tərtib edilmiş etibarnamə təqdim edildikdə verilir.[6]
 3.8. Nəqliyyat vasitəsi istehlakçıya göstərilən texniki xidmətlərin tamlığına və keyfiyyətinə, dəstliyinə, ümumi görünüşünə icraçı tərəfindən  aparılan nəzarətdən sonra verilir.
 3.9. İstehlakçı müqavilə ilə nəzərdə tutulan qaydada və müddətdə icraçının iştirakı ilə nəqliyyat vasitəsinin dəstliyini və texniki vəziyyətini,  həmçinin göstərilən texniki xidmətlərin həcmini və keyfiyyətini, təmir edilən qovşaq və aqreqatların sazlığını yoxladıqdan sonra göstərilən  xidməti qəbul etməlidir. Göstərilən texniki xidmətin nəticələrini pisləşdirən müqavilədən kənara çıxma halları aşkar edildikdə, ayrı-ayrı  tərkib hissələr dəyişdirildikdə, nəqliyyat vasitəsi dəstli olmadıqda və başqa çatışmazlıqlar müəyyən edildikdə, istehlakçı bu haqda dərhal  icraçıya bildirməlidir. Göstərilən çatışmazlıqlar təhvil-təslim aktında və ya sifarişin qəbulunu təsdiq edən başqa sənəddə qeyd olunmalı,  icraçı və istehlakçı tərəfindən təsdiq edilməlidir. Əgər təhvil-təslim aktında və ya sifarişin qəbulunu təsdiq edən başqa sənəddə bu  çatışmazlıqlar və ya onların aradan qaldırılması haqqında tələblərin sonradan irəli sürülməsinin mümkünlüyü əvvəlcədən  şərtləşdirilmişdirsə, istehlakçı göstərilən texniki xidməti qəbul edərkən çatışmazlıqlar aşkar etdikdə, onlara istinad edə bilər.
 Müqavilə icra edildikdən və ya istehlakçı onun icra edilməsindən imtina etdikdən sonra icraçı istehlakçıya nəqliyyat vasitəsinə qoyulmuş  nömrəli aqreqatlar üçün hesab-arayış verməli, istehlakçı tərəfindən qiyməti ödənilmiş ehtiyat hissələrini geri qaytarmalı, yaxud istehlakçının  razılığı ilə icraçıda qalan istifadə edilməmiş ehtiyat hissələrinin qiymətini nəzərə almaqla xidmətin haqqını azaltmalı, həmçinin dəyişdirilmiş  (nasaz) qovşaq və detalları qaytarmalıdır.
 3.10. Texniki xidmətlərin göstərilməsi üçün ehtiyat hissələri və materialları verən icraçı onların keyfiyyətinə təminat verməlidir.
 İstehlakçıdan qəbul edilən nəqliyyat vasitəsi (ehtiyat hissələri, materiallar) itdikdə, korlandıqda, zədələndikdə icraçı istehlakçıya 1 aydan gec  olmayaraq uyğun keyfiyyətli nəqliyyat vasitəsi (ehtiyat hissələri, materiallar) və ya itirilmiş (zədələnmiş) nəqliyyat vasitəsinin (ehtiyat  hissələrinin, materialların) dəyərini və dəymiş ziyanı ödəməlidir.
 3.11. Göstərilmiş texniki xidmətlərdə çatışmazlıqlar və ya onların səbəbləri barəsində istehlakçı ilə icraçı arasında fikir ayrılığı olduqda və ya  mübahisə yarandıqda icraçının və yaxud istehlakçının təşəbbüsü ilə nəqliyyat vasitəsi ekspertizaya təqdim edilə bilər. Ekspertiza xərcləri  müqavilə şərtlərinin icraçı tərəfindən pozulduğu müəyyən edildikdə icraçı tərəfindən, müqavilə şərtlərinin pozulmadığı müəyyən edildiyi  halda isə istehlakçı tərəfindən ödənilməlidir.
IV. GÖSTƏRİLƏN TEXNİKİ XİDMƏTİN HAQQININ ÖDƏNİLMƏSİ QAYDALARI
 4.1. İstehlakçı icraçının göstərdiyi texniki xidmətin haqqını müqavilədə göstərilən qaydada və müddətlərdə ödəməyə borcludur.
 İcraçı tərəfindən görülmüş iş tam təhvil verildikdən sonra istehlakçı onun haqqını ödəməyə borcludur. İstehlakçının razılığı ilə işin haqqı  müqavilə bağlanarkən tam və ya avans verilməsi yolu ilə ödənilə bilər. İcraçının verdiyi ehtiyat hissələrinin və materiallarının haqqı müqavilə  bağlanarkən, orada göstərildiyi kimi, tam və ya qismən ödənilir. İstehlakçı görülmüş işi qəbul etdikdə, işin haqqı tamamilə ödənilir.
 Müqaviləyə uyğun surətdə ehtiyat hissələri və materiallar istehlakçıya icraçı tərəfindən kreditə, o cümlədən müddətlərlə haqqı ödənilmək  şərti ilə verilə bilər.
 4.2. Göstərilən texniki xidmətlərin qiyməti icraçı və istehlakçı arasında razılaşma ilə müəyyənləşdirilir.
 Müqavilə ilə nəzərdə tutulmuş texniki xidmətlər üçün smeta tərtib edilə bilər. İstehlakçının və ya icraçının tələbi ilə smetanın tərtib edilməsi  zəruri sayılır. Texniki xidmət icraçının tərtib etdiyi smetaya müvafiq surətdə yerinə yetirilirsə, istehlakçı müqaviləni təsdiq etdiyi andan smeta  onun tərkib hissəsi sayılır. İşin haqqı smetaya müvafiq məbləğdə ödənilir. Nəqliyyat vasitəsində smeta ilə nəzərdə tutulmayan nasazlıqlar  aşkar edilərsə, müqavilədə müvafiq dəyişikliklər edilir və işin haqqı faktiki həcmə görə ödənilir.
V. İCRAÇININ MƏSULİYYƏTİ
 5.1. Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında müqavilənin öhdəliklərinin icra edilməsi və yaxud lazımi səviyyədə yerinə  yetirilməməsi üçün icraçı qanunvericiliyə və müqavilə şərtlərinə müvafiq olaraq məsuliyyət daşıyır.
 5.2. Görülmüş işlərin qəbulu zamanı və ya nəqliyyat vasitəsinin istifadə edilməsi zamanı çatışmazlıqlar aşkar edildikdə, istehlakçının öz  mülahizəsi ilə icraçıdan aşağıdakıları tələb etməyə hüququ vardır:
 5.2.1. çatışmazlıqların ödənişsiz aradan qaldırılmasını;
 5.2.2. iş üçün təyin edilmiş qiymətin müvafiq şəkildə azaldılmasını;
 5.2.3. işlərin yenidən ödənişsiz yerinə yetirilməsini, çatışmazlıqların aradan qaldırılması zamanı çəkilən xərclərin icraçının hesabına (tənasübsüz xərclər tələb edildiyi hallar istisna olmaqla) ödənilməsini. [7]
 Əgər çatışmazlıqlar istehlakçı ilə razılaşdırılmış müddətədək aradan qaldırılmamışdırsa və ya onların aradan qaldırılması mümkün deyilsə, onda istehlakçının müqavilənin icra edilməsindən imtina etməyə və dəymiş ziyanın ödənilməsini tələb etməyə hüququ vardır.
 Əgər çatışmazlıqlar təminat müddətində aşkar edilmişdirsə, istehlakçının bu bəndlə nəzərdə tutulmuş tələbləri irəli sürmək hüququ vardır.
 Əgər göstərilmiş texniki xidmətin nəticələri üçün təminat müddəti təyin edilməmişdirsə, aşkar edilmiş nöqsanlarla əlaqədar tələblər istehlakçı  tərəfindən göstərilmiş xidmətin qəbul olunduğu gündən 1 il ərzində irəli sürülə bilər.
 Əgər müqavilə ilə nəzərdə tutulmuş təminat müddəti 1 ildən azdırsa və çatışmazlıqlar təminat müddəti keçdikdən sonra, lakin göstərilmiş  xidmətin qəbul olunduğu gündən 1 il ərzində aşkar edilmişdirsə, istehlakçı çatışmazlıqların göstərilmiş xidmətin təhvil verildiyi anadək  olduğunu sübut edəcəyi təqdirdə icraçı məsuliyyət daşıyır.
 5.3. Əgər icraçı vaxtında xidmət göstərməyə başlamamışdırsa və ya xidmət göstərilən zaman onun vaxtında yerinə yetirilməyəcəyi aydın  olmuşdursa, həmçinin göstərilən xidmətlərin vaxtı keçərsə, istehlakçının öz mülahizələri ilə aşağıdakıları tələb etməyə hüququ vardır:
 5.3.1. texniki xidmət göstərmək üçün icraçıya yeni vaxt təyin edilməsini və qiymətlərin azaldılmasını;
 5.3.2. texniki xidmətlər göstərilməsi haqqında müqavilənin pozulmasını.
 İstehlakçının texniki xidmət göstərilməsinin başlanması, habelə xidmət göstərilməsi və başa çatması vaxtlarının pozulması ilə əlaqədar  dəymiş ziyanın ödənilməsini tələb etməyə hüququ vardır.
 Texniki xidmət göstərməyə başlanması və xidmət göstərməyin başa çatması üçün istehlakçı tərəfindən təyin edilən yeni müddət xidmət  göstərilməsi haqqında müqavilədə göstərilir.
 Göstərilən texniki xidmətlərin başlanması və başa çatması müddətləri və ya bu bəndə əsasən istehlakçı tərəfindən təyin edilmiş yeni  müddətlər pozularsa, icraçı istehlakçıya vaxtı keçmiş hər gün (saat, əgər vaxt saatla təyin edilmişdirsə) üçün texniki xidmətin qiymətinin  (əgər texniki xidmətin qiyməti müqavilədə ayrıca göstərilməmişdirsə, sifarişin ümumi qiymətinin) 1 (bir) faizi miqdarında penya ödəməlidir.
 İstehlakçının aldığı penyanın məbləği ayrıca xidmət növünün qiymətindən, əgər bu qiymət müqavilə ilə müəyyənləşdirilməmişdirsə —  sifarişin ümumi qiymətindən yüksək ola bilməz.
 Texniki xidmətlərin göstərilməsi haqqında müqavilədə penya daha yüksək ölçüdə təyin edilə bilər.
 Əgər müqavilə ilə texniki xidmətin təcili görülməsi üçün üstəlik təyin edilmişdirsə, sifariş vaxtında yerinə yetirilmədikdə, istehlakçıya  penyadan başqa tam həcmdə üstəlik də qaytarılır.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 oktyabr tarixli 163 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR.
 
Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında
NÜMUNӘVİ ƏSASNAMƏ
1. ÜMUMİ MÜDDƏALAR
 1.1. Bu Əsasnamə “Yol hərəkəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə və nəqliyyat-yol kompleksi sahəsi haqqında digər normativ hüquqi aktların tələblərinə müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələrinin təşkili qaydalarını, təyinatını, strukturunu, vəzifə, funksiya və məsuliyyətini müəyyən edir. [8]
1.2. Təminatlı texniki-təmir sahələri nəqliyyat vasitələrinin texniki xidmətinin kompleks işlərindən birini və ya bir neçəsini təminatlı şərtlərlə  yerinə yetirən tam təsərrüfat hesabı, özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərən hüquqi şəxsdir.
 Avtonəqliyyat müəssisəsində nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan hüquqi şəxslər nəqliyyat vasitələrinə təminatlı texniki xidməti  bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində həyata keçirirlər. Bu halda texniki-təmir sahələri hüquqi şəxs yaradılmadan təşkil oluna  bilər.
 1.3. İxtisaslaşma profili — texniki-texnoloji yaxınlıq əlamətləri üzrə seçilmiş xidmət növləridir.
2. TƏMİNATLI TEXNİKİ-TƏMİR SAHƏLƏRİNİN TƏŞKİLİ
 2.1. Təminatlı texniki-təmir sahələrinin ixtisaslaşma profili nəqliyyat vasitələrinin texniki qulluğu və təmirinin normativ-texniki sənədlər  əsasında nəzərdə tutulan kompleks işlərindən biri və ya texnoloji cəhətdən uyğun olan bir neçəsi üzrə müəyyənləşdirilir.
 2.2. Təminatlı texniki-təmir sahələri yaşayış məntəqələrində avtomagistralların və yolların kənarında yerləşdirilməklə, istirahət zonalarından,  məktəblərdən, uşaq bağçalarından, müalicə ocaqlarından mövcud normalara uyğun məsafədə aralı olmalıdır.
 2.3. Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələrinin texnoloji avadanlıqlarla təchizatı və işçilərinin  peşəkarlıq yararlılığı texnoloji prosesin tələblərinə müvafiq olmalıdır.
 2.4. Təminatlı texniki-təmir sahələrinin layihələndirilməsində və istismarında ətraf mühitin mühafizəsinə dair ekoloji və sanitar-epidemioloji  norma və standartlara əməl edilməlidir.
 2.5. Təminatlı texniki-təmir sahələrinin layihələndirilməsi və inşa edilməsi ixtisaslaşma profilini nəzərə almaqla, istehsalat gücünə, müasir tikinti norma və qaydalarına uyğun aparılmalıdır.
 2.6. Təminatlı texniki-təmir sahəsinin istehsalat prosesi ixtisaslaşma profili üzrə yerinə yetirilən işlərin xarakterindən asılı olaraq normativ-texniki sənədlərə uyğun müəyyənləşdirilir.
 2.7. Təminatlı texniki-təmir sahələrinin istehsal gücü ixtisaslaşma profilinə və görülən işlərin həcminə görə müəyyənləşdirilir.
 2.8. Təminatlı texniki-təmir sahələrində nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi qüvvədə olan mövcud normativ-texniki sənədlər əsasında, texnoloji prosesin, istehsalın təşkilinin və elmi-texniki tərəqqinin müasir tələblərinə uyğun olaraq həyata keçirilir.
 2.9. Təminatlı texniki-təmir sahələrində nəqliyyat vasitələrinə təminatlı texniki xidmət texnoloji prosesdən asılı olaraq işçi postlarda və ya işçi  yerlərində yerinə yetirilir.
 İşçi yerləri və ya işçi postları texniki şərtlərə müvafiq tərtib edilməlidir.
 2.10. Təminatlı texniki-təmir sahələri texnoloji proses nəzərə alınmaqla, istehsalat gücündən asılı olaraq texniki sistemlərin, diaqnostika vasitələrinin və mütərəqqi üsulların tətbiqini nəzərdə tutan texnoloji avadanlıqların tabelinə əsasən təmin edilməlidir.
 2.11. Nəqliyyat vasitələrinin texniki qulluq və təmirinin kompleks işlərinin optimal qruplaşdırılması əsasında aşağıdakı texniki-təmir sahələri  formalaşdırılır:
 
 yığışdırma — yuma sahəsi;
 diaqnostika (nəzarət, yoxlama, nizamlama işləri) sahəsi;
 yağlama sahəsi;
 sökmə-yığma sahəsi;
 aqreqat təmiri sahəsi;
 çilingər-mexaniki sahə;
 elektrotexniki sahə;
 qida sistemi aparatlarının təmiri sahəsi;
 şinquraşdırma və şin təmiri sahəsi;
 akkumulyator təmiri sahəsi;
 tənəkəçi-qaynaq və misgər sahəsi;
 üzçəkmə-armatur sahəsi;
 rəngləmə sahəsi.
 
 2.12. Təminatlı texniki-təmir sahələrində nəqliyyat vasitələrinin və aqreqatların təmiri fərdi üsulla yerinə yetirilir.
 2.13. Təminatlı texniki-təmir sahələrində nəqliyyat vasitələrinin qəbulu və təhvili müqavilə, sifariş-tapşırıq, talon və ya qəbz əsasında aparılır.
 2.14. Təminatlı texniki-təmir sahələrində nəqliyyat vasitələrinin texniki xidmətə qəbulu zamanı irəli sürülən tələblər:
 2.14.1. nəqliyyat vasitələrinə ümumi nəzarət-baxış keçirilməsi və dəstliyinin yoxlanılması;
 2.14.2. nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının, mühərrik, ban və şassi nömrələrinin pasport göstəricilərinə uyğunluğu;
 2.14.3. nəqliyyat vasitələrinin konstruksiyalarında edilən dəyişikliklərin müvafiq standartlara və normalara uyğunluğunu təsdiq edən  Dövlət Yol Polisi orqanları tərəfindən verilmiş sənədin təqdim edilməsi;
 2.14.4. göstərilən xidmətlərin həcminin, qiymətinin və yerinə yetirilmə müddətinin təyini və sifarişçi ilə razılaşdırılması;
 2.14.5. ilkin sənədlərin (müqavilə, sifariş-tapşırıq, talon, qəbz və s.) tərtibi;
 2.14.6. qəzaya uğramış nəqliyyat vasitələrinin təmirinə Dövlət Yol Polisi orqanları tərəfindən icazə verilməsini təsdiq edən sənədin  təqdim edilməsi;
 2.14.7. nəqliyyat vasitələrinin xarici görünüşü texniki xidməti yerinə yetirməyə imkan verəcək dərəcədə təmiz, texnoloji prosesin tələblərinə müvafiq olaraq sərnişinsiz və yüksüz olmalıdır.
 Bu tələblərə riayət olunmadığı halda, nəqliyyat vasitələri texniki xidmətə qəbul edilmir.
 2.15. Nəqliyyat vasitələrinə göstərilən təminatlı texniki xidmətin haqqı mövcud normalara müvafiq olaraq tərtib edilmiş qiymət cədvəli, yaxud müqaviləyə uyğun olaraq sifarişçi tərəfindən rəsmi sənədlər əsasında sifariş-tapşırıq, talon, yaxud qəbzlə ödənilir.
 2.16. Təminatlı texniki-təmir sahələrində respublika qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş qaydada iş rejiminə riayət edilməlidir.
3. TƏMİNATLI TEXNİKİ-TƏMİR SAHƏLƏRİNİN VƏZİFƏ VƏ FUNKSİYALARI
 3.1. Təminatlı texniki-təmir sahələri nəqliyyat vasitələrinə ixtisaslaşma profilinə müvafiq olaraq sifariş (müqavilə) əsasında xidmət göstərir.
 3.2. nəqliyyat vasitələrini mövsümi istismara hazırlayır.
 3.3. Nəqliyyat vasitələrinin konservasiyasını və antikorroziya örtüyü ilə işlənməsini yerinə yetirir.
 3.4. Nəqliyyat vasitələrinin konstruksiyalarında əsaslı dəyişiklik etmədən və istismar qaydaları ilə qadağan olunmayan əlavə avtoservis  xidmətləri (radioqəbuledici, mühərrikin karterinə qoruyucu qoyulması və s.) göstərir.
 3.5. Nəqliyyat vasitələrinin istismarı və texniki qulluğu üzrə onların sahiblərinə ödənişli əsaslarla müvafiq xidmətlər göstərir və məsləhətlər  verir.
 3.6. Öz ərazilərində nəqliyyat vasitələrinin pullu dayanacağını təşkil edir.
 3.7. Nəqliyyat vasitələrinin ehtiyat hissələrinin, qovşaqların, alət və ləvazimatların satışını təşkil edir.
 3.8. Nəqliyyat vasitəsinin texniki vəziyyəti haqqında müvafiq sənəd verir.
4. TƏMİNATLI TEXNİKİ-TƏMİR SAHƏLƏRİNDƏ TEXNİKİ XİDMƏT QAYDALARI
 4.1. Təminatlı texniki-təmir sahələrində texniki xidmət üçün qəbul edilən nəqliyyat vasitələrinin dəstliyinə, qorunmasına, müqavilədə  göstərilən işlərin həcminə, keyfiyyətinə və vaxtında yerinə yetirilməsinə, ödəniş haqqının düzgün alınmasına riayət olunmalıdır.
 4.2. Nəqliyyat vasitələrinə texniki xidmət göstərən təminatlı texniki-təmir sahələri avtonəqliyyat vasitələrinin təhlükəsiz və saz istismarına  təminat verməyə borcludur.
 Təminat müddəti ixtisaslaşma profilindən, avtonəqliyyat vasitələrinin tip və konstruktiv xüsusiyyətlərindən asılı olaraq, texniki-təmir sahələri  tərəfindən mövcud normalar əsasında müəyyən edilir.
 4.3. Təminat müddəti ərzində texniki istismar qaydaları pozulduqda, yol-nəqliyyat hadisəsi baş verdiyi hallarda, nəqliyyat vasitələrini  texniki-təmir sahələrindən kənarda təmir etdikdə texniki-təmir sahələri həmin xidmətlərin təminatı üçün məsuliyyət daşımır və sifarişçidən  iddia qəbul edilmir.
 4.4. Təminatlı texniki-təmir sahələri (icraçı) ilə sifarişçi (istehlakçı) arasında olan münasibətlər «Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət  göstərilməsi haqqında nümunəvi Əsasnamə» ilə tənzimlənir.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 oktyabr tarixli 163 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında
NÜMUNӘVİ ƏSASNAMƏ
1. ÜMUMİ MÜDDƏALAR
 1.1. Bu Əsasnamə “Yol hərəkəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə və nəqliyyat-yol kompleksi sahəsi haqqında digər normativ hüquqi aktların tələblərinə müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində mülkiyyət və təşkilati-hüquqi formasından  asılı olmayaraq, nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyalarının təşkili qaydalarını, təyinatını, strukturunu, vəzifə, funksiya və məsuliyyətini müəyyən edir.  [9]
1.2. Təminatlı texniki-təmir stansiyaları — nəqliyyat vasitələrinə təminatlı texniki xidmətini yerinə yetirən tam təsərrüfat hesablı, özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərən hüquqi şəxsdir.
 1.3. Texniki qulluq — nəqliyyat vasitələrinin hissələrinin yeyilmə dərəcəsini azaltmaq, baş verə biləcək nasazlıqların qarşısını qabaqcadan  almaq və beləliklə, onların işləmə qabiliyyətini saxlamaq məqsədi ilə yerinə yetirilən texniki təsirlər kompleksidir.
 Texniki qulluq texniki normalarla nəzərdə tutulmuş yürüş normalarından sonra yerinə yetirilir. Yürüş normaları nəqliyyat vasitələrinin  rejim və ya servis kitabçalarında yazılır. 1.4. Təmir — nəqliyyat vasitələrinin və onların tərkib hissələrinin (ban, aqreqat, qovşaq, mexanizm və s.) itirilmiş iş qabiliyyətini bərpa etmək  üçün görülən texniki təsirlər kompleksidir.
 1.5. Diaqnostika — nəqliyyat vasitələrinin və onların tərkib hissələrinin texniki vəziyyətinin sökülmədən bilavasitə təyin edilməsidir.
 1.6. Texnoloji proses — texniki xidmətin müxtəlif təyinatlı kompleks işlərinin müəyyən edilmiş ardıcıllıqla yerinə yetirilməsidir.
 1.7. İstehsalat sahəsi — texniki xidməti yerinə yetirmək üçün texniki vasitələrlə təchiz edilmiş fəaliyyət sahəsidir.
 1.8. İşçi post — texniki xidmətin texnoloji prosesini yerinə yetirmək üçün avtomobilin yerləşməsini nəzərdə tutan və müvafiq texnoloji  avadanlıqlarla təchiz edilmiş istehsalat sahəsinin bir hissəsidir.
 1.9. Texnoloji avadanlıq — texniki xidmətin texnoloji prosesinin yerinə yetirilməsi üçün zəruri olan texniki vasitələrdir.
 1.10. İstehsalat gücü — xidmət göstəriləcək nəqliyyat vasitələrinin və işçi postların sayıdır.
 
2. TƏMİNATLI TEXNİKİ-TƏMİR STANSİYALARININ TƏŞKİLİ
 2.1. Təminatlı texniki xidmətin əsasını nəqliyyat vasitələrinə texniki qulluğu və təmiri təşkil edir.
 2.2. Təminatlı texniki-təmir stansiyaları yaşayış məntəqələrində, avtomagistralların və yolların kənarında yerləşdirilməklə, istirahət  zonalarından, məktəblərdən, uşaq bağçalarından, müalicə ocaqlarından mövcud normalara uyğun məsafədə aralı olmalıdır.
 2.3. Təminatlı texniki-təmir stansiyalarının layihələndirilməsi və inşa edilməsi nəqliyyat vasitələrinin tipini və konstruktiv xüsusiyyətlərini  nəzərə almaqla, istehsalat proqramına, müasir tikinti norma və qaydalarına uyğun aparılmalıdır.
 2.4. Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyalarının texnoloji avadanlıqlarla təchizi və işçilərin  peşəkarlıq yararlılığı texnoloji prosesin tələblərinə müvafiq olmalıdır.
 2.5. Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları istehsalat proqramından asılı olaraq, müvafiq  istehsalat-texniki bazası — binalar, qurğular, avadanlıqlar, alətlər, tərtibatlar və nəzarət-ölçü cihazları ilə təchiz edilməlidir.
 2.6. Təminatlı texniki-təmir stansiyalarının istehsalat sahələri istehsalat proqramından asılı olaraq texniki sistemlərin diaqnostika vasitələrinin və mütərəqqi üsulların tətbiqini nəzərdə tutan texnoloji avadanlıqlarla təchiz edilməlidir.
 2.7. Təminatlı texniki-təmir stansiyalarının layihələndirilməsində və istismarında ətraf mühitin mühafizəsinə dair ekoloji və sanitar-epidemioloji norma və standartlara əməl edilməlidir.
 2.8. Xidmət göstəriləcək nəqliyyat vasitələrindən ətraf mühitə buraxılan zərərli maddələrin və tullantıların miqdarının və tərkibinin müəyyən  edilməsi və həmin göstəricilərin ekoloji norma və standartlara uyğunluğunun təmin edilməsi məqsədi ilə texniki-təmir stansiyalarının  istehsalat sahəsində müasir diaqnostik ölçmə-tənzimləmə avadanlıqları ilə təchiz edilmiş xüsusi ekologiya postu yaradılmalıdır.
 2.9. Təminatlı texniki-təmir stansiyalarında nəqliyyat vasitələrinə təminatlı texniki xidmət vahid texniki siyasət əsasında, elmi-texniki tərəqqinin müasir tələblərinə uyğun olaraq, normativ-texniki sənədlər, texniki qulluq və təmirin rejimləri, texnoloji proses, istehsalın təşkili  üsulları və s. əsasında həyata keçirilir.
 2.10. Nəqliyyat vasitələrinin texniki vəziyyətinin və görüləcək işlərin həcminin müəyyənləşdirilməsi üçün sifarişçinin razılığı ilə, onun  hesabına, nəqliyyat vasitələri nəzarət diaqnostika xəritəsi əsasında diaqnostika postlarından keçirilə bilər. Diaqnostikanın nəticələri üzrə  sifarişçiyə müvafiq kart verilməlidir.
 2.11. Təminatlı texniki xidmətin göstərilməsində texnoloji prosesə tam əməl edilməsi üçün texniki-təmir stansiyalarının istehsalat proqramına  müvafiq istehsalat və köməkçi sahələri olmalıdır:
 
 texniki qulluq və təmir şöbəsi;
 çilingər və mexaniki şöbə;
 elektrotexniki şöbə;
 akkumulyator şöbəsi;
 qida sistemi və aparatlarının təmiri şöbəsi;
 şinquraşdırma və şin təmiri şöbəsi;
 qaynaq-tənəkəçi şöbəsi;
 dəmirçi-ressor şöbəsi;
 misgər şöbəsi;
 üzçəkmə armatur şöbəsi;
 ehtiyat hissələri anbarı;
 istismar materialları anbarı;
 şin anbarı;
 alət otağı;
 tibb məntəqəsi.
 
 2.12. Təminatlı texniki-təmir stansiyalarının istehsal gücü nəqliyyat vasitələrinin və ya işçi postların (avtomobil yerlərin) sayına görə  müəyyənləşdirilir.
 2.13. Təminatlı texniki xidmətin texnoloji prosesi texniki-təmir stansiyalarının vahid funksional sxeminə əsasən təşkil edilir.
 2.14. Təminatlı texniki-təmir stansiyalarında nəqliyyat vasitələrinin texniki qulluğu və təmiri qüvvədə olan mövcud normativ-texniki  sənədlərin tələblərinə müvafiq aparılır.
 2.15. Təminatlı texniki-təmir stansiyalarında texniki qulluq və təmir üzrə aşağıdakı xidmətlər göstərilir:
 
 yığışdırma, yuma işləri;
 nəzarət diaqnostika işləri;
 bərkitmə işləri;
 tənzimləmə işləri;
 servis kitabı üzrə texniki qulluq işləri;
 sökmə-yığma işləri;
 aqreqat, sistem və qovşaqların təmiri;
 çilingər-mexaniki işlər;
 elektrotexniki işlər;
 akkumulyator işləri;
 qida sistemi üzrə işlər;
 şinquraşdırma və şin təmiri işləri;
 dəmirçi-ressor işləri;
 tənəkəçi-qaynaq işləri;
 misgər işləri;
 rəngləmə işləri;
 üzçəkmə-armatur işləri;
 doldurma, yağlama işləri.
 
 2.16. Nəqliyyat vasitələrinin texniki qulluğu və təmiri texniki-təmir stansiyalarında universal və ya ixtisaslaşdırılmış işçi postlarda yerinə  yetirilir.
 İşçi postlar görülən işlərin profilinə müvafiq texniki şərtlərlə, texnoloji avadanlıqlarla və digər normativ-texniki sənədlərlə təmin edilir.
 Texnoloji prosesin səmərəli təşkili məqsədi ilə istehsalat sahələri və işçi postları (avtomobil yerləri) indekslə işarələnir.
 2.17. Təminatlı texniki-təmir stansiyalarında nəqliyyat vasitələrinin, onların aqreqatlarının və hissələrinin təmiri fərdi üsulla yerinə yetirilir.
 2.18. Təminatlı texniki-təmir stansiyalarında nəqliyyat vasitələrinin qəbulu və təhvili ixtisaslaşdırılmış postlarda yerinə yetirilir.
 2.19. Təminatlı texniki-təmir stansiyalarında nəqliyyat vasitələrini texniki xidmətə qəbul etmək üçün zəruri olan şərtlər:
 2.19.1. nəqliyyat vasitələrinə ümumi nəzarət-baxışın keçirilməsi və dəstliyinin yoxlanılması;
 2.19.2. nəqliyyat vasitələrinin dövlət qeydiyyatı nişanlarının, mühərrik, ban və şassi nömrələrinin pasport göstəricilərinə uyğunluğu;
 2.19.3. göstərilən xidmətlərin həcminin, qiymətinin və yerinə yetirilmə müddətinin təyini və sifarişçi ilə razılaşdırılması;
 2.19.4. ilkin sənədlərin (müqavilə, sifariş-tapşırıq, talon, qəbz və s.) tərtibi;
 2.19.5. nəqliyyat vasitələrinin konstruksiyasında edilən dəyişikliklərin müvafiq standartlara və normalara uyğunluğunu təsdiq edən  Dövlət Yol Polisi orqanları tərəfindən verilmiş sənədin təqdim edilməsi;
 2.19.6. qəzaya uğramış nəqliyyat vasitələrinin təmirinə Dövlət Yol Polisi orqanları tərəfindən icazə verilməsini təsdiq edən sənədin  təqdim edilməsi;
 2.19.7. nəqliyyat vasitələrinin xarici görünüşü onun təmirini və texniki qulluğunu yerinə yetirməyə imkan verən dərəcədə təmiz, texnoloji prosesin tələblərinə müvafiq olaraq sərnişinsiz və yüksüz olmalıdır;
 2.19.8. bu şərtlərə riayət olunmadığı halda nəqliyyat vasitələri texniki xidmətə qəbul edilmir.
 2.20. Texniki xidmət göstərildikdən sonra nəqliyyat vasitələri texniki baxışın nəticələri üzrə aşağıdakı tələblərə cavab verməlidir:
 2.20.1. görülən işlərin həcminin sifarişdə (müqavilədə) göstərilənlərlə uyğunluğu;
 2.20.2. görülən işlərin keyfiyyətinin texniki şərtlərə və normalara müvafiq olması;
 2.20.3. nəqliyyat vasitələrinin idarəetmə mexanizmi və sistemlərinin (tormoz, sükan və işıqlandırma) texniki vəziyyəti;
 2.20.4. nəqliyyat vasitələrinin dəstliyi.
 2.21. Nəqliyyat vasitələrinə göstərilən təminatlı texniki xidmətin haqqı mövcud normalara müvafiq olaraq tərtib edilmiş qiymət cədvəli,  yaxud müqaviləyə uyğun olaraq sifarişçi tərəfindən rəsmi sənədlər əsasında sifariş-tapşırıq, talon, yaxud qəbzlə ödənilir.
 2.22. Təminatlı texniki-təmir stansiyalarında respublika qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş qaydada iş rejiminə riayət  edilməlidir.
3. TƏMİNATLI TEXNİKİ-TƏMİR STANSİYALARININ VƏZİFƏ VƏ FUNKSİYALARI
 3.1. Təminatlı texniki-təmir stansiyası nəqliyyat vasitələrinə sifariş (müqavilə) əsasında texniki xidmət göstərir.
 3.2. Nəqliyyat vasitələrinin aqreqat və qovşaqlarının əsaslı təmirini yerinə yetirir.
 3.3. nəqliyyat vasitələrini mövsümi istismara hazırlayır.
 3.4. Nəqliyyat vasitələrinin konservasiyasını və antikorroziya örtüyü ilə işlənməsini yerinə yetirir.
 3.5. Zəruri olduqda nəqliyyat vasitələrinin konstruksiyalarında əsaslı dəyişiklik etmədən istismar qaydaları ilə qadağan olunmayan əlavə  xidmətlər göstərir, öz ərazilərində nəqliyyat vasitələrinin pullu dayanacağını və satışını təşkil edir, nəqliyyat vasitələrinin satışdan qabaq  hazırlığını yerinə yetirir, texniki ekspertizasını keçirir.
 3.6. nəqliyyat vasitələrinin istismarı və texniki qulluğu üzrə onların sahiblərinə ödənişli əsaslarla müvafiq xidmətlər göstərir, məsləhətlər verir.
 3.7. Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə  səbəb olan nasazlıqların aradan qaldırılması barədə dövlət texniki baxışını keçirən orqana təqdim etmək üçün nəqliyyat vasitələri sahiblərinə  və ya sərəncam vermək hüququ olan şəxsə müvafiq sənəd verir.
 3.8. Buraxılış ilindən başlayaraq 5 ilə qədər müddətdə istismarda olan texniki cəhətdən saz nəqliyyat vasitələrinə müqavilə əsasında  abonement xidməti göstərir.
 3.8.1. Abunə xidmətinin təşkili üçün sifarişçi ilə texniki-təmir stansiyaları arasında müəyyən edilmiş formada 1 il müddətli müqavilə  bağlanılır və mövcud qiymət cədvəlinə müvafiq olaraq xidmət haqqı ödənilir.
 Müqavilə bağlandıqdan sonra abonəçiyə abunə kitabçası verilir. Nəqliyyat vasitəsi üçün texniki qeydiyyat xəritəsi doldurulur. Bu xəritədə  görülən işlərin siyahısı və qiymətləri, dəyişdirilmiş ehtiyat hissələri və istismar materialları qeyd olunur.
4. TƏMİNATLI TEXNİKİ-TƏMİR STANSİYALARINDA TEXNİKİ XİDMƏT QAYDALARI
 4.1. Təminatlı texniki-təmir stansiyalarında texniki xidmət üçün qəbul edilmiş nəqliyyat vasitələrinin dəstliyinə, qorunmasına, müqavilədə  göstərilən işlərin həcminə, keyfiyyətinə və vaxtında yerinə yetirilməsinə, xidmət haqqının düzgün ödənilməsinə riayət edilməlidir.
 4.2. Nəqliyyat vasitələrinin təmirini və texniki qulluğunu yerinə yetirən təminatlı texniki-təmir stansiyaları nəqliyyat vasitələrinin təhlükəsiz  və saz istismarına təminat verməyə borcludur.
 Təminat müddəti göstərilən xidmətin növündən, nəqliyyat vasitələrinin tip və konstruktiv xüsusiyyətlərindən asılı olaraq texniki təmir  stansiyaları tərəfindən mövcud normalar əsasında qabaqcadan müəyyən edilir və qəbul-təhvil postunda, görünən yerdə lövhədən asılır.  Təminat müddəti aşağıdakı xarakterik xidmət növləri üzrə müəyyənləşdirilir:
 
 texniki qulluq üçün;
 təmir üçün;
 aqreqatı təzəsi ilə dəyişdirməklə aparılan təmir üçün;
 aqreqat və qovşaqların təmiri üçün;
 banın və onun hissələrinin təmiri üçün;
 qismən və tam rəngləmə üçün.
 
 4.3. Təminat müddəti ərzində texniki istismar qaydaları pozulduqda, yol nəqliyyat hadisəsi baş verdiyi hallarda, nəqliyyat vasitəsi və onun  aqreqat, qovşaq və cihazları texniki-təmir stansiyalarına təqdim edilmədən təmir edildikdə, texniki-təmir stansiyaları göstərilən xidmətlərin  təminatı üçün məsuliyyət daşımır və sifarişçinin iddiası qəbul edilmir.
 4.4. İddia reklamasiya aktı ilə tərkib edilir və xüsusi jurnalda qeydiyyatı aparılır.
 4.5. Təminat müddətində baş vermiş nasazlıqların aradan qaldırılması üçün nəqliyyat vasitələrinin təmirə dayandığı halda, aqreqat və  qovşaqların istismar müddəti üçün müəyyən edilmiş təminat müddəti, nəqliyyat vasitələrinin texniki-təmir stansiyalarında olduğu müddət  qədər uzadılır.
 4.6. İddia ilə əlaqədar texniki-təmir stansiyalarının qərarı ilə razılaşmayan sifarişçi avtotexniki ekspertizaya müraciət etmək hüququna  malikdir.
 İddia təsdiq edildiyi halda, nöqsanların aradan qaldırılması xərcləri texniki-təmir stansiyaları tərəfindən ödənilir.
 4.7. Təminatlı texniki-təmir stansiyaları (icraçı) ilə sifarişçi (istehlakçı) arasında olan münasibətlər «nəqliyyat vasitələrinə təminatlı texniki  xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamə» ilə tənzimlənir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2001-ci il tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 74)
2. 26 iyul 2006-cı il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 653)
3.       24 iyun 2008-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 597)
4. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37)
 
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 


________________________________________
[1] 26 iyul 2006-cı il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 653) ilə 4-cü bənd əlavə edilmişdir və 4-cü bənd müvafiq olaraq 5-ci bənd hesab olunmuşdur.
 
14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37) ilə 4-cü hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
 
[2] 26 iyul 2006-cı il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 653) ilə “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamə”nin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi qaydalarını müəyyən edir, nəzərdə tutulan xidmətlərin həyata keçirilməsi zamanı istehlakçılar və icraçılar arasında yaranmış münasibətləri tənzimləyir.
 
 
[3] 24 iyun 2008-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 597) ilə Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamə»nin 2.9-cu bəndinin üçüncü abzasında «vəkalətnamə» sözü «etibarnamə» sözü ilə əvəz edilmişdir.
 
[4] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2001-ci il tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 74) ilə "Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında Nümunəvi Əsasnamə"nin 2.15-ci bəndin ikinci abzasının birinci cümləsində "istehlakçının razılığı olmadan" sözləri "müqavilədə olmayan və istehlakçı tərəfindən yerinə yetirilməsi tələb edilməyən" sözləri ilə əvəz edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2001-ci il tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 74) ilə "Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında Nümunəvi Əsasnamə"nin 2.15-ci bəndin ikinci abzasının ikinci cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
İstehlakçı onun razılığı olmadan aparılan texniki xidmətlər üçün haqq ödəməkdən imtina etmək, ödəmə aparılmışdırsa, ödənilən məbləğin geri qaytarılmasını tələb etmək hüququna malikdir.
 
[5] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2001-ci il tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 74) ilə "Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında Nümunəvi Əsasnamə"nin 3.6-cı bəndinin birinci abzasının ikinci cümləsində "qiyməti" sözündən sonra "və müqavilənin ləğvi ilə icraçıya vurulan zərərin əvəzinə" sözləri əlavə edilmişdir.
 
[6] 24 iyun 2008-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 597) ilə Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamə»nin 3.7-ci bəndində «vəkalətnamə» sözü «etibarnamə» sözü ilə əvəz edilmişdir.
 
[7] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2001-ci il tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 74) ilə "Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında Nümunəvi Əsasnamə"nin 5.2.3-cü yarımbənddə "öz vəsaiti hesabına, yaxud üçüncü şəxs tərəfindən" sözləri "icraçının hesabına (tənasübsüz xərclər tələb edildiyi hallar istisna olmaqla)" sözləri ilə əvəz edilmişdir.
 
[8] 26 iyul 2006-cı il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 653) ilə “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamə”nin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Bu Əsasnamə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına və «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələrinin təşkili qaydalarını, təyinatını, strukturunu, vəzifə, funksiya və məsuliyyətini müəyyən edir.
 
 
[9] 26 iyul 2006-cı il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 653) ilə “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamə”nin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Bu Əsasnamə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına və «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən  texniki-təmir stansiyalarının təşkili qaydalarını, təyinatını, strukturunu, vəzifə, funksiya və məsuliyyətini müəyyən edir.