Baş səhifə » Qanunvericilik » Nazirlər Kabinetinin Qərarları və Sərəncamları » Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən «İcazə Sistemi» haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən «İcazə Sistemi» haqqında Əsasnamənin təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən «İcazə Sistemi»nin tətbiqi haqqında» 1996-cı il 14 oktyabr tarixli 141 nömrəli qərarına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən «İcazə Sistemi» haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
 
Baş nazir A. RASİZADƏ.
 
Bakı şəhəri, 10 yanvar 1997-ci il
№ 6
 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1997-ci il 10 yanvar tarixli, 6 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR.
 
Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən «İcazə Sistemi» haqqında


ƏSASNAMƏ [1]
 
 
1. ÜMUMİ MÜDDƏALAR
 
1. Bu Əsasnamə Azərbaycan Respublikası ərazisində avtonəqliyyat vasitələrinin sahibləri üçün icazə sisteminin tələbləri nəzərə alınmaqla, beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin ümumi qayda və şərtlərini müəyyən edir.
2. Azərbaycan Respublikasının ərazisinə giriş, yüklənmə və tranzit keçid üçün «İcazə Sistemi» Nazirlər Kabinetinin 1996-cı il 14 oktyabr tarixli, 141 nömrəli qərarı ilə müəyyənləşdirilir və beynəlxalq avtomobil daşımalarının dövlət tərəfindən tənzimlənməsini təmin etmək məqsədi ilə tətbiq olunur.
3. Beynəlxalq avtomobil daşımalarını həyata keçirən xarici dövlətlərin nəqliyyat vasitələrinə Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış, yüklənmə və tranzit keçid hüququnu müəyyənləşdirən xüsusi sənəd - "İcazə" blankı dövlət sərhədinin buraxılış məntəqələrində gömrük orqanları tərəfindən verilir və nəzarət olunur.
Azərbaycan Respublikasının ərazisində (dövlət sərhədinin buraxılış məntəqələri istisna olmaqla) xarici dövlətlərin nəqliyyat vasitələri ilə həyata keçirilən beynəlxalq avtomobil daşımalarının tənzimlənməsini və nəzarəti Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir.[2]
4. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçən yük avtomobilləri istisna olunmaqla, xarici yükavtonəqliyyat vasitələrinin respublika ərazisinə yüksüz daxil olmasına, daxili yük və sərnişin daşımalarına və yüklənmə haqqında sərhəddə gömrük orqanları və ya ölkə ərazisində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən verilən "İcazə" blankı" olmadıqda yolüstü yüklənməsinə icazə verilmir.[3]
5. "İcazə" blankı" növündən (ölkəyə gəlmək haqqında icazə, yüklərin yüklənməsinə icazə, üçüncü ölkəyə tranzit gediş üçün icazə) asılı olmayaraq, yükdaşımaları ilə məşğul olan avtonəqliyyat vasitələrinin sahiblərinə Azərbaycan Respublikasının ərazisinə maneəsiz daxil olmaq, yüklənmə aparmaq, ikitərəfli və ya tranzitlə hərəkət etmək hüququ, dövlət sərhədini keçmək haqqında tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən edilmiş digər şərtlər gözlənildiyi halda verilir.
"İcazə" blankı" olmayan xarici ölkələrin avtodaşıyıcıları Azərbaycan Respublikasının ərazisinə daxil olduqda, gömrük orqanlarının səlahiyyətli nümayəndələrindən, dövlət rüsumunu ödəməklə «İcazə blankı» alır. [4]
6. Kvota ilə müəyyən edilmiş, qarşılıqlı razılaşma əsasında "İcazə" blankı"nın mübadiləsi, beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə uyğun olaraq, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və digər tərəfin səlahiyyətli orqanı tərəfindən ödənişsiz həyata keçirilir.
Beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə uyğun olaraq müəyyən edilmiş kvotalar üzrə mübadilə edilmiş "İcazə" blanklarının istifadəsinin və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik və qısamüddətli icazələrinin uçotunun aparılması məqsədi ilə növbəti ayın 10-dək Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə məlumat verir. [5]
7. Xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının Azərbaycan avtodaşıyıcılarına verilməsi Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.
8. "İcazə" blankı" avtonəqliyyat vasitəsində olur və nəzarət səlahiyyəti olan şəxsin tələbi ilə təqdim edilir.
9. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinə «İcazə blankı», onlar yol təşkilatları tərəfindən xüsusi yol marşrut sxemi ilə təmin olunduqda və avtomaşın dövlət yol polisi və yerli icra orqanları tərəfindən müşayiət edildikdə verilir.[6]
 
II. «İCAZƏ BLANKI»NİN HAZIRLANMASI, UÇOTU VƏ İSTİFADƏ OLUNMASI
 
10. Xarici dövlətlərin avtomobil nəqliyyatı vasitələrilə, Azərbaycan Respublikası ərazisində beynəlxalq daşımaların yerinə yetirilməsi üçün "İcazə" blankı" Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən hazırlanır, təsdiq olunur, mətbəə üsulu ilə çap edilir, sıra nömrəsinə malik olur və Nəqliyyat Nazirliyinin möhürü olduqda etibarlı sayılır.
Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici dövlətlərin nəqliyyat vasitələrinə sərhəddə "İcazə" blanklarının verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Dövlət Gömrük Komitəsini müvafiq blanklarla (tələb olan növdə və miqdarda) təmin etməlidir.
Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici dövlətlərin nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində gömrük orqanları tərəfindən verilmiş "İcazə" blanklarının uçotu və hesabatının təşkili məqsədi ilə növbəti ayın 10-dək Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə məlumat verməlidir.[7]
11. Qəbul edilmiş beynəlxalq normalara və standartlara müvafiq, vahid formalı "İcazə" blankı"nın üz tərəfində bir qayda olaraq aşağıdakı rekvizitlər olmalıdır:
a) verilən icazənin hansı ölkənin ərazisində etibarlı olduğu haqqında qeydiyyat (ölkənin adı);
b) "İcazə" blankı"nın nömrəsi;
v) daşıyıcının adı və onun tam ünvanı;
q) «"İcazə" blankı"nın verildiyi yer və tarix;
d) "İcazə" blankı"nı vermiş səlahiyyətli orqanın imzası və möhürü;
e) hərəkət marşrutu;
z) sərhəd buraxılış məntəqəsi;
i) nəqliyyat vasitəsinin adı, onun nömrəsi və modeli.
"İcazə" blankı"nın arxa tərəfində aşağıdakı məlumatlar olmalıdır:
a) "İcazə" blankı"nın nəzarət səlahiyyəti olan şəxsin tələbi ilə təqdim olunması barədə təlimat. Bu sənəd ancaq beynəlxalq yük və sərnişin daşımaları üçün etibarlıdır və daxili daşımaların yerinə yetirilməsinə əsas vermir. İcazənin üçüncü şəxsə verilməsi qadağandır. Daşıyıcı Azərbaycan respublikası ərazisində qüvvədə olan qanunlara əməl etməli, inzibati orqanların avtomobil nəqliyyatı və yol hərəkəti üçün təlimatlarını yerinə yetirməlidir.
b) nəzarət edən orqanın qeydiyyatı üçün yer;
v) avtomobilin markası göstərilməklə, onun tam çəkisi.
Rekvizitləri doldurulmayan, digər tərəfin səlahiyyətli orqanının imzası, möhürü və onu yerlərdə verən icra orqanının möhürü olmadıqda "İcazə" blankı" etibarlı sayılmır.
12. "İcazə" blankı"na, Azərbaycan Respublikası ilə digər xarici ölkələr arasında beynəlxalq avtomobil daşımalarında «İcazə sistemi»nin tətbiqi haqqında Protokolu razılaşdırdıqda, müəyyən dəyişiklik edilə bilər, bəzi hallarda isə tərəflərin qarşılıqlı razılaşması ilə eyniləşdirilə bilər.
"İcazə" blankı"nın rekvizitlərini doldurmaq üçün rəsmi dil tərəflərin hər birinin səlahiyyətli orqanı tərəfindən müəyyən edilir.
13. Dövlətlərarası Sazişlərin şərtləri və Azərbaycan Respublikası qanunları xarici avtodaşıyıcılar tərəfindən pozulduqda «İcazə Sistemi»ni həyata keçirən icra orqanları qaydaları pozanlar haqqında Nəqliyyat Nazirliyinəməlumat verirlər. Nəqliyyat Nazirliyi öz növbəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi xətti ilə tədbir görülməsini təmin edir.
 
III. UÇOT VƏ HESABAT
 
14. "İcazə" blank"larının uçotu, saxlanılması və hesabatının təşkili, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin «Ciddi hesabatlı blanklar haqqında»kı təlimatına əsasən aparılır.
15. Hər rüb Nəqliyyat Nazirliyi ümumiləşdirilmiş şəkildə verilmiş (satılmış) "İcazə" blank"ları (ölkələr və növlər üzrə) haqqında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat-hesabat təqdim edir.
 
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 
1. 23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 148)
2. 11 avqust 2003-cü il tarixli 104 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 460)
3. 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34)
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 


________________________________________
[1] 11 avqust 2003-cü il tarixli 104 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 460) ilə "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə"nin 3-cü, 5-ci, 7-ci, 10-13-cü və 15-ci bəndlərində ismin müvafiq hallarında"Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri ismin müvafiq hallarında "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
 
28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə"nin 4-cü bənddə, 5-ci bəndin birinci və ikinci abzaslarında, 6-cı bənddə, 8-ci bənddə, 10-cu bənddə, 11-ci bəndin, birinci, üçüncü, beşinci, altıncı, onuncu, on birinci, on dördüncü abzaslarında, 12-ci bəndinin birinci və ikinci abzaslarında, 14-cü və 15-ci bəndlərdə ismin müvafiq hallarında verilmiş "İcazə blankı" sözləri ismin müvafiq hallarında "İcazə" blankı" sözləri ilə əvəz edilmişdir.
 
 
[2] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə"nin 3-cü bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3. Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış, yüklənmə və tranzit keçid hüququnu müəyyənləşdirən xüsusi sənəd — «İcazə blankı», «Nəqliyyat Nazirliyi»nin sərhəd-buraxılış məntəqələrindəki səlahiyyətli nümayəndələri tərəfindən verilir və nəzarət olunur.
 
[3] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə"nin 4-cü bənddə "xarici" sözündən sonra "yük" sözü çıxarılmışdır və "yüklənmə haqqında" sözlərindən sonra "sərhəddə gömrük orqanları və ya ölkə ərazisində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən verilən" sözləri əlavə edilmişdir.
 
[4]  23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 148) ilə "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə sistemi" haqqında Əsasnamə"nin 5-ci bəndinin ikinci abzasında "haqqını" sözü "dövlət rüsumunun" sözləri ilə əvəz edilmişdir.
 
28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə"nin 5-ci bəndin ikinci abzasında "Nəqliyyat Nazirliyinin sərhəd-buraxılış məntəqələrindəki" sözləri "gömrük orqanlarının" sözləri ilə əvəz edilmişdir.
 
[5] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə"nin 6-cı bəndin birinci abzasında "tərəflərin səlahiyyətli orqanları tərəfindən" sözləri "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və digər tərəfin səlahiyyətli orqanı tərəfindən" sözləri ilə əvəz edilmişdir, və yeni məzmunda ikinci abzas əlavə edilmişdir.
[6] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə"nin 9-cu bənddə "Böyükqabaritli, yüksəktonnajlı və ya təhlükəli yükü olan avtonəqliyyat vasitələrinə" sözləri "İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinə" sözləri ilə əvəz edilmişdir.
 
[7] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə"nin 10-cu bəndə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir.