Baş səhifə » Mülki hava nəqliyyatı

Azərbaycan Hava Yolları  
 
www.azal.az

Azərbaycan Hava Yolları (AZAL, АЗАЛ, "Azerbaijan Airlines") "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə daxildir, Azərbaycanın nəhəng aviaşirkəti və milli aviadaşıyıcısıdır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. Qərargahı Bakı şəhərində yerləşir.

Aviaşirkətin əsas hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir. "Azərbaycan Hava Yolları" Avropa, MDB, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımaları həyata keçirir. 2014-cü ildə uzaq uçuş məsafəsinə malik olan "Boeing" təyyarələrinin yeni partiyası alındıqdan sonra Şimali Amerika və Cənubi-Şərqi Asiya ölkələrinə daimi marşrutların açılması planlaşdırılır. İndi "Azərbaycan Hava Yolları" Azərbaycanın Milli Daşıyıcısı kimi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında (İATA) layiqli yer və MDB ölkələrinin aviaşirkətləri arasında lider mövqe tutur. "Azərbaycan Hava Yolları" həm regionda, həm də MDB-də yeni avialaynerlərin sayına görə liderlərdən biri sayılır.

Azərbaycan aviasiyasının tarixi


Yüz il əvvəl, 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan "Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi.

Azərbaycanın aviasiya ilə ilk tanışlığından sonra hava nəqliyyatının yeni növünün regionda rəsmi status alması üçün on beş il tələb olundu: 1923-cü ildə "ZAKAVİA" Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradılmışdır. Onun təsisçiləri "Muğan Meliorasiya Tikintisi", "Xəzər Dəniz Gəmiçiliyi" və "Azneft" olmuşdur. "ZAKAVİA" - nın təyyarələrindən aerofotoçəkiliş işləri aparılmasında, təcili yüklərin çatdırılmasında və poçtun daşınmasında istifadə etmək nəzərdə tutulmuşdu.

"ZAKAVİA" yaxşı təsərrüfatçı olmuşdur. Artıq 1923-cü ilin aprel ayında "Yunkers" təyyarəsində BakıTiflis-Bakı marşrutu ilə uçuş həyata keçirilib, iki il sonra isə Keşlədə aerodrom tikilib və mülki "Hava stansiyası" yaradılmışdı. 1926-cı ildə Mineralnıye -Vodı - Qroznı - Mahaçqala - Bakı - Yevlax -Tiflis marşrutları üzrə müntəzəm uçuşlar həyata keçirilməyə başlanıb.

Bakıda, Yevlaxda və Şəkidə "Dornye-Kometa-3" və "Dornye-Merkur" tipli təyyarələrin yerləşdirildiyi hava limanları işə düşüb. Bu təyyarələrin ekipajı iki nəfərdən ibarət olmuşdur. Hər bir uçuşun müvəffəqiyyətli sonluğu onların ustalığından asılı idi, çünki həmin dövrdə maşınlarda heç bir naviqasiya cihazları mövcud deyildi. Təyyarəçilər yollara, dəmir yolu xətlərinə, olduqları yerin relyefinə və yalnız onlara tanış olan başqa əlamətlərə istinad edərək istiqamət alırdılar. Bununla belə, təyyarəçilərin ixtiyarında olan maşınların mükəmməl olmamağına baxmayaraq, 1929-cu ildə Xarkov - Bakı - Pəhləvi beynəlxalq xətti açılır, 1933-cü ildə isə ilk dəfə olaraq Qafqaz dağlarının üzərindən Moskva şəhərinə hava yolunun uzunluğunu 1100 kilometr qısaltmış olan uçuş yerinə yetirilmişdir. 1937-ci ildə gündəlik 15 sərnişin daşıyan yerli "ХАİ-1" və "Stal-3" (Сталь-3) təyyarələrinin xidmət göstərdiyi Bakı - Moskva istiqamətində müntəzəm marşrut açılmışdır. Bu həmin dövr üçün sanballı rəqəm hesab olunurdu.

Növbəti ildə Bakı - Xarkov, Bakı - Qroznı, Bakı - Rostov, Bakı - Həştərxan, Bakı -Tiflis reysləri işə salındı, Bakı hava limanı isə Xalq Komissarları Sovetinin sərəncamı ilə müstəqil təsərrüfat vahidinə daxil edildi. 02 iyun 1938-ci il tarixində Azərbaycanda ilk aviasiya qrupu yaradıldı. Bu tarix 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Mülki Aviasiya Günü kimi elan edilmişdir.

On illər əvvəl isə entuziastların aviasiyadan geniş istifadə etmək ümidlərini doğruldan daha bir mühüm hadisə baş verdi. Təyyarəçi Teymur Mustafayev Xəzər dənizinin üzərində həyata keçirdiyi uçuşlardan birində suyun üzərində neft ləkələri gördü. Hava limanına qayıtdıqdan sonra o, bu yerin koordinatlarını geoloqlara xəbər verdi, hansılar ki, sonradan orda böyük karbohidrat yataqları kəşf etdilər. Beləliklə, aviasiya yeni sahənin - dənizdə neftçıxarmanın yaradılmasının iştirakçısı oldu.

Həmin dövrdə Sovet İttifaqının əsas neft mərkəzi olan Azərbaycanın iqtisadiyyatının inkişafı çox sürətli templərlə irəliləyirdi, və eyni zamanda Azərbaycan aviasiyası səmada özünü daha inamlı hiss edirdi. Xalq təsərrüfatının planlarının həyata keçirilməsində aviasiyanın rolu çox böyük idi, amma Böyük Vətən Müharibəsinin başlanması ilə aviasiyanın marşrutları daha çox hərbi məsələlərə tabe olmuşdur. Azərbaycanın aviasiyası 1941-ci ildən 1945-ci ilədək "Hər şey cəbhə üçün" devizi altında çalışmışdır. Azərbaycan təyyarəçilərinin əmək və döyüş qəhrəmanlıqları Qələbə uğrunda canını qurban verənlərin adları ilə yanaşı olaraq heç vaxt unudulmayacaqdır.

Nəhayət, İkinci Dünya müharibəsinin döyüşləri sona yetdi və Azərbaycan təyyarəçiləri yenidən sülh şəraitində sərnişin və yük daşımağa başladılar. Bakıdan başlanğıcını götürən hava yollarında yeni "Li-2", "İl-14", "İL-18", "An-24", xüsusi təyinatlı "An-2", "Mi-1" və "Mi-4" helikopterləri görünməyə başladı.

Azərbaycanın mülki hava donanmasının tarixində yeni keyfiyyətli dövr yetmişinci-səksəninci illərə təsadüf edir. Bu dövr ərzində Gəncədə, Yevlaxda, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkidə süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunmuş hava limanları tikildi. Onlar "Yak-40" reaktiv təyyarələrini qəbul etmək imkanına malik idilər. İndi respublikanın on bir rayonu Bakı ilə hava yolu vasitəsilə əlaqələndirilmişdir.

Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində avialayner parkı Sovet İttifaqının ərazisində ilk "Tu-134" və "Tu-154" reaktiv təyyarələrini, "Mi-2" və "Mi-8" helikopterləri alanlardan biri olmuşdur. Həmin illərdə təyyarə nəqliyyatın ən tanınmış - sürətli, komfortlu və əlverişli növünə çevrilir.

Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan aviasiyası ağır vəziyyətə düşmüşdü. Kooperasiya əlaqələri pozulmuşdu, texniki təchizat kəsilmişdi, təyyarələr köhnəlmiş və dağılmışdı, aviasiyadan təcrübəli işçilər gedirdilər, yeni mütəxəssislərin hazırlanması üçün isə yer yox idi. Amma bu problemi Azərbaycanın Prezidenti Heydər Əliyev öz nəzarəti altına aldı. Mülki aviasiyaya 200 milyon dollardan yuxarı sərmayə qoyuldu. Bu, aviaparkı müasir "Boeing-757" təyyarələri ilə təkmilləşdirməyə, uçuşları idarəetmə vasitələrini yeniləməyə, iyirmiyədək ixtisas üzrə kadrların hazırlanması sistemini yaratmağa və bu gün altmışdan yuxarı aviaşirkətin təyyarələrini qəbul edən beynəlxalq təyyarə vağzalının 1999-cu ildə Bakı şəhərində açılmasına imkan verdi.

Tikintisi 2005-ci ilin mart ayında başa çatdırılmış Bakı Yük Terminalı (BYT) Bakı şəhərini qərbdən şərqə və şimaldan cənuba hərəkət edən yüklər üçün yük boşaltma məntəqəsinə çevrilməyə imkan verdi. Elə həmin ildə Bakı Yük Terminalı (BYT) Yerüstü Xidmət üzrə İATA Beynəlxalq Hava Nəqliyyatı Asosasiyasının üzvü və Beynəlxalq Hava Limanları Şurasının Ümumdünya İşgüzar Partnyorlar Proqramının iştirakçısı oldu.

Növbəti illərdə "Naxçıvan" beynəlxalq hava limanı, "Gəncə" beynəlxalq hava limanı və "Zabrat" hava limanında yeni təyyarə vağzalının binası istismara verildi. Heydər Əliyev Beynəlxalq Aeroportunda beşulduzlu mehmanxana tikilmişdir. 2008-ci ildə "Lənkəran" və "Zaqatala" beynəlxalq hava limanları açıldı. Mülki hava donanmasının tərkibinə "Aerobus-319", "Aerobus-320", "ATR-72" və "ATR-42" avialaynerləri əlavə olundu. Yük təyyarələri üçün nəzərdə tutulmuş parkın üçdə iki hissəsi daha müasir maşınların əldə olunması hesabına yenilənmişdir. Yaxın vaxtlarda Bakıdan "Boeing-787" tipli avialayner müntəzəm uçuşlara başlayacaqdır, Heydər Əliyev "Beynəlxalq Aeroportu isə "Aerobus-380" avialaynerini qəbul edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə 16 aprel 2008-ci il tarixində "Azərbaycan Hava Yolları" Dövlət Konserninin adı dəyişdirilərək "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti kimi adlandırıldı. Bu gün Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğundur, "Azərbaycan Hava Yolları" aviaşirkəti isə İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri dünyanın onlarla şəhərlərinə müntəzəm uçuşlar yerinə yetirir, "SW Airlines"-in yük aviaşirkətinin hava yolları isə bütün qitələrin üzərindən keçməklə yüzə qədər ölkəyə uzanmışdır.
 
Bakı - Heydər Əliyev Beynəxalq Aeroportu

Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanda xidmət göstərən beş beynəlxalq hava limanlarından biridir. Əvvəllər o Bakının şəhərətrafı qəsəbəsinin adına uyğun olaraq "beynəlxalq Binə Hava Limanı" adını daşıyırdı. 10 mart 2004-cü il tarixində adı dəyişdirilərək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şərəfinə adlandırılmışdır. Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir, şəhərlə 2008-ci və 2009-cu illərdə istismara verilmiş iki ən müasir avtostrada ilə əlaqəlidir.

"Azərbaycan Hava Yolları" Milli daşıyıcısının qeydiyyat limanıdır.

Beynəlxalq hava limanında gömrüksüz ticarət mağazaları(duty free) fəaliyyət göstərir, həm də, bir çox beynəlxalq hava limanlarından fərqli olaraq, uçuş hissəsində olduğu kimi, enmə hissəsində da mağazalar. Plastik kartlardan başqa, ödəmə üçün nağd şəkildə manat, ABŞ dolları, avro və rus rublu da qəbul olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq standartların tələblərinə cavab verir. Bakı şəhərindəki hava limanı coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında və Şimalla Cənub arasında transfer marşrutlar üçün regionda bir nömrəli hava limanı olmuşdur.

Uçuşların təhlükəsizliyi

"Azərbaycan Hava Yollarının" ən vacib vəzifəsi uçuşların təhlükəsizliyinin təminatıdır", - Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev.

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" aviaşirkətinin uçuşlarının təhlükəsizliyinin artırılmasına daima böyük diqqət yetirilir. "Azərbaycan Hava Yolları" aviaşirkətinin tətbiq etdiyi təhlükəsizlik standartları bu gün dünyanın ən yüksək standartlarının tələblərinə uyğundur. Təəccüblü deyildir ki, iri və dünyada ən çox hörmət olunan "İCAO " (International Civil Aviation Organization) beynəlxalq mülki aviasiya təşkilatının 2010-cu ilin fevral ayında təqdim etdiyi audit nəticələri "Azərbaycan Hava Yolları" aviaşirkətinin Azərbaycandakı uçuşlarının təhlükəsizliyinin yüksək səviyyədə olmasını sübut edir. "Azərbaycan Hava Yolları" aviaşirkəti 2008-ci ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) aviasiyanın əsas məsələsi olan təhlükəsizlik auditini uğurla keçmişdir. Beləliklə, İOSA-nın (İATA təhlükəsizlik auditi) uçuşların keyfiyyət və təhlükəsizlik auditini keçməklə, "Azərbaycan Hava Yolları" aviaşirkəti İOSA Operatorları reyestrinə daxil edilmişdir və dünyanın ən təhlükəsiz aviaşirkətlər cəmiyyətinin tam hüquqlu üzvü olmuşdur. İndiki zamanda isə "Azərbaycan Hava Yolları" aviaşirkətinin rəhbərliyi və heyəti tərəfindən təhlükəsizlik, uçuşların müntəzəmliyi, mədəniyyət və sərnişinlərə göstərilən xidmətin keyfiyyəti və aviaşirkətin dünya və aviasiya ictimaiyyətinin gözündəki ümumi imicinin təkmilləşdirilməsi üzrə son dərəcə dəqiq və gündəlik iş aparılır.

İOSA - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA Operational Safety Audit) aviaşirkətlərin istismar təhlükəsizliyinin audit proqramıdır, hansı ki, istismar idarəetmə sistemlərinin və hava daşıyıcılarının qiymətləndirilməsi üçün nəzərdə tutulmuşdur. Bu gün İOSA aviadaşımaların həyata keçirilməsi və onların təhlükəsizliyinin təmin olunması sahəsində bütün dünya aviasiya sənayesinin qabaqcıl harmonizasiya edilmiş standartıdır. İOSA aviasiya sənayesinin dəyişən tələblərinə və nizama salınmış sənədlərə müvafiq olaraq daima aktual vəziyyətdə saxlanılır, mükəmməlləşdirilir, qiymətləndirilir və aktuallaşdırılır. IATA-nın tələblərinə uyğun olaraq İATA üzvü olan bütün aviaşirkətlər İOSA auditini keçməlidirlər. Yoxlama prosedurasını müvəffəqiyyətlə keçən şirkətləri İOSA Operatorlar reyestrinə daxil edirlər.

Bu gün İOSA sertifikasiyasını Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında (İATA) vəkil edilmə prosesini keçmiş səkkiz müstəqil audit şirkəti həyata keçirir. İOSA standartları üzrə əsaslanmaya 872 tələb daxildir ki, aviaşirkət onlara müvafiqliyi auditin aparıldığı müddətdə təsdiq etməlidir. İOSA sertifikatı dünyanın iri aviaşirkətlərinin beynəlxalq alyanslarına "buraxılış vərəqəsinə" oxşayır və İATA-ya məcburi üzv olmaq üçün şərt sayılır. "Azərbaycan Hava Yolları" aviaşirkətinin işinin təhlükəsizliyinin beynəlxalq səviyyədə tanınması həm daxili bazarda, həm də beynəlxalq aviadaşımalar bazarında bizim aviaşirkət üçün daha yüksək status zəmanəti verir.


Tədris mərkəzi

"AZAL Training" Aviasiya Tədris - Təlim Mərkəzi 2010-cu ildə yaradılmışdır. "AZAL Training" hava gəmisinin (HG) heyət üzvlərinin və yerüstü heyətin ilkin hazırlığı, yenidən hazırlanması və ixtisasının təkmilləşdirilməsi növləri üzrə müasir tədris bazasına malikdir. "AZAL Training" mülki aviasiya (MA) sahəsində aviasiya personalının hazırlanması kursları üzrə səlahiyyətli orqan tərəfindən sertifikatlaşdırılmışdır. Mərkəzdə hazırlıq yüksək ixtisaslı müəllim heyəti, o cümlədən müasir hava gəmilərinin (HG) istismarında əhəmiyyətli təcrübə toplamış və dünyanın aparıcı tədris mərkəzlərində hazırlıq keçmiş təlimatçılar tərəfindən həyata keçirilir.  Tədris bazası müasir texniki tədris vəsaitləri və ən yeni aviasiya trenajorları ilə təchiz olunmuşdur.

Tədris mərkəzində İCAO (International Civil Aviation Organization) beynəlxalq mülki aviasiya təşkilatının yeni standartlarına əsasən əcnəbi (ingilis) dilinin öyrənilməsində tədris prosesinin keyfiyyətinin və hazırlığın effektivliyinin yüksəldilməsini nəzərə çarpacaq dərəcədə artırmağa imkan verən multimedia texnologiyasından istifadə olunur.

2010-cu ildə istismara A320 ailəsinə məxsus Airbus, Boeing -757/767, ATR-42/ 72 və İL-76 təyyarələrini idarə edəcək pilotların hazırlanması üçün nəzərdə tutulmuş pilotaj trenajor kompleksi daxil edilmişdir. Hal-hazırda bu trenajorlar öz dərəcəsinə görə ən müasir trenajorlar hesab olunur və aviasiya trenajorlarının ən yüksək beynəlxalq sertikatlaşdırma sinifi olan "D" sinifinə uyğundur.

Tədris mərkəzində hava gəmisində (HG) baş verən müxtəlif tipli qəza vəziyyətlərini modelləşdirməyə imkan verən qəza-xilasetmə hazırlığının aparılması üçün müasir trenajor kompleksi mövcuddur.

Bu günki günə "Azal Training"-ə aviasiya məktəblərinin məzunlarına Airbus A320 və Boeing 757 ailələrinə məxsus müasir təyyarələrin müvəffəqiyyətlə öyrənilməsinə şərait yaradan "Multi-crew Cooperation Course" proqramı daxil edilmişdir

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası    http://www.caa.gov.az/

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə yaradılıb və mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Administrasiya işçilərinin ümumi say tərkibi 49 ştat vahidi təşkil edir. Administrasiyanın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Administrasiyanın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktorun iki müavini onlara həvalə olunmuş vəzifələri yerinə yetirir və buna görə şəxsən məsuliyyət daşıyırlar. Arif Əhməd oğlu Məmmədov 2008-ci ilin 7 fevral tarixindən Dövlət Mülki Aviasiya Administrasiyasının direktorudur.

Administrasiya beş şöbədən ibarətdir:
  • Uçuşların təhlükəsizliyinə nəzarət şöbəsi;
  • Aviasiya təhlükəsizliyi şöbəsi;
  • Lisenziyalaşdırma və reyestrlərin aparılması şöbəsi;
  • Xarici əlaqələr şöbəsi;
  • Maliyyə-iqtisadiyyat şöbəsi.
Administrasiyada direktordan, onun müavinlərindən və Administrasiya aparatının struktur bölmələrinin rəhbərlərindən ibarət kollegiya, həmçinin Administrasiya nəzdində Ali ixtisas komissiyası və Azərbaycan Respublikasında mülki aviasiya subyektlərinin sertifikatlaşdırılması və lisenziyalaşdırılması üzrə komissiya fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli 565 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə"yə uyğun olaraq Administrasiya aşağıdakı əsas vəzifələri yerinə yetirir:
  • mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
  • mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin, aviasiya təhlükəsizliyinin və hava gəmiləri tərəfindən ətraf mühitin mühafizəsinin təmin edilməsinə nəzarət edir;
  • öz səlahiyyətləri daxilində normativ tənzimləməni həyata keçirir;
  • mülki aviasiya sahəsində dövlət nəzarətini həyata keçirir;
  • beynəlxalq mülki aviasiya təşkilatları ilə əməkdaşlıq, onların işində iştirak edir, həmçinin xarici ölkələrinAviasiya Administrasiyaları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir;
  • mülki hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi üzrə vahid dövlət siyasətini həyata keçirir;
  • aviasiya texnikası və avadanlığı da daxil olmaqla, Azərbaycan Respublikasının bütün mülki aviasiya subyektlərinin milli və beynəlxalq tələblərə uyğun olaraq icbari sertifikatlaşdırılmasını həyata keçirir;
  • hava məkanından istifadəni tənzimləyən qaydaların, Azərbaycan Respublikasının hava məkanında mülki hava gəmilərinin uçuş qaydalarının və digər normativ hüquqi aktların hazırlkanmasında iştirak edir;
  • xarici dövlətlərin hava gəmilərinə Azərbaycan Respublikasının mülki aviasiya hava limanlarına uçuşlar (müntəzəm əsasda və çarter uçuşları) yerinə yetirmək üçün icazələr verir;
  • Azərbaycan Respublikası mülki aviasiya subyektlərinin fəaliyyətinin müfəttiş yoxlamalarını həyata keçirir;
  • aviadaşımalar bazarını rəqabət əsasında formalaşdırır;
  • mülki hava gəmiləri ilə baş vermiş aviasiya hadisələrinin (qəzalarının) araşdırılmasında iştirak edir;
  • mülki aviasiya sahəsinə dair qanunvericilik aktlarının layihələrinə dair rəy verir;
  • mülki aviasiya sahəsinə aid olan beynəlxalq müqavilələrə qoşulmaq; hava limanlarının, aerodromların, vertodromların və dövlət əhəmiyyətli digər mülki aviasiya obyektlərinin tikintisi, mülki hava limanlarının, aerodromların, vertodromların beynəlxalq uçuşlar üçün açılması (bağlanılması) barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir.

"SW Holding" Şirkəti    http://www.swh.az/

"SW Holding" Şirkəti 14 iyul 2006-cı ildə yaradılmışdır. Şirkətin yaradılmasında məqsəd, onun tərkibinə daxil olan digər qurumların və strateji planlaşdırma sahəsində fəaliyyətlərinin koordinasiyasının gücləndirilməsidir. Ümummilli liderimiz Heydər Əliyevin başladığı və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sahibkarlıq fəaliyyətinin inkişafına yardım siyasəti, "SW Holding" Şirkətinin biznes sahəsində Respublika iqtisadiyyatında qabaqcıl yerlərdən birinin tutmasına şərait yaratmışdır.

Bu günki gündə "SW Holding"in tərkibinə əsasən aviasiya sahəsində fəaliyyət göstərən 23 şirkət daxildir. Müəssisələrdə 3000 nəfərə yaxın yüksək ixtisaslı mütəxəssislər məşğuldur. Müntəzəm olaraq texniki xidmətin yaxşılaşdırılması işi aparılır, əməkdaşların hazırlanması və yenidən hazırlanmasında dünyada tanınmış tədris mərkəzləri ilə əməkdaşlıq edilir. "SW Holding"ə daxil olan şirkətlər dəyərli beynəlxalq tədbirlərdə iştirak edir və öz sahələri üzrə digər tanınmış dünya şirkətləri ilə əlaqələr qururlar. "SW Holding"in tərkibinə daxil olan şirkətlərin fəaliyyəti ilə bu saytın səhifələrində tanış ola bilərsiniz.