Baş səhifə » “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

www.ady..az

 

Azərbaycanın dəmir yolu Avropanın ilk dəmir yollarından biridir. Onun yaranma tarixi 1878-ci ilə təsadüf edir. Həmin tarixdə uzunluğu 20 km-ə bərabər olan Sabunçu – Suraxanı xəttinin təməli qoyulmuş və tikinti işləri 20 yanvar 1880-ci ildə başa çatmışdır. Buxar dartqısı ilə neft daşımaları həyata keçirilən bu xətt Zaqafqaziyada istismara verilən ilk dəmiryol xətti olmuşdur. Dünyada ilk dəfə olaraq neft məhz bu dəmir yolu ilə sisternlərdə daşınmağa başlanılmışdır.

1879-1883-cü illərdə Bakı – Tiflis – Batumi istiqamətində dəmiryol xətti çəkilib istifadəyə verilmişdir. Bakı (Biləcəri) – Dərbənd – Tixoresk  dəmiryol xətti ilə qatarların hərəkətinə isə 1901-ci ildə başlanılmışdır. Artıq 1918-ci ildə Azərbaycanın dəmir yollarının uzunluğu 866 km idi. Bu isə müasir dəmiryol şəbəkəsinin təxminən 40%-ni təşkil edir.

Bu tarixi dövrdən başlayaraq Azərbaycan dəmir yolu yük və sərnişin daşımalarına olan tələbata uyğun olaraq inkişaf etmiş və təkmilləşmişdir. Hazırda baş yolların ümumi uzunluğu 2910,1 km, istismar uzunluğu isə 2079,3 km-dir. Dəmir yollarının 802,3 km-i ikiyolludur. Yolun ümumi istismar uzunluğunun 1241,4 km-i və ya 59,7%-i elektrikləşdirilmiş, 1527,7 km-i avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilmişdir. Azərbaycan dəmir yolunda 176 stansiya fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamı ilə dəmir yolunun hərtərəfli inkişafının təmin olunması, iqtisadiyyatın və əhalinin daşımalara olan tələbatının daha dolğun ödənilməsi, idarəetmənin təkmilləşdirilməsi və görülən işlərin səmərəliliyinin daha da artırılması məqsədilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir.

Azərbaycan torpaqlarının  20%-nin  Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində 240,4 km  uzunluğunda dəmir yolu xətti işğal altında qalmışıdır.