Baş səhifə » Qanunvericilik » Fərmanlar » “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 4 iyul 2008-ci il, № 792

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 7.7-ci maddəsində nəzərdə tutulmuş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”ni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 15.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və həmin yoxlamanın aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nı və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nı təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Qanunun 21.7-ci maddəsində nəzərdə tutulmuş avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi qaydasını, habelə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələrini və ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.10. bu Fərmanın 3-cü bəndi ilə yaradılan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Əsasnaməsinin layihəsini, habelə strukturu və işçilərin say həddinə və fəaliyyətinin maliyyələşdirilməsi və təminatı ilə bağlı məsələlərə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.11. Azərbaycan Respublikasında avtomobil nəqliyyatı sisteminin inkişafına dair Tədbirlər Planının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.12. öz səlahiyyətləri daxilində “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 7.7-ci maddəsində, 15.5-ci maddəsinin ikinci cümləsində, 18-ci, 21.7-ci, 26.3-cü və 48.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 3.2.1-ci, 6.5-ci və 7.5-ci maddələrində, 7.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 13.7-ci, 14.2.1-ci və 14.3-cü maddəsində, 15.5-ci maddəsinin birinci cümləsində, 15.7-ci maddəsinin birinci və ikinci cümlələrində, 21.1-ci, 27.3-cü, 48.1-ci, 50.2-ci, 50.3-cü, 50.5-ci və 59-cu maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir.

3. Azərbaycan Respublikasında avtomobil nəqliyyatı sahəsində idarəetməni və dövlət nəzarət sistemini təkmilləşdirilmək məqsədi ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən təsis edilmiş “Avtonəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti yaradılsın.

4. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, “Avtonəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirsin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 iyul 2008-ci il

№ 792