Baş səhifə » Qanunvericilik » Qanunlar » İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu (Çıxarış)

İcbari sığortalar haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Çıxarış

.........................

4-cü fəsil

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

Maddə 50. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının məqsədi və təyinatı

50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

50.2. Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:

50.2.1. Mühərrikinin silindrlərinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri:

50.2.1.1. minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

50.2.1.2. yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

50.2.1.3. mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

50.2.1.4. motosiklеtlər və motorollerlər;

50.2.1.5. traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri.

50.2.2. trollеybuslar və tramvaylar.

Maddə 51. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə xitam verilməsinin əlavə əsası

51.2. Bu Qanunun Ümumi bölməsində icbari sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulmuş müddəalar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə, bu Qanunun 51.3-cü maddəsi nəzərə alınmaqla şamil edilir.

51.3. Bu Qanuna uyğun olaraq bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var.  

Maddə 52. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi

52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

52.2. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir.

Maddə 53. Mülki məsuliyyəti icbari sığorta etdirilməli olan avtonəqliyyat vasitəsi sahibləri, sığortalı və sığorta olunan

53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.

53.2. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir.

53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir.

53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.

Maddə 54. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə üçüncü şəxslər

Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla,

müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar.

Maddə 55. Xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı icbari sığorta müqaviləsinin müddəti

Azərbaycan Respublikasının ərazisinə tranzit məqsədilə daxil olan xarici ölkədə qeydiyyata alınmış avtonəqliyyat vasitələrinin sahibləri ilə müvafiq icbari sığorta müqavilələri sığortalının seçimindən asılı olaraq bir ay və ya bir il müddətinə bağlanılır. 

Maddə 56. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri

56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:

56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;

56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.

Maddə 57. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqları

57.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası sığorta nəzarəti orqanı tərəfindən müəyyənləşdirilir.

57.2. Bir ay müddətinə bağlanmış icbari sığorta müqavilələri üzrə sığorta haqqı müvafiq illik sığorta haqqının 20 faizi nisbətində ödənilir.  

Maddə 58. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişi

58.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişinin verilməsi üçün bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq sənədlərlə yanaşı, sığorta olunanın sürücülük vəsiqəsinin surəti də tələb olunur. 

58.2. Bu Qanunun 17.1.4-cü maddəsinə uyğun olaraq, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən müvafiq icra hakimiyyəti orqanının verdiyi yol-nəqliyyat hadisəsi haqqında arayış aşağıdakı şərtlərin hər birinin mövcud olduğu hallarda, habelə hadisə iştirakçılarının tərtib etdiyi və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu sığortaçıya təqdim etmələri şərtilə tələb olunmur:

58.2.1. Hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə; 

58.2.2. hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;

58.2.3. hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;

58.2.4. hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.

58.3. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

58.3-1. Sığorta hadisəsi hesab edilə bilən yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin sürücüsü, sərnişini və ya piyada ölərsə, həmin avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış sığortaçı səlahiyyətli dövlət orqanının bu faktı təsdiqləyən arayışını və ölüm haqqında müvafiq şəhadətnamənin surətini aldığı tarixdən 2 iş günü müddətində ölən şəxsin ailə üzvlərinə sığorta məbləğinin 20 faizi həcmində kompensasiya ödəyir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilərsə, sığorta ödənişinin qalan məbləği də bu Qanunda müəyyən edilmiş qaydada ödənilir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilmədiyi halda isə, piyadanın vurulması halı istisna olmaqla, ödənilmiş kompensasiya həcmində zərərvurana və ya onun mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı subroqasiya hüququ yaranır.

58.4. Bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışın bu Fəslin məqsədləri üçün tələb olunan forması sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.

58.5. Bu Qanunun 58.2-ci maddəsində nəzərdə tutulmuş protokolun forması və tərtib edilmə qaydası sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.

..........................

Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ

63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.  

63.2. Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir.

63.3. Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində Büroya keçir.

5-ci fəsil

Sərnişinlərin icbari fərdi qəza sığortası

Maddə 64. Sərnişinlərin icbari fərdi qəza sığortasının məqsədi və təyinatı

64.1. Sərnişinlərin icbari fərdi qəza sığortası sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir.

64.2. Sərnişinlərin bu Fəsildə nəzərdə tutulmuş qaydada fərdi qəza sığortası icbaridir.

Maddə 65. Sərnişinləri fərdi qəza sığortası üzrə icbari sığorta etdirməli olan nəqliyyat vasitələrinin sahibləri

65.1. Bu Fəslin məqsədləri üçün Azərbaycan Respublikasının ərazisində, həmçinin xarici ölkələrə və ya xarici ölkələrdən qanunda müəyyən edilmiş qaydada sərnişin daşıma xidmətlərini həyata keçirmək üçün mülkiyyətində nəqliyyat vasitəsi olan və ya belə nəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, həmçinin onu icarəyə götürmüş, yaxud digər qanuni əsaslarla istismar edən fiziki və hüquqi şəxslər nəqliyyat vasitələrinin sahibləri hesab olunurlar.

65.2. Bu Qanunun 64.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinin sahibləri müvafiq nəqliyyat vasitəsilə daşıdıqları sərnişinləri fərdi qəza sığortası üzrə icbari sığorta etdirməlidirlər.

65.3. Bu Fəslin tələbləri şəhərdaxili və ya qəsəbədaxili sərnişin daşıyan nəqliyyat vasitələrinin sahiblərinə şamil edilmir.

Maddə 66. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta hadisəsi

Nəqliyyat vasitəsi sərnişin daşıma xidmətini yerinə yetirməsi ilə əlaqədar hərəkətdə olarkən və ya bu məqsədlə dayanacaqlarda (hava limanlarında, dəniz, dəmiryolu və ya avtobus vağzallarında, stansiyalarında, platformalarında və ya körpülərində) olarkən sığorta olunmuş sərnişinin nəqliyyat vasitəsində olduğu müddət ərzində nəqliyyat vasitəsinin istismarı ilə əlaqədar onun bədən üzvlərinin, toxumalarının zədələnməsi nəticəsində yüngül və ya ağır xəsarət alması, əmək qabiliyyətini tam və ya qismən itirməsi, yaxud ölməsi faktı sığorta hadisəsi hesab edilir.

Maddə 67. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığortalı və sığorta olunan

67.1. Müvafiq nəqliyyat vasitəsilə daşınan sərnişinlərin icbari fərdi qəza sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi, bu Qanunun 64.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı nəqliyyat vasitəsinin sahibi sığortalı hesab edilir.

67.2. Bu Fəsildə nəzərdə tutulmuş istənilən nəqliyyat vasitəsində daşınan və fərdi qəzadan icbari sığortalanmış sərnişinlər sığorta olunanlar hesab edilirlər.

Maddə 68. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta məbləğləri

68.1. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:

68.1.1. nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə sığorta məbləği - 5000 manat;

68.1.2. hər bir nəqliyyat vasitəsi üzrə - bu Qanunun 68.1.1-ci maddəsində nəzərdə tutulmuş məbləğin müvafiq nəqliyyat vasitəsindəki sərnişin yerlərinin sayına hasilindən alınan məbləğ.

68.2. Sərnişinlərin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.

Maddə 69. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqları

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqlarının məbləği sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən qaydada hesablanır.

Maddə 70. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta ödənişi

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta olunanların sığorta hadisəsi nəticəsində sağlamlığına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 68-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.

.........................

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyun 2011-ci il

№ 165-IVQ