Baş səhifə » Qanunvericilik » Qanunlar » Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu

Aviasiya haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasının hava məkanından istifadəni tənzimləyir və aviasiya sahəsində fəaliyyətlərin ümumi prinsiplərini müəyyən edir.

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1 . Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. aerodrom - hava gəmilərinin enməsi, qalxması və yerdə hərəkəti üçün tam və ya qismən nəzərdə tutulan, müvafiq bina, qurğu və avadanlığı olan torpaq və ya su səthinin müəyyən sahəsi;

1.0.2. aviasiya - hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusu;

1.0.3. aviasiya təhlükəsizliyi - insan və material resursları daxil olmaqla aviasiyanı qanunsuz müdaxilə aktlarından qorumaq üçün tədbirlər kompleksi;

1.0.4. aviasiya hadisəsi - uçuş məqsədilə hava gəmisinə bütün şəxslərin mindiyi andan hava gəmisini tərk etdiyi anadək hava gəmisinin zədələnməsi və ya konstruksiyasının dağılması, itməsi və ya tamamilə əlçatmaz yerə düşməsi nəticəsində hər hansı şəxsin ölümü və ya bədən xəsarəti alması ilə bağlı hadisə (həmin nəticələrin təbii səbəblərdən, şəxsin özünün və ya başqa şəxslərin təqsiri üzündən, yaxud sərnişinlərin və ekipaj üzvlərinin daxil ola bildiyi zonalardan kənarda gizlənən biletsiz sərnişinlərlə əlaqədar baş verdiyi hallar istisna olmaqla);

1.0.5. aviasiya insidenti - aviasiya hadisəsi ilə nəticələnməyən, hava gəmisinin istifadə olunması ilə bağlı olan, istismarın təhlükəsizliyinə mənfi təsir göstərən və ya göstərə bilən hadisə;

1.0.6. aviasiya məmulatı - hava gəmilərinin ehtiyat hissələri, ləvazimatları və uçuşların təhlükəsizliyi üçün digər zəruri avadanlıq;

1.0.7. aviasiya personalı - ali, texniki və ya xüsusi hazırlıq keçmiş və ixtisas qeydləri əks olunmuş şəhadətnamələrə, vəsiqələrə (sertifikatlara) malik olan və aviasiya sahəsində müəyyən işlərin yerinə yetirilməsinə buraxılan mütəxəssislər;

1.0.8. beynəlxalq standartlar - hava gəmilərinin və aviasiya məmulatının fiziki xassələrinə, konfiqurasiyalarına, material hissələrinə, texniki xüsusiyyətlərinə, habelə aviasiya personalına dair tətbiqi Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən zəruri hesab edilən tələblər;

1.0.9. tövsiyə olunan beynəlxalq təcrübə - hava gəmilərinin və aviasiya məmulatının fiziki xassələrinə, konfiqurasiyalarına, material hissələrinə, texniki xüsusiyyətlərinə, habelə aviasiya personalına dair tətbiqi Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən məqsədəuyğun sayılan tələblər;

1.0.10. beynəlxalq uçuşlar (reyslər) - Azərbaycan Respublikasının və digər dövlətin sərhədlərini keçməklə hava gəmiləri vasitəsilə yerinə yetirilən uçuşlar;

1.0.11. hava daşımaları - müəyyən haqq müqabilində hava gəmisi ilə sərnişin, baqaj və yüklərin, habelə poçt göndərişlərinin daşınması;

1.0.12. hava əlaqələri - hava daşımaları məqsədilə ardıcıl olaraq həyata keçirilən uçuşlar;

1.0.13. hava gəmisi - hava ilə qarşılıqlı təsir hesabına atmosferdə qalan (yer və su səthindən əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla) hər hansı aparat;

1.0.14. hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyət;

1.0.15. hava gəmisinin istismarçısı - hava gəmisinin istismarı ilə məşğul olan və ya bu sahədə öz xidmətlərini göstərən şəxs;

1.0.16. hava gəmisinin kapitanı (komanda verən pilotu) - kapitan vəzifələrinin icrasına və uçuşun təhlükəsiz yerinə yetirilməsinə görə cavab vermək üçün təyin edilən pilot;

1.0.17. hava gəmisinin sahibi - hava gəmisi üzərində mülkiyyət, icarə və ya istifadə hüququna malik olan şəxs;

1.0.18. hava hərəkəti - hava gəmilərinin uçuşları və ya manevr meydanında hərəkətləri;

1.0.19. hava hərəkətinə xidmət - hava hərəkətinə uçuş-informasiya, aerometeoroloji,

məsləhət xidmətlərinin göstərilməsi, hava hərəkəti xidmətinin qəza haqqında xəbərdarlıq edilməsi, hava hərəkətinin idarə edilməsi, hava hərəkətinə dispetçer, o cümlədən rayon dispetçer, yaxınlaşma dispetçer və ya aerodrom dispetçer xidmətlərinin göstərilməsi;

1.0.20. hava hərəkətinin idarə edilməsi (hava hərəkətinə dispetçer xidmətinin göstərilməsi) - hava gəmilərinin bir-biri ilə və ya manevretmə meydanında olan maneələrlə toqquşmalarının qarşısının alınması, hava hərəkəti axınının sürətləndirilməsi və nizamlı axınının saxlanması məqsədilə hava hərəkətinə göstərilən xidmət;

1.0.21. hava məkanı - Azərbaycan Respublikasının ərazisi, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus sektoru və daxili suları üzərində hava sahəsi;

1.0.22. hava limanı - hava gəmilərinin qəbulu və yola salınması, hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan və müvafiq aerodromu, aerovağzalı, digər yerüstü tikililəri, lazımi avadanlığı olan qurğular kompleksi;

1.0.23. xüsusi xarakterli aviasiya fəaliyyəti - kənd təsərrüfatı, tikinti, səhiyyə, aerofotoçəkiliş, topoqrafik və spektrofotometrik çəkiliş, müşahidə və keşikçəkmə, axtarış və xilasetmə, hava reklamı və s. sahələrdə xüsusi xidmətləri təmin etmək üçün həyata keçirilən uçuşlar;

1.0.24. istismar tələbləri - hava gəmilərinin istismarına, hava gəmisinin heyətinə, marşrutlara, aerodromlara, texniki xidmətə, daşıma fəaliyyətinə, material hissələrinin mübadiləsinə, kütləyə və hava gəmilərinin mərkəzi nöqtəyə uyğunlaşdırılmasına icazələr və istismarçı sertifikatına məhdudiyyətlər;

1.0.25. uçuşların təhlükəsizliyi - aviasiya qəzaları və insidentləri baş vermədən, insanın həyatına, sağlamlığına və əmlakına zərər vurulmadan və bütövlükdə hər hansı narahatçılığa yol verilmədən uçuşların həyata keçirilməsi;

1.0.26. uçuş vaxtı - hava gəmisinin uçub-qalxma məqsədilə dartıcı qüvvəsi hesabına hərəkətinin başlandığı andan uçuş başa çatdıqdan sonra dayandığı anadək ümumi vaxt.

Maddə 2 . Aviasiya haqqında qanunvericilik

Aviasiya haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3 . Hava məkanı üzərində Azərbaycan Respublikasının suverenliyi

3.1. Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidır.

3.2. Azərbaycan Respublikası üzərindəki hava məkanında tam və müstəsna suverenliyə malikdir.

3.3. Bu Qanun Azərbaycan Respublikasına məxsus hava gəmilərinin Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu zaman həmin anda ərazisində və ya ərazisi üzərində olduğu dövlətin qanunvericiliyinə zidd olmamaqla tətbiq edilir.

Maddə 4 . Aviasiya sahəsində dövlətin vəzifələri

4.0. Aviasiya sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

4.0.1. uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin tənzimlənməsı, eyni zamanda belə təhlükəsizliyin təmin edilməsinə, uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin, onun yerüstü vasitələrinin və xidmətlərinin müvafiq beynəlxalq standartlara və tövsiyə olunan beynəlxalq təcrübəyə (beynəlxalq tələblərə) uyğunluğuna nəzarətin həyata keçirilməsi;

4.0.2. aviasiya təhlükəsizliyi üzrə dövlət proqramının (aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunmasına dair dövlət proqramı) qəbul və tətbiq edilməsi;

4.0.3. hava hərəkətinə xidmət göstərilməsinin, habelə aviasiya telekommunikasiya və informasiya xidmətinin təmin edilməsi;

4.0.4. hava limanlarının, aerodromların, aviasiya təşkilatlarının fəaliyyətinin, hava hərəkətinə xidmət sisteminin tənzimlənməsi və bu fəaliyyətə nəzarətin həyata keçirilməsi;

4.0.5. bu Qanuna və beynəlxalq tələblərə uyğun olaraq mülki aviasiya ilə əlaqədar fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslərin, aviasiya avadanlıqlarının və vasitələrinin məcburi sertifikatlaşdırılması;

4.0.6. aviasiya ilə əlaqədar hüquqi və fiziki şəxslərin fəaliyyətinin yoxlanması və aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün tədbir görülməsi;

4.0.7. aviasiya qəzalarının və insidentlərinin araşdırılması, habelə onların qarşısını almaq məqsədilə aviasiya ictimaiyyəti arasında informasiyanın yayılması;

4.0.8. aviasiya ilə əlaqədar axtarış və xilasetmə işlərinin tənzimlənməsi və əlaqələndirilməsi;

4.0.9. aviasiya sahəsində normativ hüquqi aktların qəbul edilməsi və onların icrasına nəzarətin həyata keçirilməsi.

Maddə 5 . Aviasiyanın növləri

5.1. Azərbaycan Respublikasında aviasiya mülki, eksperimental və dövlət aviasiyasına bölünür.

5.2. Mülki aviasiya iqtisadiyyatın, əhalinin, o cümlədən ayrı-ayrı şəxslərin ehtiyaclarının ödənilməsi və xüsusi xarakterli aviasiya fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulan aviasiyadır. Müəyyən haqq müqabilində sərnişinlərin, baqajın, yükün və poçtun daşınmasını həyata keçirən mülki aviasiya kommersiya mülki aviasiyası hesab edilir.

5.3. Sınaq-konstruktor, elmi tədqiqat işlərinin aparılması, habelə aviasiya və digər texnikanın sınaqdan keçirilməsi üçün istifadə olunan aviasiya eksperimental aviasiya hesab edilir.

5.4. Hərbi ehtiyacların, habelə milli təhlükəsizlik, daxili işlər, sərhəd xidməti və gömrük və ya digər dövlət orqanlarının ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan aviasiya dövlət aviasiyası hesab edilir.

5.5. Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

5.6. Mülki, eksperimental və dövlət aviasiyası üzrə dövlət idarəçiliyi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

5.7. Mülki və eksperimental aviasiya sahəsində dövlət idarəçiliyini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri müvafiq əsasnamə ilə müəyyən edilir.

Maddə 6 . Aviasiya sahəsində fəaliyyətə dair ümumi tələblər

6.1. Aviasiya sahəsində fəaliyyət bu Qanunla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müvafiq hüquqları təsdiq edən sənədləri almış hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir.

6.2. Azərbaycan Respublikasına məxsus hava gəmiləri vasitəsilə aviasiya sahəsində fəaliyyətə bu Qanunun 6.3-cü və 6.4-cü maddələrində müəyyən edilmiş hallar istisna olmaqla icazə verilir.

6.3. Digər dövlətə məxsus mülki hava gəmisi Azərbaycan Respublikasının hava məkanında yalnız Azərbaycan Respublikası ilə həmin dövlət arasında belə uçuşların nəzərdə tutulduğu beynəlxalq müqavilə bağlandıqda və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi icazə verildikdə uça bilər. Bu qayda birgə istifadə olunan və ya beynəlxalq hava gəmiləri kimi qeydiyyatda olan hava gəmilərinə də şamil edilir.

6.4. Digər dövlətə məxsus olan dövlət hava gəmisi yalnız müvafiq icra hakimiyyəti orqanı xüsusi icazə verdikdə, yalnız bu icazədə göstərilən şərt və müddətlərə uyğun olaraq Azərbaycan Respublikasının hava məkanında uça bilər.

6.5. Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan Azərbaycan Respublikasının hava məkanında heç bir hava gəmisi səsdən iti sürətlə uça bilməz.

6.6. Bu Qanunun 6.3-6.5-ci maddələrində nəzərdə tutulan icazələri almadan Azərbaycan Respublikasının dövlət sərhədini keçən, Azərbaycan Respublikasının dövlət sərhədi üzərində uçuş qaydalarını pozan və ya Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarını digər şəkildə pozan hava gəmisi qaydaları pozan hava gəmisi sayılır. Belə hava gəmiləri müvafiq icra hakimiyyəti orqanının tələbi ilə məcburi qaydada yerə endirilə bilər.

Qaydaları pozan hava gəmisinin yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşunun davamına bu Qanunun 6.3-6.5-ci maddələri ilə nəzərdə tutulmuş qaydada icazə verilə bilər.

Məcburi qaydada yerə enmək barədə bu maddədə nəzərdə tutulan tələbə riayət etməyən, bortunda pozuntunun törədilməsində təqsirsiz sərnişinlərin olması barədə dürüst məlumat olmayan halda hava gəmisinin məhvinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir.

Maddə 6-1. Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumu[1]

6-1.1. Mülki aviasiya sahəsində aşağıdakı xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir:

6-1.1.1. aeroportlara və ya aerodromlara uyğunluq sertifikatının verilməsi;

6-1.1.2. hava nəqliyyatı istismarçılarına sertifikatın verilməsi;

6-1.1.3 mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının verilməsi;

6-1.1.4 mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının təkrar verilməsi;

6-1.1.5 hava gəmilərinə qeydiyyat şəhadətnaməsinin verilməsi;

6-1.1.6 hava gəmisinin tipinin sertifikatının tanınması;

6-1.1.7 hava gəmilərinə uçuşa yararlılıq sertifikatının verilməsi;

6-1.1.8 hava gəmilərinə uçuşa yararlılıq sertifikatının müddətinin uzadılması;

6-1.1.9. hava təhlükəsizliyi və aeronaviqasiya üçün istifadə olunan avadanlıqlara uyğunluq sertifikatının verilməsi;

6-1.1.10. aviasiya təhlükəsizliyi üçün istifadə olunan avadanlıqların sertifikatının tanınması;

6-1.1.11. xüsusi şəraitdə uçuşların yerinə yetirilməsinə icazə verilməsi;

6-1.1.12. müntəzəm marşrutlara uçuş icazəsinin verilməsi;

6-1.1.13. çarter marşrutlara uçuş icazəsinin verilməsi;

6-1.1.14. İATA-nın "Mülki Aviasiya rüsumu" ekonom sinif;

6-1.1.15. İATA-nın "Mülki Aviasiya rüsumu" biznes və birinci sinif.

II fəsil

HAVA MƏKANINDAN İSTİFADƏ, UÇUŞ QAYDALARI, HAVA HƏRƏKƏTİNƏ XİDMƏT, HAVA LİMANLARI, AERODROMLAR, AXTARIŞ VƏ XİLASETMƏ

 

Maddə 7 . Hava məkanından istifadə və uçuş qaydaları

7.1. Azərbaycan Respublikasının hava məkanından səmərəli istifadəni təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən hava məkanı adekvat üsulla təşkil edilir, bölüşdürülür və nəzarətdə saxlanılır.

7.2. Hava məkanından istifadə və uçuş qaydaları müvafiq beynəlxalq tələblər nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

7.3. Hərbi aviasiya üçün uçuş qaydaları digər dövlətdən, habelə mülki və eksperimental hava gəmilərinin uçuşlarından ötrü təhlükə yaratmamalıdır.

7.4. Zəruri hallarda, müvafiq icra hakimiyyəti orqanı dövlət mənafelərini nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanlarının təkliflərinə əsasən hava məkanının konkret hissələrini mülki aviasiya üçün qadağan olunmuş və ya məhdudlaşdırılmış zona kimi müəyyən edə bilər.

Belə qadağa və məhdudiyyətlər onların tətbiqi üçün əsas götürülmüş hallar aradan qaldırıldıqda qüvvəsini itirir.

Maddə 8 . Hava hərəkətinə xidmət

8.1. Azərbaycan Respublikasının hava məkanında (beynəlxalq və respublika daxili uçuşlar) aviasiyanın bütün növlərinin hava hərəkətinə xidmət göstərilməsi beynəlxalq tələblərə uyğun olaraq zona (marşrut) üzrə idarəetmə formasında həyata keçirilir.

8.2. Müntəzəm beynəlxalq və respublika daxili kommersiya reysləri üçün istifadə olunan aerodromlar nəzarətli aerodromlar kimi müəyyən edilir və bu aerodromlarda hava hərəkətini idarəetmə xidmətləri aerodrom dispetçer xidməti və yaxınlaşma dispetçer xidmətləri formasında göstərilir.

Hərbi aviasiya məqsədləri üçün və ya uçuşların təhlükəsizliyi səbəblərindən müvafiq icra hakimiyyəti orqanı başqa bir aerodromu nəzarətə götürə bilər. Belə aerodromlar üçün adekvat nəzarətli hava məkanı müəyyən edilir.

8.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən, hərbi uçuşlara xidmət göstərildiyi müəyyən hava məkanı istisna olmaqla, dinc dövrdə Azərbaycan Respublikasının hava məkanı hüdudlarında hava hərəkətinə xidmətlər mülki, eksperimental və dövlət hava gəmiləri üçün birgə göstərilir.

8.4. Müvafiq icra hakimiyyəti orqanı aviasiyanın təhlükəsizliyini daha səmərəli təmin etmək məqsədilə hava hərəkətinə xidmət vasitələrini beynəlxalq tələblərə uyğun təşkil edir və hava hərəkətinə xidmətlə bağlı zəruri normativ sənədləri qəbul edir.

8.5. Hava hərəkətinə xidmət, o cümlədən meteoroloji xidmət müvafiq icra hakimiyyəti orqanının razılığı ilə müvafiq xidməti təmin edənlər tərəfindən həyata keçirilir. Uçuşların təhlükəsizliyinin meteoroloji təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə əsasən göstərilir.

8.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş hava hərəkəti dispetçerinin şəhadətnaməsinə (vəsiqəsinə) malik olmayan şəxs hava hərəkətinin dispetçeri kimi fəaliyyət göstərə bilməz.

Hava hərəkəti dispetçeri şəhadətnaməsinin (vəsiqəsinin) verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

8.7. Müvafiq icra hakimiyyəti orqanı hava hərəkətinə xidmətin, habelə xidmət vasitələrinin keyfiyyəti ilə əlaqədar müşahidə və yoxlamalar apara bilər.

Hərbi məqsədlər üçün nəzərdə tutulan aviasiya ilə bağlı belə müşahidə və yoxlamalar müvafiq icra hakimiyyəti orqanının əməkdaşları ilə birlikdə yerinə yetirilməlidir.

8.8. Beynəlxalq uçuşlar (reyslər) zamanı hava hərəkətinə daha səmərəli xidmət göstərmək və hava hərəkətini idarə etmək məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı digər dövlətə məxsus hava gəmilərinin, digər dövlətin müvafiq təşkilatı isə (və ya beynəlxalq təşkilat) Azərbaycan Respublikasına məxsus olan hava gəmilərinin hərəkətini o halda idarə edə bilər ki, Azərbaycan Respublikası ilə həmin dövlət (və ya beynəlxalq təşkilat) arasında bağlanmış müqavilədə bu idarəetmənin hansı zonalar hüdudlarında və yüksəkliklərdə, hansı şərtlərlə və qaydada həyata keçirilməsi dəqiq müəyyən edilsin.

8.9. Müvafiq icra hakimiyyəti orqanı mülki aviasiyaya xidmət göstərmək üçün hava naviqasiyasına və rabitəsinə lazım olan texniki vasitə və avadanlığın təchizini, işlək vəziyyətdə saxlanılmasını, işini və yoxlamalarının aparılmasını təmin edir.

Bu cür vasitələrlə təchizetmə və xidmətlər göstərmə müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə ayrı-ayrı təşkilatlar tərəfindən həyata keçirilir.

8.10. Aeronaviqasiya informasiyası xidməti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq göstərilir. Bu xidmət müvafiq icra hakimiyyəti orqanı və ya onun qanunvericiliyə uyğun qaydada müəyyən etdiyi digər təşkilat tərəfindən yerinə yetirilir. Aeronaviqasiya informasiya xidmətini göstərən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq təşkilatın vəzifəli şəxsləri informasiyanın doğruluğuna və dəqiqliyinə, belə informasiyanın mənbəyi olan hüquqi və fiziki şəxslər isə həmçinin informasiyanın vaxtında müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

8.11. Müvafiq icra hakimiyyəti orqanları dinc dövrdə hərbi aviasiya üçün hava hərəkətinə səmərəli xidmət göstərmək və ya belə xidmət göstərilməsini təmin etmək məqsədilə öz fəaliyyətlərini əlaqələndirməlidirlər.

Maddə 9 . Hava limanları və aerodromlar

9.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, hava limanları və aerodromlar dövlət, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə ola bilər.

Beynəlxalq və hərbi aerodromlar strateji əhəmiyyətli obyektlər hesab olunur və dövlət mülkiyyətindədir.

9.2. Dövlət mülkiyyətində olan hava limanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarə və istifadə olunur, təsdiq etdiyi planlara uyğun inkişaf etdirilir.

9.3. Müvafiq icra hakimiyyəti orqanı bütün hava limanlarını və mülki aerodromları aşağıdakı tələblərə uyğunluq baxımından sertifikatlaşdırmalıdır:

9.3.1. sertifikatlaşdırma üçün ərizə təqdim edən şəxs hava limanının mülkiyyətçisi, icarəçisi və ya istifadəçisidir;

9.3.2. hava limanının fiziki xarakteristikası və onun köməkçi əyani vasitələri, habelə yanaşı ərazisi, binalar, obyektlər və onların nişanlanması hava limanından istifadə üçün nəzərdə tutulan hava gəmilərinin kateqoriyaları üçün müvafiq beynəlxalq tələblərə uyğundur;

9.3.3. naviqasiya və enmə vasitələri, telekommunikasiya xidməti vasitələri və hava limanının elektrik təchizatı sistemi hava limanından istifadə şəraitinə adekvatdır;

9.3.4. hava limanında hava hərəkətinin idarə edilməsi və əlaqədar xidmətlər göstərilməsi bu Qanunun 8-ci maddəsinə uyğun olaraq həyata keçirilir;

9.3.5. hava limanında göstərilən meteoroloji xidmətlər müvafiq icra hakimiyyəti orqanının tələblərinə uyğundur;

9.3.6. hava limanının aviasiya təhlükəsizliyi proqramı bu Qanunun 43.2-ci maddəsinə uyğun təsdiq edilmişdir;

9.3.7. hava limanında fövqəladə hallar ehtimalı üçün təsdiq edilmiş tədbirlər planı mövcuddur;

9.3.8. müvafiq yanğınsöndürmə və xilasetmə bölmələri yaradılmışdır;

9.3.9. ərizəçi hava limanında uçuşların təhlükəsizliyinə müsbət təsir edən xidmətlərin təmin edilməsi işlərinin təşkili səviyyəsini xarakterizə edən yazılı izahat təqdim etmişdir;

9.3.10. hava hərəkəti üçün təhlükə yarada biləcək hündür binaların və digər obyektlərin inşasının, yanlışlığa səbəb ola biləcək işıqlandırmaların qarşısının alınması üçün müvafiq icra hakimiyyəti orqanları ilə əlaqələndirilməklə, adekvat nəzarət təmin edilmişdir.

Sertifikatlaşdırma ilə əlaqədar uçuşların təhlükəsizliyi və ya aviasiya təhlükəsizliyi üçün tələb olunduqda, hava limanından istifadə edilməsinə dair rəsmi göstərişlər verilə və məhdudiyyətlər qoyula bilər.

Sertifikatlaşdırma nəticəsində hava limanına uyğunluq sertifikatı verilir.

9.4. Hava limanının uyğunluq sertifikatını verən müvafiq icra hakimiyyəti orqanı aviasiyaya yerüstü xidmətlər göstərən şəxslərin səriştəsini təsdiq edən, uçuşların təhlükəsizliyi və ya aviasiya təhlükəsizliyi üçün zəruri olan sənədləri tələb edə bilər. Belə hallarda müvafiq icra hakimiyyəti orqanı zəruri səriştənin meyarlarını müəyyən edir. Hava limanının uyğunluq sertifikatının sahibi yerüstü xidmətləri təmin edən şəxsin səlahiyyətlərinə əmin olduqdan sonra müvafiq səriştənin mövcudluğunu təsdiq edən sənədi təqdim edir.

9.5. Bu Qanunun 31.4-cü maddəsi hava limanlarında və digər yerüstü bölmələrdə aviasiyaya xidmət göstərən şəxslərə də şamil edilir.

9.6. Hava limanının uyğunluq sertifikatını verən müvafiq icra hakimiyyəti orqanı sertifikatlaşdırılmış hava limanlarına, beynəlxalq və milli aviasiya üçün yerüstü xidmət vasitələrinə və xidmətlərə nəzarət edir, yoxlamalar aparır. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanına bütün müvafiq xidmət vasitələrindən, həmin xidmət vasitələrini təqdim edən və xidmət göstərən təşkilatların bütün sənədlərindən (məlumatlarından) sərbəst istifadə etmək imkanı verilir.

9.7. Uyğunluq sertifikatına malik olan hava limanının müvafiq tələblərə cavab vermədiyi aşkar edildikdə, həmin sertifikatı vermiş müvafiq icra hakimiyyəti orqanı uçuşların təhlükəsizliyinə və aviasiya təhlükəsizliyinə xələl gətirməmək şərtilə, hava limanının sahibinə çatışmazlıqların aradan qaldırılması üçün müddət müəyyən edir. Zəruri halda bu müddət ərzində hava limanı üçün müvafiq məhdudiyyətlər müəyyən edilə bilər.

Əgər aşkar edilmiş çatışmazlıqlar müəyyən edilmiş müddət ərzində aradan qaldırılmazsa, müvafiq icra hakimiyyəti orqanı verdiyi sertifikatı ləğv edə bilər.

9.8. Bütün mülki, eksperimental aerodromlar və dövlət aerodromları müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılan aerodromların dövlət reyestrində qeydiyyata alınmalıdır.

Birgə bazalı aerodromlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.

9.9. Müəyyən aerodromyanı ərazinin hüdudlarında şəhərlərin və digər yaşayış məntəqələrinin layihələşdirilməsində, inşa və inkişafında, habelə sənaye, kənd təsərrüfatı və digər obyektlərin inşasında və yenidən qurulmasında hava gəmiləri uçuşlarının təhlükəsizlik tələblərinə riayət olunmalı, əhalinin sağlamlığına və təşkilatların fəaliyyətinə zərərli və fiziki təsirin mümkünlüyü nəzərə alınmalı və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır.

9.10. Müvafiq icra hakimiyyəti orqanları hava limanlarına (aerodromlara) gedən yolların inşasını, yenidən qurulmasını, abadlaşdırılmasını və istismarını, bu yollarda sərnişin nəqliyyatının müntəzəm hərəkətini, habelə şəhərlərin və digər yaşayış məntəqələrinin hava limanları ilə telefon rabitəsini təmin edir.

9.11. Hava limanlarında sərnişinlərin gediş-gəliş yerlərində, baqajların və yüklərin yoxlanılma məntəqələrində gətirilməsi və ya aparılması “Aviasiya haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qadağan edilən və ya məhdudlaşdırılan əşyaların siyahısı sərnişinlər üçün yaxşı görünən yerlərdə lövhələrdə yerləşdirilməlidir.

Həmin siyahıda əşyaların gətirilməsi və ya aparılmasına qadağa qoyan, məhdudlaşdıran və ya xüsusi icazə tələb edən qanunun və ya digər normativ hüquqi aktların adı, qəbul edilmə tarixi və müvafiq maddəsi (bəndi) əks etdirilməlidir.

Hava limanlarında həmin siyahıda göstərilməyən əşyaların gətirilməsinə və ya aparılmasına məhdudiyyət qoyan vəzifəli şəxslər cinayət və ya inzibati məsuliyyətə cəlb edilirlər.

   Hava limanlarında siyahıda göstərilən əşyaların gətirilməsinə və ya aparılmasına məhdudiyyət qoyan vəzifəli şəxs sərnişinə bu barədə müvafiq normativ hüquqi aktın adını, maddəsini (bəndini) və qəbul edilmə tarixini əks etdirən protokolun surətini verməlidir.[2]

Maddə 10 . Axtarış və xilasetmə

10.1. Aviasiya hadisəsinə (qəzasına) məruz qalan hava gəmisinə və bu hadisədən sonra sağ qalanlara kömək məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələbləri nəzərə alınmaqla, müvafiq olaraq ərazi suları, habelə ətraf ərazilər də daxil olmaqla, Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən axtarış və xilasetmə regionu hüdudlarında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən axtarış və xilasetmə işləri aparılır.

10.2. Axtarış və xilasetmə işləri aparılmasını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid əlaqələndirici axtarış və xilasetmə bölməsi yaradılır.

Hava limanlarında da analoji bölmələr yaradılmalıdır.

10.3. Müvafiq icra hakimiyyəti orqanları, hava hərəkətinə xidmət üzrə yerli təşkilatlar və bütün hava limanları öz səlahiyyətləri daxilində vahid əlaqələndirici axtarış və xilasetmə bölməsinə yardım göstərir və həmin bölmənin sorğusuna əsasən zəruri sənədləri (məlumatları) verir, şəraitə uyğun müvafiq tədbirlər görürlər.

10.4. Hava gəmisinin sahibi və ya istismarçısı, hava gəmisinin ekipajı, hava limanlarında, aerodromlarda xidmət edənlər, eləcə də müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları axtarış və xilasetmə işlərində iştirak etməyə borcludurlar.

Aviasiya qəzasının və insidentlərinin təhqiqini yüngülləşdirmək üçün xilasetmə bölmələri imkan daxilində, müvafiq hazırlıq keçən şəxslər tərəfindən müşayiət olunur.

10.5. Aviasiya qəzasını və insidentini araşdırmaq üçün bu Qanunun 11.4-cü maddəsinə əsasən yaradılmış komissiyanın və ya müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları hadisə yerinə gələnədək, hava gəmisinin elementləri, hava gəmisinin bortunda sağ qalan şəxslərin həyatını xilas etmək və həlak olanların cəsədlərinin götürülməsi üçün ehtiyac duyulduğundan uzaq məsafəyə aparıla bilməz.

10.6. Aviasiya qəzasını və insidentini araşdıran komissiyanın icazəsi olmadan aviasiya hadisəsinin (qəzasının) baş verdiyi yerdə aşkar edilən hava gəmisinin hər hansı elementi, yaxud onun daşıdığı əşyalar (yük, baqaj) yığışdırıla və ya götürülə bilməz.

İnsan həyatını xilas etmək məqsədilə və ya digər müstəsna səbəblərdən görülən tədbirlər nəticəsində götürülən bütün elementlər hadisə yerində qalmalıdır. Axtarış və xilasetmə işləri zamanı həmin elementə (əmlaka və s.) yiyələnən şəxs bu barədə komissiyaya məlumat verməlidir.

10.7. Axtarışla bağlı tədbirlər nəticə vermədikdə, müvafiq icra hakimiyyəti orqanı hava gəmisinin sahibi və ya istismarçısı ilə razılığa gələrək axtarışın dayandırılması barədə qərar qəbul edir.

Azərbaycan Respublikasının ərazisində digər dövlətə məxsus hava gəmisinin axtarışının dayandırılması barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.

10.8. Aviasiya ilə əlaqədar axtarış və xilasetmə bölmələrinin yaradılması və işlərinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

III fəsil

AVİASİYA QƏZALARI VƏ İNSİDENTLƏRİNİN ARAŞDIRILMASI

Maddə 11 . Aviasiya qəzaları və insidentlərinin araşdırılmasının təşkili və aparılması

11.1. Hər aviasiya qəzasının və ya insidentinin səbəbləri araşdırılmalıdır.

Aviasiya qəzalarının və insidentlərinin araşdırılmasında əsas məqsəd bu hadisələrin qarşısının alınmasıdır. Belə araşdırma təqsirli şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi məqsədi daşımır.

11.2. Azərbaycan Respublikasının ərazisində digər dövlətə məxsus hava gəmisi aviasiya qəzasına və ya insidentinə məruz qaldıqda araşdırma prosesində həmin hava gəmisinin qeydiyyata alındığı, hava gəmisini istehsal edən və istismarçının əsas fəaliyyət yeri olan dövlətlərin nümayəndələri də iştirak edə bilərlər. Nümayəndələr təmsil etdikləri dövlətin səlahiyyətli orqanlarına, müvafiq fiziki və hüquqi şəxslərinə araşdırmanın nəticələri barədə məlumat verməlidirlər.

11.3. Azərbaycan Respublikasına mənsub hava gəmisi digər dövlətin ərazisində aviasiya qəzasına və ya insidentinə məruz qalarsa, müvafiq icra hakimiyyəti orqanı həmin aviasiya qəzasının və ya insidentinin araşdırılmasında Azərbaycan Respublikası nümayəndələrinın iştirakının mümkünlüyü barədə aviasiya hadisəsinin baş verdiyi dövlətin müvafiq orqanına müraciət edir.

11.4. Konkret halda müvafiq icra hakimiyyəti orqanı digər qərar qəbul etmədikdə, aviasiya qəzaları və insidentləri müvafiq icra hakimiyyəti orqanlarının yaratdığı komissiya tərəfindən araşdırılır. Komissiyanın fəaliyyətində əlaqədar dövlət orqanlarının nümayəndələri də iştirak edə bilərlər.

11.5. Komissiya müvafiq mütəxəssisləri cəlb etmək, araşdırma üçün əhəmiyyəti olan sənədlər (məlumatlar) əldə etmək səlahiyyətinə, habelə komissiyanın qarşısında duran vəzifələri yerinə yetirmək üçün digər səlahiyyətlərə malikdir.

Komissiyanı yaratmış müvafiq icra hakimiyyəti orqanı zəruri halda digər dövlətin müvafiq orqanlarından kömək istəyə bilər.

11.6. Aviasiya qəzalarını və insidentlərini araşdıran komissiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun surətdə fəaliyyət göstərir.

Maddə 12 . Aviasiya qəzalarının və insidentlərinin araşdırılmasının nəticələri barədə hesabat

12.1. Aviasiya qəzalarını və insidentlərini araşdıran komissiya araşdırmanın nəticələri barədə hesabat hazırlayır və komissiyanı yaratmış müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

12.2. Müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş hesabatın nəticələrinə uyğun olaraq konkret tədbirlər görməlidir.

Maddə 13 . Aviasiya qəzalarının və insidentlərinin araşdırılmasına yardım

13.1. Aviasiya qəzalarını və insidentlərini araşdıran komissiyaya yardım göstərmək məqsədilə əlaqədar dövlət və yerli özünüidarə orqanları öz səlahiyyətləri daxilində aşağıdakıları etməyə borcludurlar:

13.1.1. zəruri hesab edilən qüvvə və vasitələr, müvafiq geyim, təbii müdafiə vasitələri, nəqliyyat və rabitə vasitələri, lazımi ləvazimat və materiallarla təminat;

13.1.2. yaşayış yeri və qida ilə təminat;

13.1.3. aviasiya qəzasının və insidentinin baş verdiyi ərazinin mühafizəsinin təşkili;

13.1.4. aviasiya hadisəsinin baş verdiyi yerdə iş aparmaq üçün təhlükəsiz şəraitin yaradılması;

13.1.5. aviasiya texnikası nəqlinin təmin olunması və digər lazımi tədbirlərin görülməsi.

13.2. Aviasiya hadisəsini təhqiq edən komissiyanın fəaliyyəti üçün məsrəflər dövlət büdcəsindən, habelə müvafiq aviasiya təşkilatlarının mərkəzləşdirilmiş vəsaitləri hesabına maliyyələşdirilir. Bu vəsait aviasiya qəzasının baş verməsində təqsirli olan şəxslərdən qanunvericiliklə müəyyən edilmiş qaydada sonradan tutulur.

Aviasiya qəzasının və insidentinin araşdırılması üzrə işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada maliyyələşdirilir.

 

IV fəsil

HAVA GƏMİSİNİN DÖVLƏT QEYDİYYATI VƏ DÖVLƏT REYESTRİ, MİLLİ MƏNSUBİYYƏTİ VƏ HAVA GƏMİSİNƏ NİŞAN VURULMASI

Maddə 14 . Hava gəmilərinin dövlət qeydiyyatı

14.1. Bu fəsildə nəzərdə tutulmuş qaydada bütün hava gəmiləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən dövlət reyestrində qeydiyyata alınmalıdır.

14.2. Hava gəmilərinin dövlət qeydiyyatının aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanları müəyyən edirlər.

Maddə 15 . Hava gəmilərinin dövlət reyestrində qeydiyyata alınması şərtləri

15.1. Hava gəmisi aşağıdakı şərtlərlə dövlət qeydiyyatına alına bilər:

15.1.1. hava gəmisinin sahibi Azərbaycan Respublikası və ya Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri olduqda;

15.1.2. bu Qanunla müəyyən edilmiş qaydada hava gəmisinin uçuşa yararlılığı haqqında vəsiqə (sertifikat) olduqda və ya digər dövlətin verdiyi və Azərbaycan Respublikasının tanıdığı analoji sənəd olduqda;

15.1.3. hava gəmisi digər dövlətdə qeydiyyatda olmadıqda.

15.2. Hava gəmilərinin dövlət qeydiyyatına alınması barədə ərizə gəminin sahibi və ya onun qanunvericiliklə müəyyən olunmuş qaydada təyin edilmiş nümayəndəsi tərəfindən verilir. Ərizəçinin həqiqətən hava gəmisinin sahibi olduğunu və bu Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş şərtlərə riayət edildiyini təsdiq edən sənədlər ərizəyə əlavə olunmalıdır.

15.3. Hava gəmisi digər dövlətin ərazisindədirsə, mülkiyyət hüququ isə bu Qanunun 15.1.-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası subyektinə məxsusdursa, həmin hava gəmisi müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında müvəqqəti qeydiyyata alına bilər.

15.4. Hava gəmiləri haqqında dövlət reyestrində aşağıdakılar göstərilir:

15.4.1. hava gəmisinin tipi;

15.4.2. hava gəmisinin sahibi;

15.4.3. hava gəmisinin istismarçısı;

15.4.4. hava gəmisinin ipoteka qoyulması haqqında məlumat;

15.4.5. hava gəmisi üzərində digər hüquqlar.

Maddə 16 . Hava gəmilərinin dövlət reyestrindən çıxarılması

16.0. Hava gəmisi hava gəmilərinin dövlət reyestrindən aşağıdakı hallarda çıxarılır:

16.0.1. hava gəmisi sahibi və ya onun qanunvericiliklə müəyyən olunmuş qaydada təyin etdiyi nümayəndəsi müraciət etdikdə;

16.0.2. bu Qanunun 15.1.1-ci və 15.1.3-cü maddələrinə riayət olunmadıqda;

16.0.3. hava gəmisi istismardan çıxarıldıqda, dağıldıqda (məhv olduqda),

itkin düşdükdə və onun axtarışı dayandırıldıqda;

16.0.4. hava gəmisinin sahibi onun uçuşlara yararlı olması barədə sübut təqdim etdiyi hallar istisna olmaqla, hava gəmisinin son üç ildə uçuşlara yararlılığı haqqında qüvvədə olan vəsiqə (sertifikat) olmadıqda.

Maddə 17 . Hava gəmisinin milli mənsubiyyəti və dövlət qeydiyyatına alınması barədə şəhadətnamə

17.1. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hava gəmisi Azərbaycan Respublikasına mənsubdur. Hava gəmilərinin dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı hava gəmisinin milli mənsubiyyəti və dövlət qeydiyyatına alınması barədə şəhadətnamə verir.

17.2. Azərbaycan Respublikasında müvəqqəti dövlət qeydiyyatına alınmış hava gəmisi həmin qeydiyyatın qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasına mənsubdur. Hava gəmilərinin dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı hava gəmisinin milli mənsubiyyəti və dövlət qeydiyyatına alınması barədə həmin müddət ərzində qüvvədə olan şəhadətnamə verir.

17.3. Hava gəmisi üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada yeni sahibə keçdikdə, hava gəmilərinin dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən bundan əvvəl verilən şəhadətnamə ləğv edilir və dövlət qeydiyyatı haqqında yeni şəhadətnamə verilir. Ləğv edilmiş şəhadətnamə həmin müvafiq icra hakimiyyəti orqanına qaytarılır.

17.4. Dövlət reyestrindən çıxarılan hava gəmisinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi hava gəmilərinin dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanına qaytarılmalıdır.

17.5. Digər dövlətin milli mənsubiyyətində olan hava gəmisinin qeydiyyatda olduğu dövlətin ərazisində verilmiş dövlət qeydiyyatı haqqında sənədi olmalıdır.

Maddə 18 . Milli nişanlar və qeydiyyat nişanları

18.1. Azərbaycan Respublikasında dövlət qeydiyyatına və müvəqqəti dövlət qeydiyyatına alınmış hava gəmisinə Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən Azərbaycan Respublikasına verilmiş milli nişan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qeydiyyat nişanı vurulmalıdır.

18.2. Milli nişanların və qeydiyyat nişanlarının hava gəmisində təsviri qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

18.3. Azərbaycan Respublikasında istifadə edilən digər dövlətə mənsub olan hava gəmisi qeydiyyatda olduğu dövlətin qaydalarına uyğun nişanlanmalıdır.

 

V fəsil

HAVA GƏMİSİNİN UÇUŞA YARARLILIĞI VƏ ƏTRAF

MÜHİTİN MÜHAFİZƏSİ TƏLƏBLƏRİNƏ UYĞUNLUĞU

Maddə 19 . Hava gəmisinin uçuşa yararlılığına və ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğuna dair ümumi qaydalar

19.1. Azərbaycan Respublikasının ərazisində istifadə olunan hava gəmiləri uçuşlara yararlı və ətraf mühitin mühafizəsi tələblərinə uyğun olmalıdır. Hava gəmilərinin uçuşlara yararlılıq haqqında vəsiqəyə (sertifikata) (bu Qanunun 23-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla) və ətraf mühitin mühafizəsi tələblərinə uyğunluq haqqında vəsiqəyə (sertifikata) malik olması zəruridir:

19.1.1. hava gəmisi layihəyə uyğun olaraq inşa edildikdə, avadanlıqla təmin olunduqda, lazımi qaydada saxlandıqda, uçuş parametrləri uçuşların təhlükəsizliyinə dair tələblərə cavab verdikdə uçuşlara yararlı hesab edilir;

19.1.2. hava gəmisi havanı çirkləndirməsi və səs-küyü ilə, habelə digər yollarla əhali üçün həddindən artıq narahatlıq yaratmaması şərtilə, ətraf mühit üçün münasib hesab edilə bilər.

19.2. Azərbaycan Respublikasının ərazisində istismar edilən, lakin digər dövlətə məxsus olan hava gəmisinin həmin dövlətdə verilmiş uçuşlara icazə və ətraf mühitin mühafizəsi tələblərinə uyğunluq haqqında analoji sənədləri Azərbaycan Respublikasının ərazisində tanındıqda etibarlı hesab edilir.

19.3. Hava gəmisinin uçuşa yararlılığı və ətraf mühitin mühafizəsinə uyğunluğu haqqında vəsiqələrin (sertifikatların) verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 20 . Uçuşa yararlılığa nəzarət və hava gəmilərinin sertifikatlaşdırılması

20.1. Hava gəmilərinin və aviasiya məmulatının uçuşa yararlılığına müvafiq icra hakimiyyəti orqanı nəzarət edir.

20.2. Bu Qanuna uyğun olaraq uçuşa yararlılığı təsdiq edən vəsiqəyə (sertifikata) hava gəmisinin istismarı ilə bağlı hər hansı məhdudiyyətlər daxil edilir.

Həmin vəsiqə (sertifikat) növbəti texniki xidmət göstərilənədək hava gəmisinin texniki vəziyyətinin hava daşımalarının həyata keçirilməsi üçün uyğun olduğunu təsdiq edir.

Vəsiqənin (sertifikatın) qüvvədə olma müddəti hava gəmisinin əvvəlki kimi uçuşlara yararlı olması şərtilə, eyni qaydada uzadılır.

20.3. Uçuşa yararlılıq haqqında vəsiqə (şəhadətnamə) vermək səlahiyyəti olan müvafiq icra hakimiyyəti orqanı hava gəmisinin uçuşa yararlılığını, hava gəmisi sahibinin və ya istismarçısının cari xidmətə, digər texniki işlərə dair məruzələrini (hesabatlarını), cari xidmət haqqında sənədlərini və yoxlama uçuşlarının nəticələrini yoxlayır, hava gəmisinə texniki baxış keçirir.

20.4. Uçuşa yararlılıq haqqında vəsiqənin (sertifikatın) qüvvədə olduğu müddətdə hava gəmisinin uçuşa yararlılığı barədə yoxlamalar uçuşa yararlılığa nəzarət edən müvafiq icra hakimiyyəti orqanının öz təşəbbüsü ilə və ya hava gəmisinin müvafiq olaraq sahibinin, istismarçısının müraciəti əsasında aparılır.

20.5. Uçuşa yararlılığı yoxlayan şəxslər hava gəmisinin uçuşa yararlılığı, ona xidmət göstərilməsi, dəyişiklik edilməsi, hava gəmisinin təmiri və istismarı barədə məlumat əldə etmək məqsədilə hava gəmisinin müvafiq olaraq sahibinin və ya istismarçısının bölmələrinə, eləcə də hava gəmisinə yerdə və uçuş vaxtı sərbəst daxil ola bilərlər.

20.6. Hava gəmisinin sahibi və ya istismarçısı uçuşa yararlılığı yoxlayan şəxslərə yoxlama aparmaqda kömək etməlidir. Yoxlama uçuşlarına ehtiyac olduqda, belə uçuşlar həmin şəxslərin nəzarəti altında həyata keçirilməlidir.

20.7. Hava gəmisinin sahibi və ya istismarçısı hava gəmisinin uçuşa yararlılığına aid ola bilən hər hansı hadisə və nasazlıq barədə bütün təfsilatı ilə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.

Maddə 21 . Hava gəmisinin uçuşa yararlılığı haqqında vəsiqənin (sertifikatın) etibarsız hesab edilməsi, qüvvədə olma müddətinin dayandırılması və ləğv edilməsi

21.1. Hava gəmisinin uçuşa yararlılığı haqqında vəsiqə (sertifikat) müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı hallarda etibarsız sayılır:

21.1.1. müvafiq qaydada xidmət göstərilmədikdə;

21.1.2. konstruktor bürosunun və ya istehsalçının tələb etdiyi məcburi dəyişikliklər aparılmadıqda;

21.1.3. uçuşa yararlılığa xələl gətirən icazəsiz dəyişikliklər edildikdə;

21.1.4. uçuşlara yararlılıq təsdiq edilmədikdə. Bu maddədə göstərilən hallar aradan qaldırıldıqdan sonra uçuşa yararlılıq haqqında vəsiqə (sertifikat) uçuşa yararlılığa nəzarət edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən etibarlı hesab edilir.

21.2. Hava gəmisinin uçuşa yararlı olduğunun təsdiqinədək uçuşa yararlılığa nəzarət edən müvafiq icra hakimiyyəti orqanı uçuşa yararlılıq haqqında vəsiqənin (sertifikatın) qüvvədə olma müddətini dayandırır.

21.3. Hava gəmisi bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan əsaslarla dövlət reyestrindən çıxarıldıqda uçuşa yararlılıq haqqında vəsiqəni (sertifikatı) uçuşa yararlılığa nəzarət edən müvafiq icra hakimiyyəti orqanı ləğv edir.

Ləğv edilmiş vəsiqə (sertifikat) müvafiq icra hakimiyyəti orqanına qaytarılır.

Maddə 22 . Digər dövlətə məxsus hava gəmilərinin uçuşa yararlılığı

22.1. Azərbaycan Respublikasında digər dövlətə məxsus hava gəmilərinin uçuşa yararlılığının yoxlanması aşağıdakı hallarda zəruri hesab edilir:

22.1.1. hava gəmisinin uçuşa yararlılığı haqqında sənədinin tanınması barədə müraciət edildikdə;

22.1.2. Azərbaycan Respublikasının hava məkanında uçuşların yerinə yetirilməsinə icazə verilməsi barədə müraciət edildikdə (əgər belə icazə tələb olunarsa).

22.2. Azərbaycan Respublikasında digər dövlətə məxsus hava gəmilərinin uçuşa yararlılığı əlavə olaraq aşağıdakı hallarda yoxlana bilər:

22.2.1. hava gəmisinin uçuşlara yararlılığına şübhə yarandıqda;

22.2.2. hava gəmisinin sahibinin və ya istismarçısının müraciəti olduqda;

22.2.3. digər dövlətdə uçuşa yararlılığa nəzarət edən dövlət orqanının müraciəti olduqda.

22.3. Uçuşa yararlılığa nəzarət edən müvafiq icra hakimiyyəti orqanı digər dövlətə məxsus hava gəmisinin uçuşlara yararlı olmadığını hesab edərsə və ya hava gəmisinin aldığı zədə onun uçuş qabiliyyətinə mənfi təsir göstərə bilərsə, həmin hava gəmisinin havaya qalxmasına icazə verməyə bilər.

Belə hallarda uçuşa yararlılığa nəzarət edən müvafiq icra hakimiyyəti orqanı hava gəmisinin məxsus olduğu dövlətin səlahiyyətli orqanına hava gəmisinin vəziyyəti və qəbul etdiyi qərar barədə məlumat verməlidir. Digər dövlətin səlahiyyətli orqanı həmin dövlətə məxsus hava gəmisinin uçuşa yararlı olduğu qənaətinə gələrsə, uçuşa yararlılığa nəzarət edən müvafiq icra hakimiyyəti orqanı onun havaya qalxmasına icazə verə bilər. Digər dövlətin səlahiyyətli orqanı hava gəmisinin müəyyən şərtlər əsasında, təmir edilməsi mümkün olan yerə uça bilməsi qənaətinə gəldikdə, uçuşa yararlılığa nəzarət edən müvafiq icra hakimiyyəti orqanı həmin şərtlərlə hava gəmisinin uçuşuna icazə verir. Belə uçuş zamanı hava gəmisinin bortunda sərnişin olmamalıdır.

Maddə 23 . Uçuş üçün xüsusi icazələr

Hava gəmisinin uçuşa yararlılığı haqqında vəsiqənin (sertifikatın) verilməsinin qeyri-mümkün olmasına baxmayaraq, uçuşa yararlılığa nəzarət edən müvafiq icra hakimiyyəti orqanı hava gəmisini müəyyən məhdudiyyətlərlə uçuşlar üçün təhlükəsiz hesab etdikdə belə hava gəmilərinə Azərbaycan Respublikasının ərazisində uçuşlar üçün xüsusi icazələr verə bilər. Xüsusi icazələr hava gəmilərinin bir yerdən başqa yerə aparılması, yoxlama uçuşları və digər xüsusi məqsədlərdən ötrü verilə bilər.

Maddə 24 . Hava gəmisinə ətraf mühitin mühafizəsi tələblərinə uyğunluq haqqında verilən vəsiqə (sertifikat)

Ətraf mühitin mühafizəsi tələblərinə uyğunluq haqqında hava gəmisinin vəsiqəsi (sertifikatı) bu Qanunun 20-22-ci maddələrinə uyğun olaraq verilir.

Maddə 25 . Hava gəmilərinin və aviasiya məmulatının hazırlanması, təmir edilməsi, onlara texniki xidmət göstərilməsi və dəyişikliklər edilməsi

25.1. Hava gəmilərinin və aviasiya məmulatının hazırlanmasını, təmir edilməsini, onlara texniki xidmət göstərilməsini (hava gəmisinin uçuşa yararlılığının saxlanması üçün zəruri işlərin yerinə yetirilməsini, o cümlədən ayrı-ayrılıqda və ya birlikdə yerinə yetirilən nəzarət-bərpa işlərini, yoxlama aparılmasını, nöqsanların aradan qaldırılmasını) və dəyişikliklər edilməsini (əvəzetmələrin və ya modifikasiyanın həyata keçirilməsini) yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən mühəndis (texnik) şəhadətnaməsinə, vəsiqəsinə (sertifikatına) malik olan şəxslər həyata keçirə bilərlər. Digər şəxslər həmin işləri belə sənədlərə malik olan şəxslərin nəzarəti altında yerinə yetirə bilərlər.

25.2. Mühəndis (texnik) şəhadətnamələrini, vəsiqələrini (sertifikatlarını) verən müvafiq icra hakimiyyəti orqanı belə sənəd sahiblərinin fəaliyyətinə müntəzəm nəzarət edir. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanı həmin sənəd sahiblərinin xidməti otaqlarından, avadanlığından və sənədlərindən (məlumatlarından) sərbəst istifadə etmək hüququna malikdir.

25.3. Mühəndis (texnik) şəhadətnamələrinin, vəsiqələrinin (sertifikatlarının) sahibləri bu sənədlərlə müəyyən edilmiş şərtlərə riayət etmədikdə və ya müvafiq tələbləri yerinə yetirmək iqtidarında olmadıqda, müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri ləğv edə bilər. Ləğv edilmiş şəhadətnamə, vəsiqə (sertifikat) müvafiq icra hakimiyyəti orqanına qaytarılmalıdır.

25.4. Müvafiq icra hakimiyyəti orqanı digər dövlətdə verilmiş analoji sənədləri tanıdıqda, belə sənəd sahiblərinin Azərbaycan Respublikasına məxsus hava gəmilərində və aviasiya məmulatında müvafiq işləri həyata keçirmələrinə icazə verə bilər.

25.5. Hava gəmilərinin və aviasiya məmulatının hazırlanmasına, təmir edilməsinə, onlara texniki xidmət göstərilməsinə və dəyişikliklər edilməsinə dair mühəndis (texnik) şəhadətnamələrinin, vəsiqələrinin (sertifikatlarının) verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

VI fəsil

AVİASİYA PERSONALI

Maddə 26 . Aviasiya personalına qarşı tələblər

26.1. Hava gəmisinin sahibi və ya istismarçısı hava gəmisini ixtisaslı aviasiya personalı ilə təmin etməlidir. Müvafiq icra hakimiyyəti orqanlarının verdiyi aviasiya personalının şəhadətnaməsinə, vəsiqəsinə (sertifikatına) malik olmayan və ya digər dövlətdə verilən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tanınan analoji sənədə malik olmayan şəxs hava gəmisinin bortunda pilot, uçuş mühəndisi və ya şturman qismində fəaliyyət göstərə bilməz.

26.2. Hava gəmisinin aviasiya personalı ilə təmin edilməsi, onlara şəhadətnamələrin, vəsiqələrin (sertifikatların) verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

26.3. Şəhadətnamənin, vəsiqənin (sertifikatın) sahibi belə sənədlərin qüvvədə qalmasına təsir edə biləcək bütün hallar barədə həmin sənədləri vermiş müvafiq icra hakimiyyəti orqanına təxirəsalmadan məlumat verməlidir.

Maddə 27. Aviasiya personalının şəhadətnamələrinin, vəsiqələrinin (sertifikatlarının) reyestri

Aviasiya personalının şəhadətnamələrinin, vəsiqələrinin (sertifikatlarının) reyestrini həmin sənədləri vermiş müvafiq icra hakimiyyəti orqanı aparır. Digər dövlətdə verilmiş və qanunvericiliklə müəyyən edilən qaydada tanınmış analoji sənədlər barədə qeydlər də həmin reyestrə daxil edilir.

Maddə 28 . Aviasiya personalının şəhadətnamələrinin, vəsiqələrinin (sertifikatlarının) ləğv edilməsi və qüvvədə olma müddətinin dayandırılması

28.1. Aviasiya personalının şəhadətnaməsini, vəsiqəsini (sertifikatını) vermiş müvafiq icra hakimiyyəti orqanı aşağıdakı hallarda həmin sənədləri ləğv edə bilər:

28.1.1. sənəd sahibi uçuşların təhlükəsizliyi və ya aviasiya təhlükəsizliyi qaydalarına riayət etmədikdə və ya səhlənkarlıqla yanaşdıqda;

28.1.2. aviasiya haqqında qanunvericiliyin tələbləri dəfələrlə pozulduqda;

28.1.3. tibbi və ya psixoloji səbəblərə, yaxud peşəsinin (ixtisasının) və ya peşəkarlıq səviyyəsinin kifayət dərəcədə olmamasına görə hava gəmisində öz vəzifələrini icra etməyə yararsız hesab edildikdə;

28.1.4. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə peşə fəaliyyətinin həyata keçirilməsinə mane olan cəzaya məhkum edildikdə.

Ləğv edilmiş şəhadətnamə, vəsiqə (sertifikat) müavfiq icra hakimiyyəti orqanına qaytarılır.

28.2. Aviasiya personalının şəhadətnaməsini, vəsiqəsini (sertifikatını) vermiş müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq qəti qərar qəbul edilənədək həmin sənədin qüvvəsini dayandıra bilər.

Maddə 29 . Testlər və müayinələr

Aviasiya personalının şəhadətnaməsinin, vəsiqəsinin (sertifikatının) qüvvədə saxlanılması məqsədilə həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı şəhadətnamə, vəsiqə (sertifikat) sahibinin peşə səriştəsini və peşəsinə yararlı olmasını müəyyən edən nəzəri və ya praktiki testlərdən, tibbi və ya psixoloji müayinədən keçməsini tələb edə bilər.

Maddə 30 . Məşq uçuşları və xüsusi uçuşlar

Məşq uçuşları və xüsusi təyinatlı uçuşlar üçün müvafiq icra hakimiyyəti orqanı bu fəsildə istisnalar müəyyən edə bilər.

 

VII fəsil

HAVA GƏMİSİNİN EKİPAJI VƏ KAPİTANI (KOMANDA VERƏN PİLOTU)

Maddə 31 . Hava gəmisinin ekipajı, onun üzvlərinin vəzifə və səlahiyyətləri

31.1. Hava gəmisinin müvafiq olaraq sahibi və ya istismarçısı hava gəmisini ixtisaslı ekipajla təmin etməlidir.

31.2. Hava gəmisi ekipajının hər bir üzvü öz vəzifəsini lazımi qaydada yerinə yetirməyə və hava gəmisinin rəhbərliyi tərəfindən verilən təlimatlara riayət etməyə borcludur.

31.3. Ekipajın hər bir üzvü uçuşun uğurla başa çatacağına haqlı olaraq şübhə etdikdə hava gəmisinin uçuşu ilə əlaqədar tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.

31.4. Hava gəmisinin uçuşa başlamasından qabaq alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərmanlar qəbul etmiş, yaxud uçuşların təhlükəsizliyinə və ya aviasiya təhlükəsizliyinə təsir göstərə bilən xəstəliyin nəticələrindən, yorğunluqdan və ya digər səbəbdən əziyyət çəkən ekipaj üzvünə hava gəmisinin bortunda vəzifələrini icra etməsinə icazə verilmir. [3]

Maddə 32 . Hava gəmisinin kapitanının (komanda verən pilot) vəzifələri və hüquqları

32.1. Hava gəmisinin idarə edilməsinə və uçuş vaxtı təhlükəsizliyinə görə məsuliyyəti hava gəmisinin kapitanı (komanda verən pilot) daşıyır.

32.2. Kapitan (komanda verən pilot) və ikinci kapitan hava gəmisinin sahibi və ya onun razılığı ilə istismarçısı tərəfindən təyin edilir.

32.3. Hava gəmisi uçuşda olmayan zaman kapitan (komanda verən pilot) və ikinci kapitan hava gəmisində olmadıqda, kapitan (komanda verən pilot) qismində ən yüksək səriştəli pilot çıxış edir. Pilotlar təyyarədə olmadıqda, ekipaj üzvləri arasında ən yüksək vəzifəli şəxs hava gəmisinin kapitanı qismində çıxış edir.

32.4. Kapitanın (komanda verən pilotun) vəzifələri aşağıdakılardır:

32.4.1. uçuşdan əvvəl hava gəmisinin uçuşa yararlı və hazır olmasına, müvafiq ekipajla komplektləşdirilməsinə, yüklənməsinə, habelə uçuşa lazımi qaydada hazırlıq aparılmasına əmin olmaq;

32.4.2. uçuşu lazımi qaydada yerinə yetirmək, uçuş zamanı hava gəmisinin uçuşa yararlılığına nəzarət etmək, o cümlədən hava gəmisinin uçuşa yararlılığına təsir edə biləcək bütün hallar və nasazlıqlar barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək;

32.4.3. aviasiya qəzası və ya insidenti barədə dərhal müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş qaydada məlumat vermək (belə məlumatın verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir);

32.4.4. hava gəmisinin bortunda olan sərnişinlərin, baqajın və yükün qayğısına qalmaq;

32.4.5. uçuşların təhlükəsizliyinə dair sənədlərin hava gəmisinin bortunda olmasını və oradakı qeydlərin lazımi qaydada aparıldığını yoxlamaq;

32.4.6. hava gəmisi aviasiya üçün qadağan olunmuş zonaya daxil olduqda dərhal oranı tərk etmək;

32.4.7. hava gəmisi uçuşunun təhlükəsizliyi səbəbindən və ya hər hansı digər obyektiv səbəblərdən kapitan (komanda verən pilot) öz vəzifələrini lazımi qaydada yerinə yetirə bilmədikdə, bu barədə hava hərəkətini idarə edən orqana dərhal xəbər vermək və uçuş başa çatdıqdan sonra hadisənin səbəbləri barədə hava gəmisinin sahibinə və ya istismarçısına məlumat vermək;

32.4.8. hava gəmisinin bortunda müəyyən edilmiş qaydalara zidd hərəkətlər törədildikdə, imkan daxilində, dərhal onun araşdırılması üçün mümkün olan bütün tədbirləri görmək, hərəkəti törədən şəxsin qaçmasının qarşısını almaq, həmin şəxsi tutub saxlamaq və mümkün qədər az vaxtda qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti üzrə təhvil vermək, habelə hadisə ilə bağlı bütün informasiyanı təqdim etmək.

32.5. Kapitanın (komanda verən pilotun) hüquqları aşağıdakılardır:

32.5.1. hava gəmisinin qalxması, uçuşu, yerə enməsi, habelə uçuşun dayandırılması, uçuş məntəqəsinə qayıtması və ya məcburi enmə haqqında qəti qərar qəbul etmək;

32.5.2. uçuşların təhlükəsizliyi üçün aşkar maneə yarandıqda və ya sərnişinlərin həyatını xilas etmək məqsədilə görülən tədbirlər barədə hava hərəkətini idarə edən orqana dərhal məlumat vermək, uçuş planından və ya müvafiq icra hakimiyyəti orqanının göstərişlərindən kənara çıxan, lakin imkan daxilində uçuş qaydalarına uyğun olan qərar qəbul etmək;

32.5.3. şərait tələb etdikdə və uçuşun təhlükəsizliyi səbəblərindən ekipaj üzvlərini, sərnişinləri, baqajı və ya yükü hava gəmisinin bortuna götürməkdən imtina etmək, habelə hava gəmisini tərk etməyi və yükün boşaldılmasını tələb etmək;

32.5.4. hava gəmisi fəlakətə uğradıqda, təhlükəyə məruz qaldıqda, idarə olunmaz vəziyyətə düşdükdə təhlükənin qarşısının alınmasını təmin etmək;

32.5.5. hava gəmisinin bortunda hər hansı şəxs hava gəmisini, uçuşun təhlükəsizliyini və ya aviasiya təhlükəsizliyini təhlükə qarşısında qoyduqda asayişi bərpa etmək, hava gəmisinə, sərnişinlərə və ya əmlaka qarşı təhlükənin aradan qaldırılması üçün tədbirlər görmək, o cümlədən problemin başqa yolla həll edilməsi mümkün olmadıqda, güc tətbiq etmək.

32.6. Bütün ekipaj üzvləri bu Qanunun 31.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, kapitanın (komanda verən pilot) uçuşun təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş əmrlərini icra etməyə, xüsusi müraciət gözləmədən onun səlahiyyətlərinin həyata keçirilməsində tələb olunan yardımı göstərməyə borcludurlar.

Kapitanın (komanda verən pilot) müraciətinə əsasən sərnişinlər ekipaj üzvlərindən hər hansı birinin vasitəsilə bu cür yardım göstərə bilərlər. Hava gəmisinin bortunda asayişi bərpa etmək, uçuşun təhlükəsizliyini və aviasiya təhlükəsizliyini təmin etmək məqsədilə sərnişinlər kapitanın verdiyi əmrləri icra etməlidirlər.

32.7. Bu fəslin müddəaları Azərbaycan Respublikasında istismar edilən, lakin digər dövlətə məxsus olan hava gəmisinin kapitanına (komanda verən pilot) da şamil edilir.

 

VIII fəsil

MÜLKİ HAVA GƏMİLƏRİNİN İSTİSMAR EDİLMƏSİ

Maddə 33 . Hava gəmisini istismar etmək hüququ

33.1. Hava gəmilərindən istismarçı sertifikatına malik olan hüquqi və fiziki şəxslər tərəfindən müəyyən haqq müqabilində istifadə edilməsinə icazə verilir.

33.2. Hava gəmisini qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə (fraxta) verən şəxs istismarçı sertifikatına malik olmalıdır.

Maddə 34 . İstismarçı sertifikatı və istismar tələbləri

34.1. İstismarçı sertifikatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə verilir. Digər dövlətdə verilən analoji sənədlər qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən tanındıqda, həmin sənədlərin sahibi digər dövlətlərdən Azərbaycan Respublikasına, Azərbaycan Respublikasından digər dövlətlərə uçuşları, eləcə də Azərbaycan Respublikasının ərazisində hava əlaqələrini həyata keçirə bilər.

34.2. İstismarçı sertifikatını verən müvafiq icra hakimiyyəti orqanı sertifikata tətbiq edilən şərtləri, icazə verilmiş fəaliyyəti istismarçıya ətraflı şərh etməklə istismar tələblərini müəyyən edir. İstismarçı sertifikatının sahibi sertifikatın və ya istismar tələblərinin verilməsi üçün əsas olan hallara təsir göstərə biləcək hər hansı dəyişikliklər aparılması barədə sertifikatı vermiş müvafiq icra hakimiyyəti orqanına məlumat verir. Zəruri hesab edildikdə müvafiq icra hakimiyyəti orqanı istismar tələblərinə dəyişikliklər edə bilər. Bu cür dəyişikliklər istismarçı sertifikatında və ya istismar tələblərində rəsmiləşdirildikdən sonra hüquqi qüvvəyə minir.

34.3. İstismarçı sertifikatının verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydaları və hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava əlaqələrinin müxtəlif kateqoriyaları üçün istismarçı sertifikatlarına olan tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 35 . Aviasiya tamaşa və yarış uçuşları

35.0. Aviasiya tamaşa və yarış uçuşlarının və onlara aid məşqlərin müəyyən edilməmiş hava məkanında keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı şərtlərə riayət etməklə xüsusi icazələr verilir:

35.0.1. ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməsi;

35.0.2. yerdəki insanların həyat və sağlamlığı üçün təhlükə yaranmaması.

Maddə 36 . İstismarçıların fəaliyyətinə nəzarət və yoxlamaların aparılması

Müvafiq icra hakimiyyəti orqanı istismarçı tərəfindən sertifikat və icazələrin şərtlərinə riayət olunmasına nəzarət edir və bu məqsədlə yoxlamalar aparır.

Belə yoxlamaları həyata keçirən şəxslər istismarçının hava gəmilərinə, xidməti otaqlarına daxil olmaq, texniki vasitələrinə, əməkdaşlarına, xidmətlərinə, habelə hava gəmilərinin istismarına aid olan bütün sənədlərlə (məlumatla) sərbəst tanış olmaq hüququna malikdirlər.

Maddə 37 . İstismarçı sertifikatının qüvvəsinin dayandırılması və ya onun ləğv edilməsi

İstismarçının fəaliyyətində pozuntular aşkar edildikdə, istismarçı sertifikatını vermiş müvafiq icra hakimiyyəti orqanı istismarçı sertifikatının qüvvəsini həmin pozuntular aradan qaldırılanadək dayandıra bilər.

Aşkara çıxarılmış pozuntular müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, müvafiq icra hakimiyyəti orqanı istismarçı sertifikatını ləğv edə bilər. Ləğv edilmiş sertifikat müvafiq icra hakimiyyəti orqanına qaytarılır. Alternativ tədbir kimi uçuşların təhlükəsizliyi baxımından istismarçının fəaliyyətinə əlavə məhdudiyyətlər də qoyula bilər.

Maddə 38 . Müntəzəm hava əlaqələrinin həyata keçirilməsi

38.1. Müntəzəm beynəlxalq və daxili hava əlaqələrini (reysləri) həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən istismarçı sertifikatının sahibinə şəhadətnamə verilir.

38.2. Digər dövlətdə verilmiş istismarçı sertifikatına analoji sənəd bu Qanunun

34.1-ci maddəsinə uyğun olaraq tanındıqda, həmin sənəd sahibinə müntəzəm hava əlaqələrini yerinə yetirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilə bilər. Belə hallarda icazə ilə yanaşı, hava əlaqələrinə tətbiq edilən şərtlər barədə yazılı göstərişlər də verilir və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən tələb edilən həcmdə tariflər və hərəkət proqramları təsdiq edilir.

Maddə 39 . Qeyri-müntəzəm (çarter) hava əlaqələrinin həyata keçirilməsi

39.1. Bu Qanunun 38.1-ci maddəsinə uyğun olaraq müntəzəm hava əlaqələrinin yerinə yetirilməsi üçün şəhadətnamə almış istismarçılar müvafiq icra hakimiyyəti orqanından əlavə icazə almadan qeyri-müntəzəm (çarter) hava əlaqələrini (reysləri) də həyata keçirə bilərlər.

39.2. Digər dövlətdə verilmiş istismarçı sertifikatına analoji sənəd bu Qanunun 34.1-ci maddəsinə əsasən tanındıqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən digər dövlətə mənsub olan müntəzəm hava əlaqələri ilə yanaşı, qeyri-müntəzəm (çarter) hava əlaqələrinin yerinə yetirilməsinə də icazə verilə və buna müvafiq tələblər müəyyən edilə bilər.

Maddə 40 . İcbari sığorta tələbləri

40.1. Hava gəmilərinin istismarı ilə əlaqədar vurulan zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada öz məsuliyyətini sığortalamayan istismarçılara hava gəmisindən uçuş məqsədilə istifadə qadağan edilir.

40.2. Digər dövlətlərdən Azərbaycan Respublikasına, Azərbaycan Respublikasından digər dövlətlərə və ya Azərbaycan Respublikasının ərazisində uçuşları yerinə yetirən bütün istismarçıların hava gəmisindən uçuş məqsədilə istifadə edilən və aviasiya fəaliyyəti zamanı vurulan zərərə görə aşağıdakı məsuliyyət növlərinin icbari sığortası tələb olunur:

40.2.1. ekipaj üzvlərinin həyat və sağlamlığına vurulan zərərə görə məsuliyyət;

40.2.2. hava gəmisinin sərnişinlərinin həyatına və sağlamlığına, yaxud əmlakına vurulan zərərə görə məsuliyyət;

40.2.3. yükgöndərənin və ya yükalanın əmlakına vurulan zərərə görə məsuliyyət;

40.2.4. üçüncü şəxslərin həyat və sağlamlığına, yaxud əmlakına vurulan zərərə görə məsuliyyət.

Maddə 41 . Hava əlaqələrinin yerinə yetirilməsi üçün verilən şəhadətnamələrin

və icazələrin ləğv edilməsi

41.0. Müntəzəm və qeyri-müntəzəm hava əlaqələrini həyata keçirmək üçün verilən şəhadətnamələr və icazələr aşağıdakı hallarda ləğv edilir və müvafiq icra hakimiyyəti orqanına qaytarılır:

41.0.1. şəhadətnamənin və icazənin müəyyən edilmiş şərtləri onun sahibi tərəfindən pozulduqda;

41.0.2. verilmiş hüquqlardan lazımi qaydada istifadə edilmədikdə;

41.0.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə aşkar olunmuş nöqsanlar aradan qaldırılmadıqda;

41.0.4. istismarçı sertifikatının müddəti başa çatdıqda, qüvvəsi dayandırıldıqda və ya ləğv edildikdə.

 

UÇUŞLARIN TƏHLÜKƏSİZLİYİ VƏ AVİASİYA TƏHLÜKƏSİZLİYİ

Maddə 42 . Uçuşların təhlükəsizliyi

42.1. Hava gəmisinin sahibi və ya istismarçısı hava gəmisi uçuşlarının təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görməlidir.

42.2. Müvafiq icra hakimiyyəti orqanları uçuşların təhlükəsizliyi ilə bağlı tələblər müəyyən edir. 42.3. Uçuşların təhlükəsizliyinin təmin edilməsi baxımından müvafiq icra hakimiyyəti orqanı hava hərəkətinin idarə edilməsi xidmətinin əməkdaşı vasitəsilə kapitandan (komanda verən pilotdan) hava gəmisinin ən yaxın münasib hava limanında (aerodromlarda) dərhal yerə endirilməsini tələb edə bilər.

42.4. Mülki hava gəmisinin bortunda və yerdə aviasiya məqsədləri üçün radio avadanlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada quraşdırılıb işlədilir.

42.5. Hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə qorxu yaradan, o cümlədən aerodromların radiotexniki vasitələrinin normal işləməsinə maneə törədə bilən binaların, qurğuların, rabitə xətlərinin, yüksək gərginlikli elektrik ötürücü xətlərinin, radiotexniki və digər obyektlərin aerodromların sahələrində yerləşdirilməsi aerodromların sahibləri ilə razılaşdırılmalıdır. Uçuşların radiotexniki təminatını və radio rabitəsini təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada radiotezliklər müəyyən edilir.

42.6. Uçuşların radiorabitə vasitələrinə və radiotexniki təminatına maneələr törədən qurğu və aparatlara malik olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının tələbi ilə maneələri öz vəsaiti hesabına aradan qaldırmalı, onları aradan qaldıranadək həmin qurğu və aparatların işini dayandırmalıdırlar.

42.7. Hava gəmisinin bortunda olması vacib sayılan sənədlərin siyahısını və həmin sənədlərdə qeydlərin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Müvafiq icra hakimiyyəti orqanı hava gəmisinin bortunda olması zəruri hesab edilən sənədlərin mövcudluğunu zəruri hallarda yoxlaya bilər.

Maddə 43 . Aviasiya təhlükəsizliyi

43.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət proqramını qəbul edir.

43.2. Bu Qanunun 43.1-ci maddəsində nəzərdə tutulan dövlət proqramına uyğun olaraq beynəlxalq və daxili hava əlaqələrinə (reyslərinə) xidmət göstərən hər bir hava limanı üçün aviasiya təhlükəsizliyi proqramı tərtib edilməlidir. Hava limanının aviasiya təhlükəsizliyi proqramının mövcudluğu hava limanına uyğunluq sertifikatı verilərkən irəli sürülən əsas tələblərdən biridir. Hava limanının aviasiya təhlükəsizliyi proqramına dəyişikliklər və əlavələr həmin proqramı təsdiq etmiş müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla edilir.

43.3. Hava limanının vəzifəli şəxsləri hava limanında aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə, o cümlədən aviasiya təhlükəsizliyi üzrə adekvat xidmətlərin göstərilməsinə və zəruri avadanlığın olmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

43.4. Hava gəmilərinin istismarçısı bu Qanunun 43.1-ci maddəsində nəzərdə tutulan dövlət proqramının tələblərinə uyğun olan öz aviasiya təhlükəsizliyi proqramını tərtib etməlidir.

Maddə 44 . Uçuşların təhlükəsizliyi və aviasiya təhlükəsizliyi ilə əlaqədar əlavə tələblər

44.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyənədək, hərbi avadanlığın (ləvazimatların), habelə zərurət olduqda, hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki və eksperimental hava gəmiləri ilə daşınmasına icazə verilmir. Mülki və eksperimental hava gəmilərində daşınmasına icazə verilə bilən hərbi avadanlığın (ləvazimatların) siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

44.2. Kommersiya hava daşımasına cəlb edilmiş hava gəmilərinin sərnişin olan hissələrində silah və döyüş sursatının daşınmasına yalnız hərbi qulluqçuların müşayiəti və zəruri təhlükəsizlik tədbirləri görmək şərtilə icazə verilir.

44.3. Hər konkret halda uçuşların təhlükəsizliyinə və ya aviasiya təhlükəsizliyinə riayət edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı hava gəmisinin uçuşunu qadağan edə bilər.

44.4. Müvafiq icra hakimiyyəti orqanı pilotsuz hava gəmisinə və ya mühərriksiz uçuş aparatına, qeyri-adi xüsusiyyətlərə (keyfiyyətə) malik hava gəmiləri üçün uçuşların təhlükəsizliyinə və aviasiya təhlükəsizliyinə uyğunluq şərtilə xüsusi qaydalar müəyyən edir.

 

X fəsil

HAVA DAŞIMALARI

Maddə 45 . Hava daşımalarının tənzimlənməsi

45.1. Hava daşımaları (poçt daşımaları istisna olmaqla) bu fəslin müddəalarına uyğun olaraq həyata keçirilir.

45.2. Hava daşımaları qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan daşıma müqavilələrinə əsasən həyata keçirilir. Hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi qaydası Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 46 . Sərnişin bileti

46.1. Sərnişin daşınması qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış daşıma müqaviləsinə uyğun olaraq daşıyıcı tərəfindən verilən sərnişin bileti əsasında həyata keçirilir.

46.2. Sərnişin biletlərində aşağıdakı məlumatlar göstərilməlidir:

46.2.1. biletin verildiyi yer və tarix;

46.2.2. sərnişin haqqında məlumat;

46.2.3. yola düşmə və təyinat məntəqələri;

46.2.4. əgər yola düşmə və təyinat məntəqələri eyni dövlətin ərazisində, bir və ya bir neçə dayanacaq isə digər dövlətin ərazisində yerləşirsə, ən azı bir belə dayanacaq haqqında məlumat;

46.2.5. daşıyıcının adı və ünvanı;

46.2.6. biletin qiyməti;

46.2.7. sərnişinlərin həyat və sağlamlığına, əmlakına vurulan zərərə görə daşıyıcının məsuliyyətinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi və məhdudlaşdırılması barədə məlumat. Biletdə daşıyıcının zəruri hesab etdiyi başqa məlumatlar da göstərilə bilər.

46.2.8. hava daşımalarının təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar hava gəmisinə aparılması qadağan edilən əşyaların siyahısı.[4]

46.3. Əks hal sübut edilməyincə, sərnişin bileti daşıma müqaviləsinin bağlanmasını sübut və müqavilədə göstərilən daşıma şərtlərini əks edir.

46.4. Sərnişin biletinin olmaması, düzgün doldurulmaması və ya itirilməsi daşıma müqaviləsinin etibarlılığına təsir göstərmir.

46.5. Sərnişinin hava gəmisinə daşıyıcının razılığı ilə biletsiz minməsi daşıyıcını sərnişinə vurulan zərərə görə məsuliyyətdən azad etmir.

Maddə 47 . Baqaj qəbzi

47.1. Qeydiyyata alınmış baqaj qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış daşıma müqaviləsinə uyğun olaraq daşıyıcı tərəfindən verilən baqaj qəbzi əsasında daşınır.

47.2. Baqaj qəbzi sərnişin bileti ilə birləşdirilmədikdə və ya ona daxil edilmədikdə, qəbzə bu Qanunun 46.2-ci maddəsinə uyğun olaraq baqaj barədə məlumatlar daxil olunmalıdır.

47.3. Əks hal sübut edilməyincə, baqaj qəbzi baqajın qeydiyyata götürüldüyünü sübut və daşıma şərtlərini əks edir.

47.4. Baqaj qəbzinin olmaması, düzgün doldurulmaması və ya itirilməsi daşıma müqaviləsinin etibarlılığına təsir göstərmir.

47.5. Baqajın hava gəmisində daşıyıcının razılığı ilə baqaj qəbzi olmadan daşınması daşıyıcını baqaja vurulan zərərə görə məsuliyyətdən azad etmir.

Maddə 48 . Aviaqaimə və yük qəbzi

48.1. Yüklər qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış daşıma müqaviləsinə uyğun olaraq yükgöndərənin verdiyi aviaqaimə və ya daşıyıcının verdiyi yük qəbzi əsasında daşınır.

48.2. Aviaqaiməni yükgöndərən tərtib edir və daşıyıcı, daşıyıcının qanunvericiliklə

müəyyən edilmiş qaydada təyin edilən nümayəndəsi və ya nəqliyyatekspeditor təşkilatı rəsmiləşdirir. Zəruri halda daşıyıcı və daşıyıcının qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilən nümayəndəsi aviaqaiməyə əlavə yük qaiməsi tərtib edə bilər.

48.3. Yükgöndərənin və daşıyıcının imzaları ştempellə əvəz edilə bilər. Daşıyıcı aviaqaiməni yükün hava gəmisinə yüklənməsindən əvvəl imzalayır.

48.4. Yükün iki və ya daha artıq təyinat məntəqəsinə çatdırılması nəzərdə tutulduqda, daşıyıcının tələbi ilə yükgöndərən ayrı-ayrı aviaqaimələr tərtib edir.

48.5. Aviaqaimədə aşağıdakılar göstərilməlidir:

48.5.1. yükgöndərənin və yükalanın adı və ünvanları;

48.5.2. göndərilmə və təyinat məntəqələri;

48.5.3. yükləmə yeri və tarixi;

48.5.4. yük yerlərinin sayı, qablaşdırma, tərkibi və brutto çəkisi;

48.5.5. göndərilmə tarixi;

48.5.6. qiymətli əşyalar olduqda, onların dəyəri;

48.5.7. təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklər olduqda, mümkün təhlükənin konkret növü və buna müvafiq görülən, görülməli olan ehtiyat tədbirləri;

48.5.8. göndərilmə və təyinat məntəqələri eyni dövlətin ərazisində, bir və ya bir neçə dayanacaq isə digər dövlətin ərazisindədirsə, azı bir belə dayanacaq barədə məlumat;

48.5.9. yükə vurulan zərərə görə daşıyıcının məsuliyyətinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi və məhdudlaşdırılması barədə məlumat.

48.6. Yükgöndərənin aviaqaimədə yükə aid məlumatları yanlış, qeyri-dürüst və ya natamam göstərməsi nəticəsində daşıyıcıya və ya qarşısında daşıyıcının məsuliyyət daşıdığı hər hansı şəxsə vurulan zərərə görə məsuliyyət yükgöndərənin üzərinə düşür.

48.7. Əks hal sübut edilməyincə, aviaqaimə daşıma müqaviləsinin bağlanmasını sübut və müqavilədə göstərilən daşıma şərtlərini əks edir.

Əks hal sübut edilməyincə, aviaqaimənin yükün çəkisi, qabaritləri, qablaşdırılması və yerlərin sayı barədə qeydləri sübut kimi qəbul edilir.

Daşıyıcının yükgöndərənin iştirakı ilə məlumatları yoxlaması və bu faktın aviaqaimədə qeyd olunması və ya yükün vəziyyətinin açıq-aşkar təyin edilə bilməsi halları istisna olmaqla, yükün faktiki sayı və ya həcmi barədə məlumatlar daşıyıcıya qarşı sübut kimi qəbul edilmir.

48.8. Aviaqaimənin olmaması, düzgün doldurulmaması, yaxud itirilməsi daşıma müqaviləsinin etibarlığına təsir etmir.

48.9. Yükün hava gəmisinə daşıyıcının razılığı ilə aviaqaiməsiz yüklənməsi daşıyıcını yükə vurulmuş zərərə görə məsuliyyətdən azad etmir.

48.10. Yerinə yetiriləcək yük daşıması haqqında məlumatları əks edən hər hansı vasitə aviaqaimə əvəzinə tətbiq edilməklə, yükgöndərənin razılığı ilə icraya götürülə bilər. Belə hallarda daşıyıcı yükgöndərənin tələbinə əsasən, ona malın eyniləşdirilməsini mümkün edən və həmin vasitələrdə saxlanılan qeydlərdəki məlumatlara buraxılma imkanı verən yük qəbzi təqdim edir. Tranzit və təyinat məntəqələrində yük haqqında məlumatları əks etdirən vasitələrdən istifadənin mümkün olmaması daşıyıcıya yükün daşımaya qəbul edilməsindən imtina etmək hüququ vermir.

XI fəsil

HAVA GƏMİLƏRİNİN İSTİSMARI İLƏ ƏLAQƏDAR VURULAN ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT

Maddə 49 . Hava gəmilərinin istismarı ilə əlaqədar vurulan zərərə görə məsuliyyət

Hava gəmilərinin istismarı ilə əlaqədar vurulan zərərə (hava daşımaları ilə əlaqədar sərnişinlərə, baqaja və ya yükə vurulan zərərə və hava gəmisinin istismarı zamanı hava gəmisi ilə daşınmayan şəxslərə və ya onların əmlakına vurulan zərərə) görə məsuliyyətin əsasları və məsuliyyətə cəlb edilmə qaydası bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilir.

Maddə 50 . Hava daşımaları ilə əlaqədar sərnişinlərə, baqaja və yükə vurulan zərərə görə məsuliyyət

50.1. Daşıyıcı sərnişinin ölümü və ya bədən xəsarəti alması nəticəsində dəymiş ziyana görə məsuliyyət daşıyır, bu şərtlə ki, həmin hadisə hava gəmisinin bortunda və ya sərnişinin hava gəmisinə minməsi, yaxud onu tərk etməsi zamanı baş vermişdir.

50.2. Daşıyıcının sərnişinin həyat və sağlamlığına vurulan zərərə görə məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyənləşdirilən hədlə məhdudlaşdırılır:

50.2.1. zərər hissə-hissə ödənilirsə, ödəmələrin ümumi məbləği məsuliyyət həddini aşmamalıdır;

50.2.2. əgər daşımanın yalnız bir hissəsi Azərbaycan Respublikasına mənsub olan daşıyıcı tərəfindən həyata keçirilərsə, bu daşıyıcının məsuliyyəti ümumi məsuliyyət həddini aşmamaqla, yalnız həyata keçirdiyi daşıma hissəsinə tətbiq edilir. Sərnişinlər daşıyıcı ilə bu maddədə göstərilən məsuliyyət həddindən daha yüksək məsuliyyət həddi barədə razılığa gələ bilərlər.

50.3. Qeydə alınmış baqaj və yükün daşındığı müddətdə (yükün hava gəmisinə vurulması, təyinatı üzrə çatdırılması, yenidən yüklənməsi) baqajın və ya yükün itirilməsi (əgər baqaj və yük daşıyıcı tərəfindən daşıma üçün qəbul edildikdən sonra qanunvericilikdə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən olunmuş müddətdə çatdırılmayıbsa), məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulan zərərə görə məsuliyyət daşıyıcının üzərinə düşür.

50.4. Daşıyıcının, sərnişinin (yükgöndərənin) baqajının (yükünün) itirilməsinə və ya əskik gəldiyinə görə məsuliyyəti qeydiyyata alınmış baqajın (yükün), o cümlədən sərnişinlə birlikdə hava gəmisinin salonunda olan əşyaların (şəxsi əşyalar və qeydiyyatdan keçmədən hava gəmisinin salonunda aparılmasına icazə verilən baqaj da daxil olmaqla) hər kiloqramı üçün Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyənləşdirilən hədlə məhdudlaşdırılır.

50.5. Əgər beynəlxalq hava xətlərində Azərbaycan Respublikasına mənsub olan daşıyıcılar tərəfindən daşımaya qəbul edilən baqaj (yük) onun bəyan edilmiş dəyəri ilə daşıyıcıya təqdim edilmişdirsə, daşıyıcı bəyan edilmiş dəyərin həqiqi zərərdən yüksək olduğunu sübut etməsə, məsuliyyət bəyan edilmiş dəyər həddində müəyyənləşdirilir.

50.6. Azərbaycan Respublikasının daxili hava xətlərində Azərbaycan Respublikasına mənsub olan daşıyıcılar tərəfindən daşımaya qəbul edilən, dəyəri bəyan olunmadan qeydiyyata alınmış baqaja (yükə) görə daşıyıcının məsuliyyəti qeydiyyata alınmış baqajın (yükün) həqiqi dəyəri miqdarında müəyyən edilməklə müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi həddi aşmamalıdır.

50.7. Qeydiyyata alınmış baqajın və ya yükün bir hissəsinin itirildiyi, zədələndiyi, əskik gəldiyi, yaxud təyinat məntəqəsinə vaxtında çatdırılmadığı hallarda daşıyıcının məsuliyyətinin həcmi müəyyən edilərkən yalnız ümumi çəkisi nəzərə alınır. İçərisindəki əşyalar da daxil olmaqla, belə bağlamanın (bağlamaların) itirilməsi, zədələnməsi, əskik gəlməsi və ya təyinat yerinə vaxtında çatdırılmaması müvafiq baqaj qəbzinə, aviaqaiməyə və ya yük qəbzinə daxil edilmiş digər bağlamaların və onların içərisindəkilərin dəyərinə təsir göstərdikdə məsuliyyət həcmi müəyyən edilərkən bütün bağlamaların ümumi çəkisi nəzərə alınır.

Sərnişinlər (yükgöndərənlər) bu maddədə göstərilən məsuliyyət həddindən daha yüksək məsuliyyət həddi barədə daşıyıcı ilə razılığa gələ bilərlər.

50.8. Hava daşımasında hər hansı gecikmə səbəbindən sərnişinlərə, qeydiyyata götürülmüş baqaja və ya yükə dəymiş zərərə görə məsuliyyət daşıyıcının üzərinə düşür.

50.9. Daşıyıcı, bu Qanunun 50.1-50.8-ci maddələrində nəzərdə tutulan zərərin qarşısının alınması üçün özü və ya onun qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş nümayəndələri bütün tədbirlərin görüldüyünü və ya belə tədbirlərin görülməsi üçün onların heç bir imkanının olmamasını sübut etdikdə məsuliyyətdən azad olunur.

Maddə 51 . Hava gəmisində daşınmayan şəxslərə və əmlaka vurulan zərərə görə məsuliyyət

51.1. Hava gəmisinin istismarı ilə əlaqədar hava gəmisi ilə daşınmayan şəxslərə (üçüncü şəxslərə) və ya onların əmlakına vurulan zərərə görə hava gəmisinin sahibi, onun təqsirinin olub-olmamasına baxmayaraq, məsuliyyət daşıyır.

51.2. Hava gəmisinin sahibinin razılığı olmadan (özbaşına) hava gəmisini istismar edən hər hansı şəxs vurulan zərərə görə məsuliyyət daşıyır.

51.3. İstismarçı hava gəmisinin istismarı ilə əlaqədar hava gəmisi ilə daşınmayan şəxslərə (üçüncü şəxslərə) və ya onların əmlakına vurulan zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır:

51.3.1. hava gəmisinin sahibi ilə istismarçı arasında belə məsuliyyətin istismarçının üzərinə düşməsi barədə müqavilə bağlanılıbsa;

51.3.2. istismarçıya istifadə hüququ azı bir il müddətinə verilmişdirsə;

51.3.3. istismarçı hava gəmisinin sahibi ilə razılaşdırmaqla ekipajın tərkibini müəyyən etmək hüququna malikdirsə;

51.3.4. istismarçı hava gəmisindən kommersiya məqsədləri üçün istifadə etmək hüququna malikdirsə;

51.3.5. hava gəmilərinin dövlət reyestrində hava gəmisindən istifadə barədə müvafiq qeyd aparılıbsa.

51.4. Hava gəmisindən bir ildən az müddətə istifadə hüququna malik olan istismarçı hava gəmisinin istismarı ilə əlaqədar hava gəmisi ilə daşınmayan şəxslərə (üçüncü şəxslərə) və ya onların əmlakına vurulan zərərə görə hava gəmisinin sahibi ilə razılaşdırmaqla hava gəmisi ekipajının tərkibini müəyyən etmək hüququna malik olduqda və ya hava gəmisinin ekipajının tərkibini hava gəmisinin sahibi ilə razılaşdırmadan (özbaşına) müəyyən etdikdə məsuliyyət daşıyır.

 

XII fəsil

YEKUN MÜDDƏALAR

Maddə 52 . Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasında təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 53 . Qanunun qüvvəyə minməsi

53.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

53.2. Azərbaycan Respublikasının 1994-cü il 9 fevral tarixli 785 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Hava Məcəlləsi (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 12, maddə 131; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683) qüvvədən düşmüş hesab edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyun 2005-ci il

№ 944-IIQ

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       7 dekabr 2007-ci il tarixli 509-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1218)

2.       20 oktyabr 2009-cu il tarixli 890-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2009-cu il, № 286)

3.       22 fevral 2011-ci il tarixli 69-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 169)

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

________________________________________

[1] 20 oktyabr 2009-cu il tarixli 890-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2009-cu il, № 286) ilə 6-1-ci maddə əlavə edilmişdir.

 

[2] 22 fevral 2011-ci il tarixli 69-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 169) ilə yeni məzmunda 46.2.8-ci maddə əlavə edilmişdir.

 

[3] 7 dekabr 2007-ci il tarixli 509-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1218) ilə 31.4-cü maddəsində “narkotik maddələr, prekursorlar”sözləri “narkotik vasitələr, psixotrop maddələr” sözləri ilə əvəz edilmişdir.

 

 

[4] 22 fevral 2011-ci il tarixli 69-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 169) ilə yeni məzmunda 46.2.8-ci maddə əlavə edilmişdir.