Müqavilə Bakı Buxtasında Dəniz Körpüsünün Tikintisi Layihəsinin Texniki–İqtisadi Əsaslandırmasının (TİƏ) Hazırlanması üçün nəzərdə tutulub. 11 mart 2010-cu il tarixində Nəqliyyat Nazirliyində koreyalı nümayəndə heyəti ilə görüş keçirilib. Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz işləri naziri cənab Çanq Conq Hvanın başçılıq etdiyi nümayəndə heyətini Nəqliyyat naziri cənab Ziya Məmmədov qəbul edib. Görüş zamanı iki ölkə arasında nəqliyyat-yol kompleksi sahəsində görülmüş və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Müzakirələrin sonunda Bakı Buxtasında Dəniz Körpüsünün Tikintisi Layihəsinin Texniki–İqtisadi Əsaslandırmasının (TİƏ) Hazırlanması üzrə Qrant Sazişi imzalanıb. Sazişi Azərbaycan tərəfindən Nəqliyyat naziri cənab Ziya Məmmədov, Koreya tərəfindən isə Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Lee Ji-ha imzalayıb. 1,5 milyon ABŞ dolları həcmində olan qrant Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən ayrılacaq. TİƏ layihəsi və onun təqdimatı Koreya tərəfindən növbəti 2 il müddətində hazırlanacaq. Yaxın iki ay ərzində Koreya mütəxəssisləri həmin layihə çərçivəsində araşdırmalar aparmaq üçün Azərbaycana gələcəklər. Qeyd edək ki, Bakı buxtası üzərindən körpü inşası layihəsinin məqsədi Bakıda nəqliyyat infrastrukturunu təkmilləşdirməkdən, koreyalı mütəxəssislərin hesabına azərbaycanlı mütəxəssislərin dəniz körpüsü və yolların tikintisində təcrübəsini zənginləşdirməkdən ibarətdir.
|