
Minsk şəhərində keçirilməsi nəzərdə tutulan tədbirdə Nəqliyyat Nazirliyi də təmsil olunacaq. 15-16 mart tarixlərində Minsk şəhərində ATƏT-in 18-ci İqtisadi və Ətraf Mühit Forumuna 2-ci hazırlıq konfransı keçiriləcəkdir. Konfransda quru nəqliyyatının təhlükəsizliyinə çağırışlar və bu təhlükəsizliyin artırılmasına ümumi yanaşmalar, nəqliyyat sistemləri və infrastrukturun təhlükəsizliyinin artırılması tədbirləri, daşımaların ekoloji cəhətdən dayanıqlı seçimləri və digər məsələlər müzakirə ediləcəkdir. Tədbirdə dəmir yolu nəqliyyatı ilə bağlı məsələlərə xüsusi diqqət yetiriləcəyi gözlənilir. İclasda Nəqliyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı nəzərdə tutulub. Xatırladaq ki, “ATƏT regionunda sərhəd keçidlərində səmərəli idarəçiliyin təşviq edilməsi, quru nəqliyyatı ilə daşımaların təhlükəsizliyinin yaxşılaşdırılması, beynəlxalq avtomobil və dəmir yolu nəqliyyatının asanlaşdırılması” mövzusunda təşkil edilən forumun 1-ci hissəsi 1-2 fevral tarixlərində Vyanada keçirilmişdi.
|